post-title

Torpaq satan şair, erməni konyakı, ağlayan Puşkin

Səni məndən alıb gedən qatarlar… Köhnə olsun ya təzə, qatarda uzaq yol getməyi sevirəm. Modern avtomobillərdə, türk nəqliyyat şirkətlərinə məxsus avtobuslarda keçən yolçuluğun romantikası olmur. Elə bil heç yol getmirsən, “a” nöqtəsindən “b” nöqtəsinə gedirsən. Amma qatar ayrıdı, onun bələdçisindən tutmuş, qoxusuna, çarxların səsindən tutmuş, pəncərəsindən görünən uzaqlı-yaxınlı, tənha mənzərələrinə qədər hər şey adamın ruhunu dincəldir.

 

Qatarda hara gedirsən get, sənə elə gəlir ki, orada səni bir azca xoşbəxtlik gözləyir.
Bu dəfə də Tiflisə gedirdim. Qatarın təzə, modern olmağı məni bir az məyus elədi. Köhnə qatar ayrı şeydi, qadın mazut qoxulu, dəmirləri paslanmış qatarlara minəndə özünü Anna Karenina kimi hiss eləyir. Elə bilirsən, bu dəqiqə arxanca vaqona bir Vronski minəcək, getdiyin şəhərə qədər səni izləyəcək və həmin şəhərdə həyatını büsbütün dəyişəcək. Təzə qatarlarda bu romantika özünü doğrultmur. Təzə qatarlarda «vronski» olmaz, olsa da o «vronski»lərdən adama xeyir gəlməz. Təzə qatarlara «vronski»ni gərək özünlə aparasan.

Bələdçi qız şairə çıxdı

Pasportları qəbul edən bələdçi qızlar təəccüblü dərəcədə gəncdirlər. Yerli qatarlarda adətən bələdçi qadınlar sifətindən zəhrimar yağan, acıqlı, kök, gəncliyini ancaq fotolarda qoruya bilmiş xalalar olur. Bu dəfə isə elə bil, dəmiryolu başbilənlərimiz «təzə qatar-təzə bələdçi» prinsipini həyata keçirirdilər. Qaraqaş, qaragöz, üzügülər iki gənc qız pasportlara baxıb, gülümsədilər və kupemizi, yerlərimizi göstərib, birazdan da bizi isti çaya qonaq edəcəklərinə dair şirin bir vəd verdilər.
Çayı bələdçi qızlardan daha qəşəng olanı gətirdi. Qızın dili çayın yanında gətirdiyi qəndlərdən şirin çıxdı. Bir az söhbət edəndən sonra məlum oldu ki, adı Səkinə, ixtisası müəllimə, özü isə şairədir. Bir kitab müəllifidir, həyat yoldaşı rəhmətə gedib, indi qatarda bələdçi işləsə də, balıq sussuz yaşaya bilmədiyi kimi, o da poeziyasız yaşaya bilmir. Ondan hansı şairləri tanıdığını soruşmadım. Çünki qız o qədər gözəl, dili o qədər şirin, özü o qədər səmimi idi ki, axmaq-axmaq şairlərin adlarını çəkib, məni məyus edəcəyindən ehtiyatlandım.
Tiflisə çathaçatda biletlərə baxıb, kassir qadının məni 4-5 manat «qaz»ladığının fərqinə vardım.

Söyüş söyən, çay içən həmyerlilərimiz

Seymur Baycanın sözü olmasın, istər yay olsun, istər qış, Tiflis adamı həmişə yağışla qarşılayar. Amma bu dəfə Tiflis səması buludlu olsa da, yağış yox idi. Təzə-tər havası o qədər təmiz idi, elə gözəl qoxulu idi ki, ağzımı açıb, havadan bir dişlək almaq istəyirdim. Amma neyləmək olar ki, canlı klassik şairimiz Ramiz Rövşən demişkən, havaları yemək olmur.
İlk gün Tiflisin şərab, əntiq, suvenir, pal-paltar ticarəti və gəliş-gedişi ilə məşhur olan Leselidze küçəsində bir az avaralandıq. Bizim gənc yazarlar bu küçənin hər qarışını tanıyırlar. Burada «vurmadıqları» kafe, gecələmədikləri mehmanxana qalmayıb. Gürcülər çay içən xalq olmadıqları üçün onların kafe-restoranlarında demək olar ki, çay olmur. Olsa da, ofisiant eşşək boyda fincana bir dənə paket çay atıb qaşqabaqla gətirib adamın qabağına tolazlayır. Gürcü ofisianta heç cür başa salmaq olmaz ki, şərab olan yerdə çayı niyə içirlər. Leselidze küçəsində isə mən artırmalı kafelərdən birindəki masada iri bir çaynik və həvəslə bu çaynikin işığına yığışmış dörd kişi gördüm. Ürəyimdə, axır ki, çay içən gürcü tapdım!-dediyim anda, kişilərdən biri azərbaycan dilində yeddimərtəbə bir söyüş söydü. Ürəyim dağa döndü. Bizimkiləri hər yerdə asanca tanımaq olur.
Şardeni küçəsi Leselidzeyə paralel küçədir. Bu küçədən maşın-zad keçmir, bura kafelər küçəsidir. Şardenidə hər şey başqa kafelərdən ən azı ikiqat bahadır. Qəhvə, dondurma, pivə, qəlyanaltı. Amma Tiflis gəncləri bu küçəni sevirlər. Kasıb, ayda bizim pulla 150-200 manat maaş alan paytaxt gəncləri həftədə bir dəfə bu küçədə bir bakal pivə, ya da bir fincan qəhvə içməyi həyatlarının lüksü bilirlər.

Oğlanın alınmış qaşları, qazax ləhcəsi

Şardeninin axırına çatanda hələ uzaqdan qulağıma qazax ləhcəsində sözlər, cümlələr çatdı. Hələ üzünü görə bilmədiyim iki oğlan mənə olduqca doğma olan ləhcədə üyüdüb tökürdülər. Uzaqdan düşündüm ki, indi bunlar bizim Elnur Astanbəyli sayaq nahamar, itoynadan, kobud gənclərdi. Amma oğlanların üzlərini görəndə elə bil məni ildırım vurdu. Qazax ləhcəsində danışan, bayaqdan «ə, bə hancarı?!»nın birini bir qəpiyə işlədən oğlanların ikisinin də qaşları alınmış, üzləri pudralanmışdı. Əyinlərində dar şalvar, parıltılı köynəklər vardı.
Düşündüm ki, mən indiyə qədər hər şey görmüşdüm. Görmədiyim nadir şeylərdən biri də qazax ləhcəsində danışan mavilər idi. Onu da Tiflisdə gördüm.

Erməni konyakı və Kəlbəcər

Səhəri gün erməni, gürcü və azərbaycanlıların bir araya gəldikləri bir tədbirə qonaq kimi qatıldım. Həmişəki kimi azərbaycanlı qızlar digər qafqazlılara azərbaycan həqiqətlərindən danışır, erməni qızları azərbaycanlı oğlanlara girişir, gürcü qızları və oğlanları isə axşam harda yaxşı çaxır vurmağın mümkünlüyünü götür-qoy eləyirdilər. Azərbaycanlı gənclərdən biri erməni gəncini dostcasına danlayırdı ki, niyə bizə «Ararat» konyakı gətirməmisən? Erməni gənc də cavabında dostcasına zarafata saldı ki, bəlkə hələ bir Kəlbəcəri də qaytaraq?
Tiflisə mənimlə gəlmiş azərbaycanlı dostum küçədəki avtomatdan telefonuna pul yüklədiyi ərəfədə mənə cındır paltarlı, əyri ayaqları olan bir rus qarısı mənə yaxınlaşdı. Dilənçi olduğu məlum idi, amma pul-zad istəmədi. Eləcənə düz gözlərimin içinə baxıb:
- İşağa tərəf getmək lazımdır, ancaq işığa tərəf! – dedi.

Gürcü torpağını satıb dolanan gürcü şairi

Tiflisdə olduğum müddətdə gürcü şairi Şalva Bakuradze ilə görüşdük. Şalva qırx yaşını haqlamaq üzrə olsa da, əclaf yaman cavan qalıb. 25 yaşı vermək olar ya olmaz. Hündür, qaraqaş-qaragöz, qıvrım saçlı, həmişə zövqlə geyinən, olduqca istedadlı adamdı. Çox mehribandı, görüşəndə hamını bağrına basıb, öpür, əlindən yapışır. Təzə qız görən kimi o dəqiqə qıza vurulur, həmişə də uğursuzluğa düçar olur. Halbuki, onun yaraşığının, istedadının yarısı bizim hansı şairdə olsa, bizim qızlar onun üstündə dava salmışdı. Şalvanın olduqca müsbət enerjisi var. Gürcüstanın mədəniyyət naziri, yazıçı Quram Odişaria ilə yaxın dostdu. Amma Şalva ailəsini ədəbiyyatdan qazandığı pulla dolandırmır. Müxtəlif bitkilər, bostan-bağ üçün istifadə olunan torpaq satan şirkəti var. Şirkətinin adı «Gürcü torpağı»dır. Ondan nə ilə dolandığını soruşanda zarafatla:
- Gürcü torpağını satıb, dolanıram – deyir.

Şən və mehriban gürcülər

Beka Qomelauri isə jurnalistdi. Yerli radiolardan birində işləyir. 300 lari, yəni 150 manat maaş alır. Sakit, bir az fağır, şüvərək, üzü körpə üzü kimi məsum, zövqlə geyinən, ağlı başdan alan ətirlərdən istifadə edən gəncdi. 2006-cı ildə bizim Fehruz Şamıyevin Start Tələbə Filmləri festivalına müəllifi olduğu filmi göndərmişdi. O vaxt bizim itoynadan kino gəncləri onun başına it oyunu açırdılar. Bütün məzələnmələrə gülümsəyərək cavab verirdi. İndi də elədi. Deyəsən, onu əsəbiləşdirən tək adam, seçkilərdə uduzmuş prezidentləri Mixail Saakaşvilidi. Amma ondan da danışanda gülümsəyir və zarafata salır.
Beka o qədər yumşaq oğlandı ki, mən onun nə vaxtsa məkrli bir qadının əlinə düşüb, əzab çəkərək, məhv olacağından çox qorxuram.
Ümumiyyətlə gürcülər mehriban xalqdır. Sevmədiyim bircə xasiyyətləri var: şah tənbəlidirlər. Kafelərdə yemək gözləyənə, dükanlarda istədiyini alana, qonaq getdiyin evlərdə bir fincan qəhvə hazırlanana qədər «Hərb və Sülh»ün bir cildini oxuyub qurtarmaq olar. Qadın olsun ya kişi, tərpənənə qədər gün batır. Ümumiyyətlə qulluqpərgar xalq deyillər. Xidmət, cəldlik məsələsindən Allah verib bizdə ağdamlılara. Bir də təbii ki, türklərə.
Tiflisdə yaşayan bütün gürcü dostlar orada olduğumuzu bilən kimi, görüşməyə can atırlar. Buna görə də, mən Tiflisdə heç vaxt özümü yad şəhərdə hiss eləmirəm.

Tiflis bazarı, Tiflis taksiləri

Tiflisdə taksi xidməti çox ucuzdu. Benzin burdakından baha olsa da. On lariyə (yəni 5 manata) Tiflisin bu başından girib o başından çıxa bilərsən. Amma yad adam, əcnəbi-zad görəndə elə bizim taksi sürücüləri kimi «atmaq»ları da var.
Tiflisdə neçə dəfə olsam da, şəhərin bazarında olmamışdım. Bu dəfə bazara da getdim. Qiymətlər ucuz, satıcılar gülərüz, satılan mer-meyvə, tərəvəz, balıq, ədviyyat su qiymətinə. Ədviyyat satan qarılardan çox alış-veriş eləyəndə adama «bonus» da verirlər: ya bir balaca dəfnə yarpağı, ya bir bağlama ədviyyat.

Ağlayan Puşkin

Şair olasan, Tiflisə gedəsən, payız ayı ola, yağış yağmaya – olan iş deyil. Tiflis səfərinin üçüncü günü selləmə bir yağış başladı. Azadlıq meydanından Puşkin adına balaca xiyabana keçdik. Böyük şairin tunc büstü büsbütün islanmışdı. Aramsız yağan yağış Aleksandr Sergeyeviçin tunc büstünü tərtəmiz yumuşdu. Böyük şairin tunc burnundan isə bir damcı su asılmışdı. Mənə elə gəldi ki, o ağlayır…
Qayıdanda vağzalda bilet aldıq. Kassir qadın bilet pulundan qalan qəpik-quruşları belə qaytardı.

Günel Mövlud

Simsar.az

Yuxarı