Ölkədəki siyasi durğunluq müstəqil mediada vaxtaşırı müzakirələrə səbəb olur. Siyasi böhran qayğılı insanları çeşidli mülahizələr irəli sürməyə, hətta ölkədəki bəzi subkultura təmsilçilərinə qarşı çıxışlara rəvac verir. Məsələn, rusdilli əhalinin, ziyalılar və dindarların ictimai proseslərdə passiv iştirakı, həmçinin ötən ilin sonunda orta məktəblərdə qızların hicab taxmasına qadağa ilə bağlı məsələlər müzakirə mövzuları sırasındadır.
Müzakirələr ictimai problemlərə yönəlirsə, bunun ictimai əxlaq mövzusu ətrafında aparılması zərurəti ortaya çıxır. Maraqlıdır ki, bu yaxınlarda köşə yazarı Şahvələd Çobanoğlu da Facebookdakı səhifəsinə belə bir sual çıxarmışdı - “mənim ictimai ağrılarımı bölüşməyən dost, nəyin dostuyuq biz?” Doğrudan da illərlə paylaşdığın və bölüşdüyün insanın günün birində səninlə eyni ictimai ağrıları yaşamadığını biləndə münasibətlər yürümür...
xxx
İctimai əxlaq dəyişməz deyil, ancaq hələm-hələm dəyişən də deyil.
İctimai əxlaq tarixin bütün mərhələlərində olub; ibtidai icma qurluşundan ta indiki postsənaye dövrünədək. Kamilləşmə və təkmilləşmə prosesini keçib, müasir cəmiyyətdə insan hüquq və azadlıqları, hüququn aliliyi, bərabərlik, ədalət, aşkarlıq və digər yüksək dəyərləri ehtiva edir. Bəşər tarixi indiki ictimai əxlaq normalarını əldə edənədək iki min ildən artıq yol qət edərək, ümumbəşəri dəyərlər toplusunu yaradıb.
xxx
Konstitusiyamız demokratik dünyanın sahib çıxıdığı ictimai əxlaq normalarını əsasən tanıyır. Ancaq Azərbaycanda dövlət yüksək siyasi əxlaqla idarə olunmur; təbii ki, əsas məsuliyyət siyasi hakimiyyətin üzərindədir. Bununla belə ölkə vətəndaşları, hətta hakimiyyətlə bağlılığı olmayanlar arasında da feodal, avtoritar və ehkamçı dünyagörüşün daşıyıcıları var. Demək ki, bizim ictimai əxlaqımız hələlik çağdaş və tam formalaşmış deyil; ortada çoxsaylı dəlillər də var...
xxx
Biz qarşıduran iki ictimai əxlaqımızı fərqləndirə bilərik. Bir tərəfdə siyasi ağalıq, özbaşınalıq, zor, hesablaşmama, ehkamçılıq, yaltaqlıq, ədalətsiz idarəetmə... Digər tərəfdə isə demokratik, ədalətli idarəetmə istəyi və bu istəkləri formalaşdıran dəyərlərin toplusundan ibarət əxlaq.
İkinci əxlaqın daşıyıcıları azlıqdadır, amma bu siyasi azlıq demək deyil! Və bu o demək deyil ki, ölkədə yalnız hakim və ona müxalif əxlaqı daşıyanlar var! Üçüncülər də var - həm hakim, həm də qarşı duran əxlaqı bölüşənlər, daha doğrusu ortada qalanlar...
xxx
Dini qrupların qadınların orta məktəbdə hicab taxmasına qadağa ilə bağlı etirazları mübahisəlidir. Ancaq dövlət hakimiyyətinin buna münasibəti də mübahisəlidir. Mübahisə olunmayacaq bir məsələ var – hakim siyasi əxlaq həm dindar, həm də dünyəvi toplumun hicab mövzusunda açıq və konseptual müzakirələr keçirmək imkanını tanımır.
xxx
Rusdilli azərbaycanlıların əsasən hakim siyasi əxlaqın yanında olması mübahisəlidir; hazırda vətəndaş cəmiyyəti və media sektorunda rusdilli subkulturanın nümayəndəsi olan xeyli insan var. Ancaq rusdillilərin sayının ictimai proseslərdə artması sayəsində ölkədə ciddi keyfiyyət dəyişikliklərinin yaşanacağı inandırıcı deyil. Örnəyimiz Ukrayna; bu ölkədə əhalinin yarısı rusca danışıb, Rusiya yönlü siyasi kurs tərəfdarı olsa da, ölkə MDB məkanında Avropaya sürətlə inteqrasiya edən yeganə dövlətdir.
İnsanların hansı dildə düşünməsi deyil, nəyi düşünməsi önəmlidir...
xxx
Ziyalılar və ziyalılıq 1988-ci ildən bəri ən populyar mövzulardandır. Yanlış olaraq ziyalıları müstəqil, iqtidaryönlü və müxalifyönlü kimi təsnifatlandırmaq dəbdədir. Əslində nə 70 illik sovetlər, nə də son 20 illik müstəqillik dönəmlərində ziyalılar müstəqil sosial qrup kimi mövcud olmayıb; ziyalı adlandırılan insanlar müxtəlif siyasi qruplara bağlı olublar, bununla da iki əxlaqdan birini paylaşıblar...
xxx
“Ziyalı” anlayışı siyasi mədəniyyət və siyasi tarix üçün keçilmiş mərhələdir, daha çox 19-cu yüzilin maarifçiliyini simvolizə edir. Həmin əsrdən ötən dövrdə dünyada və Azərbaycanda savadlı və təhsilli insanların sayı xeyli çoxalıb, ixtisaslı kadrların sayı artıb.
İndi bütün təhsilli və savadlıları “ziyalı” təbəqəsinə aid etmək gülünc görünür.
Bəs avtoritarizmi müdafiə edən savadlılar? Fanatizmi müdafiı edən təhsillilər? Ictimai problemlərə biganə ziyalılar? Siyasi hakimiyyətə qarşı barışmazlığı lənətləyən savadlılar? Onların ictimai davranışını necə adlandıraq? Qorxaqlıqmı? Riyakarlıqmı?
xxx
Bəşəriyyət 20-ci əsrdə iki dünya müharibəsi yaşayıb; totalitarizm və faşizmə qarşı mübarizədə ziyalı, əyalətli, fəhlə və kəndlinin birgə mübarizəsi yeni, ümumbəşəri və çağdaş ictimai əxlaq yaradıb. Demokratik dünyada ictimai əxlaq bu sosial qrupların hər birinə yer tanıyır.. Və bizim ölkədən fərqli olaraq, ziyalı təbəqəsi ayrıca subkultura kimi həmin ölkələrdə mövcud deyil.
Azərbaycan yaxın 20 illik tarixi göstərir ki, bu, demokratikləşmə prosesi üçün təhlükəli və nihilistik yanaşma olmaqla, imtiyazlı və asılı sosial təbəqəni anlatır, bununla da cəmiyyətdə sosial ayrı-seçkiliyə xidmət edir.
xxx
Dindar vətəndaş ateist birisi ilə, millətçi birisi isə kosmopolitlə eyni ölkədə yaşamağı düşüncəsində belə çözə bilmirsə, demək ki, müasir ictimai əxlaqı mənimsəməyib.
Və yaxud rusdilli birisi digər vətəndaşlarla bir ölkənin havası, suyu və torpağı ilə yanaşı ictimai problemləri və ehtiyaclarını da paylaşmırsa, ona yönələn qınaq əsaslıdır.
“Ziyalı” olmaq, savad və təhsillə yanaşı ictimai imtiyazları da ifadə edirsə, o zaman ziyalı digər ölkə vətəndaşlarından daha artıq ictimai öhdəliklərə yiyə durmalıdır. Əks halda savad yalnız mənəvi kapitalın maddi kapitala çevrilməsi vasitəsi kimi çıxış edəcək.
Azərbaycanda cahil ya kamil, dindar və ya ateist, urbanistik ya əyalət təfəkkürü, ziyalı və ya fəhlə qarşıdırması deyil, iki fərqli əxlaqın qarşıdurması var!
xxx
Bizdə hakim siyasi əxlaqın çağdaşlaşmaması yalnız neft pulları və polisin gücü sayıla bilməz. Ölkədəki yazıçılar, bəstəkarlar, rəssamlar, kinoşünaslar, sahibkarlar, alimlər birlikləri, ictimai təşkilatlar və siyasi partiyalar, onların minlərlə üzvləri geyindikləri müasir libaslara, daşıdıqları müasir titullara baxmayaraq, əski (hakim) əxlaqın yanındadırlar.
Həmin adamlar bəzən peşəkar yazıçı, bəstəkar, aktyor və ya rejissor, alim və ya siyasətçi olduqları üçün deyil, “ziyalı” olduqları üçün ictimai etimad tələb edirlər. Amma hakim əxlaqın yaratdığı ictimai ağrıları bölüşmək istəmirlər... Bu o deməkdir ki, demokratik dünyanın iki min il ərzində mənimsədiyi dəyərləri bizim savadlılarımız belə mənimsəməyib; bir az quldarlıq, bir az feodal, bir az da sovet mentaliteti onları müftəxorluğa və ələbaxımlığa alışdırıb.
xxx
Bir vətəndaş, ya bir peşə sahibi, yaxud “ziyalı” adlanan birisi öz fəaliyyətində müasir əxlaqa bağlılığını nümayiş etdirmirsə, rüşvətxorluğa, məmur özbaşınalığı və ya qanunsuzluğa etiraz etmirsə, amma rahatca ictimai etimad tələb edirsə, bu həyasızlıqdır! Və bununla da ucqar bir kənddə və ya dağda yaşayaraq, ictimai proseslərə apolitik olan azərbaycanlıdan daha cılız və miskin adamdır... Çünki, sadə azərbaycanlı səmimidir və heç nəyə iddia etmir! Amma minlərlə köhnə əxlaq sahibi həm heç nəyə etiraz etmir, həm də ictimai etimada iddia edir...
xxx
Eyni ictimai əxlaqı bölüşməyən insanları nə biznes, nə qohumluq, nə siyasi, nə sevgi, nə də dostluq münasibətləri birləşdirə bilər. Əgər belə bir münasibət varsa, ya qısa sürəcək, ya da cansıxıcı olacaq... Və iki fərqli əxlaqın qarşıdurmasında daha yeni, daha rasional və daha iddialı olan qalib gələcək – dünyanın demokratik ölkələrində olduğu kimi...
Bizim ölkədə isə yeni əxlaqın köhnə əxlaq üzərində qələbəsi polis dəyənəyi, iyrənc siyasi oyunlar və çirkli pullar vasitəsilə illərdir yubanır. Yol uzundur, köhnə əxlaq sahibləri isə amansız və həyasız....
xxx
Həm hakim, həm də qarşıduran əxlaqı bölüşənlər iradəcə zəif və cəsarətsiz insanlardır. Onlar hər iki tərəfdən (əxlaqdan) çəkinirlər. Amma aydındır ki, “demokrat olmaq heç nədən qorxmamaq deməkdir” - fikri bu adamların simasını açır. Yeri gəlmişkən, bu fikir 1956-cı ildə Budapeştdəki barikadalardan birində Sovet qoşunlarına qarşı döyüşdə həlak olmuş sosial-demokratın ölümqabağı qeydindəndir...
Anar Məmmədli
Kultura.az