post-title

Kiçik inqilablar edin!

Azərbaycana gələn xarici qonaqların, yabançıların burada diqqətini çəkən qəribəliklərdən biri insanların öz geyim-keçimlərində tünd, qara-boz rənglərə üstünlük verməsidir. Bu bir gerçəkdir, matəm, “qara gün” rəmzi olan qara paltar çağdaş azərbaycanlı qarderobunda üstünlük təşkil edir. İki haldan biridir: millət ya qara paltar geyindiyinə görə qara günlüdür, ya da elə, qara günlü olduğuna görə qara paltara bürünüb.

 

Mənə sorsanız hansıdır, deyərəm: həm o, həm o. 
 
Nazim Hikmət 50-ci illərdə Bakıya gələndə, görənlərin sözü, şəhərin izdihamlı yerlərində tez-tez maşını saxladıb, heç bir səbəb olmadan bir müddət sağa-sola addımlayarmış, yanındakılar onun nə üçün belə etdiyini soruşanda: “Burada insanların geyim-kuşam zövqləri korlanmış, istəyirəm görsünlər, zövqlə geyinmək necə olur”. 
 
Türkiyə Cümhuriyyətinin qurulduğu ilk illərdə Mustafa Kamal Atatürkün həyata keçirdiyi ən önəmli inqilablardan biri “Şapka inqilabı” olub. Mustafa Kamal, bilavasitə özü, ən geridə qalmış rayonlara səfər edərək şapkanı təbliğ edirdi, “qafasının çölünü dəyişdirə bilməyən içini dəyişdirə bilməz” şüarıyla çıxışlar yapırdı. Qiyafət məsələsi önəmliydi, formal dəyişmələr gerçəkləşmədən osmanlı şahlıq dönəmindən qalma köhnə məzmunu dəyişdirmək mümkün olmayacaqdı. Atatürkün böyüklüyü bu sadə həqiqəti görməsində idi. 
 
Bir neçə il əvvəl “Oqonyok” jurnalında oxuduğum bir əhvalat burada yerinə düşər. Fransaya bir aylıq vizayla gələn rusiyalı qastrabayterlərdən biri, vaxtının bitməsinə baxmayaraq, üzüm plantasiyalarında işləməyə davam edir, həftədə bir, bazar günləri şəhərə çıxıb özü üçün dolaşırmış. Günlərin bir günü metroda polis ondan sənədlərini soruşur, nəticədə cavan oğlanı ölkədən deportasiya edirlər. Sənədlərin hazırlanması sırasında rusiyalı onu yaxalayan polisdən soruşur: “deyin, axı necə oldu siz məndən şübhələndiniz?”. Polisin cavabı belə olur: “artıq uzun illərdir fransalı gənclər qara rəngli dəri gödəkcə geyinmirlər”.
 
Yenə gələlim Mustafa Kamal Atatürkə. Şapka inqilabı üçün vardığı Kastamonuda özünün tarixi nitqində bunları söyləyib: “Çox qiymətli bir cövhəri palçıqla suvayaraq dünyaya göstərmənin bir mənası yoxdur. Bu qara çuxalarınızın altında cəvahir gizlənməkdədir, başa düşmürsünüz. Cəvahiri göstərmək üçün palçığı onun üstündən atmalısınız...”
 
Cümhuriyyətin ikinci ilində, 1925-ci il, noyabr ayının 25-də Türkiyə Böyük Millət Məclisi “Şapka qanunu”nu qəbul edib, bu qanunla fəs qoyulması qadağan edilib. Şapka geyməmək üstündə nə qədər adam tutuqlanıb, cəza yeyib, neçə illər boyunca gənc Türkiyə respublikası məhkəmələrinin başlıca işi “şapka” razborkalarını araşdırmaq olub. Bəlkə inanmayacaqsınız, bu gün gördüyünüz çağdaş, modern Türkiyə şapka, dolayısıyla əyin-baş, qiyafət inqilabının nəticəsində bu yerlərə gəlib. Türkiyədə kişilər fəslərini atdığı illərdə Azərbaycanda qadınlar çadralarını atıblar. (Bəlkə buna görədir, bu gün Türkiyədə kişilər, Azərbaycanda isə qadınlar daha artıq azadlıqpərəstdirlər?) ... 
 
Lakin sözümün mustafası bunlar deyil. 
 
Biz əgər cəmiyyətdə bir şeylərin dəyişməsini istəyiriksə, ilk öncə mümkün olan ən sadə şeylərdən başlamalıyıq, önəmli olan dəyişilmə yoluna qoyulmaqdır...
Əyin-baş bizim xarici aləmə açılan qapımızdır, ətrafdakı insanlarla, təbiətlə, kainatla yalnız bir rəng araçılığıyla təmaslar qurmaq daxili aləmimizi yoxsullaşdırır, yaşamımız əlvanlığını itirir, gizli və açıq şəkildə mövcud olan qara qüvvələrin cazibəsinə düşürük. İtaət və təslimçilik rəngindən sıyrılmalıyıq. Nə qədər ki çölümüzü dəyişməmişik, içimizi dəyişməyimiz imkansızdır. Mümkün olduqca qara qiyafətlərdən çıxın! Yetər ki, dəyişilməyə başlayın! Qaranlıq keçmişin, ölümün və qocalığın rənginə deyil, işıqlı gələcəyin, həyatın və gəncliyin rənginə üstünlük verin! Qara qoça minib qaranlıq dünyaya getməyin, ağ qoça minib işıqlı dünyaya çıxın! Sevmək və yaşamaq üçün döyünən gözəl ürəyinizi qaranlıqlar içində boğmayın!
 
Nazim Hikmət necə deyib: “Bu dünyada atanızın evindəymiş kimi yaşayın!”
 
Rasim Qaraca
Kultura.az
Yuxarı