Bu sonuncu romanımı axmaq ədəbiyyatın əziz xatirəsinə ithaf edirəm
1
Kabinetimdə oturmuşdum. İcarə pulunu ödəmək vaxtı çatmışdı. Buna görə də Makkelvi məni köçürməyə çalışırdı. İçəridə nəfəskəsən isti vardı. Kondisioner işləmirdi. Hardansa gəlib stolun üzərinə qonmuş milçək iməkləyə-iməkləyə gəzirdi. Əlimi yelləyib milçəyi ovcumla əzdim. Xatirə qoyub getdiyi cəsəd izlərini balağıma sürtüb təmizlədim. Elə bu anda telefon zırıldadı. Dəstəyi qaldırdım.
- Eşidirəm.
- Lui-Ferdinand Selinin əsərlərini oxumusunuz? – qadın soruşdu. Çılğın səsi vardı. Neçə illər idi ki, qadınlarla münasibətdə deyildim.
- Hmm-m, - dedim, - Selin...
- Mən Selini axtarıram, - qadın dedi. – O, mənə lazımdır.
Səsinin çılğınlığı ona olan marağımı artırdı.
- Selin? – mən soruşdum. – Onun haqqında nəsə bir məlumat verin. Xanım, susmayın, danışın görüm...
- Şalvarınızın miyançasını bağlayın.
Şalvarıma baxdım.
- Hardan bildiniz qabağı açıqdır? – soruşdum.
- İzahata ehtiyac duymuram. Mənə Selin lazımdır.
- O, ölüb axı...
- Xeyr, ölməyib. Onu tapın. Mənə lazımdır.
- Əgər yalnız meyidinə məxsus sümükləri tapsam, onda necə?
- Ay səfeh, gicləmə, Selin yaşayır.
- Harda yaşayır?
- Hollivudda. Qulağıma çatan məlumatlara görə, Red Koldovskiyə məxsus kitab mağazasının həndəvərində dolaşır.
- Elə isə, özünüz niyə tapmırsınız?
- Həmən adamın Selin olmağına əmin deyiləm. Heç olmasa, bunu bilmək lazımdır.
- Şəhərdə yüzlərlə dedektiv ola-ola, mənə niyə müraciət edirsiniz ki?
- Con Barton məsləhət gördü.
- Hə, Barton, deyirəm axı. Qulaq asın. Pulu qabaqcadan ödəməlisiniz. Sizinlə şəxsən görüşməliyəm.
- Bir neçə dəqiqədən sonra sizdə olacam, - o, dedi.
Dəstəyi asdı. Şalvarımın zəncirbəndini çəkib, onu gözlədim.
2
Qadın kabinetə daxil oldu.
Sözümün canı odur ki, indi təsvir edəcəyim hal, sadəcə, mənə qarşı bir cığallıqdır. Əynindəki paltar bədəninə elə tarım oturmuşdu ki, az qalsın tikişləri sökülə. Şokolada sıx şəkildə bükülmüş zərli qabığı xatırladırdı. Uzundaban ayaqqabıları, qarmaqlı ağacları ayaqlarına keçirib gəzən oyunbazları andırırdı. O, sərxoş vəziyyətdə olan şikəst adam kimi dığırlana-dığırlana otaqda gəzişdi. Başgicəlləndirici gözəlliyi vardı.
- Əyləşin, xanım, - mən dedim.
Oturdu. Bir ayağını qaldırıb o biri ayağının üstünə aşırdarkən, gül kimi gözlərimi işıqdan məhrum edəcəkdi. Yaxşı qurtardım.
- Sizi görməyimə çox şadam, ay xanım – dedim.
- Xahiş edirəm, gözlərinizi belə dombaldıb baxmayın mənə. Onsuz yeni nəsə görməyəcəksiniz.
- Bax, bunda haqlısınız. Adınızı bilmək olar?
- Ölüm Ledisi.
- Ölüm Ledisi? Sirkdə işləyirsiniz, yoxsa kinoda?
- Heç birində.
- Harada doğulmusunuz?
- Elə də əhəmiyyətli deyil.
- Təvəllüdünüzü bilmək olar?
- Dərinə getməyin...
- Sadəcə sizin haqda nəsə məlumat almaq istəyirəm...
Fikrim onun ayaqlarında idi. Ayaqlar mənim üçün bədənin ən vacib üzvüdür. Doğularkən ilk gördüyüm ayaqlar oldu. Ayaqların arasından ciddi-cəhdlə sivişib çıxmağa çalışırdım. O vaxtdan bu vaxta kimi, başıma gələn hadisələr məni geriyə qayıtmağa, o ayaqların arasına qayıtmağa sürükləyir. Buna nail ola bilməməyimə üzülürəm.
Qadın əlini sağa-sola yelləyib dedi:
- Ey, ayılın!
- Nə? – gözlərimi onun ayaqlarından çəkib, başımı qaldırdım.
- Söhbət Selindən gedirdi. Xatırlayırsınız?
- Əlbəttə.
Kağızın arasından qısqacı çıxardıb, ucunu ona göstərərək dedim:
- Göstərdiyim xidmətin haqqı olaraq çeklə ödəniş etsəydiniz yaxşı olardı.
- Əlbəttə. – O, gülümsədi: - Nə qədər götürürsünüz?
- Saatına altı dollar.
Qadın çek kitabçasını çıxartdı. Nəsə cızma-qara etdi. Çekin birini qopardıb mənə tərəf tulladı. Çek stolun üstündə düşdü. Götürdüm. 246 dollar yazmışdı. Bu qədər pulu 1988-ci ildə Hollivud Parkındakı qumarxanada xeyli pul udandan üzü bəri görməmişdim.
- Təşəkkür, ledi...
- Ölüm Ledisi... – o, düzəliş etdi.
- Hə, Ölüm Ledisi... – mən dedim. – İndiysə bu Selin haqqında mümkün qədər ətraflı məlumat verərdiniz. Bayaq deyəsən hansısa kitab mağazasından danışdınız.
- O, Red Koldovskinin mağazasında veyllənirdi. Satışda olan kitabları vərəqləyirdi... Uilyam Folkner, Karson Makkalers, Çarlz Menson haqqında mağaza satıcısına suallar ünvanlayırdı...
- Kitab mağazasında veyllənir? Hmm...
- Hə, - o, dedi, - Siz Red Koldovskini tanıyırsınız. Camaatı mağazadan qovmağı sevir. Əgər kimsə onun mağazasında min dollar xərc çəkərək çoxlu-çoxlu kitablar alıb əlavə olaraq da bir neçə dəqiqə qalsa, Red deyəcək: “Bəlkə cəhənnəm olub gedəsən?!”. Red yaxşı adamdır, amma dəli kimidir. Qısası, Selin hər dəfə kitab mağazasına gələndə, Red onu iti qovan kimi qovur. O da “Musso” barına gedib, masa arxasında kədərli görkəmdə oturur. Üstündən iki-üç gün keçir. Yenə kitab mağazasına gəlir. Yenə hər şey təkrarlanır.
- İndi 1993-cü ildi. Selin və Heminquey isə, hər ikisi 32 il əvvəl ölüblər. Selin 1 iyulda, Heminquey isə ondan bir gün sonra, 2 iyulda ölüb.
- Heminqueyi tanıyıram. Bizdə qalır.
- O adamın Heminquey olmasına əminsiniz?
- Əlbəttə.
- Bəs onda Red Koldovskinin kitab mağazasına gələn adamın Selin olması haqda niyə eyni əminliklə danışmırsınız?
- Bilmirəm. Onunla bağlı nəsə şübhəciləm. Heç zaman belə olmamışdı. Bəlkə bu biznesdə çoxdan olmağımdan irəli gəlir. İndi də sizdəyəm. Barton sizin yaxşı dedektiv olmağınız haqda çox danışır.
- Siz də elə düşünürsünüz ki, əsl Selin sağdır? Sizə Selin lazımdır?
- Çox lazımdır, əzizim, çox.
- Adım Bileyndir. Nik Bileyn.
- Lap yaxşı, Bileyn. Mən hər şeyi təfərrüatına kimi bilməliyəm. Həqiqətən bu Selin nəçidir, kimdir, yoxsa hansısa başdanxarabın birisi nəyimə gərək? O qədər Selin var ki...
- Mən mütləq tapacam.
- Onda elə bu gündən işə başlayın. Mənə Fransanın ən gözəl yazıçısı lazımdır. Bilsəz nə qədər gözləmişəm onu...
Qadın ayağa qalxıb cəhənnəm oldu. Həyatımda heç zaman belə göt görməmişdim. Söznən ifadə etmək mümkünsüzdür. Məni narahat etməyin. Qoy onu bir az da xatırlayım.
3
Növbəti gün Palm-Sprinqsdə Ticarət Palatası qarşısında edəcəyim çıxışı təxirə saldım.
Yağış yağırdı. Tavanın arasından yağış damcıları damırdı. DAM, DAM, DAMBADURUM, DUM, DUM, DUMBADURUM, DAM, DAM, DAMBADURUM, DUM, DUM, DUMBADURUM, DAM, DAM, DAM...
Yaponların sevimli içkisi olan Sakedən vura-vura qızmağa çalışırdım. Amma içki heç təsir etmirdi. Bədənim qızmırdı. 55 yaşım var, amma yağışın qarşısını alacaq bir “qorşok”um da yoxdu. Atam məni həmişə xəbərdar edərdi: “Oğlum, bilirsənmi sənin axırın necə olacaq? Arkanzasda özgə bir evin artırmasında kəfləmə vurmaqla qurtaracaqsan”. Düzdü, indi Arkanzasda deyiləm. Amma ora getməyə hələ vaxtım var. Arkanzasa hər gün avtobuslar gedir. Sadəcə o avtobuslara minəndə qəbizliyim tutur. Hər dəfə də hansısa iylənmiş bir saqqallı qoca xoruldayıb beynimi xarab eləməsə olmaz. Yaxşısı budur Selinin işi üzrə araşdırma aparım.
Söhbət Lui-Ferdinand Selindən gedir, yoxsa başqa bir Selindən? Hərdən mənə belə gəlir ki, heç özümün kim olduğumu da bilmirəm. Yaxşı, mən Nik Bileynəm. Bu dəqiqdir.
Kimsə çığıracaq: “Ey, Harri! Harri Martel!” Mənsə hay verəcəm: “Eşidirəm, nolub?” Yəni istənilən adamın yerində ola bilərəm. Nə tafotu var? Mənim adım sizə nə deyir ki?
Həyat çox qəribədir, deyilmi? Həmişə beysbol komandasına məni son anda daxil edirdilər. Denver stadionunda, qotur beysbol topuylu onları əzişdirəcəyimi yaxşı bilirdilər. Paxıl heyvanlar!
Mən istedadlıydım. Elə indi də istedadlıyam. Hərdən barmaqlarıma baxıb, peşəkar pionist və ya başqa bir sənətin sahibi ola biləcəyimi düşünürdüm.
Bəs əllərim nəylə məşğuluydu? Nəylə məşğul olacaq ki?! Daşşaq qaşımaqla, qəbz yazmaqla, məxfi adları açmaqla, unitazın suyunu buraxmaqla və. s. bu kimi şeylərlə. Hədər yerə sərf etdim əllərimi. Beynimi də həmçinin. Tavandan başıma daman yağış damcılarının altında oturmuşdum.
Telefon zəng çaldı. Yağış damcılarıyla naxışlanmış telefon dəstəyini Vergilər İdarəsinin vaxtı keçmiş quru bildiriş vərəqəsiylə silib, dəstəyi qaldırdım.
- Nik Bileyn eşidir, - mən dedim. Güya Harri Martel desəydim nolacaqdı ki?!
- Sizinlə danışan Con Bartondur, - dəstəyin o başındakı adam özünü təqdim etdi.
- Hə, siz məni bir qadına tərif etmişdiniz. Təşəkkür edirəm.
- Mən sizi müşahidə edirdim. Sizin istedadınız var. Özünüzü çərçivəyə salmırsınız. Bunun da öz gözəlliyi var.
- Bu sözlərinizi eşitmək xoşdur. İşlər pis gedir.
- Sizi müşahidə edirdim. Hər şey yoluna düşəcək, sadəcə dözümlü olmaq lazımdır.
- Düz deyirsiniz. Sizə nə köməyim dəyə bilər, cənab Barton?
- Mən Qırmızı Sərçəni axtarıram.
- Qırmızı Sərçə? Bu nə quşdur belə?
- Mən belə quşun mövcudluğuna şübhə etmirəm. Sadəcə o quşu tapmaq lazımdır. İstərdim ki, siz tapasınız.
- Müəyyən ipucları varmı?
- Yox, yoxdur. Amma Qırmızı Sərçənin haradasa oralarda olmasına əminəm.
- Bu Sərçənin adı var, ya yox?
- Hansı mənada deyirsiniz?
- Necə adlandığını bilmək istəyirəm. Məsələn, Henri. Ya da Abner. Və ya Selin?
- Yox, mənim dediyim sadəcə, Qırmızı Sərçədir. Bu quşu tapacağınıza şübhə etmirəm. Sizə inanıram.
- Cənab Barton, bu sizə baha başa oturacaq.
- Əgər Qırmızı Sərçəni tapsanız, həyatımın sonuna kimi, hər ay sizə 100 dollar ödəyəcəm.
- Hmm... Qulaq asın, bəlkə pulun hamısını qabaqcadan verəsiniz?
- Yox, Nik, hamısını versəm, at yarışlarında xərcləyəcəksiniz.
- Oldu, cənab Barton. Telefon nömrənizi verin, bu işlə məşğul olacam.
Barton nömrəsini verib dedi:
- Sizə çox ümidliyəm, Bileyn. – və dəstəyi asdı.
İşim yavaş-yavaş düzəlirdi. Amma tavan yağış damcılarını daha gur axıdırdı. Bədənimə qonmuş yağış damcılarını üstümdən çırpdım. Sakeni açdım. Damağıma bir siqaret qoyub yandırdım. Tüstünü içimə çəkərkən öskürdüm. Qəhvəyi yumru şlyapamı başıma qoydum. Telefonun avtomat cavabçısını işə saldım. Ehmalca qapıya yaxınlaşıb, qapını açdım... Makkelvi qapının ağzını kəsdirmişdi. Geniş sinəsi vardı. Əynində pambıq kostyum.
- Evin icarə müddəti bitib, ay əclaf! – o, bağırdı. – Cəhənnəm ol!
Elə bu an onun qarnına diqqət kəsildim. Qarnı yumşaq pox-püsür yığınını xatırladırdı. Endirdiyim zərbə qarnının bataqlığında boğuldu. Şax qaməti o dəyqə əyildi. Yıxılıb, kənara yuvarlandı. İyrənc mənzərədir. Yaxınlaşıb portmanetini götürdüm. İçində övladlarının pornoqrafik pozalarda şəkilləri vardı. Belə yerdə, onu öldürməyəsən neyləyəsən?! Amma bunun əvəzinə, onun “Qızıl Viza” kartını götürdüm. Götünə bir təpik ilişdirib, liftlə düşdüm.
Red Koldovskinin kitab mağazasına piyada getmək qərarına gəldim. Çünki qadağan olunmuş yerdə maşın saxladığıma görə həmişə cərimə olunuram. Pullu dayanacaqlar cibimə görə deyil.
Kefimin olmayan bir vaxtında Redin yanına gedirdim. İnsan ölmək üçün doğulur. Bu cümlənin mahiyyəti bilirsinizmi nədir? Çərənləyə-çərənləyə ölümünü gözləyirsən. Hanısa “X” marşrutunu gözləyirsən. Las-Veqas mehmanxanasının bir nömrəsində yekədöş qadın gözləyirsən. Balığın danışmasını gözləyirsən. Xərçəngin fit çalmasını gözləyirsən. Laqqırtı vurursan.
Red yerindəydi.
- Bəxtin gətirdi, - o, dedi, - bura gəlib özünün yeni marka seriyalarıyla lovğalanan
sərxoş Çinaskiylə yaxşı edib yollarını ayırdın.
- Bu öz yerində, - mən dedim. – səndə Folknerin “Mən ölən zaman” romanının imzalanmış nüsxəsi var?
- Əlbəttə.
- Neçəyədir?
- 2800 dollara.
- Alıb-almayacağım barədə düşünəcəm.
- Üzrlü hesab edin, - Red mənə cavab verib, Tomas Vulfun “Evə qayıdış yoxdur” romanının birinci nəşrini vərəqləyən adama tərəf çevrildi.
- Zəhmət olmasa, kitabı yerinə qoyun və burdan cəhənnəm olun!
Qaməti əyilmiş, kövrək bədəni uçunmuş birisiydi. Əynində sarı rezin kostyum vardı.
O, kitabı şkafa qoydu. Yanımızdan keçib qapıya istiqamət aldı. Ağlamalı vəziyyətə düşmüşdü. Yağış kəsmişdi. Sarı rezin kostyumun onu yağışdan müdafiə etməsinə artıq gərək yoxuydu.
Red mənə baxdı.
- İndi gör mən nə çəkirəm. Təsəvvürünə gətir, bəziləri hətta bura dondurma yalamağa gəlir!
- Bundan daha pisini təsəvvürümə gətirə bilərəm!
Elə bu an mağazanın ortasında daha bir adamı gördüm. Deyəsən onu şəkillərindən tanıyırdım. Selin. Selin?!
Asta addımlarla ona yaxınlaşdım. Tomas Mannın “Sehrli dağ” romanını oxuyurdu. Məni gördü.
- Bunu yazan adamın problemi var, - o, kitabı qaldıraraq dedi.
- Nə problemi var? – mən soruşdum.
- Bu adam kədərlənməyi incəsənət hesab edir.
O, kitabı rəfə qoydu. Qarşımda dayanmışdı. Selinə oxşayırdı. Ona diqqətlə baxdım.
- Bu, inanılmazdır, - mən dedim.
- Nə inanılmazdır?
- Elə bilirdim, ölmüsünüz, - dedim.
Mənə baxıb cavab verdi.
- Mən də sizin kimi. Elə bilirdim siz də ölmüsünüz.
Qabaq-qənşər dayanıb bir-birimizin üzünə baxdıq.
Birdən Redin bağırtısını eşitdim.
- EY, SƏN! – o, çığırdı. – CƏHƏNNƏM OL BURDAN! Görəsən Red kimi nəzərdə tuturdu?! Məni, yoxsa mənnən söhbət edəni?
- Hansımız cəhənnəm olaq? – mən soruşdum.
- SELİNƏ OXŞAYAN ADAMI DEYİRƏM! CƏHƏNNƏM OL BURDAN!
- Niyə belə deyirsən, Red? – mən soruşdum.
- ONLARIN KİTAB ALMAYACAĞI O DƏYQƏ HİSS OLUNUR!
Özünü Selin kimi qələmə verən şəxs qapıdan çıxdı. Mən də onun ardıyca çıxdım.
O, bulvara tərəf gedib, qəzet köşkünün qarşısında dayandı.
Bildiyim qədəriylə, bu qəzet köşkü çoxdandır burda var. Elə bu qəzet köşkünün həndəvərində iyirmi-otuz il əvvəl üç fahişəyə necə girişdiyimi xatırladım. O fahişlərin hamısını evə apardım və evdə saxladığım itə baxıb yalnızcasına kəfləmə atdım. Etdiyim bu hərəkət onlara gülməli göründü. Onlar sərxoş idilər. Maldan vurmuşdular. Sonra fahişələrdən biri vanna otağına getdi. Orda yerə sərildi. Başı unitazın qırağına dəyib yarıldı. Ətraf qana qərq oldu. Onun qanını yerdə qoymamaq üçün yaş dəsmalla silməyə başladım. Sonra onu yatağa uzatdım. Digər fahişə rəfiqələri çıxıb getdilər. Yatağımda uzanan fahişə isə, dörd gün, dörd gecə bizdə qaldı. Şərqi Kanzas-Sitidə yaşayan iki övladı haqda çərənləyə-çərənləyə bütün pivələrimi içib qurtardı.
Özünü Selin kimi qələmə verən şəxs isə köşkün yanında durub jurnal oxuyurdu. Ona yaxınlaşarkən, gördüm “Nyu-Yorker” jurnalını oxuyur. Selin (?!) jurnalı yerinə qoyub mənə baxdı.
- Bu yazıçıların ancaq bir problemi var.
- O problem nədir elə?
- Bunlar yazmağı bacarmırlar. Heç birisi bacarmır.
Yanımızdan boş taksi keçirdi.
- EY, TAKSİ!, - Selin qışqırdı.
Sürücü əyləcə basıb saxladı. Selin maşına tərəf qaçdı. Arxa qapını açıb içəri keçdi.
- EY! – mən qışqırdım. – SİZDƏN SORUŞMAQ İSTƏYİRDİM!....
Taksi Hollivud bulvarına götürüldü. Selin maşının pəncərəsindən boylanıb, mənə orta barmağını göstərdi. Maşın gözdən itdi.
Neçə illər ərzində, bu yerlərdə boş, sərnişinsiz taksini ilk dəfəydi görürdüm.
Yağış kəsmişdi. Ancaq yağmasıyla gətirmiş olduğu kədəri özüylə aparmamışdı. Hava sərin idi. Ancaq yağışdan islanıb soyuqlamış adamlardan hansısa osdurub havanı korlamışdı.
Üşüdüyümdən başımı çiyinlərim arasına gizlədib, “Musso” barına yollandım.
Üstümdə Makkelvidən yadigar qalmış “Qızıl Viza” kredit kartı vardı. Mən sağ idim. Hətta özümü Nik Bileyn kimi hiss etdim. Erik Koutsun melodiyasını zümzümə edə-edə gedirdim: “Nəyi necə qurmusan, bilmirsənmi sən?! Quran sənsən, qurduğuna bənzər cəhənnəm”.
4
Vebsterin lüğətinə baxdım. Lui-Ferdinand Selin, 1891-1961. İndi 1993-cü ildir. Demək, Selin həyatdadırsa, onda onun 102 yaşı olmalıdır. Elə buna görə də Ölüm Ledisinin onu axtarması təəccüblü deyil.
Amma kitab mağazasında özünü Selin kimi qələmə verən şəxsin 40-50 arası yaşı olardı. Demək o adam Selin deyil. Yox əgər Selindirsə, demək qocalığa qalib gəlməyin çəmini tapıb. Heç uzağa getməyək, götürək elə kinoulduzları: Onlar götlərinin dərisini çıxardıb, bənizlərinə calaq edirlər. Uzaqbaşı göt dərisi qırışır. Son illər isə onlar bənizlərinin əvəzinə, götlərindən hamilə qalırlar. Selin buna gedərdimi? 102 il yaşamağa kimin həvəsi var? Ancaq dəlinin. Yaxşı, tutaq ki, Selinin bu qədər yaşamağa həvəsi var. Bəs onu bu qədər yaşamağa vadar edən, onda bu həvəsi doğuran nəydi? Bütün bunlar sanki dəlilikdir. Ölüm Ledisi dəlidir. Mən dəliyəm. Avialayner pilotları dəlidir. Heç zaman pilota baxmayın. Təyyarəyə qalxın və içki sifariş verin.
Mən iki milçəyin stolun üzərində həzin-həzin sikişməsinə baxırdım. Qərara gəldim ki, Ölüm Ledisinə zəng edim.
Şalvarımın miyançasını bağlayıb, onun dəstəyi qaldırmasını gözlədim.
- Allo, - Ölüm Ledisinin səsini eşitdim.
- I-ı-ı-mm, - mən dedim.
- Nə? Hə, Bileyn, sizsiniz. İşlər necə gedir?
- Selin ölübdür. O, 1891-ci ildə doğulub.
- Bileyn, mən onun doğum tarixini yaxşı bilirəm. Qulaq asın, mən bilirəm ki, o, sağdır... hardasa... kitab mağazasına da gedə bilərdi. Siz araşdırma aparıb nəsə müəyyən edə bildinizmi? Selin mənə lazımdır. Çooox lazımdır.
- I-ı-ı-mm, - mən dedim.
- Miyançanızı bağlayın.
- Nə?
- Ay dəli, deyirəm şalvarının zəncirbəndini çək.
- Hə... Bir dəqiqə...
- Onun mövcud olub-olmaması barədə dəqiq məlumat lazımdır mənə. Mən sizə demişdim: onunla bağlı işim heç düz gətirmir. Psixoloji tormoz vəziyyətidir. Barton sizi məsləhət bildi. Sizin ən yaxşı dedektiv olduğunuzu dedi.
- Hə, yeri gəlmişkən, Barton özü də mənə bir iş tapşırıb. Qırmızı Sərçəni tapmağa çalışıram. Bu haqda sizin fikriniz nədir?
- Qulaq asın, Bileyn, əgər Selin barəsində işin üstünü aça bilsəniz, sizə Qırmızı Sərçənin yerini deyəcəm.
- Doğrudan, xanım? Mən sizin üçün hər şey edərəm!
- Məsələn nə edərdiniz?
- Məsələn, ən sevimli tarakanımı öldürərdim. Əgər anam burda olsaydı, onu qayışla döyərdim...
- Bəsdirin çərənlədiniz! Artıq beynimə elə fikirlər gəlir ki, Barton sizi məsləhət görməklə, elə bil, məni ələ salıb. Yaxşısı budur işinizlə məşğul olun. Ya Selin barəsində işin üstünü açacaqsınız, ya da mən sizin dalınızca gələcəm.
- Xanım, bir dəqiqə.
Telefonu qırağa qoydum. Eh. Mənim ardımca gəlmək onun üçün problem deyil. İşim başımdan aşırdı. Gözüm, bir neçə milçək gəzirdi, onları həyatdan məhrum etmək üçün.
Qapı açıldı. Makkelvi idi. Bir topa pox-püsürü andıran kəmağıl birisiylə qarşımda durmuşdu. Makkelvi mənə baxıb, zibil topasına işarə edərək dedi:
- Bu Tommidir.
Tommi bulanıq gözlərini mənə zillədi.
- Çox şadam, - o, dedi.
Makkelvi istehzalı və qorxunc bir təbəssümlə mənə gülümsədi.
- Demək, Bileyn, mənə qarşı etdiyin hərəkətin əvəzi olaraq, Tomminin bura gəlməsində bir məqsədi var. Səni qoğal kimi əzişdirərək, başıkəsik toyuq kimi qan içində ora-bura vurnuxmağın istiqamətində uğurlu əməliyyat tədbiri keçirtmək. Elədirmi, Tommi?
- Elədir ki, var, - Tommi təsdiqlədi.
Belə baxanda, çəkisinin 170 kq olduğunu iddia edərdim. Amma bədənindəki tükləri qırxası olsaq, 160 kq demək olar. Ona çox nəzakətlə gülümsədim.
- Qulaq as, Tommi, sən məni tanımırsan, düzdürmü?
- Aha.
- Bəs onda niyə məni döymək istəyirsən?
- Cənab Makkelvinin əmri belədir.
- Tommi, bəs bu cənab Makkelvi sidiyini içməyi əmr etsə, içəcəksən?
- Mənim adamımın fikrini yayındırma! – Makkelvi dedi.
- Tommi, bəs bu cənab Makkelvi sənə əmr etsə ki, ananın nəcisini ye, sən durub ananın nəcisini yeyəcəksən?
- Nə?
- Bileyn, sox içinə, burda mən göstəriş verirəm!
Makkelvi üzünü Tommiyə çevirib əmr etdi.
- Haydı, qoçum, döyüş zamanı gəldi. Bu adamı köhnə qəzet parçası kimi cırıq-cırıq elə, tikə-tikə doğra. Anladınmı, qoçum?
- Anladım, Cənab Makkelvi.
- Bəs onda nəyi gözləyirsən? Tomas Murun sözü olmasın, yayın son qızılgülünü gözləyirsən?
Stolun siyirməsindən lüger tapançasını çıxardıb, lüləsini pəzəvəngə tərəf yönəltdim.
- Dayan, Tomas, əgər dayanmasan, stenford komandasının bütün futbolkalarındakı qırmızı rənglərin birliyi, burda tökülən qanın yanında heçnə olacaq!
- Bura bax, - cənab Makkelvi dedi, - bu tapançanı hardan tapmısan?
- Tapançasız dedektiv, prezervativsiz pişik və ya əqrəbsiz saata bənzər.
- Bileyn, - Makkelvi dedi, - boş-boş çərənləmə.
- Bunu səndən əvvəl də mənə bir qadın demişdi. İndiysə, özünlə gətirdiyin bu pəzəvəngə denən at kimi kişnəməyini kəssin, yoxsa qoyun kimi mələdəcəm onu!
- Tommi, - Makkelvi dedi, - Geri qayıt, gəl mənim yanımda dur.
Tommi Makkelvinin əmrinə tabe oldu. İndi onunla necə rəftar edəcəyimi müəyyən etmək lazımıydı. Bu, sadə məsələ deyildi. Oksfordda təhsil alarkən, mənə təqaüd ödəmirdilər.
Biologiya dərsi başlayarkən, yatıb qalırdım. Riyaziyyatda elə bir fərq yoxuydu. Amma iş belə gətirib ki, hələ də sağam. Deyəsən, sağam. Onların qabağına “tuz” qoymağı bacardım. Hərəkət növbəsi məndəydi. Ya indi, ya da heç zaman. Sentyabr yaxınlaşırdı. Qarğalar qanadlarını bir-birinə çırpa-çırpa, səs-səsə verib, qarıldaya-qarıldaya məsləhətləşirdilər. Gecənin zülmət qaranlığı günəşin qanlı şəfəqlərini söndürürdü.
- Hə, Tommi, - mən dedim, - haydı, çapın dördnala! İtilin!
Bu heyvərə ya məni eşitmirdi, ya da özünü eşitməzliyə vurmuşdu.
Makkelvinin gözlərinin içinə baxaraq, acı-acı gülümsəyib, tapançanın qoruyucusunu açdım.
Tommi axmağın birisiydi. Amma düşündüyünüz qədər də axmaq deyildi.
O, uşaq kimi iməkləyə-iməkləyə çıxmaq istərkən, 5,9 bal gücündə olan zəlzələnin təsirindən dağdan qopmuş qaya parçası kimi yumalana-yumalana altıncı mərtəbədən dambadurum aşağı düşdü. Tommi məşhur sürrealist rəssam Salvador Dalinin “Yumşaq Saat” rəsm əsərindəki ərimiş saatlar kimi, döşəməyə yapışmışdı. Böyük Kanyon kimi aşağıdan mənə baxırdı.
- Tommi, indiysə sən fil olacaqsan, Makkelvi isə fil otaran çodar olacaq!
- Nə? – Tommi dedi.
Makkelviyə baxdım.
- Tez ol, Makkelvi, filin belinə dırmaş!
- Bileyn, sən dəlisən?
- Bilmək olmaz. Kimin üçünsə dəlilik ola bilər, kimin üçünsə ağıllılıq. Dəlilik nisbidir.
- Sənə sözüm yoxdur, - Makkelvi dedi.
- Dırmaş görüm!
- Eee, yaxşı, yaxşı. İcarə pulunu gecikdirənlərlə aramda belə xoşagəlməz hadisələr heç vaxt olmamışdı. Birinci dəfədir.
- Oğraş, demirəm dırmaş?!
Makkelvi Tomminin belinə dırmaşdı. Amma ayaqlarını sallamaqda çətinlik çəkdi. Fil az qalmışdı, ikiyə parçalansın.
- Yaxşı, yaxşı, kifayətdir, - mən dedim. – İndiysə, Tommi, sən fil olduğun üçün, Makkelvini belində liftə aparacaqsan. Haydı səyahətə!
Tommi kabinetdən iməkləyə-iməkləyə çıxdı.
- Bileyn, - Makkelvi yalvardı, - özüm sənə pul verəcəm. Anamın qasığına and içirəm!
- Hünərin var bir də artıq-əskik hərəkət elə! Sən öl, şeyini kəsib, zibil borusuna tıxayacam!
Kabinetin qapısını açdım. Makkelvini belində daşıyan Tommi sürünə-sürünə kabinetdən çıxdı.
Pilləkənlərlə endi. Mənsə tapançanı cibimə soxarkən hansısa vərəqi əzişdirdim. Tapançanı çıxartdım. Bu kağız-kuğuz nəqliyyat vasitəsini idarə etmək hüququnu verən sürücülük vəsiqəsini almaq üçün verdiyim nəzəri imtahanın cavabları idi. Bütün cavablar qırmızılanmışdı. İmtahandan kəsilmişdim. Bu rəsmi kağız-kuğuzu arxaya tullayıb, mal-qara otaran dostlarımın dalıyca getdim.
Liftə çatdıq. Düyməni basıb lifti çağırdım.
Liftin qalxmasını gözlədiyimiz müddətdə, Jorj Bizenin “Karmen” operasından bir melodiyanı zümzümə etməyə başladım. Hardasa uzaq keçmişdə Cimm Foksun zir-zibilli mehmanxanalardan birinin nömrəsində ölməsi haqda xəbəri qəzetlərdən birinin manşetindən oxuduğumu xatırladım. Bu cür beysbolçu olasan, amma bit-birə basmış bir yerdə öləsən.
Nəhayət lift gəlib çıxdı. Qapıları açıldı. Temminin dalına bir təpik ilişdirib, öz yüküynən birlikdə liftin kabinəsinə saldım. Kabinədə üç nəfər vardı. Qəzet oxuyurdular. Lift aşağı şütüməyə başladı.
Mənsə pilləkənlərlə düşdüm. On beş kiloqram çəki artıqlığından əziyyət çəkirdim. Artıq qalan piylərimi əritməyə ehtiyacım vardı.
Mən yol ölçürmüş kimi, 176 pilləkan sayıb birinci mərtəbəyə çatdım. Tütün köşkünə yaxınlaşıb, bir qutu siqaret və “At Yarışları Proqramı”nı aldım. Lift enirdi.
Küçədə işin öhdəsindən gələcəyim barədə özümü toxtatdım. Mavi gözlərim var. Ayaqqabılarım köhnəlib. Məni heç kim sevmir. Amma məni məsuliyyətli bir iş gözləyirdi. Özəl dedektiv – Nik Bileyn bu işin öhdəsindən gəlməliydi.
Tərcümə - Ramil Rahiboğlu