post-title

Dindar həkimlər və psixoloqlar

Uşaqlıqdan bəri adını tez-tez eşitməyə öyrəşdiyim bütün məhlənin ortaq həkim-terapevti var. Adətən məhləmizdən kimin harası ağrıdısa, onun yanına gedərdi. Sonra onun bir adama yazdığı reseptlə də digər qonşular müalicə olunardı. Hər nəisə. Bu günlərdə eşitdim ki, o həkim bu yaxınlarda həcc ziyarətində olub və ordan qayıdandan sonra daha qadınları əllə müayinə etmir. Deyir ki, günahdı. Xəstənin şikayətinin nə olmasından asılı olmayaraq uzaqdan-uzağa baxıb diaqnoz qoymağa çalışır.

 

 
Əlbəttə, bir millət olaraq dilindən “inşaallah”, “maşallah” əksik olmayan millətik. Bununla bağlı hər hansı bir sözüm də yoxdur. Hər kəsin öz şəxsi işidir. Bizim üçün onsuz da dini baxışlarını digərlərinə aşılamaq şəxsi işə çevrilib son zamanlar. Amma elə peşə sahibləri var ki, onların bu mövzu ilə bağlı şəxsi fikirlərini iş prosesində nümayiş etdirmələri arzuolunan deyil, hətta peşəkarlıq baxımdan yolverilməzdir. Zənnimcə bu məqamı nəzərə almağa ən çox borclu olan peşə sahibləri isə həkimlər, psixoloqlardı. Psixoloji konsultasiya ilə bağlı mövcud ədəbiyyatlarda bu mövzu ilə bağlı dönə-dönə vurğulanan məqam odur ki, psixoloqun kabinetində dini məzmun daşıyan heç bir şəkil, yazı, kitab və s. olmamalıdır. Məsələn, xristian ölkələrində hər hansı bir psixoloqun kabinetində xaç asması onun qeyri-peşəkarlığından xəbər verir.
 
Oxşar yanaşma heç şübhəsiz ki, həkimlər üçün də mövcuddur. Hər hansı xəstəlikdən müalicə alan bir adamın “mənim vəziyyətim necə olacaq” sualına həkimin “inşaallah yaxşı olacaq” cavabı verməsi ən absurd bir şeydir. Xəstəliyin gedişatından, orqanizmin müalicəyə verəcəyi reaksiyadan danışmağa ərinən və bunu lazımsız hesab edən həkimlər ancaq belə qeyri-müəyyən cavablarla xəstəni el dilində desək yola verirlər. Halbuki savadı az və ya çox olmasından asılı olmayaraq istənilən xəstəni həkimin geniş izahı daha çox sakitləşdirər, nəinki işinin bir tək allaha qaldığını düşünmək. Həm də bu, xəstənin sağalmasına daha çox inamının yaranmasına səbəb olar. Baxmayaraq ki, bunun əksini düşünən həkimlər də az deyil. Lap bu yaxınlarda savadına çox güvəndiyim bir həkim bu mövzuda danışanda dedi: "əlbəttə ki, dini inanc daha üstündü, sən heç bilmirsən tibb nə qədər acizdir". Bu sözlərdən sonra bütün qol-qanadım sındı.
 
Çox güman ki, dini inancın insanı həm psixoloji rahatlatmaq, həm fizioloji sağaltmaq üçün ən güclü vasitə olduğunu deyəcək adamlar az olmayacaq. Sadə ölümlülərlə işim yoxdur. Onlar bu məsələdə əlbəttə haqlıdırlar. Adamın bir balaca canı ağrıyanda bütün dinlərə pənah aparmağı gəlir. Sualım psixoloqlara və həkimlərədir; xəstələri Allaha həvalə edəcəkdinizsə, dini inanclarla baş-başa qalıb bir çıxış yolu tapmadan sizə üz tutanları yenidən səbr etməyə, şükr etməyə səsləyəcəkdinizsə, bəs siz nə işə yarayırsız onda? Bəlkə də bunlar yaxşı işlərdir. Amma sizin işiniz bu deyil.
 
Əfsanə Şahmurad
Kultura.az

 

Yuxarı