Axundovçuluq, yoxsa polis qorxusuyla mütaliə?
Hər bir fəlsəfi ideya öz dövr&uum…
Oğlan dayanmadan Almaniyadakı həyatın gözəl olduğundan, amma qızlarının Azərbaycan qızları qədər gözəl, ağıllı, tərbiyəli olmadığından danışır, arada sola çevrilib, qızı süzür, onun hansı reaksiyalar verdiyini müşahidə edir. Məncə artıq sürücü də başa düşmüşdü ki, oğlan gopa basır. Ona görə də oğlanı tələyə salmaq üçün tez-tez suallar verirdi. Söhbət hərlənib-fırlanıb Almaniyaya hansı cür gedib-gəlməyə çıxdı.
Qəribə hadisələr və insanlar çox zaman ya yazmağı bacara bilən, ya da yazmaq potensialı olan insanların qarşısına çıxır.
Seymur Baycan
Seymur Baycanın bu sözlərini tez-tez xatırlayıram. Mən də nələrsə yazmağa başladığım günlərdən hadisələrə daha diqqətlə fikir verib, bu hadisələrdən gələcəkdə yazı üçün material kimi istifadə edib və ya edə bilməyəciyimi qərarlaşdırmağa çalışıram. Amma ya qarşıma həqiqətən maraqlı hadisələr çıxmadığından, ya da artıq məni Azərbaycanda heç nəyin təəccübləndirə bilməyəcəyinə inandığımdan yazıya köçürülə biləcək xüsusi bir hadisələr ilə qarşılaşmırdım.
Bu yaxınlarda bir tədbirlə bağlı Gürcüstana getmişdim. Bir həftəlik sakit, rahat, maraqlı günlər keçirtdikdən sonra Azərbaycana qayıtdım. Azərbaycana gəldiyim ilk gün tez-tələsik Sumqayita, evə gedib, isti duş qəbul edib, yolun yorğunluğunu az da olsa canımdan çıxardıb, yenidən Bakiya, dərsə qayıtmağı düşünürdüm. Evə çatıb isti duş qəbul etdikdən sonra bir qəhvə də içib, dərsə getmək üçün evdən cıxdım. Evdən çıxıb Bakı-Sumqayıt taksilərinə minmək üçün Sumqayıtın avtovağzalına getdim. Dərsə tələsdiyimdən qarşıma çıxan ilk taksiyə əyləşdim. Bəxtimdən taksidə son bir yer qalmışdı deyə mən taksiyə oturan kimi taksi yola düşdü. Taksi sürücüsü sarışın, yaşıl göz cavan bir oğlan idi. Onun yanında 60-70 yaşlarında, iri bir qoca dayı əyləşmişdi. Arxa oturacağın digər kənarında keyfiyyətsiz saçboyası ilə rənglənmiş sarı saçlı, qara qaşlı, 25-27 yaşlı bir xanım, ortada isə təxminən 30 yaşlarında cavan, balacaboy, qara koynəkli,qara gödəkcəli, qara tuflili bir oğlan əyləşmişdi. Taksiyə oturan zaman hiss etdim ki, içəridəkilər mənə qəribə baxdılar. Sonradan bildim ki, yanımda əyləşən oğlan mən minməmişdən əvvəl arxa oturacaqda boş yerin də pulunu verəcəyini bildiribmiş. Oğlanın yerini dar elədiyimi başa düşüb, bir az pis oldum. Başqa birini narahat elədiyimə görə özüm də çox narahatlıq keçirdim. Taksi yola düşdükdən sonra yanımda əyləşən oğlan döş cibindən 2 manat çıxardıb, sürücüyə uzatdı:
- Al, qaqaş. Boş yer qalmasa da mən sözümün üstündə dururam. İki yerin pulun verirəm. Bilisən, Germaniyada taksiyə oturan kimi pulu vermək lazımdır deyə, mən də belə öyrəşmişəm.
Oğlanın bu sözlərindən sonra üzümü ona tərəf çevirib, ona yenidən, diqqətlə nəzər yetirdim. Geydiyi paltarı, ayaqqabısı alman istehsalından daha çox Binə istehsalına oxşayırdı. Vurduğu ucuz ətrin kəskin qoxusu insanı daha da çaşdırırdı. Düşündüm ki, ilk təəsüratımda yanıla bilərəm. O qədər Avropada yaşayan azərbaycanlılar var ki, həyatlarını Avropaya köçürtsələr də, beyinləri, zövqləri, düşüncə tərzləri hələ də Azərbaycan standartlarında ilişib qalıb. Onların Avropaya inteqrasiyası yalnızca məişət səviyyəsində, o da cox ibdar şəkildə baş verib. Oğlan pulu sürücüyə verdikdən sonra başladı Almaniyadakı həyatın gözəlliyindən, rahatlığından danışıb, Azərbaycandakı həyatın necə əzab-zəyyətli olduğundan gileylənməyə.
- Mən 91-ci ildən Almaniyada yaşayıram. 1 aydır da Azərbaycana gəlmişəm. Valla bura ğlkə deyil. Xarabaxanadır. Hamı ancaq ondan-bundan pul atıb, öz başını dolandırmağı fikirləşir. O gün 5 mərtəbənin yanından taksiyə mindim. Dedim məni AzDramanın arxasına apar, piyada getmək istəmirəm. Məndən 10 manat pul istədi. İnanırsan, 10 manat? 15 dəqiqəlik yol üçün məndən 10 manat pul istədi. Mən də 5 manat tulladım oturacağın üstünə ki, bəsindir.
Bu sözü eşidəndə təxmin elədim ki, bu oğlan da ömründə bir dəfə, güclə, bəla ilə ya Rusiyaya qohumlarının yanına, ya da Rustaviyə avtomobl gətirməyə gedib, qayıdandan sonra özlərini Kolumb zənn edənlərdəndir. Düzü, artıq əminim idim ki, oğlan Almaniyada zadda olmayıb. Deyəsən, elə sürücü də bir az şüphələndi. Oğlanın alman dilini bilib-bilmədiyini soruşdu. Cavan oğlan isə fəxr ilə cavab verdi ki, “Əlbəttə bilirəm. 21 ildir orda yaşayıram.” Bu sözdən sonra sürücü maşının sənədlərini çıxardıb oğlana uzatdı ki, “burda deyəsən almanca yazılıb, bax gör nə yazıblar.” Oğlan bunu eşidəndən sonra rəng verib, rəng almağa başladı. Kitabı əlinə götürüb, o tərəf bu tərəfə çevirərək, güya oxuyurmuş kimi gözünü kitaba dikdi. Divara qısıldığını başa düşdüyündən əks hücuma keçdi.
- Hə almancadır. Bu almanlar köpəyuşaqları işlərini bilirlər də.Gör necə də gözəl maşın düzəldiblər. Pahh. Texnikanın gücünə bax ee. Mən belə maşınları Almaniyada ölüxanadan ucuza alıb, bura göndərirəm. Burda da ev tikmişəm. İndi də qayıtmışam bir gözəl azərbaycanlı qızı ilə evlənib, ( üzünü sol tərəfdə oturan çevirir. Qız da gülə-gülə göz süzdürür. ) Almaniyaya qayıdam. Alman qızları ilə evlənmək olmur ee. Onlara edə bilmirəm. Alman qızlarında namus, qeyrət anlayışı yoxdur.
Bundan sonra artıq hər şey mənə aydın idi. Oğlan özünü xaricdə yaşayan göstərməklə qızı tələyə salıb, tanış olmaq istəyir. Etiraf edim ki, agıllı plan qurubmuş. Oğlan dayanmadan Almaniyadakı həyatın gözəl olduğundan, amma qızlarının Azərbaycan qızları qədər gözəl, ağıllı, tərbiyəli olmadığından danışır, arada sola çevrilib, qızı süzür, onun hansı reaksiyalar verdiyini müşahidə edir. Məncə artıq sürücü də başa düşmüşdü ki, oğlan gopa basır. Ona görə də oğlanı tələyə salmaq üçün tez-tez suallar verirdi. Söhbət hərlənib-fırlanıb Almaniyaya hansı cür gedib-gəlməyə çıxdı. Oğlan heç düşünmədən dedi ki, mən Almaniyaya ancaq “çerez” Türkiyə gedirəm. Sürücü təəcübləndi.
- Məgər Azərbaycandan Almaniyaya birbaşa təyyarə yoxdur? Hətta Amerikaya belə var.
- Yox yoxdur. Gərək ancaq Türkiyədən gedəsən. Sən Amerikaya baxma. Ora yaxındır. Almaniya Amerikanda da o tərəfdədir.
Oğlanın belə cavab verməsini mən belə gözləmirdim. Təəccübdən gülüşüm dodağımda dondu. Bilmədim nə edəm. Sürücü isə üzünü mənə tərəf çevirib, bic-bic güldü. Artıq o öz məqsədinə çatmışdı. Məmnun şəkildə üzünü yenidən önə çevirib, diqqətini yola verdi. Taksidəki digər sərnişinlər isə nəyin baş verdiyini heç anlamadılar belə. Hətta əvvəldə sakit, tərbiyəli şəkildə büzüşüb oturan qalın qaşlı qızın birdən birə dili açıldı. Çoxdan belə bir fürsət gözləyirmiş kimi başladı qəribçiliyin pis olduğundan, ən gözəlinin Azərbaycanda evlənib, uşaq-muşağa qarışmağı olduğundan alovlu-alovlu danışmağa. Arada atalar sözləri də guppuldadırdı. Hiss olunurdu ki, qız allahın onun qarşısına xəyallarındakı ağ atlı şahzadəsini çıxardığına inanıb və sevincindən bütün ciddəyiti, ağırbaşlılığını bir kənara atıb.
Artıq söhbətin mənim üçün əhəmiyyəti itdiyindən nə söhbətə müdaxilə etmək, nə də söhbətə qulaq asmaq istəyirdim. Tez bir zamanda Bakıya çatıb, universitete gedən avtobusa minməyi arzulayırdım. Onsuzda dərsə gecikirdim.
Taksi 20 yanvara çatan kimi sürücüyə pulu uzadıb, tez-tələsik taksidən düşdüm. Avtobusa çata bilmək üçün qaçmağa məcbur oldum. Mən düşdükdən sonra taksidəkilərin nə etdiyini görə bilmədim. Amma əminəm ki, taksidən düşdükdən sonra oğlan qıza yaxınlaşıb, ondan xoşu gədiyini, onunla görmək istədiyini deyib, nömrəsini istəyəcəkdi. Qız isə onu yaşadığı çirkabdan dartıb, çıxara biləcək ağ atlı şahzadəsinin bu oğlan olduğuna inanıb, ona vurulacaq, romantik xəyallar qurub, özünü ağappaq gəlinliklərdə təsəvvür edəcək. Sonra həqiqət ortaya çıxdığında, ağ atlı şahzadəsinin heç uzunqulaqlı Sanço olmadığını öyrənəndə depresiyaya düşüb, bütün insanlara, xüsusən kişilərə nifrət edəcək. Bundan sonra ya evlənmə verilişlərindən birinə çıxıb özünə ər axtaracaq, ya da facebooka girib kədərli statuslar yazıb, özünü əxlaq mücəssiməsi göstərərək bütün kişilərin əclaf olduğu iddia edəcəkdir.
Vüqar Bəhmənzadə
Kultura.Az