Lev Tolstoy: müntəxəbat yazıçısı
Dissident dövrünə aid belə bir lətifə var. Ana, oğluna “Hərb və…
Koroglu kimdir? Xalq qəhrəmanı, yoxsa qarınqulu. Mən deyərdim ki, qarınqulu. Niyə? Bu şəxs bir yadelli işğalçıya, erməniyə, rusa, firəngə qarşı mubarizə aparmayıb, döyüşdüyü Həsən xan, Bolu bəy və ancaq özümüzünkülər olub. Çəkilib bir dağın kəlləsinə, gündə yeddi qazan plov yeyib, yeddi tuluq çaxır içib (özü də musəlman, görəsən çaxırı kimdən alırmış?). Bığlarını bir girvənkə yağla yağlayırmış (ay sənin bığına...). Bu əsər alman, ingilis və s. dillərə tərcümə olunubsa... , gör bizim haqqımızda nə fikirləşirlər...
Bu ..tün fikri-zikri ancaq plovun yanında olub, inan!!! Bunun əyyaşlıqdan nə vaxt başı açılıb ki, Nigara (xanım deməyə dilim gəlmir) diqqət yetirsin? Belə düşünmək olar ki, Eyvaz Nigarla… Gəl təsəvvür edək ki, anam mənə deyir ki, ay bala, ürəyim Dilicandakı Şir bulağından su istəyir, nə deyərəm? Ay ana, məni hara göndərirsən, duşmən əlinə? Amma Eyvaz - oğulluğu , getdi durna teli dalınca. Nə idi onun marağı? Deməli …… , ona görə də gedirmiş. Asıq Cünun – çuğulluğun, satqınlığın bariz nümunəsidi. Əlndə saz gəzirmiş, hardan karvan gəlir , çatdırırmış Koroğluya… Bir üç -dörd il əvvəl, arada belə bir söhbət oldu ki, aşıqların forması (tolstovka, qalife şalvar, portupeya) haradandır? Araşdırmalar apardi 30-cu illərə çıxardı. Sovetdən qaçaq duşənləri necə tapmaq olarmış ? Yaylaqlardan, yataqlardan, dağlardan kim şubhə doğurmadan NKVD - yə xəbər gətirə bilərmiş? Ancaq aşıqlar! Bunun üçün aşığa da möhkəm , davamlı paltar lazım imiş , o da rusda. Deməli NKVD də aşıq Cünun variantından bəhrələnibmiş. Bunu aşıq Ədalətə deyəndə bir qədər fikrə gedib dedi ki, həqiqət var.
P .S. Hələ çox fikrimi yaza bilmədim.
Vidadi T.
Kor oğlu- NAN KOR OĞUL
Düzgün kodlaşdırılmamış qəhrəmanlıq.
İndi mənə qulaq as…
Kor oglunun əlamətlərini (bir insan kimi) hələlik sənə yazım.
Anası haqqında heç bir məlumat yoxdu.
Əgər dədəsi atı göydən, qılıncı göydən alıbsa, kim təminat verə bilməz ki, hansısa bir əcinnəni də göydən tutmayıb…
Gözəllik.
Koroğlu Nigarı sadəcə olaraq atasının evindən oğurlayıb, basıb atın tərkinə, aparıb Çənlibelə. Dağın başında , vəhşilərin əhatəsində daha heç bir variant olmadığından Nigar təhqir olunmuş , zorlanmış ( yəqin ki ) və biabır olmuş vəziyyətini nəzərə alıb, el dilində desək ayıbına kor olub, məcburən Koroğlu ilə yaşayıb. Ümumiyyətlə, Koroğlu ilə Nigarın münasibətləri, heç bir vəchlə ailə münasibətlərinə aid edilə bilməz. Kəbin yox, ata-ananın xeyir-duası yox, uşaq yox (Eyvaz sayılmır). Nigarın sözünü yadına sal... Sən çox pələpüsürsən , çox qarasan, səndə gözəllik adına bir şey yoxdu.
İnsan olan kəsdə nə qədər də olmasa bir xoşagələn cəhət olmalıdı, Koroğluda yoxdu. Nigar ona öz xoşuna getməyib . Görmək-sevmək, qoşulub -qaçmaq söhbəti deyil. Koroğlunun idbar sifətini görüb yəqin ki, heç kim ona yaxın getməzmiş.
Oğulluq.
Əgər Azərbaycanda ata institutu, yəni patriarxat mövcud idisə , Koroğlu, heç vaxt atasının sözündən çıxıb atlara baxmazdı. Baxdığını da atasından gizlətməzdi. Yalan demək, heç də onu sözə çevirmək deyil. Əgər sən elədiyin haqda susursansa, bunun özü də, dolayısıyla da olsa yalandı. Əgər desən ki, uşaq imiş, bilməyib, kim uşaqlıqda belə hərəkət eləməyib ki, mən səninlə razılaşaram. Hamımız uşaq olmuşuq, hamımız hansısa bir pis hərəkət edib böyüklərdən gizlətmişik, amma biz qəhrəman deyilik. Bizdən sorğu-sual da yoxdu, bizim haqqımızda dastan da yazılmayacaq. Bir şeyi də yadına sal ki, atlara baxandan, atasının gözü çıxarılandan, bulaq başına gedib qayıdandan sonra , çox keçmədən əlində Misri qılınc atasının “qisasını” alıb və dağlara, Dəli Həsəni axtarmağa gedib. Uşaq olan kəs, çox qısa müddətdən sonra konkret hara getməyi, kimlə savaşmağı çox dəqiqliklə hesablayıbsa, artıq uşaq deyil. Xüsusi olaraq Dəli Həsəni axtarmaq isə əsl dustaqxana psixologiyasıdı, gərək başçını (paxanı) öldürəsən və onun yerinə özün başçı olasan.
Ataya qarşı hörmətsizlik bir , hövsələsizlik iki, yalan üç...
Və nəyə görəsə atası onu cəzalandırmır, güldən ağır bir söz demir, əvəzində bulağın yerini nişan verir, ən əsası öz gözlərinə görə ki, kor qalmasın, o sudan gözünə çəksin və sağalsın. Hələ onu da fikirləşmək lazımdır ki, adi bir mehtərin başına göy cismləri və canlıları ilə bağlı bu qədər hadisə hardan gəlir? Niyə məhz onun? Belə bir bulağın mövcudluğunu haradan bilir? Başqalarının bundan niyə xəbəri olmayıb? Necə bilirsən, adi bir mehtər bu qədər qeyri-adi işlərlə niyə məşğul olurmuş və ya bütün bunları haradan bilirmiş? Qayıdaq mətləbə... Bu nankor övlad neyləyir? Bulaqdan qaynayan sudan birinci öz başına tökür, ikinci içir, yalnız və yalnız bundan sonra atası yadına düşür.
Sonra bütün dastan boyu bir dəfə də atası yadına düşmür.
Belə oğulluq olar?
Daha doğrusu elə, belə də “oğulluq“ olar, ata dogma olmayanda, elə belə də olur.
Təpəgöz.
Yəqin atası onu atların yanından tapıbmış, kiminsə bici imiş, tullayıbmışlar yəqin ki, qurd-quş yesin. Vələdüzina imiş, hansı millətdən olduğu naməlum. Bəlkə elə ona görə, böyüyüb turklərdən intiqam alırmış. Atalar misalını yadına sal. Ay yetim, kimi söyərsən, mənə çörək verəni. Yeyib türklərin çörəyini, qudurub, başlayıb ona çörək verən əli kəsməyə. Dədə Qorqud dastanındakı Təpəgözü yadına sal. Analığı ilə ilk təması qadının ölümü ilə nəticələnir. Bir sordu südünü aldı, iki sordu qanını aldı, üç sordu canını. Təpəgöz bədheybətliyi ilə Koroğlu pələpüsürlüyü arasında bir göz qədər fərq var. Onu da yadından çıxartma ki, türklərin tarixində məmlüklər deyilən böyük bir yetimlər və kökü-soyu məlum olmayan döyüşçülər zümrəsi olub. Yəni, yetim böyüdüb, ondan döyüşçü düzəldib istifadə eləmək türklərin tarixində məşhur faktdır. Sonradan Sovet höküməti də bu üsuldan istifadə edirdi, yetimxanalarda olan xüsusi istedadlı uşaqlardan Sovet hökümətinə hədsiz dərəcədə sədaqət və sevgi aşılanmış, bu hökümət yolunda hər şeyə hazır olan şəxslər yetişdirilirdi.
Müxtəlif türk xalqlarında Koroğlunun variantları mövcuddur. Qoroğlu - oddan törənən, Goroğlu - qəbirdən xortlayan və s. Bizdə isə nəyə görəsə Koroğlu – kor kişinin oğlu olan bir obraz seçilib.
Şou-biznes.
Bir maraqlı cəhəti də diqqətinə çatdırım. Yarım mifik , yarım həqiqi qəhrəmanlar demək olar ki, bütün xalqların şifahi ədəbiyyatında var. Hər belə bir qəhrəmanın gücünün bir hissəsi, hansısa sirrli - sehrli mənbəyə bağlıdır. Hətta belə bir qabiliyyət vacib cəhətlərdən biri olmalıdır. Çünki fövqəlinsan olmasan , adi zalımlara qalib gələ bilməzsən. İlahi bir qüvvəyə ehtiyac var. Amma çox az rast gəldiyim bir cəhəti deməyə bilmirəm, o da Koroğlunun məşhur təğyiri - libas səhnələridi. Bu qədər köntöy, kobud, təsvirə görə cüssəli, iri bədənli bir adamın yarım ac-yalavac, sərgərdan , dünyadan, aləmdən xəbəri bu eldən o elə gəzməklə aparıb gətirən bir artistə - el aşığına oxşaması ağlabatan deyil. Qılınc oynadan, əmud endirən barmaqlar necə sazın tellərini titrədib, onlardan xoşa gələn səslər çıxarırmış bilinmir. Nəzərə də alsaq ki, aşıqlıq sənətini illərlə öyrənirmişlər, Koroğlunun harda və kimdən təhsil aldığı böyük bir sual doğurur. Səsi bildik – bulağın suyundandı, bəs ifaçılıq sənəti? Yoxsa paşalar , bəylər, xanların heç musiqidən, sənətdən başları çıxmayıb indikilər kimi, ya da aşıq sənəti o qədər aşağı səviyyədə olub ki, hər yoldan keçən əlinə əyri tut ağacı alıb, üstünə də bir-iki yoğun bağırsaq çəkib, “dınqır-sazım , dınqır –sazım”la dövlətliləri yola verirmiş? Bir sənət kimi aşıqlığın hardan qaynaqlandığını elə dastanlardan bilmək olar. Əsas amil cavan oğlanın bir qıza vurulmasıdı. Bütün sevgi dastanlarının , aşıq yaradıcılığının daxili hərəkətverici qüvvəsi, mədəni desək - sevgi, kobud desək doyrulmamış seksual hisslərdir. Mənim yaxın bir dostum, bu cür yaradıcılığı “oğraş ədəbiyyatı” adlandırırdı. Indi, müasir dövrdə guya ki, mentalitetimizə uyğun olmayan açıq-saçıq yazıları tənqid edənlərə, uzağa getməyib, Molla Pənah Vaqifin seksual şerlərini oxumağı məsləhət görərdim. Düzdü, redaktorlar tərəfindən çıxarılmış, bayağı sözlərin əvəzinə qoyulmuş nöqtələrdəki ifadələri özləri tapmalı olacaqlar...
Oddan kül.
Yenə Dədə Qorquda qayıdaq. Adının kökündə Qor, yəni od sözü var. Qoroğlu yəqin ki, Koroğlunun ilkin variantı olub. Sonra, hansı səfehsə Qor sözünün mənasına varmayıb, nə cür eşidib, o cür də hadisələri Kor sözünə calayıb və eybəcər, kökü olmayan yeni bir dastan düzəldib.
Dədə Qorqudda döyüşənlər qopuz çalmırlar, qopuz çalanlar isə döyüşmürlər. Sən Dədə Qorqudun qopuz çala-çala döyüşməyini təsəvvür edə bilərsən? Mən bilən yox. Amma, nəyə görəsə Koroğlunun eyni vaxtda həm çalıb-oxuyub, həm də döyüşməyini adi bir şey kimi qəbul edirik. Hansı təzaddan, uyğunsuzluqdan istəyirsən istifadə edə bilərsən... uça-uça üzmək, qaça-qaça çimmək kimi.
Aşıq Cünunun adına fikir verməmisən yəqin ki... Tərcümədə (ərəb dilindən) dəli deməkdir. Döyüşçüsü dəli, aşığı dəli...
Şair.
Aşıq yaradıcılığının zirvələrindən sayılan dastanda , aşıq Cünunun, səhv etmirəmsə, bir ya iki yerində dilindən şer səslənir. Dastandakı yeganə rəsmi aşıqdan başqa, hamı şer formasından geninə-boluna istifadə edir. Aşıq Cünun isə hərdənbir dəlilərin könlünün xoş vaxtında, hansısa bir qarətdən və ya uğurlu basqından sonra şənliklərdə dəliləri əyləndirir.
Mən başa düşürəm ki, bu dastandır, aşıq dastanıdır. Burada şer də, musiqi də olmalıdır . Bir balaca fərqi var o biri dastanlardan. Bu sevgi, eşq-məhəbbət dastanı yox, qəhrəmanlıq dastanıdır. Deyəsən Sabir Rüstəmxanlının düşüncələri idi ki, türklərin döyüşkən olmaları dillərindən bilinir. Bütün sözlər (əmr formasında) çox qısa - bir saitli, bir hecalıdır. Atın belində dünyaları qəsb edən türkün çox danışmağa vaxtı olmayıb. Dur, qaç, vur, kəs, en, min, düş, ver, al, hətta ye, iç və sairə sözlər, döyüş əhval-ruhiyyəsinin ən bariz nümunələridir. Dədə Qorqud dastanında, Qazanın köməyinə yetişən bəylər, çox danışmadan bircə cümlə işlədirlər:- Çal qılıncın, ağam Qazan, yetdim! Vəssalam! Artıq sözə ehtiyac yoxdur. Dil işləmir, əl, qol işləyir. Qılınc çalınır, nizə oynadılır, əmud endirilir. Daha uzun-uzadı, vuruşmanın, döyüşün bədii məziyyətləri haqqında sicilləmə poetik parçalar söylənilmir. Cavanlar arasında deyildiyi kimi, vuran oğul vuraram deməz, vurar. Döyüşənin, vuruşanın başqa heç nə barədə fikirləşməyə nə vaxtı, nə imkanı olmaz. Oturub düşmənlə döyüş haqqında hava bağlamaq, müxəmməs, təcnis yaratmaq döyüşən qəhrəmanın ağlına belə gəlməz. Ya incəsənət, ya müharibə! Ikisi bir yerdə ola bilməz. Inter anna silent Musae (latın). – Toplar danışanda , ilham pəriləri susar, ya da rus dilində :- “Когда говорят пушки, музы молчат”. Koroğlu dastanında bir-birini inkar edən iki məfhumun birləşdirilməsinə çalışılıb. Koroğlu, üzü Dədə Qorquddan yox, dünya yaranandan bəri türkün bacardığı, can atdığı özünəməxsusluğa (döyüşkənliyə) lazımsız sicilləmə şerlərlə bir zəiflik, uzun-uzadı danışmaq kimi axmaq bir məziyyət gətirib. “And içmişəm bu gün dava olmasın”. Orta əsrlərin birinci pasifistidi Koroğlu guya ki... Onun təsiridi ki, qədim , döyüşən, dünyanın yarısını fəth edən bir xalqın nümayəndəsi ola-ola döyüşmək , vuruşmaq əvəzinə “düşmənlərin” bizi necə qovması, öldürməsi, təhqir eləməsi , itirilən torpaqlarımızda at oynatması haqda ağlamsınmış şerlər, hekayələr , mahnılar yazırıq, ələ silah alıb döyüşmək əvəzinə göz yaşları tökür, ermənilər kimi , farslar kimi ildə bir neçə dəfə xüsusi gün ayırıb, ağlaşmaqla məşğul oluruq. Öz kökümüzdəki qəhrəmanlıq nümunəsinə yox, bizə yad olan zəiflik təcəssümünə aludə oluruq.
Qalada yatmış idim, top atdılar oyanmadım
Saz ilə, söhbət ilə oyatdılar.
mahnısının sözləri artıq oturuşmuş, yeyib-içib dünyadan keçmiş, döyüşə yox, müharibə səsinə yox, musiqiyə, sözə-söhbətə maraq göstərən tənbəl, zəif, vuruşmaq həvəsi olmayan bir türkün hekayəsidi.
Sabirin
Dindirir əsr bizi dinməyiriz.
Atılan toplara diksinməyiriz.
misraları da həmin həvəssizliyin , dünyadan keçmişliyin, vuruşmaq, mübarizə aparmamaq istəyinin nəinki savaşa, davaya, müharibəyə, hətta ictimai-siyasi əhval-ruhiyyəyə də təsir etdiyini göstərir...
Əcnəbi seyrə balonlarla çıxır.
Biz hələ avtomobil minməyiriz.
Yəqin, Koroğlunun qəhrəmanlıq dastanı hansısa bir keçid mərhələsi imiş. Əvvəl ancaq müharibə, sonra kiçik , lokal quldurluqla poeziya və musiqinin qarışığı, sonra isə ancaq şer və musiqi. Növbəti mərhələ - muğam. Tam boşalmış, süstləşmiş, əhli-keyf, uymuş , bu dünyadakı işlərini buraxıb ancaq göylərlə əlləşən, o biri dünya, cəhənnəm və cənnət, axirət dünyası haqda fikirləşən, bu dünyadakı işlərini də allahın ümidinə buraxıb, ”əşi nə olar , olar” deyən bir cəmiyyət. Tam amorf bir kütlə. Kimsə kənardan gəlsə, bu kütlədən nə istəsə düzəldə bilər . Toplumun daxilində isə heç nə baş vermir, içəridən heç nə gəlmir. Bəlkə elə ona görə də hər şeyə göz yummağa alışmışıq, heç olmasa öz həyatımızın yaxşılaşması üçünsə mübarizə aparmağa belə tənbəlik.
Sovet hökümətinin ilk illərindən başlayan təmizləmə kampaniyaları Azərbaycanın bütün ağıllı adamlarını əhatə etdi. Onların arasında siyasətçilər, şairlər, yazıçılar, musiqiçilər, ziyalı adamlar, düşünən beyinlər vardı . Amma nəyə görəsə repressiya olunanların arasında bir dənə də aşıq adına rast gəlməmişəm. Dostum Məzahir Sadıqlı demiş , ”yazılana pozu yoxdur” ifadəsinin böyük hikməti var. Şifahi aşıq ədəbiyyatının kağıza yazılmamış, hər dəfə dəyişilə bilən, dövrə, zamana, konyukturaya uyğunlaşa bilən , pulla , sifarişlə oxunan sözləri bir balaca görkəmini dəyişib Oktyabr bayramını, Lenin babanı, kolxozu, sosializmi tərənnüm elədi və sağ qaldı. Vaqif Səmədoğlunun dediyi kimi: “Sağ qaldı, yad olmaqçün”. Bir dəfə əyiləndən sonra, ikinci dəfə əyilmək o qədər də çətin olmur. Dövrə, zamana , hakimiyyətə əyilmək aşıq ədəbiyyatı üçün o qədər də çətin olmadı. Ikinci , üçüncü dəfə və hər təkrar olunan növbəti dəfə daha asandı.
İlkin kapital.
Onun birinci doyüşü Dəli Həsənlə olur. Dəli Həsəni basır, boğazını üzmək istəyəndə Dəli Həsən ah çəkir. Niyə? Uzun illər çapib taladığını, onu döyüşdə basanla bölüşmək istəyirmiş, sən demə. Koroğlu bunu eşidən kimi, dərhal onu öldürmək fikrindən vaz keçir və sərvəti bölməyə razı olur, yəni birbaşa pula satılır. Sonra dastanın heç bir yerində var-dövlətin Dəli Həsənlə bir yerdə idarə etdikləri barədə bir kəlməyə də rast gəlinmir, ümumiyyətlə talanan karvanların, sərvətin kiməsə , məsələn kasıblara və ya məzlumlara verildiyi, paylandığı barədə bir işarə də yoxdu. Koroğlunun yeganə “hörmət” elədiyi adam biçinçidi. Xəzinənin qapısını dağıdandan sonra, özü ilə bərabər soyğunçuluq etməyinə icazə verir ki, bir torba da o aparsın.
Xəzinənin qapısına vurulan əmud zərbəsi, mənim üçün kifayət qədər simvolik xarakter daşıyır. Indi yazacağım fikirlər heç də oğurluğa , quldurluğa çağırış deyil, sadəcə milli inkişafın səviyyəsini anlatmaq üçün bir vasitədir.
Yaxın bir adamın evini yarmışdılar. Hadisə yerinə baxış keçirilən vaxt , evi talanan polisə deyib ki, mənim fikrimcə, evi yaranlar yerli adamlar deyillər. Polisin “nə üçün belə fikirləşirsən?” sualına cavab olaraq o, səliqə ilə kəsilmiş qapını göstərib və əlavə edib ki, yerli adamlar olsa idi, qapı vəhşicəsinə sındırmalıydı. Əgər, ən azı laqundanın köməyilə kəsiblərsə, deməli yerli deyillər. Bir neçə aydan sonra, tutulan oğruların Gürcüstan vətəndaşları olduğu aydınlaşdı.
Sözüm ondadı ki, hətta soyğunçuluq və oğurluğu da yüzilliklər boyu inkişaf etməyən ölkədə, yerdə qalan sahələrin nə gündə olduğu heç bir sual doğurmamalıdı... Amerika filmlərindəki qarətçilərin və oğruların texniki təminatı (hətta bədii imkanları çıxmaq şərti ilə), məni həmişə milli natamamlıq kompleksinə salır. Əlinə əmud (tapança) alıb, Qıratın (Mersedesin) belinə minib, bir-iki dəlini (cinayətkarı) başına yığıb, xəzinə ( bank) yarmaq qarətçiliyin ən bəsit forması deyilmi? Eynilə, bir neçə yüz il qabaq, Koroğlu kimi xəzinənin qapısını dağıdıb içindəkiləri daşımaq, elə də böyük ağıl , fərasət və qabiliyyət tələb etmir. Mənim fikrimcə, banklar, hələ uzun müddət yerlilər tərəfindən texniki vasitələrin köməyi ilə, ağıllı və düşünülmüş plan əsasında qarət olunmayacaqlar .
İgid.
Koroğlunun gücü, atdan (göydəndüşmə), qılıncdan (göydəndüşmə) və nərəsindən (bulaqdan qaynayan sudan ) ibarətdir. Döyüş vaxtı qoşunun qırılmasına sərf edilən güclərin ardıcıllığı da maraqlıdı. Bir yandan ( birinci) Qırat, bir yandan Misri qılınc ( ikinci ) və bir yandan da Koroglu ( sonuncu )... Özünün gücünün sınandığı nadir epizodlardan biri isə , təkbətək , Məhbubə xanımdan olan oğlu ilə doyüşdədi. Nə yerdən, nə də göydən heç bir güc almayan oğlu ilə bacarmayan Koroğlu, ancaq hiyləgərliyin və aldatmağın hesabına ona qalib gəlir .
Seks turizm.
Uzağa səfər edəndə, mütləq sevdiyi qadına xəyanət etmək, hətta bunu adi bir şey kimi qəbul etmək, heç bir xalq qəhrəmanına baş ucalığı gətirmir , heç bir başqa xalqın epos yaradıcılığında da rast gəlinmir. Vəsf olunmuş Koroğlu ayaqsürüşkənliyi, müasir Azərbaycan kişiləri üçün bir tutalğaca çevrilir və evdən kənardakı seksual cəhətdən tam sərbəstlik və günahsızlıq hissinə haqq qazandırır. “Arvadı özündən qoçaq Nəbi” kompleksi isə 15 yaşdan 45 yaşa kimi böyük bir qadın kütləsini ərtaf Şərq ölkələrinin ucuz bədən bazarlarına salıb. Bu da qaçaqçılığın bir formasıdı. Dağın başı, ya digər ölkə arasında böyük prinsipial fərq yoxdu. Əsas aradan çıxmaqdı, Koroğlunun adına çıxılan atalar misalındakı kimi; “İgidlik ondu, doqquzu qaçmaqdı, biri heç gözə görünməmək”.
Niyə o qədər dastanın içindən ancaq bunu seçib bizə qəhrəmanlıq nümunəsi kimi sırıdıqları da bir neçə amillə bağlıdır. Mən hələ Babəkin islama və xilafətə qarşı mübarizəsinin , Kərəmin erməni Əsliyə məhəbbətinin bu qədər qabardılmasını demirəm.
Babək və Yanıq Kərəm ayrı söhbətin mövzusudur. Amma haşiyə çıxım.
İndi Milli oyanış deyilən vaxtlarda biz , Qazax Dövlət Dram Teatrında Bəxtiyar Vahabzadənin “ Dar ağacı” pyesini tamaşaya qoymuşduq. Mən xilafətin nümayəndəsini oynayırdım. Səhnələrin birində, atəşpərəstləri - B.Vahabzadənin , sovet vaxtı guya kənardan gətirilmiş dinlərə və dillərə qarşı qoyduğu milli inanc sisteminin nümayəndələrini - islam dininə çağırmalı idim. Tamaşanın ictimai baxışında B.Vahabzadə də iştirak edirdi. Atəşpərəstlərin islama çağırış səhnəsində belə bir dialoq vardı. Ibn Süheyl atəşpərəstlərə müraciətlə “islama gəlin, islam dinini qəbul edin” deyir. Atəşpərəstlərin başçısı ondan soruşur ki, həmin din hansı dildə yazılıb. Xilafətin nümayəndəsi cavab verir ki, ərəb dilində. Atəşpərəstin və B.Vahabzadənin pyesdəki atmacası belə səslənirdi: “Məgər allah bizim dilimizi bilmir?! “ Sovet dövründə yazdığı atmacanı qarışıqlıq vaxtında eşidən yazıçı, filosof-şair bu sözləri çıxarmağı məsləhət gördü ki, indi milli oyanış vaxtıdı, camaat islama qayıdır, düz başa düşməzlər. Sovet vaxtı milli oyanış üçün yazımış sözlər, nəyə görəsə, həmin vaxtın gəlib çatan vaxtında müəllifin özünü qorxutmuşdu.
Niyə Koroğlu, sovet höküməti tərəfindən qəhrəman seçildi?
Bir neçə amili saymalıyam, ola bilsin başqaları da var...
Turklərə, paşalara qarşı mübarizə.
Pavlik Morozov sindromunun əlamətləri.
Yetimlik... sovet vaxtında da, atalı-analı olmaqdan daha sərfəli idi, hər halda hökümətə.
Yetimdən nə istəsən düzəltmək olardı, hətta özününkülərin düşmənini də...
Dostluq.
Giziroğlu Mustafa bəyin nə göydən duşən qılıncı, nə göydən duşən atı, nə də bulaq suyundan alınmış gücü vardı, amma Koroğlunu yıxıb çaya sala bilmişdi. Giziroğlu da bəy idi, amma nəyə görəsə Koroğlu onunla dostluğa üstünlük verdi.
Sevgi.
Sadəcə Nigarın adını eşidib, ona vurulmaq kimi axmaq bir sevginin arxasında, yəqin ki, bəylə, xanla, paşayla qohum olmaq arzusu dururmuş. Dastanda, bu arzuda olan digər bir fırıldaqçının –Keçəl Həmzənin bu yolda kifayət qədər uğur qazandığının şahidi oluruq. Ən maraqlı cəhət odur ki, Koroğlunun Keçəl Həmzəyə münasibəti , daha doğrusu müsbət münasibəti, dastanın Qıratın qaytarılması qolunda daha qabarıqdır. Koroğlu və Keçəl Həmzə bir-birlərini çox gözəl başa düşürlər. Həmzənin nəzərində Koroğlu, Koroğlunun nəzərində isə Həmzə bir amalın, bir istəyin daşıyıcısıdırlar . Həmzənin böyük sevinclə Dona xanıma, atasına toy tutulacağı xəbərini verməsi, Koroğlunun atının qantarğasını tutub, üzəngisini basıb ona kömək etməsi və ən əsası, Koroğlunun bu köməyi sakit qarşılaması bir çox mətləblərdən xəbər verir. Deməli Nigar da bundan ötrü heç kim imiş, sadəcə, bəylə, xanla, paşayla qohum olmaq (Həmzə kimi) istəyinin həyata keçirilmə vasitəsiymiş, o da alınmayib. Nigarın oğlu olsa idi, bəlkə də Koroğlu arzusuna çatardı. Uşağı olmayan Nigar qalib ortalıqda , dağın başında . Qohumluq alınmayandan sonra , lazımsız bir şey kimi atılıb dəlilərin arasına. Allah bilsin, neyləyirmiş o qədər vəhşinin arasında?!
Hədsiz qarınqululuğunu sən yazdın.
Lovğalıq.
Özündənrazılıq və öz ağlına heyranlığı isə , Keçəl Həmzənin Qıratı qaçırması qolunda bilinir. Ətrafindakı adamlarin hamısı deyir ki, bu salamat adama oxşamır, Koroğlu inanmır, necə yəni, bunun gətirdiyi və etibar etdiyi adam haqqında, kimin ağzı nədir, pis söz desin. Axmaqlığı isə Qıratı verib Düratla dəyirmanda qalması səhnəsindədi.
Adamı bir dəfə aldadarlar, iki dəfə yox! İllah da belə qəhrəmanı! Hələ dünyanın heç bir qəhrəmanlıq əfsanəsində, əsatirində lovğa, özündən razı qəhrəman surətinə rast gəlməmişəm . Olubsa da, ancaq hadisələrin əvvəlində olub. Sonrakı inkişaf, mütləq lovğalıq hissinin itməsinə , yerinin daha yüksək və ümumbəşəri hisslərə çevrilməsinə gətirib çıxarıb.
Koroğlu, dünyanın ən lovğa və özündənrazı qəhrəmanıdı. Koroğlu, lovğalıq, özündənrazılıq təcəssümüdü. Axıra qədər də onun obrazında müsbətə doğru heç bir dəyişiklik olmur.
Dəmirçioğlu ilə səhnəni yada sal.
Dəmirçioglunun atası bir neçə nal təklif edir, Koroğlu isə əyib qaytarır ki, pisdilər, əyridilər. Kasıb, zəhmətkeş bir adamla məzələnir. Onu buna sövq edən səbəbin məsələyə heç bir dəxli yoxdu. İnsanı yoxlamaq üçün başqa üsullar var. Koroğlu gücünə güvənir. Bu, ən adi qudurğanlıqdı.
Kriminal.
Ləqəb ( rus dilində daha yaxşı səslənməsi var - кличка) daşıyan silahdaşları da kriminal xarakterli, destruktiv ünsürlər olub. Adlarını sadalamaq kifayətdi. Halaypozan, Tüpdağıdan, Mərəkəpozan və s. Bu dastanda hər hansı kütləvi xalq hərəkatından söhbət belə gedə bilməz. Dağın başında oturub, agent – aşıq Cünunun köməkliyi ilə məlumat alıb , karvan soyub, yenidən dağa qalxıb, taladıqlarını yeməkdən başqa heç bir məşğuliyyəti olmayan adam, hətta duzə enən, əsir düşən quldurlarını xilas etmək uçün də enmirmiş.
Eyvaz tutulanda, onu xilas etməyə heç özü getmir, halbuki Nigarin Eyvazı nə qədər (niyə bu qədər çox?) istədiyini bilir . Qısqanclıq?
Ağsaqqal.
Koroğlu , 7777 (!) dəlisini qocalıb buraxandan sonra, bütün Azərbaycanın ərazisi “Koroğlu” qalaları ilə doldu. Hər bölgədə, ən azı bu adı daşıyan bir qala var. 7777 dəlinin hərəsi bir dağın başına çıxıb, koroğluluq eləməyə , ətrafına özü kimi dəliləri yığıb, karvan soyub, quldurluq eləməyə başlayıb. Ən maraqlı cəhət odur ki, qaçaqlıq , “ etiraz forması” kimi , heç bir başqa, düşünülmüş, ictimailəşmiş, sosialllaşmış , təşkilatlaşmış digər etiraz formasına keçmədi. Inqilablar başqa ölkələrdən, xalqlardan gəldi , ruslardan və ya digər millətlərdən. Bu xalqın təşkilatlanmaq qabiliyyəti ancaq ələ silah götürüb dağlara çəkilməklə bitdi. Davamını Qaçaq Nəbidə , Qaçaq Kərəmdə tapdı. Sovet höküməti isə aşıq cünunların köməyilə onların da axırına çıxdı.
Inqilabçı.
Hər bir etirazın (xüsusilə də, bədii forma tapmış etirazın) məntiqi yekunu olmalıdı. Koroğlu bəylərə, xanlara, paşalara qarşı mübarizə aparıbsa, dastanın sonunda nəsə dəyişməliydi . Ən azı bədii ədəbiyyatın qanunlarına görə... Koroğlunun “mübarizəsi” ictimai-sosial münasibətlərdə heç bir dəyişikliyə gətirib çıxartmadı. Lazımsız, məqsədsiz və məntiqi sonluqsuz mübarizənin, onun haqqındakı bədii əsərin nə mənası var?! Belə qəhrəmanlıq, əksinə, hər hansı bir etirazın heç bir mənası olmadığını təqdir edir. Belə çıxır ki, bütün həyatı boyu “mübarizə” aparandan sonra, uzaqbaşı, təzə çıxan silahı yoxlamaq üçün, fikirləşmədən bir öküz almaq iqtidarında olacaqsan, vəssalam.
Hər hansı bir etiraz forması tapıb, onu inkişaf etdirməyə çalışan müasir siyasətçilərin son məqsədi, elə Koroğlu kimi, qocalıqda təqaüd problemlərini həll etməyə çalışmasıdı, daha onu doğrudan da hansısa bir problemi həll eləməyə vasitə kimi istifadəsi yox. Əgər bu cəmiyyətin dağ başına qaldırdığı, adına küçə qoyduğu, haqqında film çəkdiyi, metro stansiyası adlandırdığı Koroğlu da öz problemlərini həll edirdisə , indikilərə nə gəlib, onlar niyə başqa cür hərəkət etməlidilər?! Ola bilsin, onlardan dastan yazmasınlar (bəlkə də bu daha yaxşıdır), amma, onlar bütün balaca koroğlulara xas olan problemləri həll etməlidilər ki, qocalanda öküz almağa imkanları olsun.
Oliqarx.
Məzlum və ya kasıblara həyan kimi təqdim olunan Koroğlunun dəliləri qocalıqda buraxması, başından dağıtması isə, onun nəinki məzlumlar haqqında , heç ətrafındakı adamlar barəsində fikirləşməməsinin əyani sübutudur. Ancaq özünü və əlacsızlıqdan onun yanında qalan Nigarı təmin edəcəkdən də artıq mal-dövlət saxlaması, Koroğlunun qocalığı qolunda aydın görünür. Koroğlu ilk dəfə tüfəng görür. Tüfəngi sınaqdan keçirmək fikrinə düşür. Öküzün pulunu verib onu güllələləyir. 200-300 il bundan qabaq, bir öküzün kənd adamı üçün necə qiymətli olduğunu yəqin ki, təxmini təyin etmək olar, ən azı müasir bahalı avtomobilin pulu...
Yol polisi.
Dədə Qorqud dastanından Dəli Domrulu yadına sal. Dəli Domrul çayın üstündə bir körpü tikdi. Verəndən bir axça (qızıl) aldı , buraxdı, verməyəndən döyüb iki axça aldı. Dəli Domrulun hərəkətləri sənə heç kimi xatırlatmır? Yolda duran polislər eyni cür hərəkət etmirlərmi? Yol qaydasını pozan sürücülər, özləri polisə yaxınlaşıb, birbaşa rüşvət təklif edəndə, cərimənin yarısı ilə canlarını qurtarırlarsa, günahsızlığını sübut eləməyə çalışan sürücülər isə, həm tam cəriməylə (iki axça), həm də bir neçə balla (döyülməklə) cəzalandırılırlar. Nəqliyyat vasitələrinin inkişafına baxmayaraq (əvvəl at-eşşək idi , indi avtomobildi ) , insani (qeyri-insani) münasibətlərdə bir neçə yüz ildə heç bir dəyişiklik olmayıb . Dəli Domrul libasını dəyişib, mənəviyyatını yox . Dədə Qorqudda ittiham olunan Dəli Domrul, bir neçə yüzillikdən sonra Koroğlunun simasında təqdir olunmağa başlanıb. Bolşeviklərin şüarını yada sal. “Грабь награбленное!” Bu nöqteyi-nəzərdən, azərbaycanlıların sosial həyat münasibətlərinin bir neçə əsrdə yaxşılığa doğru heç bir transformasiyaya uğramaması, daha doğrusu pis tərəfə dəyişməsi sənin diqqətini çəkməlidi.
Konformist.
Koroğlunun həyatı (quldurluq ) və yaradıcılığı (şerləri) bir-biri ilə tam ziddiyyət təşkil edir. Mərdi-mərdanə döyüşü tərənnüm edən Koroğlu, öz məqsədinə çatmaq üçün hiyləgərlikdən geninə boluna istifadə edirsə, əməldə bir, sözdə başqa olan müasir adamların daxili hərəkətverici qüvvəsini elə bu cür dastanlarda axtarmaq lazımdır.
Kapitalist.
Tanıdığım kifayət qədər imkanlı bir şəxsin ilkin kapitalının formalaşması Qarabağ uğrunda gedən döyüşlərlə bağlı idi. Ermənilərdən alınan bir kənddən əlinə keçən üç “Kamaz” maşını ilə özünə var-dövlət qazanmışdı. Ən maraqlısı da bu idi ki, o, öz hərəkətindən nəinki utanmır, hətta fəxr edirdi.
Koroğlunun indiki prototiplərini hər gün görmək mümkündür. Əlində imkanı, varı-dövləti olanların imici, Koroğlunun imicindən ancaq və ancaq müasir həyatın atributlarından ibarətdir. Ən acınacaqlısı da odur ki, bütün bu atributları biz yox, başqa millətlər düzəldiblər . Silahdan tutmuş nəqliyyat vasitələrinə qədər hər şeyi xaricdə düzələn xalq, fəxr edə bilməz ki, inkişaf edib, müasirləşib .
Yekunlaşdırsaq...
Koroğlu kələkötür (kəlpeysər), eybəcər, hövsələsiz, lovğa, özündənrazı, axmaq, naxələf, qudurğan, ləlöyün(acgöz), var-dovlət hərisi, onun bunun hesabına iş görən, bivec, tənbəl, hiyləgər (fırıldaqçı), dondan-dona duşən , ideyasız, heç kimin dərdini çəkməyən, kefkom (yeyib-içən, əyyaş), çalıb – oxuyan ( şou-biznes ), təkəbbürlü, həyata necə gəldiyi, kökü bəlli olmayan (yetim) bir qara yara imiş , qəhrəman yox. Yığdığı quldur dəstəsi də bütün sadalananların həyata keçməsi üçün bir vasitə imiş.
Dastanın əvvəlindəki bəylər, xanlar, paşalar dastanın sonunda da bəy, xan, paşa idilərsə, Koroğlu isə təqaüdə çıxmış varlı quldur olaraq qaldısa, dastan və onun qəhrəmanı heç nəyə nail olmadı, varlılarla, zalımlarla hər hansı mübarizənin mənasızlığının təbliğindən başqa! Yəqin bu millət, bu xalq torpağının, sərvətinin, varının-yoxunun talanmasına elə, belə qəhrəmanlara görə dinməz-söyləməz tamaşa edir. Əlinə imkan düşən isə, Koroğlunun yoluyla getməyə çalışır. Qəhrəmandı axı! Heykəli də var.
Ziya Fazil