post-title

100 il hədər getdimi?

Ədədlərin mistikasına o qədər də inanmıram. Amma necə izah edəsən ki, M. Ə. Sabirin anadan olmasının 150 illiyi M. F. Axundovun 200 illiyi ilə eyni ilə təsadüf edir? İki adam və ədəbiyyatda, ümumiyyətlə, milli fikir və düşüncə tarixində iki inqilab.

 

Hər ikisi ədəbiyyatı göylərdən yerə endirdi. Şərq ədəbiyyatı yaranışından göylərlə əlləşib, ilahi hikmətləri, həqiqətləri dərk etməyə cəhd edib. Amma bu iki insan artıq qeyd etdiyim kimi, ədəbi fikir tarixində Kopernik inqilabına bənzər bir şey etdi, baxmayaraq ki, sonuncu bir qədər fərqli iş görmüşdü, «dünyanın mərkəzi»ni Yerdən Göyə köçürmüşdü.

 
Ruslar əsl milli ədəbiyyatın N. Qogol-dan başlandığın iddia edirlər. Məhz  ondan başlayaraq ədəbiyyatın süjet istiqaməti dəyişdi, o, güclə pul toplayıb bir şinel alan kiçik məmura, kiçik bir insana doğru yönəldi.
 
Bizim ədəbiyyatda da Sabirin və Mirzə Fətəlinin sayəsində söz sənəti şahların və əsilzadələrin tərzi – həyatı olmaqdan vaz keçib, Hacı Qaralara, Fatmanisələrə tərəf üz tutdu. Bunu birdən – birə qəbul etmək o qədər də asan deyildi. Bunu sonralar da qəbul etmək asan olmadı.
 
Təsadüfi deyil ki, biz azı 100 il Sabirə və yaxud da Mirzə Fətəliyə dişlərimizi ağartdıq, gülə bilmədik, çünki əsl gülüş başqa şeydir. Əsl gülüş adamı düşündürür. Bəlkə bu iki adam bu illər ərzində bizi ürəkdən güldürsəydi onlar indi də bu qədər aktual olmazdılar. Bir neçə il bundan əvvəl yazmışdım ki, Sabirin, Mirzə Fətəlinin və Mirzə Cəlilin bu gün də aktual olması əslində faciədir.
 
Elə o vaxt da əlavə etmişdim ki, buna rəğmən belə bir hal bu insanların dühasına zərrə qədər də kölgə sala bilməz. Sabir haqda yazmaq qərarına gələndə yol gedirdim. Avtobusun pəncərəsindən baxanda kiçik bir dəstənin əllərində ərəb əlifbası ilə yazılmış bayraqlar tutaraq küçənin qırağı ilə getdiyini görmək olardı. Axşam da pəncərədən baxanda eyni mənzərəni gördüm. Nə demək olar? Bu gənclər heç olmasa ərəb əlifbasını bilirmi?
 
Şəxsən mən buna şübhə edirəm. Mövhumat əsrə baxmır. Əgər bu gün böyük bir telekanal öz qiymətli efir vaxtını «cinləri qovan» cadugərlərə sərf edirsə, bunu mövhumat adlandırmayasan, nə deyəsən? Elə şeylər var ki, onlar irrasionaldır. İranda qadınları qara çadraya bürünməyə vadar edən səbəblər var. Amma Azərbaycanda qadınların könüllü olaraq qara çadraya bürünməsinin səbəbini tapmaq çox çətindir. Nədir bu? Azadlıqdan qaçış?
 
Çətin sualdır.
 
Səbəb məlum olanda dərd eləmir. Məhz bu səbəbi bəlli olmayan, irrasional adətlər, təsəvvürlər Sabiri dərdə salmadımı? M. Fətəlinin dünya ədəbiyyatında analoqunu tapmaq olardı. Amma Sabir tipik Azərbaycan fenomenidir. Bir dəfə Moskvada onun rus dilində şerlər kitabını almışdım.
 
Elə o vaxt da başa düşdüm ki, Sabiri yalnız azərbaycanca oxumaq olar və onu yalnız azərbaycanlılar başa düşmək iqtidarındadır. Bəlkə yanılıram, amma qənaətim budur. Düzdür, təhsilə, elmə kəm baxmaq, nadanlıq içində yaşamaq tək Azərbaycana xas deyil – bu, doğrudur. Yada salsaq ki, hətta rusların da bir «meşşan» sözü var, buna daha tez inanmaq mümkündür.
 
Burada M. Qorky-nin bir «meşşan» qəhrəmanının sözlərini necə xatırlamayasan? Həmin «meşşan» qəhrəman uşaqları olmadığına görə arvadını danlayırdı ki, çox yeyirsən, ona görə də qarnında uşağa yer qalmır... Bəli, bütün millətlərin yolu nadanlıqdan keçib. Amma biri var, deyəsən ki, yolu buradan keçib, biri də var, deyəsən ki, yolu burada ilişib qalıb. Təəssüf ki, bunlar fərqli şeylərdir…
 
 
KRALLAR ŞAİRLƏRİ BAŞA DÜŞƏNDƏ…
 
​​Deyilənə görə, «Müfəttiş»ə çar Aleksandrın özü baxıbmış. Tamaşa bitəndən sonra o, deyib ki, hamı payını götürdü, ən çox da mənə pay düşdü. İndi Sabir anılır, təriflənir. Amma mən bunun səmimiyyətinə inanmıram, çünki onu guya anan insanların böyük əksəriyyəti əslində məhz onun personajları olmağa layiq insanlardır. M. Ə. Sabir deyirdi: «Kim ki, insanı sevir, aşiqi – hürriyyət olur, bəli, hürriyyət olan yerdə də insanlıq olur!...».
 
Hanı bəs bu hürriyyət, hanı bəs bu insanlıq? Deməli, yüz il hədər keçib. Adını unutduğum bir türk yazıçısına S. Demirel deyəndə ki, sizin əsərlərinizin birinci oxucusu mənəm, həmin yazı adamı ona qayıdıb demişdi ki, «təəssüf edirəm, əfəndim, siz heç dəyişməmisiniz!...». Ona görə də bir avropalı yazıçı da çox gözəl deyib: «Krallar heç vaxt şairləri başa düşmür, başa düşəndə isə onları edama göndərirlər»…
 
KİÇİK SÖZARDI
 
M.Ə. Sabir haqqında o qədər yazılıb, o qədər deyilib ki, əlavə ştrix tapmaq olduqca çətindir. Amma o, özü haqqında hamıdan yaxşı yazıb: «Bənzərəm bir qocaman dağa ki, dəryada durar!». Bəli, bundan yaxşı demək mümkün deyil. Bəlkə də mümkündür. Amma bundan yaxşısını yalnız Sabir özü deyə bilərdi…
 
Hüseynbala Səlimov
Azadlıq Radiosu
Yuxarı