post-title

Almodovar və göy qutabı

Rejissor: Pedro Almodovar, Film: «İçində yaşadığım dəri», Baş rollarda: Antonio Banderas və Elena Anayya

 

Süjet:
“İçində yaşadığım dəri” filmi həyatda olduğu qədər peşəsində də qisasçı mövqedə dayanmış məşhur plastik cərrah Robert Ledqardın (Antonio Banderas) sayəsində bədəni kişi bədənindən qadın bədəninə çevrilən gənc Visentedən danışır. Robert Ledqard bu yolla qızını zorladığına görə Visentedən qisas alır. Əslində isə bir güllə ilə iki dovşan vurur. Həm qisasını alır, həm öz peşəsində nailiyyət qazanmaq üçün pasientini təcrübə dovşanına çevirir, həm də özünə ideal qadın düzəldir. Onun cinsini və adını dəyişdirir. Pardon, o, Visentenin bədənini dəyişir, amma bir türlü cinsini dəyişə bilmir. O, Visentedən eynən ölmüş arvadının surətini yaradır. Sanki keçmişi qaytarmaq istəyir. Ancaq sonda Visente onu da, evin qulluqçusunu da öldürür, öz anasının və vaxtilə sevdiyi, lakin lesbiyan olduğuna görə ona laqeyd olan qadının yanına qayıdır.

Almodovarın bu filmi nə qədər əcaib olsa da, çoxluq üçün  “qəbulolunmazlar”dan danışsa da, rahat baxılır. Elə biz də onu çox rahat bir ortamda - göy qutabı bişirib yeyə-yeyə müzakirə elədik - kinoşünas Aygün Aslanlı və teatrşünas Aliyə Dadaşova.

Aygün:
-Filmə baxanda elə bil dəlixanaya düşmüşdüm. Film boyu epizodlar bir-birini əvəzlədikcə heyrətdən ağzım açılırdı (gülür). Son vaxtlar filmlərə baxanda istər-istəməz Azərbaycan kinosunun vəziyyəti ilə müqayisə aparıram. Vudi Allenin «Roma macəraları», Almodovarın «İçində yaşadığım dəri», Ceylanın “Bir zamanlar Anadoluda” filmləri məni ilk növbədə müəlliflərinin heç nədən film yaratmaq bacarığı ilə heyrətləndirdi.

Aliyə:
- Bu filmin peşəkarlığına, ötürdüyü mesajlara, toxunduğu həddən çox mövzulara sözüm yoxdu. Film əlbəttə, tamaşaçını düşündürür. Amma məncə, sarsıdan, ağladan, emosional yaddaşa güclü təsir eləyən filmlərdən deyil. Almodovar şok hadisələri rahat təsvir edir. Filmin ruh halını hiss etmədim. Sən filmə hansı şəraitdə baxmısan? Məncə, bu önəmlidir.

Aygün:
-Evdə baxmışam. Filmlərini sevdiyim rejissorun növbəti filmi kimi. Sən?

Aliyə:
-Mən filmə iki dəfə baxdım. Evdə və işdə. Kifayət qədər rahat atmosferdə.
Mənə görə, tutqusu yoxdur. Almodovar bir əhvalat danışır və sanki hər şeyi əvvəlcədən qurub. Bir var əhvalatın, filmin ruhunu tutub onu yaratmağa, qurmağa cəhd etmək, bir də var beynində bir əhvalat var və sən onu kadr-kadr göstərirsən. Mənə görə bu filmin özəlliyi peşəkarca çaxqatlı olmasıdı. Yəni müxtəlif təfəkkürlü – konservator, tolerant, novator və s. tamaşaçılar filmdən müxtəlif qənaətlərlə ayrıla bilirlər.  Və bu qənaətlər bir-birinə daban-dabana ziddir.

Aygün:   
- Bütün dahi əsərlərdə olduğu kimi.

Aliyə:
- Ancaq məncə, filmin ana ideyası cinsi azlıqlara yönəlmiş hər cür təhdidə qarşı bir arqumentdir. Yəni, cins insanın dərisi-cildi, cinsi orqanları ilə ölçülmür. Cins insanın mahiyyətində, içində, beynində qəlbində, ruhundadır. Visentenin bədənini dəyişsələr də, kişi ruhuna toxuna bilmirlər. Yəni cins toxunulmazdır. Çoxunun filmdən çıxardığı qənaətin əksinə olaraq, film cinsi azlıqları müdafiə edir. Bədən və ruh arasındakı cins zidiyyətini izah etmək istəyir. Adamlar bədənlərini dəyişməkdə könüllüdürlərsə, bu onların ruhundan, beynindən, içindən gəlir.

Mən internetdə filmə baxmış adamların şərhlərini oxudum. Bir nəfər yazmışdı ki, plastik cərraha əcəb oldu. Allah cinsini dəyişənləri, dəyişdirən cərrahları lənətləyib. Bu da filmdən çıxan nəticə! O şərhi yazan adam əmindir ki, rejissor cinsi azlıqlara, transvestitlərə, könüllü cinsini dəyişdirən.. Pardon! Bədənində dəyişikliklər edən cərrahlara qarşıdı. Bəlkə xəbəri də yoxdu ki, rejissor özü mavidi.

Aygün:
- Mən oxumuşam ki, cins ayrıntısı insanın orqanizmindəki kişi, ya qadın hormonunun nisbətindən asılıdır. Bir də görürsən ki, ruhən kişi olan adamda qadın əlamətləri var və ya tərsinə. Buna cəza kimi baxmaq lazım deyil. Əgər əsas arqument Allahdısa, cinsi azlıqları da o yaradıb.
Ümumiyyətlə, bu mövzu həmişə Almodovarın diqqət mərkəzindədir. Çünki özü də mavidir və onun  ölkəsində də cinsi azlıqlara yetərincə qəzəbli yanaşırlar.

Aliyə:
- Xüsusilə də, patriarxal cəmiyyətdə bu insanlara bəribaşdan «pozğun» kimi yanaşırlar və bəzən bu yanaşma çox pis nəticələr verir. Cəmiyyət onlara pozğun kimi baxır və pozğuna da çevirir.

Aygün:
-İnsanı olduğu kimi qəbul etməmək - yeni, daha mükəmməl insan yaratmaq istəyi ilə nəticələnir. Əslində mükəmməl insan yaratmaq cəhdi öz əskikliklərini gizlətmək arzusundan doğur. Cərrah Robert qadınını, qızını xoşbəxt edə bilməyib və özünü Allah yerinə qoyaraq hər şeyi yenidən qurmaq istəyir. Həkim guya Visentedən qızınının qisasını alır, amma mükəmməl dərisi olan bir qadın yaratmağa çalışır.

Aliyə:
Donuz genindən yanmaya, kəsilməyə, ağrıya dözümlü dəri düzəldir. Bəlkə də Visenteni mənən sınmaqdan, intihardan o dəri qoruyur.

Aygün:
-Maraqlıdır. Yəni donuz dərisi - “gönüqalın” ifadəsinə işarədi?

Aliyə:
- Ümumiyyətlə, filmdə belə xırda məqamlar çoxdu. Məsələn, Visente cərrahın qızını cinsi yaxınlığa çəkərkən ona «sən gözəlsən, sən qeyri-adisən» deyir. Bu bir klişedir, çox vaxt uğurlu alınan tanışlıq şablondur. İnsanlar da şablon olduğunu bilə-bilə ona inanırlar. Amma Visentenin bəxti gətirmir-qız, doğrudan da, qeyri-adidir - həblərlə yaşayır, psixoloji cəhətdən “uçuq” vəziyyətdədir.

Aygün:
- Mənimçün Seka obrazı çox maraqlıdır. O, birdən –birə peyda olur - pələng geyimində və pələng vəhşiliyi ilə karnavaldan gəlir, Visente-Veranı zorlayır, qardaşı cərrah Robert tərəfindən öldürülür. Seka cərrahın keçmişi, bəlkə də alter eqosudur. Ledqard özünə arvadının və qızının qisasını almaq şansı yaratmışdı, amma burjua əxlaqı, peşə yanğısı, nəhayət, Allahlıq iddiası ona mane oldu. Ancaq keçmiş vəziyyətə müdaxilə elədi, onun saxta burjua duruşunu, Hitler kimi ali orqanizm yaratmaq iddiasının altında gizlətdiyi vəhşi instinktlərini aşkara çıxartdı.

Aliyə:
-Mən yozumu bu qədər böyütməzdim. O, sadəcə peşə marağına görə qisas fikrindən daşına bilər.

Aygün:
-Məncə, filmdə bu var - qisas hissini, instinktiv vəhşiliyini - mükəmməl qadın bədəni yaratmaq, insan dərisi düzəltmək iddiası arxasında gizləmək.

Aliyə:
-Mən bayaq emosional təsir gücü barədə danışanda filmi pisləmiş olmayım. Filmin hamının izləyib tuta biləcəyi bəlli bir süjeti var. Ona baxmaq üçün filosof və ya kino mütəxəssisi olmaq lazım deyil, Antonio Banderas, Yelena Anaya kimi cazibədar aktyorlar çəkiliblər. Bu əhvalatdanlardan, məqamlardan həyat haqqında ən müxtəlif qənaətlərə gəlmək olur.

Aygün:
-Məsələn, həyatda heç nə yoxa çıxmır və arzular bir şəkildə mütləq yerinə yetir. Anasının dərzi dükanında işləyən Visente iş yoldaşı Kristinaya vurulur. Amma qız lesbiyandır. Sonda Visente evinə qadın cildində qayıdır. Artıq Kristina ilə onun arasında cinsiyyət problemi yoxdur. Yəni arzusuna çatır. Mənim filmdə ilk baxışda gördüyüm, aldığım, ən xoşuma gələn və yadımda qalan mesaj bu idi: nə olur olsun, yaşamağa və arzulamağa dəyər. Həyat gözlənilməzliklərlə doludur. Yetər ki, buddistlərin dediyi kimi, keçmişin qulu olmayasan. Hərçənd “film hansı mesajı verir?” cümləsini xoşlamıram.
 
Aliyə:
- Cərrahı əslində öz keçmişi öldürür. Visente onun keçmişidir. Nə qədər gələcəyə ümid eləsə də, Visente də qızını zorlayan oğlanı, ona xəyanət eləmiş arvadını görəcək. Belə nəticə çıxır ki, insanı keçmişi öldürür.
“İçində yaşadığım dəri” filmində əsas mövzudan kənar bir məqam da var: bütün filmboyu evin qulluqçusu və həkimin anası- Mariliya -  daima öz proqnozlarının doğru çıxdığını söyləyir. Məsələn, cərrah Ledqard Sekanı  öldürəndə (Seka həm də Ledqardın qardaşıdı) Mariliya deyir: “Mən bilirdim ki, belə olacaq; Uşaqlıqda onlar dava-dava oynayanda başa düşmüşdüm ki, nə vaxtsa Robert qardaşını öldürəcək”. Mariliya tez-tez cərrahdan Veranı-Visenteni öldürməyi xahiş edir. Deyir ki, əks halda Visente onu öldürəcək. O, hətta oğlunu öldürən atəş səsini eşidəndə elə bilir ki, cərrah Visenteni öldürüb. Otağa girəndə Ledqardın öldüyünü görür. Həmin anda Visente -Vera onu da öldürür. Son nəfəsində Mariliya yenə də “mən bilirdim ki, belə olacaq” deyir. Bu ona görə baş verir ki, onlar keçmişdən qopa bilməyiblər. Keçmiş hansısa formada təkrarlanır.
Filmdə mənim diqqətimi bir şey də çəkdi: interyerdə  divardan asılmış intibah rəssamlarının əsərləri. Bu rəsmlər sanki kadrlarda baş verən əhvalatın illustrasiyasıdı, klassik süjetlərdə əksidir. Finalda cərrahın öldürülməsi epizodunda da bu var. Çılpaq insanların təsvir olunduğu süjetdə qətl göstərilib. Otaqda da eynən bu hadisə baş verir.

Aygün:
- Klassik kinoda mədəniyyətin, incəsənətin həyatla yarışması, həyatda reallaşması mövzusu var - sənətin həyata iddiası.
“İçində yaşadığım dəri” filmi haqqında saatlarla danışmaq olar. Bayaqdan danışdıqlarımız hələ sənin və mənim yozumlarım idi. Məncə, bu, magiyası olan filmdir. Əli İsa Cabbarov demiş, tamaşaçı ilə psixoloji kontakt yarada bilir. Səni bilmirəm, mən Almodovarın filmlərindən həmişə yaxşı enerji alıram, yüngülləşirəm. Baxmayaraq ki, onun filmləri zorakılıqla, qanlı səhnələrlə doludu. Almodovarın filmlərində hadisələr bir-birinə qarışır, bir-birinə ilişir, sanki bir sözü qoyub o birinə keçir. Amma sonda rejissor bütün əhvalatları nizamlayır, bir finala və məntiqə bağlayır. Mən Almodovarın filmlərinə baxanda sadəcə baxıram, fikirləşmirəm.
Almodovar və Tarantino. Hər iki rejissorun filmləri süjet və montaj etibarilə gözlənilməzliklərlə doludu. Tarantino bu gözlənilməzlikləri qəsdən yaratdığını, hər şeyi əvvəlcədən hesabladığını gizlətmir. Almodovar isə əksinə - çox məharətlə gizlədir. Almodovarın filmləri bizə, yəni dırnaqarası «normal»lara həyatın astar üzündəki insanlardan danışır, onları tanıdır və həyatın əslində onlarla birlikdə bütöv olduğunu deyir. Həyat budu – ağı, qarası, qırmızısı, yaşılı var.

Aliyə:
-Göy qutabı, qırmızı şərabı var. Öz aramızdı, Almodovar, göy qutabı və qırmızı şərab - ləzzətli trio oldu.

Aygün:
- Yəni məsləhətdi.

Kultura.Az

Yuxarı