post-title

Ölməkdə olan düşmənin düşüncələri

“Müharibə sülh dövrünün problemlərindən qorxub qaçmaqdır.” Tomas Mann

 

Səhər açılır. Saat səkkizi göstərir. Pəncərədən görünən şəhər artıq oyanmışdı. Məni hava limanından qarşılayan dostumun mətbəxində oturmuşuq. İki yuxusuz gecə bizi çox qəribə mövzular haqda danışmağa sövq edir. Biz yatmaq əvəzinə, siyasətdən, ideologiylaradan, tarixdən və müharibədən danışırıq. Bizdən asılı olmadan mübahisə etməyə başladıq. Sonra mənim dostum bu mübahisədən bezib dedi: “Mən hərbi xidmətdə olanda hər səhər komandirimiz bizə deyirdi ki, - müharibə dövründə 3000 azərbaycanlı qadın əsir düşüb, unutmayın nə vaxtsa müharibə yenidən başlasa, ola bilsin ki, siz öz qardaşlarınızı öldürəcəksiniz - kiminsə əmri ilə öldürməyə məcbur olacağamsa, mən bu torpaqları istəmirəm”. Bizim ona cavab verməyə sözümüz yox idi, o doğrudan da haqlı idi...

 ... Günəşli bir gürcü səhəri. Bir qrup qafqazlı gənc qədim Tiflis küçələrində gəzişirlər. Onlar zarafatlaşırlar, birlikdə şəkillər çəkdirirlər, dondurma yeyirlər, gələcək planları haqqında danışırlar. Kilsənin və sinaqoqun yanından keçirlər. Kimsə öz ana dilində danışanda, heç kəs buna görə narahat olmur. Onların arasında heç bir qorxu və gərginlik yoxdur. Heç bir gizli fikirlər yoxdur. Bu duyğuya azadlıq deyilir. Onlar azad və gəncdirlər.  Bu səhər onların sahib olduqları dünyada ən gözəl nemətdir. Bir neçə saatdan sonra isə hər şey dəyişəcək, ancaq onlar bu haqda düşünmürlər. Burda və indiki anda onlar arzuladıqları hər şeyə sahibdirlər və bu anı son saniyələrinə qədər yaşayırlar.

Qızların birinin kürəyi ağrıyırdı və mən onu masaj eləməyə başladım. Onun halı yaxşılaşdı. Birdən-birə fikirləşdim ki, o ermənidir. İçimdən qəribə duyğular keçdi. Fikirləşirdim ki, ona necə toxuna bilirəm? Onlarla xoş vaxt keçirməyim və onlara xoş hisslər bağışlamağım normaldırmı? Axı onların xalqı qatildir. Mənim fikirlərimin məni çox uzağa aparacağından qorxub ondan əlimi çəkdim, çünki ona pislik eləmək istəmirdim. Baxmayaraq ki, indicə onun xalqını qatil hesab eləmişdim, amma hələ də ona necə pislik eləməmək barədə düşünürəm. Hər şey  necə də qəlizdir! Niyə biz bir-birimizə qarşı nifrətsiz və stereotipsiz azad gənclər ola bilmirik? Niyə?

Əvvəllər mənim heç vaxt bu cür düşüncələrim olmayıb. Çox qəribə idi ki, bu fikirlər ilk dəfə məndə ermənilərlə 6-cı mübadilə proqramında yaranmışdı.
 
Beləliklə məni maraqlandıran ən vacib suallar:

Bu nifrət niyə məndə yoxdu?
Həqiqətən, niyə mən heç vaxt heç kimə nifrət etməmişəm? Niyə uşaqlığımdan bəri televiziyadan və tarix dərslərində deyilənlər, başqa uşaqlara təsir etdiyi kimi, mənə təsir etməyib? Niyə uşaq vaxtı məktəbdə ermənilər haqqında yazdığımız inşalar mənim şüurumda düşmən obrazı və hədəfi qəbul etdirməyib.
Mən ölkəmi və xalqımı satırammı?

Mən insanların mənə dediklərini xatırlamağa başlayıram - Sən onlarla eyni masa arxasında necə çörək kəsə bilirsən, ya da sən onların etdikləri cinayətləri necə bağışlaya bilirsən? Mən həmişə cavab verirəm ki, bilmirəm... Həqiqətən bilmirəm niyə və necə... Mən niyə onlara nifrət etməliyəm axı, onlar şəxsən mənə, ailəmə və dostlarıma heç nə etməyiblər; onlar, mənə inanırlar və  mənim yanımda yatarkən onları öldürməyəcəmi bilirlər; onlar da bu müharibənin itkilərindən əziyyət çəkiblər. Ya da mən sadəcə istəmirəm ki, mən və cəmiyyətim özümüzü bir daha qurban hesab edək...

“Faktiki olaraq soyuq mövcud deyil. Bizim soyuq hesab etdiyimiz reallıq, əslində istiliyin olmamasıdır. Həmçinin qaranlıq da mövcud deyil. Gerçəklikdə qaranlıq işığın olmamasıdır.” Bu sözlər Albert Eynşteynin tələbə olduğu vaxtlar haqqında kiçik hekayədən sitatdır. Məsləhət görürəm ki, bu hekayəni tam olaraq oxuyasınız. Buna əsasən tək qalanda aşağıdakı suallar beynimdə peyda olur:

Həqiqətənmi, müharibə sülh dövrünün problemlərindən qaçışdır?
Nifrət, diskriminasiya, rasizm, aqressiya və.s, sevginin, insanlığın, tolerantlığın və səbrin olmamasıdırmı?
Hər iki xalq üçün hərhansı bir ümid qalıbmı?

Postsovet ölkələrində sevginin yoxluğu, norma və təbii fenomenə çevrilib. SSRİ-nin dağıldığı dövrdə və ondan sonra doğulan nəsil sevgisiz böyüdülüb. Bizim valideynlərimiz, müharibə, batmamağa çalışan, amma buna baxmayaraq, öz-özünü dağıdan kommunizm və azadlıq uğrunda mübarizə nəticəsində böyük travma alıblar. Bu gün bizim müstəqil və “demokratik” dövlətlərimiz var, ancaq biz sovet dövründə sahib olduğumuz sevgini və dostluğu itirmişik. Biz itirilmiş nəsilik, o nəsil ki, sevgisiz böyüdülüb. Valideynlərimiz bizə qarşı sevgi nümayiş etdirmir, hökümətimiz bizimlə maraqlanmır, xarici ölkələr bizimlə ancaq siyasi oyunlar oynayır. Buna görə də biz onlara və özümüzə nifrət edirik. Və nifrətimizin arxasında biz hələ də sevgi axtarışındayıq, eyni zamanda özümüzü qurban, ya da qalib, işğalçı ya da xilaskar kimi göstəririk.

Bu nə qədər davam edəcək? Bütün düşmənlərimizi öldürdüyümüz günə qədər. Mənim müharibəm artıq bitib, çünki mən öz düşmənimi öldürmüşəm. Onların fikrinə görə içimdə olan düşməni. Necə? Mən sadəcə sübut etdim ki, o heç vaxt mövcud olmayıb.

Beləliklə sonuncu sual. Sənin içindəki düşməni öldürməyə yetəri qədər cəsarətin varmı?

P.S. Ola bilsin ki, həddindən artıq çox cavabsız suallar verdim. Ancaq mənim onlara sizin yerinizə cavab vermək niyyətim yox idi.

Həmidə Qiyasbəyli

Kultura.az

Yuxarı