Tanınmış ingilis tarixçisi Antony Beevor bu hadisələri dünya tarixində baş vermiş “ən kütləvi zorlanma fenomeni” kimi təsvir edir. Kütləvi zorlamalar sovet ordusu 1944-cü il oktyabrında nasist Almaniyasının sərhədlərini keçdikdən sonra başladı. Zorlamalar əsasən sovet ordusunun nəzarətində olan bölgələrdə həyat keçirilirdi. Təxminən 2 milyon alman qadını zorlama qurbanları oldu. Bir çox hallarda təkrar-təkrar zorlandılar. Təkcə Berlində 100 min qadın zorlandı. O dövrün xəstəxana sənədlərinə əsasən həmin aylarda 10 min qadın cərrahı abort zamanı öldü. Minlərlə qadın isə zorlanmadan sonra intihar etdi. Zorlanma nəticəsində ümumilikdə 240 min qadın həyatını itirdi. Bu qadınların bir çoxu hətta 60-70 dəfə zorlanmışdılar. Bir çox alman qadınları ağır cinsi xəstəliklərə yoluxdular.
Ən dəhşətlisi isə o idi ki, bəzən bu zorlamalar digər insanların, xüsusilə o qadınların uşaqlarının, yaxınlarının gözü qarşısında olurdu. Hadisələrin miqyası o qədər böyük idi ki, hətta katolik kilsəsi belə aborta icazə verməli oldu. Hətta monastrlardakı rahibələr, internatlardakı qızlar belə zorlamadan xilas ola bilmədilər. O dövrdə Almaniyanın ən böyük monastrı hesab olunan Kunigunde monastrındakı bütün rahibələr, yaşlı qadınlar və azyaşlı qızlar sovet əsgərləri tərəfindən zorlandılar. Zorlamalar 1947-ci ildə SSRİ qoşunlarının nəzarətində olan Şərqi Prussiyada Almaniya Demoratik Respublikası yaranana qədər davam etdi. ADR yarandıqdan sonra isə əsgərlər mülki əhalinin yaşadığı yerlərdən çıxarıldı.
Stalin bu cinayətlərə belə bəraət qazandırıb deyirdi, ”bizim əsgərlər qan, ölüm və alovun içindən keçərək min kilometrlərlə yol keçiblər və bu qadınlar onların haqqıdır”. Əslində SSRİ ordusunda zorlama cinayət sayılırdı və ağır cəzalandırılırdı. Lakin Şərqi Almaniyanın tutulması zamanı bu cinayətlərə ordu rəhbərliyinin səssiz qalması vəziyyəti daha da ağırlaşdırırdı. Tarixçilər və psixoloqlar sovet əsgərlərinin alman qadınlarına qarşı bu hərəkətlərinin səbəblərini müxtəlif cür izah edirlər. Lakin gəlinən ortaq nəticə budur ki, əsgərlər bu hərəkətləri qisasçılıqdan daha çox qadınlara qənimət kimi yanaşdıqları üçün edirdilər.
Bu hadisələrin sosial nəticələri ağır oldu. Müharibədən sonrakı bir neçə ildə çoxlu sayda “rus mənşəli” uşaq dünyaya gəldi. Zoraklığın qurbanı olmuş hər bir qadın istər fiziki, istərsə də psixoloji cəhətdən başına gətirilən bu faciənin izlərini həyatının sonuna qədər qədər daşımalı oldu. Tədqiqatlar göstərir ki, müharibə dövründə zorlanmış qadınların yarısı, hətta 60 ildən sonra belə aldığı travmalar nəticəsində zorlanma qorxusu ilə yaşayır. Onilliklər ərzində alman qadınlarının çoxu yaşadıqları dəhşətli hadisələr haqda nəsə danışmadılar. Müharibədən sonrakı ilk illərdə bu haqda danışmaq elə də asan deyildi. Şərqi Almaniyada qurulmuş Almaniya Demokratik Respublikasında Qırmızı Ordunun əsgərlərinin alman qadınlarına qarşı etdikləri zorlamalar haqda nəsə demək ümumiyyətlə qadağan edilmişdi. Çünki aparılan dövlət təbliğatı o idi ki, almanları faşizmdən xilas etmiş və onlar üçün kommunizm gətirmiş bir ölkənin əsgərləri belə cinayətlər edə bilməzdilər. Nəticədə Şərqi Almaniyada kommunizmin süqutuna qədər milyonlarla qadının başına gətirilmiş bu faciələr haqda nə mətbuatda, nə də rəsmi səviyyədə bir kəlmə də olsun danışılmadı.
Qərbi Almaniyada isə müharibədən sonra bəzi diskussiyalar olsa da bu məsələlər rəsmi səviyyədə elə də ictimailəşmədi, çünki almanlar müharibənin əsas günahkarları hesab edilirdi. Nasizmin cinayətlərindən sonra heç bir siyasətçi alman xalqını zərərçəkən kimi göstərməyə cəsarət etmədi. Əslində alman qadınlarının bir çoxu uzun illər boyu ailə sirri kimi zorlandıqlarını ictimaiyyətdən gizlətdilər. Lakin qadinların bu susqunluğunu yazıçılar, rejissorlar pozdu. Ötən əsrin 60-ci, 70-ci illərindən başlayaraq Qərbi Almaniyada bu qadınların yaşadıqları faciələr haqda bir çox kitablar yazıldı, filmlər çəkildi. Artıq cəmiyyətdə tabular sınmışdı. Bir çox əsərlər məhz bu qadınların danışdıqları hadisələr əsasında yazıldı, çəkilmiş bir çox filmlərin əsas qəhrəmanları onlar oldu.
Alməmməd Əlisoy
Kultura.az