post-title

Azərbaycanda dini baxışlar: Tolerantlıq varmı? - DEBAT

Firudin Allahverdi: Dini simvolların təhsil ocağına daşınması dünyəvi dəyərlərlə bir araya sığmır.

 

Mail Yaqub: Ateist yazarların yazıda istifadə etdikləri söyüşlərin ateizmə nə dəxli var?

Simsar.az saytının redaksiyasında təşkil olunan budəfəki debatın mövzusu hər zaman diqqət mərkəzində olan din və cəmiyyətdir.
Din və Allaha fərqli yanaşmaların sayı artıqca bu sahədə polemikalar, dartışmalar da çoxalır. Redaksıyamıza dəvət etdiyimiz qonaqların hər biri dinə elmi tərəfdən yanaşsalar da dini dünyagörüşləri fərqlidir. Beləliklə, debatın iştirakçıları Xəzər Universitetinin müəllimi, fəlsəfə doktoru Mail Yaqub və gənc bəstəkar, çoxşaxəli yaradıcılıq fəaliyyətilə məşğul olan Firudin Allahverdidir.

Ruslan Xəlil: Azərbaycanda dini tolerantlığın vəziyyəti barədə çox danışılır. Beynəlxalq təşkilatların hesabatlarında bu sahədə tənqidi məqamlara rast gəlirik. Hakimiyyət və ona yaxın dini qurumlar Azərbaycandakı dini tolerantlığın hətta xarici ölkələr üçün nümunə ola biləcəyindən bəhs edirlər. İlk olaraq bu mövzuya münasibət bildirməyinizi xahiş edirik.

Mail Yaqub: Dini tolerantlıq təkcə ölkədə müxtəlif təriqətlərin fəaliyyət göstərməsi demək deyil. Bu, həm də dini müzakirələrdə dava-dalaş etməmək, qan tökməmək, bir-birinin fikirlərinə, əqidəsinə hörmətlə yanaşmaq deməkdir. Azərbaycanda dini tolerantlıq var. Amma bu nədən qaynaqlanır? Əvvəla bizdə biganəlik var. Müəllim 100 manat maaş alır – ona biganəyik, kiminsə hansısa hüququ pozulur – ona biganəyik, hətta özümüz özümüzə biganəyik. Başqa ölkələrdə isə bu, belə deyil. Hər hansı varlığa iki cür münasibət olur. Həmin varlıq mənim marağımdadır və ya mənim marağımda deyil. Marağımda deyil deyənlər də iki yerə bölünüb. Varlığın nə olduğunu bilib, onun haqqında məlumata malik olub «bu mənə lazım deyil» deyənlər, varlıq haqqında ətraflı məlumata malik olmadan «bu mənə lazım deyil» deyənlər. Avropada Allaha inananlar din adamları hesab olunurlar. Azərbaycanda əhalinin 99 faizi Allaha inanır, amma biz onlara din adamları demirik. Bizdə Allaha inanan, hətta bəzi hallarda namaz qılanlar üçün din o qədər də maraqlı deyil. Ramiz Rövşən demiş “Sağımız-solumuz adamla dolu, Qadınlar, kişilər qol-qola keçir”. Bu, normal azərbaycanlı düşüncəsidir. Gedək kənd rayonlarına. Fikirini öyrəndiymiz hər kəs «mən Allaha inanıram» deyəsək. Bunu deyəndən sonra araq içən, qonuşusu ilə savaşan, bıçağa əl atanlar da olacaq. Dinə biganə yanaşanlar arasında dini mübahisələr olmur.
Əsas dava-dalaş dinə ciddi yanaşanlar ya onu inkar edənlər arasında olur.

Firudin Allahverdi: Bizim dini tolerantlığımızın kökündə dinə laqeyd münasibətdə olmağımız durur. Bunun da müxtəlif səbəbləri var. Tərkibində olduğumuz imperiyaların ucqarında yerləşmişik. Mübahisələr, gərginlik iri mərkəzi şəhərlərdə olur. Kənarlarda olanlar prosesləri, mübahisələri kənardan müşahidə edirlər. Təbriz, Ərdəbil kimi şəhərlərdən fərqli olaraq Şimali Azərbaycanda din məsələsi o qədər də dərin, ciddi sahə olmayıb. Burada dini savad aşağı olub. Bəlkə də buna görədir ki, bizdə din məsələsinə laqeyd yanaşma var. Daha çox burada sünni-şiə söhbəti olub. 20-ci əsrin əvvəllərindən başlayaraq sıradan çıxıb. Mənim valideynlərim sünni yoxsa, şiə olduqlarını güclə müəyyənləşdirirlər. Bizim insanlar heç vaxt ideoloji savaşa çıxmayıblar. Bizdə İranda olduğu kimi dərin dini ənənələr olmayıb. Bunun yaxşı və ya pis olduğunu deyə bilmərəm. Bəlkə də, bu qızılca xəstəliyi kimi bir şeydir. Biz bu xəstəliyi hələ çıxarmamışıq. İran çıxarıb. Mənə elə gəlir ki, gələcəkdə İranda vətəndaşlar hətta gedib məscidi partlada bilərlər. Əfqanıstanda, İraqda məscidləri Amerika partladırdısa, İranda bunu yerli sakinlər edə bilərlər. Hökumətin siyasəti insanlarda o qədər ikrah doğurub ki, onlar fürsət düşən kimi məscidləri partlada bilərlər.

Ruslan Xəlil: İslam dininə əsaslanan güclü dövlət qurmaq olarmı?

Mail Yayub: Müəyyənləşdirmək lazımdır ki, burada söhbət hansı İslamdan gedir. İranın, Türkiyənin, Malaziyanın yoxsa, ərəb ölkələrinin İslamından? Həqiqi İslam Qurandadır. Amma ölkələrin siyasi hakimiyyətə gətirdikləri İslam bir qədər fərqli olur. Burada mədəniyyət fərqləri var. Bizim süfrə mədəniyyətimiz, toy-düyünümüz İslam mədəniyyəti deyil. Mədəniyyətin zənginləşməsində dinin rolu var. Quran, İslam müxtəlif mədəniyyətlərdə müxtəlif rənglərdə olur. müəyyən zaman keçəndən sonra İslam yerli mədəniyyətə qarışır. Bəzən deyirlər ki, cəmiyyətdəki boşluq, qüsur dinin əlamətidir. Bu belə deyil. Burada mədəniyyətin də rolu var.

Ruslan Xəlil: Bir çoxları hesab edir ki, İslam güclü Şərq fəlsəfəsinin inkişafının qarşısını aldı. İnsanlar əsl həqiqətin Quranda olduğunu düşünüb elmi araşdırmalar, axtarışlar aparmadılar. Əvəzində Qərbdə filosoflar işləməyə, axtarışlar aparmağa başladılar. Sizcə Şərq fəlsəfəsinin yerində saymasında İslamın hər hansı rolu olubmu?

Mail Yaqub: Qərbdə renessans mədəniyyətinin yaranmasında 8-ci əsrdə müsəlmanların İspaniyaya köçməsinin böyük rolu olub. Şərqdə böyük filosoflar yetişəndə Avropa özünün qaranlıq dövrünü yaşayırdı. Kilsə ehkamçılığı onların inkişafının qarşısını alırdı. 17-ci əsrdə Avropada modernizm yarananda Sədrəddin Şirazi Şərq fəlsəfəsinə nöqtə qoymuşdu. 20-ci əsrin əvvəllərində Avropada böyük fəlsəfə bazarı var idi. Nə qədər desən fəlsəfi cərəyanlara rast gəlmək olardı. 20-ci əsrin 80-ci illərindən başlayaraq postmodernizm dövrü gəldi. Postmodernizmdə sistem yoxdur. Kim necə istəyirsə elə də yaşasın. Elə bilirsiz ki, Avropa svilizasiyasını yaradanlar Nyuton, Nitsşe yaxud Dekartdı. Xeyr, sərmayədarlar. «Microsoft»un prezidenti birinci kursda universitetdən qovulub. Gedib biznes qurub. Amma bu gün Amerikanın adı gələndə göz qabağına «Microsoft» gəlir. Texnologiyanı yaradan elm, kitab deyil. Pul qazanmaq istəyidir. İnkişafı dinlə bağlamaq düzgün deyil. Əgər texnologiyanın inkişafı dinlə bağlıdırsa niyə Rusiyada texnologiya inkişaf etmədi, amma Almaniyada etdi. Yaxud Yaponiya nə xristiandı, nə müsəlman. Onun inkişaf səviyyəsinə baxın. Elm və texnologiyanın inkişafı mədəniyyətlə, iqtisadiyyatın inkişafı ilə bağlıdır. Quranda belə bir ayə var. «Yoxsulluq insanı kafirliyə aparır». Yəni Quran yoxsulluğu təbliğ etmir. Nitsşe yazır ki, baxın xristianlara işləmirlər, uydururlar ki, Allah cənnətdə yoxsulları sevindirəcək. Bu 19-cü əsrdə Avropa cəmiyyətinin təsviridir. Hər şeyi dinlə bağlamaq düzgün deyil. Nəzəriyyəni praktikaya çevirə bilən ideoloqlar, mütəxəssislər olmalıdır. Yaxşı qanun hələ onun icra olunacağını deməyə əsas vermir.

Firudin Allahverdi: Nəsimi və Yan Qusun doğum və ölümləri arasında bir il fərq var. İkisi də dini dünya görüşünə görə işgəncə ilə edam olunub. Nəsiminin edamından sonra Şərqdə inkişaf olmadı. Amma Yan Qusdan sonra ardıcılları onun ideyasını yaşatdılar, bütün Avropada fəallaşma baş verdi. Hərdən mənə elə gəlir ki, insanlar o dünyadan əllərini üzdükdən sonra bu dünyalarını düşünməyə başladılar. Avropa xristianlıqdan uzaqlaşdıqdan sonra inkişaf elədi. Bizdə bu inkişaf olmadı. Biz Hicri təqvimlə 1433-cü ildəyik. Sanki Miladi təqvimin 1433-cü ilindəyik. Avropa bizdən təxminqən 600 il qabaqdadır. Bizdə hələ də insanlar kim deyil, kimin sualına cavab verirlər. Böyük Fransa inqilabından sonra millət, dövlət anlayışları meydana gəldi. O dövrdə biz özümüzü hələ də müsəlman hesab edirdik. Türkçülük, azərbaycançılıq söhbəti yox idi. Sünni, şiə olmaq hansısa millətin nümayəndəsi olmaqdan daha önəmli məsələ idi. Dövlət quruluşu barədə insanların təsəvvürləri belə yox idi.

İradə Nurəddinqızı: Cəmiyyəti arxasınca aparan onun ziyalı təbəqəsidir. Bu gün bizdə gənc yazarlar var ki, böyük həvəslə din əleyhinə yazılar dərc edirlər, kampaniya aparırlar. Özünü ziyalı adlandıran şəxslərin cəmiyyət üçün xüsusi əhəmiyyəti olan dəyərləri aşağılamaları nə dərəcədə doğrudur?

Mail Yaqub: Tolerantlıq həm də ateist və teistlərin fikirlərinə hörmətlə yanaşmağı və onların arasında dava-dalaşın olmamasını tələb edir. Cəmiyyətdə Allaha inanan və inanmayanların olması, kimin bu istiqamətlərdə təbliğat aparmaları məni narahat etmir. Mən mənasızlığın, absurdluğun əleyhinəyəm. İntellektual yüngüllük mənə çatmır. Ateist yazarın yazdığını oxuyuram. Birdən gözüm söyüşə rast gəlir. Söyüşün ateizmə nə dəxli var? Xaricdə yaşayan İranlı şair xanım var. Yazır ki, İranda qadınların hüquqları pozulur. Bir kişi iki qadın alırsa, günülər mehribandılarsa hamı onlara əhsən deyir. Amma bir qadın iki kişinin eyni vaxtda xanımı olsa və həmin kişilər mehriban olsalar ona pis baxarlar. Əslində bu tamam başqa bir şeydir. Bunun ateizmlə heç bir əlaqəsi yoxdur. Dünya qloballaşır. Dünyanın hansısa yerində ildə minlərlə porno film istehsal olunur. Onların gəlirləri neftlə zəngin müsəlman ölkəsinin gəlirlərilə müqayisə oluna bilər. İnternet əsrində milli fəlsəfənin, milli dini dünyagörüşünün yaradılması çox çətindir.

Firudin Allahverdi: Bu gün hansısa ölkə üçün biçilmiş mədəniyyət, fəlsəfə yaratmağın mümkünlüyünə şübhə ilə yanaşıram. Hər kəsin bölüşdüyü, qəbul etdiyi universal dəyərlər var. bu yaxınlarda 13-cü əsir fransız musiqisini dinlədim. Təxminən bizim muğam kimi idi. Fransa inkişaf elədi Bax, Bethoven ortaya çıxdı. Biz isə bir qədər geridə qaldıq. Alman «Mercedes»də, mən isə at arabasında gəzim ki, mədəniyyətimiz budur?

İradə Nurəddinqızı: Mənim bir dəfə din mövzusunda yazar Aqşinlə mübahisəm olmuşdu. Dedim əgər, mərhum yazıçı Rafiq Tağı dini mövqeyində səmimi idisə niyə İslam qaydaları ilə dəfn olundu. Aqşinin cavabı belə oldu ki, Rafiq Tağının özü olsaydı özünü başqa cür dəfn edərdi. Mənim üçün maraqlıdır ki, atesitlər öz mövqelərinə bu qədər arxayındılarsa nə üçün yaxın adamlarını ənənəvi dini üsullarla dəfn edirlər?

Firudin Allahverdi: Şəxsin mənim üçün kiminsə Allaha inanıb-inanmamasının, Allahın varlığının-yoxluğunun heç bir dəxli yoxdur. Əsas məsələ sistemdədir. Mən məktəbə hicabla getməyin əleyhinəyəm. Təhsildə filtrasiya çox vacibdir. 7 yaşlı uşağa dini ritualları məcbur etmək doğru deyil.

Mail Yaqub: Bu məsələdə mən sizinlə razı deyiləm. Hətta dindən kənarda olan beynəlxalq hüquq da 18 yaşına çatmamış uşaqların valideynləri tərəfindən tərbiyə olunmasına, tənbeh olunmasına icazə verir. İslamda da bu belədir. İranda çox tanınmış dindarlar var ki, onların oğlan övladları 18 yaşdan sonra qaşlarını alırlar. Ateistlərin yaxınlarını şəriətə uyğun olaraq dəfn etmələrinə gəldikdə isə burada onları qınamaq üçün əsasımız yoxdur. Onlara bu barədə sual verəndə deyəcəklər ki, qardaşım dindardı, mən özümə cavabdehəm və s.

İradə Nurəddinqızı: Niyə görə məktəbə açıq-saçıq geyib getməyin yox, hicabla getməyin əleyhinəsiz?

Firudin Allahverdi: Hicab yalnız geyim forması deyil, dini simvoldur. Dini simvolların təhsil ocağına daşınması dünyəvi dəyərlərlə bir araya sığmır.

Mail Yaqub: Modernizm qatarı gedir. Bu qatarı Avropa düzəldib. Bu qatara üç münasibətimiz ola bilər. Qatara minmirəm. Minirəm amma sürətilə, necə hazırlanması ilə maraqlanmıram. Ərəblər kimi, bahalı maşınları alırıq amma onun necə hazırlanması ilə maraqlanmırıq. Biri də var, biz qatara minirik, eyni zamanda onun necə hazırlandığını öyrənirik, ona töhfələr veririk – Malaziya kimi. Malaziya İslam ölkəsidir. Amma inkişaf edir, perspektivləri də çox böyükdür. Dinin bir hissəsi siyasi sistemdir. Biz onun hamısını reallaşdıra bilmiriksə, hamısından imtina etməli də deyilik. Çünki əlimizdə heç nə qalmayacaq. Din hüquq və əxlaqdan ibarətdir. Hüququ qəbul etmirsənsə əxlaqa toxunma və ya əksinə. İslamda daş-qalaq etmək, edam məsələləri var. Bəzən görürsən tanınmış bir insan bu qanunları sərt tənqid edir və sonra başlayır söyüş söyməyə. Bu adam nə hüququ qəbul edir, nə əxlaqı. Restoranda oturub quzu kababı yeyəndə qoyun bəzi insanların yadına düşmür, Qurban bayramında isə başlayırlar qoyunları müdafiə etməyə. Bu mənə çatmır.

Firudin Allahverdi: 1918-20-ci illərdə Cümhuriyyətin parlament iclaslarının birində müsavatçı şəxs dini ağır təhqir edib. İttihat Partiyasının üzvləri bununla bağlı Məmməd Əmin Rəsulzadəyə şikayət ediblər. Rəsulzadənin gözəl cavabı olur. Əgər din siyasətə qarışırsa, təhqirləri eşitməyə hazır olmalıdır. Müqəddəs qalmaq istəyirsə getsin məscidə. Din hüquq, təhsil sektoruna girməməlidir. Din mübahisə olan yerə girəndə müxtəlif suallarla üzələşir. Axundov deyirdi ki, necə olur, Məhəmməd Peyğəmdər Məkkədə olanda ayə nazil olunur ki, ona silah qaldıran Əbu Ləhəb lənətlənsin. Amma Mədinəyə gedəndə Məhəmməd Peyğəmbər silahlanıb müşriklərlə döyüşə girir. Kəmalidövlə məktublarında Məhəmməd Peyğəmbərin əleyhinə 5 hərfdən ibarət söyüş var. Həmin söyüşün adını burada çəkməyə adam utanır.

Mail Yaqub: Modernizm teosentrik baxışdan çıxıb antrosentrik baxışa daxil olmaq deməkdir. Orta əsrlərdə sükanın arxasında Allah idisə, sonradan sükan insanın əlinə keçdi. 19-cü əsrin əvvəllərində Avropada cəmiyyət dindən uzaqlaşdı və mənəviyyatsızlaşma oldu. Katoliq kilsəsində məntiqə söykənməyən o qədər məqamlar var ki. Cənnətin pulla alınması. Avropa allahsızları hesab edirdilər ki, dini məntiqə yaxınlaşdırmaq olmaz. Xristian dinində o qədər suallar var ki, məntiqin ağzına buraxsan çeynəyib tökəcək. Dinə məntiqi yanaşmanı qadağan etmək əslində dini təhqir etməkdir. Hər bir sahənin dil oyunları var. Dil olyunları aid olduğu sahədə keçərlidir. Mən demirəm ki, İslamda hər şey məntiqlə uzlaşır. Amma məntiqlə uzlaşmayan məqamları tapmaq çox çətindir.

Ruslan Xəlil: Firudin bəy sizə görə, Quranda məntiqə uyğun olmayan və ya sizdə sual doğuran hansısa ayələr varmı?

Firudin Allahverdi: Bəli, var. Əl Tafsir surəsində qeyd olunur ki, Ya Peyğəmbər! Mehrlərini verdiyin zövcələrini, Allahın sənə qənimət olaraq verdiklərindən sahib olduğun cariyələri, səninlə birlikdə (Mədinəyə) hicrət etmiş əmin qızlarını, bibilərinin qızlarını, dayın qızlarını, xalalarının qızlarını və bir də Peyğəmbər onunla evlənmək istədiyi təqdirdə özünü (mehrsiz) Peyğəmbərə bağışlayan hər hansı bir mömin qadını - digər möminlərə deyil, yalnız sənə məxsus olmaq üzrə - sənin üçün halal etdik. Onların zövcələri və sahib olduqları cariyələr barəsində ("Nisa" surəsində) nə hökm etdiyimizi (onlara hansı qadınları halal buyurduğumuzu və bu məsələdə onları Peyğəmbərlə bir tutmamağımızın hikmətini), əlbəttə, bilirik. (Ya Rəsulum!) Sənə (evlənməkdə) bir çətinlik olmasın deyə (bu buyurduqlarımızı sənə halal etdik). Allah bağışlayandır, rəhm edəndir! Bu inandırıcı görünmür. Başqa bir ayədə deyilir. «Biz daha öncə Tövrat və İncili göndərdik. Onu təhrif etdilər. Amma Quranı təhrif etməyə imkan verməyəcəyik, onu qoruyacağıq». Əgər Yaradanın qorumaq imkanı var idisə əvvəlki kitabları qoruyardı da. Belə çıxır ya Allah əvvəlki səhvlərindən nəticə çıxırıb, ya da səbəbini mən bilmirəm.

Mail Yaqub: Din və rasional düşünsə məsələsinə. üç əsas münasibət ola bilər. Dindən təcrid olunmuş normal məntiq var. Normal məntiq dində olanları tam təsdiq edir, tam inkar edir və nə təsdiq edir, nə də inkar edə bilmir. Bəzən dində deyilənləri sağlam düşüncə inkar edir. Məsələn, Xristianlarda cənnətin satın alınması, Allahın peyğəmbərlə güləşməsi sağlam düşüncəyə daxil ola bilmir. İslamda deyilir ki, sübh zamanı dur, iki rukət namaz qıl. Sağlam düşüncə, məntiq bunu nə təsdiq edə, nə də təkzib edə bimir. Bu paradoks deyil. Amma deyilir ki, ata-anana hörmət elə. Bu sağlam məntiqə uyğundur. Bütün sağlam düşüncəli insanlar ata-anaya hörmətə müsbət baxır. İslamda cənnətin satın alınması məsələsi olsaydı, sağlam məntiq onu təkzib edərdi. Cənnəti də satın almaq olar? Bu heç bir məntiqə sığmır. Quranda sağlam məntiqin inkar etdiyi məqamlar yoxdur. Dinə sağlam prizmadan yanaşanda çox şeylər dəyişir. Bütün bunların fonunda mən mütərəqqi Azərbaycanın olmasını düşünürəm. Ölkədə dinə mütərəqqi yanaşanlar olsa, məsciddlərdə, ya yerlərində mollaların, rühanilərin nağıllarını eşidə bilməyəcəksən. İki gün məscidə gedir, gəlib evdə anasını, bacısını, xanımını məcbur edir ki, tez başını bağla, yoxsa cəhhənəmə gedəcəksən. Bu düşüncə ilə biz inkişaf edə, inkişaf qatarına minə bilməyəcəyik.

Ruslan XƏLİL

Simsar.az

 

Yuxarı