Dua edir və oğurlayırlar
“Yüz cübbəli gələ, bir çılpağı soya bilməz”(Azərbaycan ata sözü)Ölkədə gizli iq…
Ən axırda həqiqətin elə mərtəbəsinə çatırlar ki, artıq bu yazarların, rejissorların, fikir adamlarının, siyasətçilərin dedikləri sözə, elədiklərə əmələ barmaqarası baxır və dodaq büzməyə başlayırlar. Bu «dodaqbüzmə»lərdən ən çoxu isə yazarlara ünvanlanır. Məsələn, milli-mənəvi dəyərlərə, mövhumata, savadsızlığa etiraz edən yazarlar barədə adətən bu sözü işlədirlər: "Bəsdi də, eyni şeylərdən nə qədər yazmaq olar? Yorulmadınız eyni söhbətlərdən?"
Maraqlı qızlar və oğlanlar
Son vaxtlar maraqlı qızlar və oğlanlar peyda olub. Belə qız və oğlanlar adətən, elə də çox olmayan maaşlarının doxsan faizini qlamur yerlərə xərcləyirlər. Maaş alan gün qiymətlərin od tutub yandığı ticarət mərkəzlərində, restoranlarda maaşlarının doxsan faizini xərclədikdən sonra iyirmi doqquz gün yarıac-yarıtox qalırlar. Maaşlırını o bahalı yerlədə xərclədikləri gün şəkil çəkdirib, «feysbuk»da paylaşır, dost-tanışlarına mesaj ötürürlər ki, biz belə qlamur həyat tərzi keçiririk.
Təəccüblənməli heç nə yoxdur. İnsanın içi kasad, başı boş, mahiyyəti qara qəpiklik olanda, o ancaq getdiyi bahalı salonlar, sürdüyü bahalı maşınlar, taxdığı bahalı zinət əşyaları ilə öyünəcək.
Nə qədər olar axı?!
Belə oğlan və qızlar adətən bir-iki kitab oxuyandan, bir-iki təqdimata-zada gedəndən sonra müdrikləşməyə başlayırlar. Özlərini yazarlarla, rejissorlarla, lap elə siyasətçilərlə bərabərhüquqlu şəxs kimi aparırlar. Hətta hərdən onlara nələrisə başa salmağa, izah etməyə çalışırlar.
Ən axırda həqiqətin elə mərtəbəsinə çatırlar ki, artıq bu yazarların, rejissorların, fikir adamlarının, siyasətçilərin dedikləri sözə, elədiklərə əmələ barmaqarası baxır və dodaq büzməyə başlayırlar. Bu «dodaqbüzmə»lərdən ən çoxu isə yazarlara ünvanlanır. Məsələn, milli-mənəvi dəyərlərə, mövhumata, savadsızlığa etiraz edən yazarlar barədə adətən bu sözü işlədirlər: "Bəsdi də, eyni şeylərdən nə qədər yazmaq olar? Yorulmadınız eyni söhbətlərdən?"
Bəzən lap dərinə gedib, bu sözləri yazarların üzünə deyirlər. Haqlı olduqlarını sübut etmək üçün mübahisəyə girişirlər. Uzun-uzadı mübahisə edirlər. Heç nə başa sala bilmirsən, daha doğrusu, heç nə başa düşmək istəmirlər. Belə yerdə müdrik və qədirbilən xalqımızın zəngin folkloruna müraciət etməmək olmur: Necəsən qanmayam, qalasan yana-yana?!
Bu necə oldu?
Mənə bir şey maraqlıdı ki, bunu deyən oğlan və qızlar doğrudanmı başa düşmürlər ki, söhbət bu məsələlərdən yazmaqda yorulub-yorulmamaqdan getmir? İllərdir xalqa kitab oxutdura, teatra göndərə, normal filmlərə baxdıra bilmiriksə, qardaşı namus üstündə bacını bıçaqlamaqdan çəkindirə bilmiriksə, atanı ailəsini baltalamaqdan çəkindirə bilmiriksə, yorulmaq haramıza yaraşır? Qardaş bacıdan, ata qızdan, ana oğuldan, qaynana gəlindən əl çəkmir. Bir nəsildən bir işıqlı adam çıxanda, hamı o adamı məhv eləməyi, özləri kimi olmağa məcbur etməyi özünə borc bilir. İsa peyğəmbər demişkən: Heç bir peyğəmbər öz məmləkətində, öz evində olduğu qədər heç bir yerdə “şərəfsiz” olmur.
Bir də ki, biz yazdıq, yorulmadıq, amma siz oxudunuz, yoruldunuz?
Bəs, bu necə oldu?
Bu həqiqətə nə zaman, necə çatdınız?
Necə oldu ki, bu sizə belə asan, tez başa gəldi?
Biz nədən yazmalıyıq?
Yaxşı, sizcə bəs biz nədən yazmalıyıq? Ölkədə ən sadə problemlər həll olunmayıbsa, qəliz, mücərrəd, ayağı yerə dəyməyən, səmavi problemlərdən yazmaq gülməli deyilmi? İllərdir xalqı məcbur edə bilmirk ki, əynindəki qara kurtkanı, üzündəki saxta kədəri, beynindəki qaramatı soyunsun. Ananı məcbur edə bilmirik ki, evdə ona sual verən uşağını təpikləməsin, ona cavab versin. Atanı məcbur edə bilmirik ki, təkcə oğlunun deyil, qızının da ali təhsil alamığını arzulasın. Tələbə qızı məcbur edə bilmirik ki, müğənni qalmaqallarının, serialların başını buraxıb, kitabxanaya getsin. Tələbə oğlanı başa sala bilmirik ki, ali məktəbə həm də ali təhsil almağa gəlirlər, təkcə “qız tutmağa”, avaralanmağa, özünü göstərməyə yox.
Adama bir adam
Bu ölkədə fikir adamının, içində işıq olan adamın boynuna ağır missiya düşür. Hər oxumuş, müasir insan adamları tək-tək başa salmağa borcludur, məhkumdur. Bu yaxınlarda bir filmə baxdım. Lenin barədə bir neçə nüans var idi. O miqyasda adam, iyirminci əsrin axarını dəyişmiş şəxsiyyət, kəndliləri bir-bir qarşısında otuzdurub başa salır. Saatlarla öz ideyasını onlara izah edir. Bəzən bir kəndliyə dörd-beş saat vaxt ayırır. Böyük sosialist inqilabı onun kimilərin bu əzmkarlığının, yorulmazlığının və inamının sayəsində baş tutub.
Amma bizdə ikicə kitab oxuyan adam müdrikləşməyə, inzivaya çəkilməyə, öz mağarasına girib, zikr etməyə meyilli olur. Guya bu dahilikdi. Fərqlilikdi.
Xeyr, dostlar. Bu saxtakarlıq, hoqqabazlıq, əllaməçilikdi. İnsan oxuduğu kitabların haqqını verməlidi. Oxuduqların səni adam, şəxsiyyət eləyibsə, sən də başqalarına kömək etməlisən. Başqa yol yoxdur.
Heç kimə xeyir verməyən, başqalarının maariflənməsinə xərclənməyən, xeyir əməllərə sərf olunmayan intellektin, mütaliənin isə qara qəpiklik dəyəri yoxdur.
Günel Mövlud
Simsar.az