post-title

Virtual sol hərəkatı

Sol ideyalarının virtual dünyaya ayaq basması Doktor Ravikdən başladı. O, bir neçə il bundan öncə hələ gənc bloqqerlərin bu dünyaya işıq sürətilə yayılmasından öncə ölkəmizdə olan bir-iki samballı bloqqerlərdən idi. Niyə idi dedim, çünki artıq davam etmir bloqqerlik fəaliyyətinə.

 

Ravik əsasən SSRİ dövrünün gözəlliklərindən, indi həyatımızın sosial olaraq o dövrdəki ilə müqayisə olunmayacaq bir səviyyədə olmasından, cəmiyyətimizdəki müəyyən tabular, geridəqalmış təfəkkür səviyyəsi və digər bu kimi mövzulardan yazırdı. 

Yadımdadır nolyeddizm realizmi adlı bloqu var idi və orada aşağı təfəkkür səviyyəli insanlar özünəməxsus üslubda gözəlcə tənqid olunurdu. Sadəcə Ravikin yazılarında əskik olan cəhətlər var idi ki, bunlardan biri kəskin aqressiya və problemlərin formalaşmasında hökumətin də rolunun olmasını qeyd etməməsi idi. Ravik qısa müddət yazdı, ama dərin izlər qoydu və bir cərəyan da yaratmış oldu. Bu elə bir cərəyan idi ki, özündən sonra bir qrup gənc belə düşünməyə, belə yazmağa davam edəcəkdi.
 
Bəli, artıq sol ideyaları yeni fazaya qədəm qoydu. Bu fazada sol ideyalarını dəstəkləyən gənclər əsas xətt olaraq Ravik yazı tipini seçsələr də yeni xüsusiyyətlər əlavə olundu. Həm də facebook-un da həyatımıza sürətlə girdiyi bir dövr olduğundan bir növ baza olaraq facebook seçildi. "Xaşdan sonra" deyə bir səhifə açıldı, bu səhifə Azadlıq Radiosunun "İşdən Sonra" verilişinin adından götürülmşüdür çox güman. Bu səhifə bir növ milli mentalitet, dəyərlər kimi çürük mövzulara müharibə elan etmiş oldu. Daha sonra "Romantika Cıranlar Partiyası" ortaya çıxdı ki, bu səhifə adından da görüldüyü kimi birbaşa geri təfəkkür səviyyəli gəncləri, özünü romantik ideyalara, eşq məsələlərinə ayıran gəncləri hədəf alıb. Bu səhifələr nə qədər uğulu oldu-olmadı ona qərar verə bilmirəm, amma hər halda bir iz qoydu.
 
İndi isə "Rusiya Dağılacaq" səhifəsi vardır ki, bu səhifə əsasən liberal qütbün siyasi fikirlərini tənqid edir. Bu səhifənin hal-hazırda kifayət qədər səs saldığını deyə bilərik. Lakin bir şeyi də qeyd etməliyik ki, Ravik xətti ilə davam edənlər, sol ideyaları dəstəkləyənlər cəmiyyətimizdə olan iyrənc məqamları tənqid dərək cəmiyyətimizin müəyyən hissəsindən dəstək görsə də, əskik cəhətləri də yox deyil. Misal üçün həmişə Qərbin, liberal dünyanın ölkəmizə vurduğu zərərləri, ikiüzlü mövqeyini tənqid etsələr də ölkəmizə zərər vuran digər qütb haqqında danışmırlar. "Rusiya Dağılacaq" səhifəsi bir neçə gün öncə "Dağlıq Qarabağ Respublikası"nın 21 illiyinin ABŞ-da qeyd olunmasını paylaşdı. Bir söz demirik, təbii ki bu qəbuledilməz bir addımdır. Amma digər tərəfdən Rusiyanın "Dağlıq Qarabağ"a 800 milyon dolarıq hərbi texnika göndərməsi də olub. Bəs bu niyə qeyd olunmur? Digər bir məsələ, Müsavat Partiyasının ingilis qulu olduğu dəfələrlə vurğulanır. Kommunist partiyası bizim üçün mü çalışırdı? Yəni məsələlərə təktərəfli baxırsınız, yoldaşlar...
 
Tərlan Ələkbərov
Kultura.az
Yuxarı