Mark Tven: Adəmin gündəliyi, Həvvanın gündəliyi
Göydə baş verib yerdəki həyatlarına təsir edən təbiət hadisə…
Bir gün brahman üzünü mənə tutub dedi: “Mənə elə gəlir, doğulub bu dünyaya gəlməsəydim çox-çox yaxşı olardı”. Mən ondan nədən belə düşündüyünü soruşdum.
Bir türkün hind dərvişləri ilə bağlı yazdıqları
Mən Qanq çayının üstündəki Benares1 şəhərində olanda, öncədən buranın brahmanların2 yurdu olduğunu bildiyim üçün, onlarla bağlı olan bilgilər toplamağa başladım. Hindi dilini yetərincə bildiyimdən, nə eşidirdimsə, hamısını özüm üçün araşdırıb, yadda saxlamağa çalışırdım. Burada, öncələr məktublaşaraq tanış olduğum, Omri adında birisinin evində yerləşdim; bu kimsə mənim indiyəcən tanıdığım adamların içində, ola bilsin, ən yaxşısı idi. O, Brahman inancına bağlı idi, mən isə müsəlman idim; ancaq bir yol da olsun, Məhəmmədlə Brahmanı tutuşduranda, biri-birimizə qızıb səsimizi qaldırmamışdıq. Biz böyür-böyürə dayanıb dəstəmaz alır, sərinlədici içkilərimizi bir qabdan götürüb içir, bir qazanda bişmiş düyüdən yeyir, bir sözlə lap qardaşyana dolanırdıq.
Günlərin birində, biz birlikdə Havan məbədinə yollandıq. Orada bir neçə bölük dərvişlərin olduğunu gördük, onların bir bölüyü yoqaçılar idi—onlar özlərini bu yaşamdan ayırdıqlarını, ancaq özlərinin duya bildiyi gercəkləri izlədiklərini deyirdilər, bir başqa bölük himnosofistlər3 adlanırdılar, onlar da bir başqa sayaq yaşayır, ancaq özlərini yaşamdan büsbütün ayırmırdılar. Bu dərvişlərin, ancaq özlərinin bildiyi hansısa bir dilləri vardır, bu dil əski çağlarda yaşamış brahmanların dilidir, onların bu dildə yazılmış Vedalar4 adında bir kitabları da vardır. Bu kitab isə, Zend-Avestadan sonra, bütün Asiyada ən əski kitabdır.
Mən bütün varlığı ilə bu kitabı oxumağa qapılmış kimi görünən bir dərvişin yanından keçəndə, o, gözlənilmədən dönüb mənim üstümə qışqırdı:
–Ah, alçaq kafir! Sənə görə huşum dağıldı, bayaqdan saydığım sait səslərin sayını itirdim; mən onları düzgün saya bilsəydim ruhum tutuquşuna keçəcəkdi, indi isə sənin ucbatından, mənim ruhum dovşana keçəcəkdir.
Acığı soyusun deyə, çıxarıb ona bir rupi pul verdim.
Elə ondan bir-iki addım aralanmışdım, yenidən işə düşdüm, məni asqıraq tutdu, səsə, bayaqdan cöşquya(ekstaza) qapılmış bir dərviş diksinib ayıldı. O, yan-yörəsinə baxıb çığırmağa başladı:
–Mən haradayam? Bu nə gündür mən düşdüm! Göydə gördüyüm o tanrı işığı hara yoxa çıxdı? Mən indi burnumun ucundan5 o yanı görə bilmirəm!
Mən qayıdıb ona da bir rupi verib dedim:
–Mən sizin burnunuzdan uzağı görməyinizi əngəllədiyim üçün, alın bu rupini, qoy mənim suçum yuyulsun; nə olar, yenə də göydən süzülən o tanrı işığını izləyin, işinizdə olun.
Bu dərvişdən də beləcə yaxşılıqla ayrılandan sonra, başqa himnosofistlərin yanına gəldik; onlar mənim başıma toplaşıb, Brahmanı sayqılamaq üçün əllərində tutduqları gözəl qərənfilləri mənim əllərimə, qarnıma sancmaq istədilər, mən pul verib onlardan bu qərənfilləri aldım, sonra onlara: bu qərənfilləri, mənim çiynimə salıb apardığım kiçik xalıya sancmalarını buyurdum. Bu dərvişlərin biriləri əlləri üstə dayanıb rəqs eləyir, bir başqaları tarım çəkilmədən asılmış iplərin üstündə gəzişirdilər; onların bir neçəsi başlarını isti təndirə sallayıb durmuşdular; bir sözlə çox ilginc insanlar idilər. Arxadaşım Omri məni, onlardan ən adlı-sanlısı sayılan Bababəyin yanına apardı: o meymun təki büsbütün çılpaq idi, boynundan otuz kiloluq bir yoğun zəncir asılmışdı. Bababəy çoxlu qərənfillərlə gözəl bəzədilmiş bir taxta stolun üstündə oturmuşdu, bu qərənfillər onun yanbızlarına, dalına sancılmışdı, ancaq o elə bil atlas döşək üstündə oturubmuş kimi çox toxdaq görünürdü. Onun yan-yörəsinə, alın yazılarını öyrənmək istəyən çoxlu qadınlar yığışmıdılar, Bababəy ailələrin gələcəyinin necə olacağını deyən baxıcı idi, buradaca deyim, gördüklərimdən belə çıxırdı, o, buralarda çox böyük ad-san yiyəsidir. Mən onunla Omri arasında çox uzun çəkən bir danışığa da qulaq asmalı oldum. Omri ondan soruşdu:
–Necə bilirsiniz, mənim atam, görəsən mən yeddi doğuluşun sınaqlarından keçib, Brahmanın yaşadığı göy qatına çata biləcəyəmmi?
–Bu sizin ruhunuzun durumundan asılıdır. Baxır, siz ömrünüzü necə yaşayırsınız!?
–Mən, yaxşı vətəndaş, yaxşı ər, yaxşı ata, yaxşı arxadaş olmaq üçün var gücümlə çaalışıram; mənə işi düşən kimsələrə faizsiz borc pul verirəm; yoxsullara əl tuturam, qonşularımla yaxşı keçinirəm.
–Özünüzə daldan qərənfil soxursunuzmu?—brahman ondan soruşdu.
–Yox, belə bir iş tutmamışam.
Dərviş, Omriyə acıdığı duyulan bir səslə, dilləndi:
–Çox pis, necə acı olsa da deməliyəm, siz olsa-olsa on doqquzuncu göyə çatacaqsınız.
Onun bu sözləri Omrinin ürəyindən olmadı:
–Bunu nəyi pisdir? Elə ora qalxa bilməyin özü də bir başıucalıq deyilmi, mənə qalsa, bu lap ürəyimcədir: göyün iyirminci qatı olmasın, ondoqquzuncu qatı olsun, mən burada bir yamanlıq görmürəm, ən başlıcası odur, mən burada, yer üzündə keçən ömrümü insanca yaşayım, boynuma düşən işləri yetərincə yerinə yetirim, elə bilirəm, onda məni, o qalxacağım sonuncu dayanacaqda da yaxşı qarşılayarlar! Yer üzündə yaxşı insan olmağa çalışmaq, Brahmanın yaşadığı yerlərə alnıaçıq gedə bilmək üçün yetərli olmaya bilərmi? Siz, bu dalınıza soxduğunuz qərənfillə, boynunuza saldığınız zəncirlə, göyün hansı qatına qalxacağınızı sanırsınız, Bababəy ağa?
–Mən göyün otuz beşinci qatına qalxacağam.
–Ancaq, düzünü desəm, sizin göyün məndən yuxarı qatına çatacağınızı deməyiniz, mənə çox gülməli görünür. Mənə elə gəlir, bu sizin özünüzü öyməyinizdən irəli gəlir. Siz, toplumda yüksək yerlər tutmaq istəyənləri qınayırsınız, onda necə olur, göydə başqalarından yüksək qata qalxmağı istəyirsiniz? Siz bir mənə deyin görüm, nəyə arxalanaraq, orada sizə məndən çox sayqı göstərəcəklərini düşünürsünüz. Bunu bilirsinizmi, mənim on gündə yoxsullara payladığım pulun dəyəri, sizin on ildə, bu dalınıza soxmaq üçün aldığınız qərənfillərin dəyərindən də artıqdır? Bütün günü burada boynuna zəncir salıb çılpaq oturmağınızı Brahmanın bəyənəcəyinimi düşünürsünüz? Sizin burada gördüyünüz işlərdən bizim yurdumuz nəsə qazanırmı? Sizin kimi burnunun ucundan o yanda tanrı işığı axtaran, nə bilim özünün yaxşılığını göstərmək üçün belində eşşək palanı gəzdirənlərdənsə, mən, sözün düzü, hardasa bir göy-göyərti əkib-becərəni, ağac əkib, bağ salanı, qat-qat üstün sayıram.
Bunları deyəndən sonra, Omri bir az yumşaldı, dərvişin qılığına girib, onu bu boş-boş işlərdən əl çəkməyə inandıra bildi, dərviş də üst başındakı qərənfilləri tullayıb, onun evinə köçdü, burada insan kimi yaşamağa başladı. Dərvişin üst-başının kirini-palçığını yudular, bədəninə ətirli yağlar sürtdülər, yaxşı paltar geyindirdilər; o burada iki həftə yaşadı, özünü keçmişə baxanda indi qat-qat artıq ağgünlü saydığını da boynuna aldı. Ancaq onun xalqın içində qazandığı ad-san unudulmağa başlamışdı; qadınlar alın yazılarını öyrənmək üçün onun yanına gəlmirdilər; günlərin birində o, Omrinin evindən çıxıb getdi, yenə o qərənfillərin üstündə oturub, özünün ad-san düşkünlüyünə qapılaraq yaşamağa başladı.
1Benares—Qanq çayının üstündə bir şəhərdir. deyilənə görə brahmanizm orada yaranıb sonradan Hindistana yayılmışdır.
2Brahmanlar—Hidistanda dünyanın yaradıcısı sayılan Brahmanın kahinlərinə deyilirdi.
3Himnosofistlər—Hindistandakı asketik sektaları avropalılar belə adlandırırdılar.
4Vedalar—İnduizmin müqəddəs kitabıdır.
5Dərvişlər göydən enəcək tanrı işığını görmək üçün, uzun bir sürədə, baxışlarını burunlarının ucuna dikib gözləyirdilər.
Dünyanı gəzib dolaşdığım çağlarda bir qoca brahmanla tanış oldum, o, çox bilgə, itiağıllı, oxumuş bir kimsə idi; bundan başqa da, çox varlı olduğu üçün, nə kimsədən qazanc güdər, nə də kimsəni aldatmağa çalışardı, bu isə onun bilgəliyini bir az da artırırdı. Onun ev diriliyi üç gözəl qadının əlində idi, bunlar onun qulluğunu yetərincə gətirir, ürəyindən keçənlərin hamısını yerinə yetirirdilər; brahman bu qadınlarla əylənməkdən başqa, qalan bütün boş vaxtını dərin düşüncələrə dalmaqla keçirərdi.
Brahmanın qonşuluğunda, çox gözəl bağlı-bağatlı bir evdə, qoca indus qadın yaşayırdı—bu qarı, qatı inanclı, kütbeyin, çox da yoxsul idi.
Bir gün brahman üzünü mənə tutub dedi: “Mənə elə gəlir, doğulub bu dünyaya gəlməsəydim çox-çox yaxşı olardı”. Mən ondan nədən belə düşündüyünü soruşdum. O mənə bunları dedi: “Mən qırx ildir, günümü oxuyub öyrənməklə keçirməkdəyəm, ancaq indi görürəm, bu qırx il boş-boşuna keçib gedibdir; mən başqalarını öyrətsəm də, ancaq özüm heç nə bilmirəm; bu məni elə alçaldır, çiyrindirir, artıq bu sayaq yaşamaqdan bezmişəm. Mən doğulmuşam, hansısa bir zaman sürəsində yaşamışam, ancaq bu zamanın nə demək olduğunu anlaya bilmirəm; mən keçmiş bilgələrin dediyi kimi, iki sonsuzluğun arasında olan hansısa bir nöqtədəyəm, ancaq sonsuzluğun nə demək olduğunu azca da olsa qavraya bilmirəm. Mən hansısa maddədən düzəlmişəm; mən düşünürəm, ancaq bu düşüncələrimin necə doğulduğunu başa düşə bilmirəm; mən bu düşünmək bacarığımın da, yerimək, yemək-içmək kimi bir bacarıq olub-olmadığını anışdıra bilmirəm, mənim başımla düşünməyimin də, əlimlə nəsə götürməyim kimi, bir iş olub-olmadığını düşünüb bir yana çıxara bilmirəm. Təkcə necə düşünməyim deyil, bütün davranışlarımın necə yaranması da mənim üçün aydın deyil; mən nədən var olduğumu, nə üçün yaşadığımı anlaya bilmirəm. Öz aramızda deyirəm, məndən demək olar elə hər gün, bu dediyim konularda söz soruşurlar: mən də onlara bunların nə demək olduğunu başa salmalı oluram; baxmayaraq, dərindən yanaşsan, mənim onlara dediklərimin hamısı anlamsız, boş-boş sözlərdir; mən yanıma nəsə soruşmaq üçün gələnlərlə çox danışıram, ancaq sonradan, bu danışdıqlarıma görə çox da utanıram, özüm özümün gözündən düşürəm.
Ən pisi onda olur, birdən kimsə məndən soruşur: doğrudanmı Vişnu1 Brahmandan doğulub, yoxsa onlar ikisi də sonrasız-sonsuz gerçəkliklərdir. Tanrıya and olsun, mən bunun gerçəkdən necə olduğunu bilmirəm, bunu elə mənim onlara dediklərimdən də duymaq olar. Məndən soruşurlar: “Ey dərinlikləri görən atamız, nədəndir, getdikcə bu yamanlıqlar belə artıb-törəyir, yer üzünü basıb-bürüyür?” Ancaq mən özüm də elə, bu sorğunu mənə verənlərin günündəyəm, onların bildiyindən çox bilmirəm; birdən mən onlar üçün, dünyadakı bütün nəsnələrin gözəl olduğundan danışıram, ancaq dünyada baş verən savaşlarda yaxınlarını itirmiş, var yoxdan çıxmış, topal olmuş kimsələr, bu dediklərimə inana bilmirlər, onları görəndə elə mən özüm də, dediklərimə inana bilmirəm; bütün bu sarsıntılardan sonra, yenə öz evimə qapanıram, böyük bir yanğıyla bilikləri öyrənməyə, öz anlamazlığımdan qurtulmağa çalışıram. Götürüb əski çağlardan qalma yazıları oxuyuram, ancaq oxuduqca, gözüm önündə olan bu qaranlıq bir az da qatılaşır. Arxadaşlarıma üz tuturam; onlarla gənəşəndə mənə sözləri bu olur: gərək özünü insanların basqılarından qoruyasan, bütün ömrünü yaşamın dadını çıxarmaqla keçirəsən; bir başqalarına isə elə gəlir, onlar hər şeyi bilirlər, ancaq bu yazıqlar, öz ağıllarında yaratdıqları hansısa uydurmalara qapıldıqlarını anlaya bilmirlər; bütün bunlar isə, ruhumu sarmış bu acılı duyğuları bir az da artırır. Belə uzun sürən axtarışlarımdan sonra da, niyə doğulduğumu, kim olduğumu, hara getdiyimi, sonumun nə olacağını bilmədiyimi düşündükcə, az qala dəli oluram.
Qoca brahmanın düşdüyü bu durum məni çox sarsıtdı; bu yer üzündə onun kimi ərdəmli, qanacaqlı, anlaqlı birisi çox az tapılardı. Mənim anladığıma görə, düşüncələri aydınlaşdıqca, duyğuları arındıqca, o, özünü öncə olduğundan bir az da artıq qaragünlü saymağa başlayırdı.
O günü, mən brahmanın qonşuluğunda yaşayan qarının yanına gedib onunla da danışdım; mən qarıdan soruşdum: o, haçansa, ruhunun necə qurulduğunu bilmədiyinə görə, sarsılıbmı? Qarı mənim ondan nə soruşduğumu anlamadı: brahmanın ürəyini didib parçalayan bu anlaşılmazlıqlar ona yad idi, o, bütün ömrü boyunca bir dönə də olsun, belə sorğuların üstündə baş sındırmamışdı; qarı, Vişnunun dönə-dönə doğulmasına ürəkdən inanıdığı, bir də, müqəddəs Qanq çayından su götürüb dəstəmaz ala bildiyi üçün, özünü bu dünyanın ən ağgünlü qadınlarından biri sayırdı.
Mən belə bir yazıq varlığın özünü ağgünlü saymasından bərk sarsılmışdım, oradan bu duyğularla, brahmanın yanına qayıdıb ona dedim: “Qonşuluğunuzdakı, özü də nə üçün yaşadığını anlamayan bu mexaniki varlığın özünü ağgünlü saydığını görəndə, heç özünüzü qaragünlü saymağınızın yanlış olduğunu düşündüyünüz olubmu?”
O mənə qulaq asıb dilləndi:
–Siz düz deyirsiniz, bunu özümə dönə-dönə demişəm, birdən o qarı kimi anlamazın birisi olsaydım, onda sözsüzdür, mən də özümü elə onun kimi ağgünlü sayardım, ancaq sözün düzü, ha düşünüb daşınırımsa da, onun kimi ağgünlü olmağı özümə sığışdıra bilmirəm.
Brahmanın bu sonuncu sözləri, məni buçağacan dediklərindən də qat-qat artıq duyğulandırdı; mən onun bu sözlərini öz-özümə götür-qoy elədikcə, qanmaz olduğuna görə özünü ağgünlü saymağın çox böyük bir yanlışlıq olduğunu, özüm üçün kəsdirdim.
Sonradan bu düşüncələrimi filosoflarla bölüşəndə, onlar mənimlə razılaşdılar. Bundan sonra isə mən onlara dedim: “Ancaq, bu sayaq düşünməyə başlayan kimi, o andaca ortaya: düşüncələrin toqquşmasından doğan, çox qorxunc bir qarşıdurma çıxır, gəlin onu da gözdən keçirək. Biz burada ağgünlüyün nə demək olduğunu aydınlaşdırmaq istəyirik. Elə isə, burada ağıllımı, qanmazmı olmaq nəyisə dəyişə bilərmi? Bundan başqa da, özünü ağgünlü sayanlar, doğrudan da ağgünlü olduqlarını düşünür, buna ürəkdən inanırlar; nə onları, nə də özlərini ağgünlü saymayanlar isə, onların yanlış, özlərinin isə sağlam düşüncə yiyələri olduğunu düşünürlər. Buradan belə çıxır, sağlam düşüncə bizi ağgünlü olmağa qoymadığı üçün, ən yaxşısı elə, sağlam düşüncə yiyəsi olmamaqdır.”
Onlar hamısı mənim sözlərimi düzgün saydıqlarını desələr də, ancaq buna baxmayaraq, ağgünlü ola bilmək üçün qanmaz olmaq istəmədiklərini dedilər. Bütün bunlardan sonra, mən biz insanların, ağgünlüyü çox dəyərləndirsək də, ancaq anlaqlı olmağı ondan üstün tutduğumuzu başa düşdüm.
Bütün bu deyilənlərdən isə belə bir sonuca gəlib çıxırıq: sən demə, insanın anlaqlı olmağını ağgünlü olmağından üstün tutması üçün, onun məntiqsiz olması gərəkir. Bu anlaşılmaz qarşıdurmanı necə aydınlaşdırmalı, necə yoluna qoymalı? İndiyə kimi necə eləmişiksə, elə onun kimi. Belə çıxır, bu konunu sizinlə hələ çox düşünüb-daşınmalı, çox götür-qoy eləməliyik.
1Vişnu—indusların ən başılıca tanrılarından biridir, indusların inancında başlıca tanrılar: Brahma, Şiva, Vişnu üçlüyü sayılır.
Rus dilindən Araz Gündüz çevirib.