post-title

Xalqı söyən möhtaclar

İntellektuallarımız arasında çox ciddi, fəsad törədə biləcək, eyni zamanda yoluxucu xəstəlik var. “Xalqı tənqid” xəstəliyi. Bu gün əlinə qələm alan, barmaqları klaviatura ilə tanış olan hər “intellektual” xalqı tənqid, təhqir edən yazılar yazır. Ağına-bozuna baxmadan qabaqlarına kim gəldi, kim bunlar kimi deyilsə, bu adamları həcv edən yazı qaralayırlar.

 

İntellektual bazası olmayan, bakirəliyini itirmək istəməyən hər qız “Tükəzban”, kitab oxumayan, geniş analiz-təhlil qabiliyyəti olmayan, əlində təsbeh olan hər oğlan isə “məhlə qaqaşı”dır. “Tükəzban”lara, “qaqaş”lara da ki, nə istəsən, demək olar. Necə deyərlər, şərait var, mövzu yox. Otur, xalqı tənqid, təhqir elə. Sonra da bütün gün təhqir etdiyin xalqı səslə mübarizəyə, inqilaba. “Nah sana baklava”.

Çe Gevera deyirdi ki, ac insanları doydurduğum zaman xeyriyyəçi, onların niyə ac olduğunu soruşduğum zaman isə kommunist oluram. Dərd burasıdır ki, bizim intellektuallarımız nə xeyriyyəçidir, nə də kommunist. Söhbət maarifçilikdən gedir. Floberin yazdığı kimi “yaradan kimi düşünüb, burjua kimi yaşayan” intellektuallar xalqı nə doyura, nə də onların niyə ac olduğunu soruşa bilərlər. Bütün günü kitablarının satılmadığından şikayətlənən, cəmiyyətin bunları anlamadıqlarından danışan, xalqın mədəni səviyyəsinin olmadığından dad çəkən “aydın”larımız bircə dəfə sual versinlər: “Axı niyə?” .

Cavab sadədir, həftədə 7 gün, gündə 12-16 saat işləyən insan mədəniyyət daşıyıcısı ola bilməz. Universitetdə hər cür haqqı tapdalanan, universitetdən sonra rüşvətsiz iş tapa bilməyən gənc mədəniyyət daşıyıcısı ola bilməz. Hər gün soyuqda avtobus gözləyərkən, yanından “papanın gül balaları”nın bahalı maşınları ilə şütüdüyünə görən insan mədəniyyət daşıyıcısı ola bilməz. Bu insanlar mənəvi cəhətdən sındırılmış şəxslərdir. Bu insanın nə imkanı, nə də pulu var ki, gəlsin sənin yazdığın kitabı alsın, hələ üstəlik ona yağdırdığın təhqirləri də oxusun, anlasın.

Bütün günü çörək dalınca qaçan, yuxusunda “ac toyuq kimi darı görən” adamın sənin kitabına ehtiyacı yoxdur. Belə bir ailə mühitində böyüyən uşaq da oxumağa meylli olmayacaq, əlbəttə.

Bakirə qızları tənqid etməkdən yorulmursuz. O “Tükəzban” dediyiniz qızın bakirəlikdən başqa heç nəyi yoxdur əlində. Ona bir tək şey bəxş edilib, o da bakirəliyi. Bunu da ucuz satmaq istəmir. Əli təsbehli qaqaşın əlindəki tək sərvət qeyrət deyilən şeydən ibarətdir. Çünki ona bundan başqa heç nə verməyiblər.

“Balıq başından iylənər”. Başı qoyub tutmusuz bu balığın quyruğundan əl çəkmirsiz.

Azərbaycan çox qəribə ölkədir. Sovetlər rejimi dağılan kimi azərbaycanlılar aydını ilə, qara camaatı ilə birlikdə döndü oldu yüz il qabaq Mirzə Cəlilin, Sabirin tənqid etdiyi millət. “Qara camaat”ı hardasa, başa düşmək olar. Soveti yıxmaqla bütün xoşbəxtlik qapılarının üzlərinə açılacağını düşünən xalq, eyforiyadan oyananda gördü ki, hər tərəfdə aclıq, səfillik, yaltaqlıq, ikiüzlülük var. Bir tikə çörəyi üçün məcbur oldu, onu oynadanın istədiyi şəkildə oynamağa. Qınamıram. “Qara camaat”ın yüz il qabaqkı vəziyyətə düşməsini təbii qarşılayıram. Kapitalizm də yüz il bundan qabaq belə idi. Amma Sabirin bugünkü “inteligent”lərimizi yüz il əvvəl tənqid etməsi xeyli maraqlıdır. Buyurun, əminəm ki, hər biriniz özünüzü görəcəksiniz şeirdə.

“Ürəfa Marşı”

İnteligentik, gəzərik naz ilə,
Ömr edərik nəş’eyi dəmsaz ilə,
Həftədə bir dilbəri tənnaz ilə,
Həmdəm olub işləri sahmanlarıq
Ay bərəkallah, nə gözəl canlarıq!

Xoşlamırıq bir para nadanları,
Şiveyi nisvani müsəlmanları,
Neyləyirik Fatma, Tükəzbanları?
Annaları, Sonyaları yanlarıq
Ay bərəkallah, nə gözəl canlarıq.

Zaur Rza

Yuxarı