Zamin Hacı: Toylar və metronun lazımsızlığı haqqında
Bu koronavirus pandemiyasının nə qədər mənfi cəhətləri olsa da, müsbət tər…
Bu yaxınlarda bir tanış məndən soruşdu: “Doğurdanmı ermənilər kamançanı bizdən oğurlayıb?”
Yalnız Bakıda yox, başqa şəhər və ölkələrdə də dəfələrlə eşitdiyim bu tipli suallar iki toplum (biz və ermənilər) arasında gedən “Dolma müharibələri”nin mahiyyətini əks etdirir. Bu cür sualların yaranma səbəbləri paradoksal tərzdə sadə və tamamilə obyektivdir. Qarabağ faciəsi ilə paralel başlanan “Dolma müharibəsi” iki cəmiyyət arasındakı gedən “mədəni” qarşıdurmadır, əvvələn o, münaqişənin başlanması ilə özlüyündə müəyyən informativ qarşıdurmanı ehtiva edirdi. Zaman ötdükcə konteksti böyüdü, genişləndi, hər iki cəmiyyətin kollektiv ictimai şüurun dəyişilməsi və transformasiyasına səbəb oldu.
Azərbaycanlılar və ermənilər arasında “Dolma müharibələri”nin mövcudluğu bir reallıqdır və bu reallığın inkar olunması həm toplumun, həm də fərdlərin əsas problemlərindən biridir. “Dolma müharibələri” həm “mədəni qarşıdurma” kimi, həmdə hər iki xəstə cəmiyyətin içində yığılmış komplekslərin “simfoniyası” kimi özünü biruzə verir və hər iki tərəfin böhran problemlərinin həll olun(ma)ması prosesini özündə əks etdirir. Lakin bununla belə, “Dolma müharibələri” siyasi münaqişədən fərqli olaraq konkret mərkəzləşmədən uzaq, çoxçalarlı, polifonik, polisentrikdir. “Dolma müharibələri”nin bütün toqquşmaları internetdəki zərər(li)-siz istifadəçilərin çağırışlarında, kənardan komik görünən “kosmik” səviyyəlli ekspertlərin “kulturoloji analiz”lərində, TV və KİV-dən səslənən şüarlarda, hərdən isə qəzəbli “ideoloji” manifestlərində müşahidə olunaraq şüurun, təfəkkürün nəzərəçarpılmaz dəyişikliyi və çox zaman gənclərin zombiləşməsi ilə nəticələnir.
“Dolma müharibələri”ni aparanlar adından göründüyü kimi heç də evdar xanımlar deyil, burada böyükdən kiçiyə – balaca uşaqlar və məktəblilər, tələbələr, hakerlər, ciddi xala və əmilər, professor və akademiklər – hamı iştirak edir. Lakin bu müharibənin ilhamvericiləri, başlıca generatorlar – onları belə adlandırsaq – siyasətətrafı təfərrüat və saxta ziyalılardır. “Dolma müharibələri”ndə başlıca döyüş qələbələri, hərbi zəfərlər məhz onlara aiddir.
“Dolma müharibələri”ndə “böyük və şərəfli keçmişimiz” əsla müzakirə oluna bilməz, bugünümüzün qaranlıq və şübhəli perspektivləri isə tarixin indi də bitməyən “keçid dövrü” başlığı altında ustalıqla, hərtərəfli maskalanmaqdadır. Eyni zamanda daxilində artıq metastaz vermiş özünüzəhərləmə prosesi gedən cəmiyyətdə “Dolma müharibələri” öz sərhədlərini, belə demək mümkünsə məntiq sınırlarını aşıb genişlənməkdədir.
Bu alətə (kamança nəzərdə tutulur – tərcüməçi) elə də marağım olmasa da (doğrusu simliləri o qədər də sevmirəm, daha çox xoşladığım zərblilərdir), növbəti dəfə izah etməyə heç həvəsim yox idi ki, kamança (regionun digər alətləri kimi - tar, balaban, tütək, nağara və s.) böyük sivilizasiyanın məhsulu kimi meydana gəlib. O sivilizasiyanın ki, ərazisinə rusların gəlişindən əvvəl, biz qonşularımızla min illər bərabər yaşamışıq. Mədəniyyət böyük məkan və toplumlar – imperiyalarda yaranır. Qonşu İranda kamançanın 40-a yaxın növü var (kimsə maraqlanırsa, məsləhət görərdim ki, ötən il (2006-cı il nəzərdə tutulur – tərcüməçi) Tehranda Məhəmməd Razi Dərvişi tərəfindən nəşr edilmiş iki hissəli “İran müsiqi alətlərinin antologiyası” kitabına nəzər yetirsinlər. Orada alətlərin ifa aspektləri, səslənmələri və texniki detalları haqda ətraflı məlumat toplanıb). Bu alətlərin yaradılmasında və təkmilməşdirilməsində (yalnız musiqi deyil, mədəniyyətin butun aspektləri nəzərdə tutulur) imperiyanın bölgələrində yaşayan bütün etnik qruplar – farslar, kürdlər, assuriyalılar, lorlar, bəluclar, ərəblər, türkmənlər və təbii ki, azərbaycanlılar və ermənilərin rolu olub. Regiona yeni passionar qüvvənin – rusların gəlişi və bizim bir çoxumuzun yeni formata keçməyimiz bu məqamları keçmişdə saxlamadı. Əksinə, Avropa noqteyi-nəzərindən yaranmış yeni imperiyada (Rusiya nəzərdə tutulur – tərcüməçi) etnik aspektlərin aktuallaşması ilə praktik olaraq hər şey – təranələr, nağıllar, xalq deyimləri və s. – yenidən canlanmağa başlandı, sanki ikinci nəfəs aldı. Bunların hamısı imperiyanın himayəsindən çıxandan sonra millətlərin etnik identifikasiyasına, tanınmasına kömək edəcəkdi. Sonra XX əsr boyunca, fasilələrlə “özününküləşdirmə” haqqında qarşılıqlı ittihamlar başlandı. Baxmayaraq ki, imperiya (İran nəzərdə tutulur) tədricən süquta uğrayırdı, lakin yenə də yaşamaqda idi və imperiya daxilində bütün mədəni proseslər davam edirdi. Bütün bunların əksinə olaraq indi müstəqil olmuş həmin dövlətlərdə mədəni həyat demək olar ki yox dərəcəsindədir.
Hər iki cəmiyyət gündəlik sanki real həyatla deyil, ətrafımızda olan virtual ideallar, yalançı obrazlar, fantazm və cənfəng arzuların həyata keçirilməsi naminə yaşayır (yəqin ki, bu prosseslərin ümumi adı kimi “Dolma müharibələri” ismi məqbuldur). Bu proseslər bizi əhatə edir və biz bu proseslərə laqeyd olmaqla yanaşı, bacardıqca müqavimət göstərməliyik.
Mövzudan bir qədər kənarlaşaq: heç təsəvvür edə bilərsinizmi ki, məsələn Verden ətrafında alman və fransızlar violonçelinin mənşəyi haqqında mübahisə edir? Bəli, həmçinin Kursk çöllərində akkordeon, yaxud 45-ci ilin aprelində Brandenburger Tor qarşısında isə dodaq harmonikasının milli mənsubiyyəti uğrunda mübarizəni də təsəvvür etmək də çətindir. Bu tip mübarizələrdə demək olar ki, amerikan və yaponların bəxti gətirib, çünki onların mübahisə etməyə ortaq bir alətləri yoxdur. Amma yenə də, mədəni üstünlük haqdakı sualın “Dolma müharibələri”ndəki kimi kəskinliklə qoyulmasına aid misal göstərmək çətindir.
“Dolma müharibəsi” absurdu tezliklə bitən deyil. Bəlkə də heç vaxt bitməyək. Hər halda hələ ki, “Cənubi Qafqaz” anlayışı “tarixi” yox, coğrafi region kimi qəbul olunur. Bekket və İonesko bizim üçün adidən adi, sanki evimizin içindəki bir reallıqdır. Görünür, absurd nə İrlandiyada, nə də bizdə ortaya çıxıb, elə bizim mövcudluğumuz – absurdun özüdür. Absurd ədəbiyyatına gəldikdə isə, buna gündəlik həyatımızda rastlamaq çox asandır - məsələn, hər hansı bir qəzet məqaləsini və yaxud Elmlər akademiyasının nəşrlərini, forumlarda yazılanları oxuyub, TV-ləri izləməklə. Buyurun, bu da sizin üçün xalis növündə absurd və ya ən gözəl şəkildə yaradılmış absurd ədəbiyyat. “Dolma müharibəsi” isə insanların qəlbində, ətrafımızda baş verən bütün bu absurdun zirvəsidir.
Maraqlıdır, görəsən nədən biz hamımız absurdu bunca ehtirasla sevirik? Bəlkə reallığın nə qədər dəhşətli olduğunun fərqindəyik, o üzdənmi?
Elmir Mirzəyev
2006