N!DA - Gəlirik!
Cabbar Savalan facebookda ilk dəfə hakimiyyət haqqında kəskin status y…
Adətən, insanlar bir-biriləri ilə ilk dəfə rastlaşanda verdikləri sualların ən əhəmiyyətliləri harada təhsil almağın və harada işlədiyin barədə verilən suallar olur. Çünki, sənin bu suallara verdiyin cavablara uyğun olaraq qarşındakının sənə münasibəti formalaşır.
Qısa iş fəaliyyətlərimi hesablamalı olmasaq demək olar ki, bu günə qədər heç bir işdə işləməmişəm. Buna görə də hər zaman “harada işləyirsən?” sualından zəhləm gedib. Siz qarşınızdakına heç yerdə işləmədiyinizi dedikdə, adətən qarşınızdakı iki şey düşünür. Birincisi sizə məzəmmətlə baxır, avara, bacarıqsız olduğunuz qənaətinə gəlir. İkincisi isə, sizə heyranlıqla baxır, şanslı insan olduğunuzu, bütün günü kef edib, həyatın dadını çıxartdığınızı düşünür.
Bu günə qədər işsiz olan bir insan kimi demək istəyirəm ki, bu düşüncələrin hər ikisində də böyük yalnışlıqlar var. Birincisində yanıla bilərəm. Çünki, elə insanlar var ki, bütün varlığı ilə işləmək, nə isə qazanmaq, nə isə etmək istəyirlər. Amma çox zaman bunu bacara bilmirlər və məyusluqla öz işsiz həyatlarına davam edirlər.
Mən daha çox ikinci fikir haqqında yazmaq istəyirəm. Bir qədər dərindən fikirləşsək görəcəyik ki, əslində işsizlik özü bir işdir. Həm də dünyanın ən çətin işi. Niyə?
Deməli, əgər siz işsiz birisinizsə sizə iş tapşıran, verdiyi 300-500 manatın qarşılığında söyən, maaşınızı kəsən, lazım gələndə sizi işdən çıxardan bir müdiriniz olmayacaq. Əvəzində isə hər bir saatdan bir sizə zəng eləyib, “Nə oldu, iş tapdın?” “BP-yə CV-ni göndərdin?” “Dostum oğlu Nazirlikdə işə düzəlib, get sən də müraciət elə” deyən valideyniniz(xüsusi ilə atanız) olacaq. Hər axşam evə gəldiyində onunla üzbəüz gəlməyib, daha çox məzəmmət eşitməyəsiniz deyə yeməyi öz otağında yeyib, o yatana qədər nə olursa olsun otaqdan çıxmamaq üçün çalışmağa məcbursunuz.
İş yoldaşlarınızla, həmkarlarınızla oturub, fikir mübadiləsi aparıb, gələcək karyera planlarınızdan ağız dolusu danışmaq imkanınız olmur. Çünki, sizin həmkarlarınız adətən depressiyada olur və pivəyə xərclənəcək pulun qorunub saxlanılması onlar üçün həyati əhəmiyyətli bir məqsədə çevrilmişdir.
Daima iş axtarmağa məcbursunuz. Bütün iş elanları saytını, qəzetlərini əzbər bilməli, hər gün, ən geci 2 gündən bir hamısını bir-bir yoxlamalısınız. Uğurlu karyera haqqında uzun uzadı məqalələr oxuyub, güzgünün qarşısına keçib, o məqalələrdəki insanlar kimi qollarınız çarpazlayaraq gülümsəyirsiniz. Heç vaxt o insanlar kimi uğur qazanmaq iştahası ilə gülə bilməyəcəyiniz üçün ümidsizliyə qapılarsınız.
Bazar ertəsi günü həmişə sizin üçün ağır keçir. Çünki, başqalarının işə getməyini seyr etməkdən əlavə üstəlik bazar ertəsi günündən şikayətlənən dostlarınıza təsəlli vermək məcburiyyətinizdəsiniz.
Saatlarla oturub, həvəslə, ümidlə düzəldib, şirkətlərə göndərdiyiniz CV-lərinizə həftələrlə, aylarla heç bir cavab gəlməz. Bəzən daxilinizdə mail-in şirkətlərə çatıb-çatmamağı barədə şübhə yaranır və bir şirkətə 4-5 dəfə CV göndərirsiniz. Amma yenə də şirkətlər özünə azca da olsa əziyyət verib məktubuna cavab yazmaz.
Psixoloji depressiyaya girəndə “işdən çıxıram, tətilə gedirəm” deyə bilmirsiniz. Çünki, onsuz da bütün həyatınız boyu tətildəsiniz və dəyişiklik olmadığından yenidən, özü də daha dərin depressiyaya girərsiniz.
1-15 il iş təcrübəsi istəyən şirkətləri daima söyərsiniz. Əgər bütün firmalar işə ancaq təcrübəsi olan işçiləri alacaqsa, o zaman təcrübəsi olmayanlar harada işləyib, təcrübə toplayacaqlar deyə düşünərsiniz.
Bəli, işləyən insanlar üçün kənardan işsiz insanlar çox rahat və kefli görünə bilər. Amma gördüyünüz kimi bu heç də belə deyil. Bu yazıda işsiz insanların həyatındakı acımasız həqiqətləri yazdım. Bütün bunlara baxmayaraq insanın üzərində iş məsuliyyətinin olmaması tərif edilə bilməyəcək qədər gözəl bir duyğudur.
Vüqar Bəhmənzadə