post-title

Cәmiyyәtin zorladığı qadın

Bu hadisәni iki il öncə qurbanın öz dilindәn eşitmişdim.

 
Bilәcәridә kirayә qaldığım vaxtlarıydı. Avtobusda arxada oturub, özümü evә çatdırmaq istәyirdim, bәrk yorğunuydum. Axırıncı dayanacağa yaxın iyirmi üç-iyirmi beş yaş arası bir qadın ordakılardan Bilәcәridә yerlәşәn Dәmiryol xәstәxanasının yerini soruşurdu. Yanında uşaq arabası varıydı, qucağında südәmәr körpәsi. Qadının qucağındakı uşağın ağlaması onun dәrdini tәzәlәdi, deyәsәn, o da uşağa qoşulub ağlamağa başladı. Yaxınlaşıb nә kimi kömәk edә bilәcәyimi soruşdum. Qadın ağlayırdı, qırıq-qırıq cümlәlәrindәn dә heç nә başa düşmәk olmurdu. Qadının sakitlәşmәsini gözlәdim ki, dәrdinin nә olduğunu başa düşә bilim. Bu arada avtobus axırıncı dayanacağa çatdı, düşәndә uşaq arabasını düşürmәsinә kömәk etdim. Avtobusdan düşәndәn sonra qadın öz dәrdini danışmağa başladı. 
 
Qızı iki il qabaq adәt-әnәnәyә uyğun olaraq qaçırmışdılar, qızın qayıtmamasını siğortalamaq üçün onu qaçıran oğlan elә yoldaca öz işini görmüş, qızı zorlamışdı. Qızın anası bu mәlum zorlanma hadisәsini bilәndәn sonra öz qızını evdәn qovmuşdu. Nә qәdәr elәsә dә, anası iki ayağını bir başmağa dirәyib, qızını evә buraxmamışdı, qohumlara da imkan vermәmişdi. 
 
Yәqin görmüsünüz, yolda günorta, xüsusәn dә axşamtәrәfi tәk gedәn qıza yaxşı oğlanların ilişmәsi daha çox olur, ama bu qaqaşlar qızın yanında oğlan görәn kimi tısbağa qınına çәkilәn kimi çәkilirlәr qınlarına, gözucu da baxmırlar, çünki qorxurlar. Tәk qıza isә sataşmaq asandır. Müdafiәsiz olduqlarını bilirlәr, belә hallarda oğraşlıqları sәrhәd tanımır. Bir dәfә bir neçә tanış qıza şәhәrin mәrkәzindә qaqaşlardan bir neçәsi ilişmişdi. Qızlar elә yerindәcә polisә şikayәt etmişdilәr, ama çifayda. Polis bunun sübutunun olmadığını bildirmişdi. Polislər də fürsət düşəndə belə əməllərdən çəkinmirlər. Hәtta bir neçә il qabaq Nizami rayonunda üç polis axşamçağı parkda gәzәn qadını tutub zorlamışdılar. Qadın şikayәt etmişdi, ama DİN bir-birinin ardınca iki maraqlı açıqlama vermişdi. İlk әvvәl bu adamların әslindә polis olmadığı deyildi, hadisә gündәmi zәbt edәndәn bir neçә gün sonra isә DİN çox mәzәli vә insanı dolayan bir açıqlama daha verdi: qadın fahişәymiş. Bәrәkallah deyirlәr burda, başqa da heç nә. Çünki bu, sözün bitdiyi yerdir.
 
Hәmin qız da qanunların işlәmәmәyinin vә insanın insan ola bilmәmәsinin iki dәfә qurbanı oldu. Evdәn qovulandan sonra gecә qızı üç nәfәr oğlan tutub zorladı. Qız özündәn gedib, oyananda xәstәxanadaymış, polisә şikayәt edib, ama polis birinci hadisәyә heç fikir vermәsә dә, ikincini törәdәnlәrdәn dә bir xeyli rüşvәt aldıqdan sonra mәsәlәni bağlamışdı. Qızın bu әri isә çox kasıb, başıaşağı, sakit bir adamıydı. O, әri haqqında danışanda belә dedi. Qızı elә olduğu kimi dә qәbul etmişdi. 
 
Bu dәfә dә cәmiyyәtin daha bur qüsuru - qaynana faktoru özünü göstәrmişdi. Oğlundan israrla o qızla evlәnmәmәsini tәlәb etmişdi, ama bu da alınmayanda oğlunu vә gәlinini evdәn qovmuşdu. Uşaq olanda isә oğlu ilә әlaqә yaradıb, uşağı qeydiyyatda olan poliklinikada deyil, öz tanışı olan Bilәcәri 2 saylı Dәmiryol poliklinikasında qeydiyyata saldırmışdı. Pediatr isә uşağa heç dәxli olmayan, qaşınmayan yerdәn qan çıxaran dәrmanlar yazmışdı. Reseptlәri isә dәrmanları alandan sonra cırırmış. Qadının әlindә qalan iki reseptdә isә resepti hәkimin yazdığını tәsdiq edәn nә imza varıydı, nә dә nәsә başqa bir şey. Qadın başqa hәkimdәn bu dәrmanların faydadan daha çox zәrәr verdiyini öyrәnmişdi vә onun uşağının hәkimin qaynanasının tapşırığıyla öldürülmәsini istәdiyini fikirlәşirdi. "Axı niyә mәnim dilsiz-ağızsız körpәmә qıyırlar? Nәdir axı onun günahı? Mәn bu uşağı nә zülmlә dünyaya gәtirmişәm, evdә yemәk olmayanda tomat-çörәk yeyib, uşağı әmizdirmişәm" - bütün bunları hәmin qadın deyirdi, durmadan da hıçqıraraq ağlayırdı. 
 
Xәstәxanada vә evindә hәmin hәkimi tapa bilmәsәk dә, nömrәsini birtәhәr olsa da tapıb, zәng vurdum, danışdıq, ama qadın iyirmi il pediatr işlәsә dә, o qәdәr savadsızıydı ki, mәn analaya bilmәdim ki, o bu dәrmanları bu balaca körpәni öldürmәk üçün yazıb, ya savadsızlığına görә ağlayan uşaq görәn kimi qulağının ağrıdığını fikirlәşib, әslindә isә qulağı ağrımayan,  körpәyә bol-bol qulaq dәrmanları yazıb. Onunla söhbәtimin sonunda isә, düzü, ikinciyә daha çox inandım.
 
Bu, tәkcә mәnim qarşılaşdığım bir hadisәydi. Polisi özbaşına, cәmiyyәti ikiüzlü, geridәqalmış, sәhiyyәsi, tәhsili sıfırın altında olan ölkәdә hәr bir normal vәtәndaş bütün bunların ağırlığı altında әzilir. Sonda ya sıradan çıxır, insan hәyatı mәhv olur, ya öyrәşәrәk yaşayır, bir növ bütün bu şeylәri hәyatın ayrılmaz parçası hesab edir, necә ki, rüşvәtә "şirinlik" deyib, onu özümüzünkülәşdirmişik, doğmalaşdırmışıq, ya әlinә düşәn ilk fürsәtdәcә xaricә gedir, ya da az bir qismlә qalıb, ölkәni, cәmiyyәti dәyişmәk üçün var-güclәriylә çalışırlar. Sonuncuların işi daha çәtindir, onların qiymәtini isә tarix özü verәcәk.
 
Ümid Xəzər
 
Kultura.az
Yuxarı