O əməl qalmadı etməyim. Saç tökülməsinin qarşısını almaq üçün min yola əl atdım. Nə bilim gicitkanı qaynadıb suyuyla başımı yudum. Müxtəlif şampunlardan istifadə etdim. Başıma yumurta sarısı yaxdım. Özü də yay fəslində. Yumurtanı yaxıb başıma düşdüm həyətə. Bir də gördüm bəşəriyyətin bütün cücü-mücüləri, milçəkləri mənə tərəf gəlir. Sonra dedilər ki, saç tökülməsinə qarşı ən güclü vasitə sarımsaqdı. Sarımsağı əzib saçın diblərinə sürtürsən. Onu da etdim. Sarımsağı əzib sürtdüm saçımın dibinə. Bir müddət gözlədim, sonra hamama girib başımı yaxşı-yaxşı yudum. Gördüm qaydasındadı. İy-filan yoxdu. Çıxdım şəhərə. Gəzdim, dolaşdım, yoruldum. Yağış yağdı. Düşdüm yağışa. Sonra girdim metroya. "Sahil" stansiyasına. Demə, sarımsaq sürtülmüş başa su dəyəndə sarımsağın iyi qalxırmış. Elə də oldu. Başımdan sarımsaq iyi qalxıb vaqona yayıldı.
Mən sakit dayanmışdım. Geyimim qaydasında, saqqalım yerində idi. Yanımda geyimi qaydasında olmayan bir bədbəxt dayanmışdı. Hamı o bədbəxtə nifrətlə baxırdı. Elə bilirdilər ki, sarmısaq iyi o bədbəxtdən gəlir. Verdim o bədbəxti qırğına getdi. Xalqın balasını verdim qırğına.
Dərk edəndə ki, heç bir əməl saçın tökülməsinin qarşısını ala bilmir, yavaş-yavaş reallıqla barışmağa başladım. Çətin də olsa, başqa yol yox idi. Əvvəlcə saçımı bir az qısaltdım. Sonra bir az da qısaltdım. Sonra lap qısa kəsdirdim. Elə bu vaxt dünya özü mənim köməyimə çatdi. O mənada ki, keçəl futbolçuların, keçəl aparıcıların, keçəl müğənnilərin, keçəl yazı və fikir adamlarının sayı artmağa başladı. O zaman başa düşdüm ki, ən yaxşı vasitə təhlükənin üstünə hücum etməkdi.
İyirmi il bundan əvvəl 25-30 yaşlı bir kişi keçəl qalanda çox ciddi sarsıntı keçirirdi. Vaxtsız keçəllərə hədsiz təzyiq vardı. Əgər subaysansa və keçəl olmusansa bu lap dəhşətli, çəkilməz bəla sayılırdı. Adamlar açıq-aşkar deyirdilər ki, sənə kim ərə gələcək. Yazıqlar olmazın zülmün çəkirdilər. Bilmirdilər nə etsinlər. Onlara gülürdülər. Lağa qoyurdular. Ayama qoşurdular. Dolayırdılar. İndi vəziyyət dəyişib. Məşhur keçəllərin sayəsində keçəl olmaq artıq bəla sayılmır. Hətta bir çoxları saçlarını qısa vurdurub, keçəl gəzirlər. İndi dünyada xeyli sayda keçəl və məşhur kişilər var.
Yazarlar, aparıcılar, futbolçular, məşqçilər, aktyorlar, rejissorlar...
Bir dostumuz var, başına rəng qoyan kişiləri "xınalı kəklik" adlandırır. Doğurdan da mən özüm də başına rəng qoyan kişiləri başa düşmürəm. Hər yaşın öz gözəlliyi var. Eləcə də ağ saçların. Saçına rəng qoyan kişilər başa düşmürlər ki, onlar yaşın bəxş etdiyi yaraşıqdan imtina edib özlərini gülünc vəziyyətə qoyurlar. Bunu elə bələ yazdım.
Mən artıq hardasa yeddi ildi keçəl başla gəzirəm. Rahatam. Şampundan istifadə etmirəm. Keçəl olmağın xeyli üstünlükləri var. İndi özümü saçla təsəvvür edə bilmirəm. Saçlı vaxtlarda çəkdirdiyim fotolara baxanda qəribə hisslər keçirirəm. Elə bilirəm ki, fotodakı adam mən deyiləm, kimsə mənə oxşayan başqa adamdı. Və saçı tökülən gənclərə məsləhətim odur ki heç də həyəcanlanmasınlar. Depressiyaya düşməyin. Özünüzü əziyyətə salmayın. Dibindən qırxdırın getsin. Bir müddətdən sonra alışacaqsınız. İki-üç teli uzadıb başın ətrafına dolamaqdansa keçəl gəzmək daha yaxşıdı. Yuxarıda qeyd etdiyim kimi ən yaxşı vasitə təhlükənin üstünə hücuma keçməkdi.
Düzdür, uşaq-muşaq, həyatdan xəbəri olmayan "civi"lər, yelbeyin qızlar hərdən sosial şəbəkələrdə fotolarımı paylaşıb mənim keçəl olmağımı öz aləmlərində lağa qoyurlar. Bu uşaq-muşaqlar başa düşmürlər ki, keçəl kişilərdən də xoşu gələn qadınlar var. Mən yazının sonunda keçəl kişiləri dəstəkləyən bütün qadınlara öz təşəkkürümü bildirirəm.
X X X
Bazar günün oxucuları üçün Cəfər Cabbarlının "Mənim Tanrım" şeirini paylaşıram. Bu üç bəndlik şeirdə çox böyük mətləblər açılır. Mükəmməl şeirdi. Əlbəttə bu üç bəndlik şeirdə çox böyük hikmətlər var. Anlayanlar bilər.
Mən bir zaman öz-özümdən uzaxdım,
Dün bir işıq buldum, ruhuma taxdım.
Bütün əski tanrıları buraxdım,
İndi artıq bir tanrım var - gözəllik!
***
Bütün əski tanrılara darıldım,
Həp məcazi sevgilərdən yoruldum.
Bir həqiqət buldum, ona vuruldum,
Dünyada bir şüarım var - gözəllik!
***
Oxşa məni, yeni tanrım, sevindir!..
Artıq fikrim, ruhum, duyğum sənindir!
Çıx könlümdən, əski dünya, sonundur,
Çünki yeni bir yarım var - gözəllik!
Seymur Baycan
Reytinq qəzeti