Azərbaycan Dövlət İqtisad universitetində təhsil alıram. 4cü kursdayam. 4 ildə bir-iki vicdanlı müəllimdən başqa normal dərs keçən müəllim görmədim. Nə normal kitabxana var, nə lazımi tədris materialları.
Müəllimlərin 90%-i dərsi 60-cı illərin metoduynan keçir. Üzünə mühazirə oxuyurlar. Seminarlarda da imla yazdırdıqları mühazirələri tələbələrdən əzbər soruşurlar. Sırf buna görə, müəllimlərdən mühazirənin online və ya yazılı versiyasını və dərs vaxtında mövzunu başa salmasını tələb etdiyimə görə onlarla dərsdən qovulmuşam. İqtisad universitetində innovasiya dedikdə tələbələrin imtahanı verməsi-test variantlarını seçməsini qələmlə yox, mouse-la etməsi və müəllimlərin mühazirələri dəftərdən yox, notebookdan oxuması başa düşülür.
Universitetdə heç bir maddi-texniki baza yoxdu. Sosiallıq sıfır dərəcəsindədi. Tələbələrin zorla İqtisadçı voleybol klubunun oyunlarına aparılmasını çıxsaq təbii ki. Bütün faydalı tədbir və görüşlər əsasən Dərbənd filialı vasitəsilə qohumunun-tanışının ranqınnan aslı olaraq 30-40-50 min manata “qəbul olunmuş” tələbələrin təhsil aldığı İçərişəhər korpusunda keçrilir.
4 ildi bu universitetdə təhsil alıram və bircə dəfə görməmişəm ki, gəlib təhsilin keyfiyyətini yoxlasınlar. Amma hər gün tyutorlar bütün dərslərə (!) girib qaib yoxlayırlar. Universitetdəki bütün düzən, sistem qaib yazılmasına fokuslanıb. Halbuki, Boloniya sistemində qaib-filan söhbəti yoxdu. Səhhətində hansısa problem yaranan tələbələri imtahanlara buraxmırlar və arayış filan da qəbul etmirlər! Özlərindən uydurublar yeni bir sistem, salıblar “əsasnamə”yə, ömrümüzü zorlayırlar.
Universitetdəki bəzi vəzifə sahibləri özünü peyğəmbər kimi aparırlar. Allahlığa iddiası olanlar da var. 2ci kursda ürəyimdən əməliyyat olunmuşdum, qb-lər limiti keçmişdi, xəstəxanadan arayış apardım, qəbul etmədilər. Getdim rektorun yanına. Rektorun Şahin adlı köməkçisi var idi. Bütün day-daylı tələbələrə qarşı şirin-şirin danışan bu adam mənə-universiteti həm intellektual yarışmalarda, həm tədbir və konfranslarda layiqincə təmsil etmiş bir tələbəyə qarşı çox amansız, etikasız və insafsız davrandı. İndi adamı prorektor qoyublar universitetdə. Kül başuva ay Azərbaycan təhsili
7 kəsrim qaldı sırf imtahana girə bilməməkdən və heç biri vecimə deyil. Kəsirlərim olmasına baxmayaraq həmişə mübarizə apardım haqsızlıqlarla. Bu mübarizədə daim tək buraxıldım həm qrup, həm patok həm də digər universitet yoldaşlarım tərəfindən. Daydaylı, “Dərbənd” tələbələrinin isə heç nə vecinə deyil. İstədikləri vaxt dərsə girirlər, istədikləri vaxt dərsdən çıxırlar, pullarını verib qaiblərini sildirirlər. Onlara hər şey olar. Məqsəd bəllidi. Kütləvi savadsızlar ordusu yaratmaq və əziyətlə universitetə qəbul olub karyera xəyalıyla yaşayan gənclərin yerlərini “Dərbənd”çilərə hazırlamaq! Kİ,sonradan daydayları qəşəng pul verib mənim və mənim kimi tələbələrin haqqı olan yerləri imkanlı balalarına satmaq! Gömrük və vergi orqanlarında çalışanların 90%-i məhz Dərbənd filialının tələbələridi. Oxuyan, əziyyət çəkən tələbələr 4 il boyunca əllərini ciblərinə qoyub 100 minlik avtomobillərilə ov ovlayan, quş quşlayan yaşıdlarını görüb bir daha sınırlar mənəvi cəhətdən.
Müəllimi sürüyən tələbə görmüşəm universitetdə. Universitetdəki düzən tələbələrin tam savadsız qalmasına xidmət eliyir. Universitetdə onun tanışı, bunun qohumu prinsipilə çalışan və tələbələri bədbəxt edən yüzlərlə müəllim çalışır. Gözü görməyən, qulağı eşitməyən, kobud, normal nitqi və mədəniyyət səviyyəsi olmayan onlarla müəllim var.
Rüşvət barədə bir-iki şey qeyd edim. Əvvəldən rüşvətin problemlərin səbəbi yox, səbəblərdən yaranan son nəticəsi olduğunu düşünürdüm. İnsaf naminə qeyd edim ki, son 2-3 ildə universitet rəhbərliyi rüşvətin aradan qaldırılması üçün çox işlər görüb. Amma, nə fayda. Bu universitetdə tələbə 2ci sinif şagirdi kimi imla yazıb əzbərdən danışırsa sonda qiymət alması mümkünsüzdü və rüşvət mütləq olmalıdı. Mən də rüşvət vermişəm və bu da mənim günahımın da olmasına baxmayaraq 90% dərs keçməyən, üzünə mühazirə oxuyan müəllimlərin günahıdı!
Haqqımız çox pis şəkildə yeyilir və tələbələr savadsızlaşdırılır. 90% tələbələrin universitetə girməsi və bitirməsi arasındakı 4 illik müddətdə geriyə getdiyinin şahidi oluruq. Məktəbdə oxumuş, imtahanlarda stress keçirmiş, minlərlə manat repetitorlara xərcləmiş tələbə ilk kursun ilk semestrindəcə sındırılır. Maliyyə imkanı, az-çox məlumatı olanlar 2ci kursdan gedirlər xaricə. Qalanlarsa qalıb 4 il çürüyür.
Bir az da tələbələr haqda. Çox qorxaqdı əksəriyyəti. Müəllimə söz deməyə götü çatmayan minlərlə tələbə var. Müəllimin qarşısında söyülən, təhqir olunan onlarla tələbə görmüşəm ki, cavab verməyib. Qızları hardasa başa düşmək olar. Həqiqətən. Ailə basğısı, cəmiyyət basğısı, ailədə aldıqları mentalitetbaz tükəzban tərbiyəsi, etiraz edən, haqqını tələb edən qıza qəhbə damğasının yapışdırılması ehtimalı və bu kimi onlarla faktı nəzərə alanda haqq vermək olur. Amma , oğlanlar. Universitetin qabağında meyxanalara dibinə kimi xod verən kim, yaxşı oğlan, pristupnı mir söhbəti edən kim. Onlarla, yüzlərlədi belələri. Kurilka qəhrəmanlarıdı çoxu. Siqaret çəkəndə müəllimlərdə var-yox qoymurlar. Dərsdə isə olurlar dovşan. Üzünə müəllim tərəfindən var-yoxu söyülüb universitetdən qovulmaq qorxusundan səsini çıxartmayan “yaxşı oğlan” görmüşəm. Haqsızlığa qarşı ən adi instinkti olmayan mağmın bəndələrlə doludu universitet. Hansısa əclaf müəllimin əleyhinə imza kompaniyasına “qorxuram” deyib qoşulmayan “pristupnı mir” əjdahaları da görmüşəm.
Hal-hazırda universitetdə təhsil alan tələbələrin nəinki ixtisaslarından, heç iqtisadiyyatdan anlayışı yoxdu. Kor, savadsız bir kütlədi. Və o kütlənin daydayli hissəsi gələcəkdə Azərbaycanın iqtisadiyyatını, sənayesini idarə edəcək. Bədbəxtçiliyin son həddidi!
Özümü qəhrəman kimi göstərmək fikrindən uzağam. Amma İqtisad universitetində oxuduğumu nəzərə alın. Qovulmaq və bunun kimi onlarla təhdidlə üz-üzə qalmaq ehtimalının çox yüksək olduğunu da. Bu yazını yazmaq niyyətim təkdir. Biz bədbəxt olduq, heç olmasa gələcək nəsillər qurtulsunlar. Etiraz etsinlər dərs keçməyən, üzünə mühazirə yazdıran müəllimlərə! Haqqlarını tələb etsinlər! Müəllim haqsız qaib yazmaq istəyəndə Jurnalı alsınlar müəllimin əlindən! Səslərini atsınlar başlarına! Həyasızlıq etsinlər yeri gələnsə! Amma, haqqlarını, təhsillərini heç kimə verməsinlər!
Sonda bir qeydi edim. HOSTun Canım Azərbaycanım adlı bir mahnısı var idi. Ordakı fikirnən ömrümüzü zorlayan çox adam var. Fikir belə idi ki, təhsili təhsili bəyənmirsən, satışda kitablar var. Əgər kitabla təhsil mümkün olsaydı, onda bu qədər universitetə, dövlət büdcəsinnən çəkilən xərclərə nə ehtiyac var idi, elə hər kəs kitab alıb oxuyub mütəxəssis olardı.
İlkin Rüstəmzadə
Kultura.Az