Hansısa ofis qızı nə vaxtsa Novruzəli ifadəsini işlədib və onun ağılda olanlar yeri gəldi-gəlmədi bu sözü təkrarlayıb. Halbuki əks-cinsə Novruzəli deyənlər Cəlil Məmmədquluzadənin bir hekayəsini oxumayanlar, gerçək Novruzəlinin tanımayanlardır.
Tükəzban sözü ərəbcədən "yalançı" kimi tərcümə olunur. Tükəzbanın xisləti ilə hərfi mənası düz mütənasibdir. Bəs Novruzəli? Novruzəli sadə, biclikdən xaric, zəhmətkeş insandır. Ailəsini saxlayır, öz qarnından öncə heyvanların qarnının doyması qeydinə qalır. Yediyindən, içdiyindən kəsib sovqat aparmağa da vaxt tapır. Tapşırılan işə, verdiyi sözə sadiqdir. Bir sözlə, Tükəzbanın tam əksi.
Tükəzbanın Novruzəlini nə dərəcə anlayıb anlamamasından asılı olmayaraq bir həqiqət dəyişilməz qalır. Tükəzbanın Novruzəliyə səmimi nifrəti. İşçisindən rüşvət almayan, başqasını basdalayıb vəzifədə qabağa keçməyən ər azəri Tükəzbanın gözündə avamdır, əfəldir, son nəticədə Novruzəlidir. Tükəzban üçün hədəf Novruzəli ilə birgə ailə səadəti deyil. Ən böyük ehtirası qonşu arvadından fərqlənmək, çatmaq və ötməkdir. Ehtiraslar təmin olunmayanadək Novruzəli nifrət obyekti kimi qalacaq.
O, Novruzəlinin heysiyyatını xəyanətlə deyil, qonşu arvadın ərini nümunə göstərməklə alçaldır. "Filankəsin arvadından əskik deyiləm ki. Başqasının əri də kişidir də. Canın çıxsın, get qazan" ən ağır məhkəmə hökmüdür. Cəza müddəti isə ömürlük. Subay Tükəzban istəklərini ideal ər xəyalı kimi qələmə verə bilər. Elə ki, ZAQS ştampı vuruldu, murdar xislətini göstərəcək. Novruzəlini özünə bənzətməyənədək işgəncəni davam etdirəcək.
Tükəzbanın qarnı tox olsa da, əsla təskinlik tapmaz. O, özünü zəhmetkeş, amma fağır Novruzəlinin deyil, polis pristavı, xan arvadı kimi görmək istəyəcək. Çünki ərindən daha yüksək vəzifə sahibi arvadı yanında eqosu daim alçalmış vəziyyətdə qalacaq. Öz əli bir şeyə çatmadığından bütün nifrətini evdəki Novruzəlinin üstünə tökəcək. Ərə getdiyi günə lənət yağdıracaq.
Novruzəli ictimai həyatda da fədəkardır. Xarici təhsili, bazasında bir neçə dil yoxdur. Amma oğru saydıqlarından haqqını qorumaq uğrunda dövlət məmuru ilə dalaşmağa da hazırdır. Novruzəli dövlət idarəsinin qarşısına gedir, etiraz edir, Tükəzbanın azadlığı uğrunda həbsdə yatır. Gəl ki, "maarifçi" Tükəzbanı hansısa dövlət binası qarşısında məktub boyda kağızla etiraz etməyə çağıranda "Ayy, atam bilsə başımı kəsər" naləsi aləmi bürüyür. Tükəzban ailə, qonşu demədən təhsil almaq, daha doğrusu kefini çəkmək üçün ta Amerikaya qədər gedər. Hətta ordan yerli siyasilərə "change" siyasəti də öyrədər. Ölkəyə qayıdan kimi Məhəmmədhəsən əminin eşşəyi kimi hansısa ofisdə itkin düşür.
Tükəzbanın Novruzəliyə nifrəti əbədi və dönməzdir. Heç bir xarici təhsil, dil, oxuduğu onlarla kitab onu dəyişdirdirə bilməz. İllərini xaricdə keçirmiş ali Tükəzban qarısa da, Novruzəli arvadı olmaq istəməz. Pristav arvadı olmaq yanğsı onu daim prestijli ər ovuna çıxmağa sövq edəcək. Novruzəli isə Tükəzban və uşaqlarının doyması üçün iş dalınca özünü Sibirə də sürgün edər. Evdəki işgəncədən qurtulmaq bahasına ən sonda rüşvət almağa da razı olar.
Siz hər gün tükəzbanları ofislərdən, plazadan çıxan görə bilərsiz. Cır səslərini radiodan, televizordan eşidə bilərsiz. Novruzəlilər isə yenə də ağır, həqarətli iş günündən sonra yorğun sifətlə evə qayıdacaqlar. Qazamatdan çıxıb gəlsələr də, yolun sonunda onları bir Tükəzban gözləyəcək.
Mirzə Cəlil Novruzəlinin simasında savadsız, lakin ən pak qəhrəmanını yaradıb. Təhsilsiz, az qazanclı, Avropa görməyən biri ola bilərsən. Amma Novruzəli olmaq şərəfli həyatın sahibi olmaq deməkdir.
Ya Tükəzban?!
Ramil Qafarov