Bayram günlərində Azərbaycan telekanalları bir-birinə bənzəyir. Pultu hansına yönəltsən, ekranın küncündən bəlli şəkli görəcəksən. Əksər vaxtlarda hətta eyni sənədli filmlər, eyni reportajlar və s. Həmin günü bütün kanallar Az TV olur.
Yazıçılar da belədir, pultu hara yönəltsələr də, yəni kimdən, nədən və necə yazsalar da əslində efirdə həmişə özləridir. Yazdıqları ümumən özlərinə oxşayır. Kim nə qədər maraqlı adamdırsa, yazdıqları da o qədər fərqli və maraqlı olur. Yooox, haqqında yazdığım adamı qətiyyən AzTV-yə bənzətmirəm. Biri ütülü, qalstukludur, biri yox. Birinin vəziyyəti sabit-ağır olaraq qalmaqda davam edir, biri isə buz meydançası kimidir- nə qədər istəyirsən sürüş. Söhbət əsrimizin, nəsrimizin Seymur XXX-indən (Seymur Baycan) gedir. Necə deyərlər, adı kimi dadı var. Adamın imzası (vallahi rəsmi sənəddə adı belədir- Seymur XXX), özü, yazıları, hətta kitabının adı da fərqlidir. Onun yazılarını, kitabını oxuyanda adama elə gəlir ki, bax, elə Seymurdu ki var- başını azca sağa əyib hər şeyə hırıldayır. Hərdən isə qaşları düyünlənir, ciddiləşir, hədsiz adamayovuşmaz olur. Adama tərs şapalaq kimi dəyən fəlsəfi cümlələr deyir. Məsələn belə: "Bu ölkədə Bayram Kürdəxanlıya yer var, amma bizə yox".
Onu hamı sevmir, amma hamı oxuyur. Biri onu yeni dövrün Mirzə Cəlili, biri isə şeytan adlandırır.
Seymur belə yazıçıdır.
Bu günlərdə çapdan çıxmış ikinci nəsr kitabı "18,6 cm" adlanır. Dəqiq bilmirəm, deyəsən, bu adı kitabın ölçüsündən götürüb. Ya da Azərbaycanda hər şeydə ölçünün, mizan-tərəzinin itməsinə bir mesaj verir (Xalid Şürük). Özü bilər doğrusunu. Amma kitabında yer alan eyniadlı romanı oxumaq kifayət edər ki, oxucu da çox şeyi bilsin.
Kitabın hər bir fəsli ulduz falı ilə açılır. Astroloq qismində isə tanıdığımız və tanımadığımız adamlar çıxış edir. Özü də fərqi yoxdur, onlar astroloqdur, ya yox. Məsələn, Səbuhi Rəhimli, İlham Mirzəyev və Firudin Qurbansoy astroloqdur, amma jurnalist Sevda Sultanova yox. Amma kimə deyirsən, Seymur bildiyini eləyir.
Müəllif romanın janrını skelet-memuar adlandırır. İndiyə qədər böyük adamların, məşhurların memuarlarını oxumağa vərdiş edən oxucu, bu dəfə üçüncü dərəcəli ölkələrdə (məsələn, Azərbaycan, Gürcüstan, Ermənistan) yaşayan yaradıcı adamların, siyasətçilərin, xırda adamların uğursuz taleyi haqqında oxumalı olacaq. Bu romanda nə saray çevrilişləri, nə böyük eşq hekayətləri yoxdur. Amma əvəzində başqa kiçik ölçülü faciələr var. Qəhrəmanları isə real həyatımızdan yaxşı tanıyırıq. Allahşükür Paşazadə, Əli İsa Cabbarov, İsa Qəmbər, yazıçı Anar, Füzuli rayonunun keçmiş icra başçısı Nofəl Qasımov, Nuridə Atəşi, Fazil Qəzənfəroğlu və s. Sonuncunu müəllif əsərində hətta öldürür də. Romanda Fazil Həcc ziyarətində olarkən vəfat edir, müəllif isə onun yas yerindən bir fəsillik reportaj yazıb. Ümumiyyətlə, romanda hər bir fəsil məşhur bir əsərin adıyla adlanıb: "Yas yerindən reportaj", "Albalı bağı", "Qar", "Brest qalası" və s.
Əsərdə təkcə real insanlar yox, həyatımızda bu və ya digər dərəcədə iştirak edən iri idarələrin, kollektivlərin də öz çəkisi var. Abdulla Şaiq adına Kukla Teatrı, AzTV, Abşeron Su İdarəsi, Nəsimi rayon polis şöbəsi, Xətai metrosunun yaxınlığındakı doğum evi, AFFA, "Bənövşə" Uşaq Xoru və digər bir sıra zəhmətkeş kollektivlər tam heyətlə romanda çıxış edirlər.
Ümumiyyətlə, əsərin ana fəlsəfəsi budur: "Xoşbəxtlik quşu yalnız batırmaq üçün başımıza qonur".
Yerdə qalan isə oxucunun öhdəsinə düşür. Əsəri oxuyandan sonra biri gürcü qızıyla evlənmək eşqinə düşə bilər, biri dəlixanaya. Seçim özünüzündür. İsa Qəmbər demişkən, indi seçim anıdır.
Zahir Əzəmət
3 Sentyabr, 2007
Kult.az