post-title

Əldən- ələ Qardaş yardımı

Aradan xeyli zaman keçsə də, yenə Borçalıdakı təhsilə dəstək barədə yazmaq qərarına gəldim. Amma bu dəfə məktəblilərə necə yardım edə bilərik və s. haqda yazacağam.

 

Deməli, mən Türkiyədə oxuyanda, qrupumuzda Tuğba adlı solçu bir qız varıydı. Peşəkar fotoqraf idi. Pulunu sifarişlə uşaq doğumlarını çəkməklə qazanırdı. Söhbətlərimizin birində mən Gürcüstanda məktəblilərə təhsildə dəstək olmaq istədiyimi bildirdim və o da mənə öz təcrübəsini paylaşdı.

Türkiyədə ölkənin şərq bölgələri həm iqtisadi, həm də təhsil sahəsində çox geridə qalıblar. Oxumuş, dünyagörüşlü yardımsevər gənclər orda ailəsi tərəfindən məktəbdən zorla alınıb, tarlaya götürülən uşaqlara və ya  dərs ləvazimatları və məktəbli geyimi olmadığı üçün məktəbə getməyən uşaqlara yardım etmək qərarına gəliblər.

Onlar o bölgələrdə dərnəklər qurub, ehtiyacı olan uşağı tapırlar, inkişaf etmiş şəhərlərdə yaşayan həmfikir gənclər isə eyni dərnəyi quraraq, o uşaqlara yardım etmək istəyən insanları tapırlar ve əldən-ələ Qardaş yardımı layihəsini başladırlar. Mənim dostum Tuğba bir uşağı himayə edirdi, ona hər ay dərs ləvazimatı və məktəb xərcləri üçün o dərnək vasitəsilə pul göndərirdi və o dərnək də mütamadi olaraq uşağın təhsiliylə bağlı Tuğbaya məlumat verirdi. Hətta o, uşaqla bəzən görüşürdü.

Bu fikir mənim çox xoşuma gəlmişdi və Türkiyədə oxuyub, sonra işləməyə başladıqdan sonra qərara gəldim ki, ilk özüm bu hərəkatı başlayım. Və bu ildən uşaqları seçməyə başladım. Tədris ili sonu uşaqların dərs qiymətlərinə də nəzarət edib, əgər indiki gəlirim davam edərsə, 6 Borçalılı uşağı öz himayəmə alıb təhsilində dəstək olacam, hər ay bəlli miqdarda pul göndərib onların dərs ləvazimatı və məktəbli geyimi problemlərini həll etmələrinə dəstək olacam. Və ya ehtiyaca görə rus, ingilis, gürcü dili müəlliməsi tapıb, dil kurslarının xərclərini ödəyəcəm. Önəmli olan onların təhsilinə dəstək olub, inkişaf etmələrinə hansısa töhvə vermiş olmağımdır.

Bu səbəbdən də sentyabr ayından özüm bu yardımlara başlayacam, çünki bu mənim inandığım dəyərlərin bir hissəsidir.

Əlbəttə, mən Borçalı əsilli zənginlər kimi pullu deyiləm. Ama mən sadəcə bəzi gərəksiz xərclərimi azaldıb, ürəyimdə təpər tapıb, inandığım ideyalara, dəyərlərə həm maddi ,həm də mənəvi dəstək olmaq istəyirəm.

Mən inanıram  ki, təhsilə yatırılan yatırım heç vaxt boş və hədər ola bilməz.

Borçalı əsilli bütün iş adamlarına, ümumən imkanı olan hər kəsə səslənirəm, ürəyinizdə təpəriniz olsun, hərəniz heç olmasa bir məktəbli uşağı himayə edin, ayda 50-100 lari yardımı əsirgəməyin. Bəlkə sizin yardım edəcəyiniz uşaq sabah bütün Borçalıya gələcəyin həkimi, vəkili, sənətkarı, mühəndisi, siyasətçisi və s kimi yardım edəcək.

Əgər ürəynizdə sadə borçalılıya yardım etməyə təpəriniz yoxdursa, o zaman kəndlərdəki öz qohumlarınız olan uşaqlara sahib durun, amma mütləq dəstək olun.

Hər dəfə bahalı restoranlarda, saunalarda, gözəllik salonlarında pul xərcləyəndə, bahalı maşınlar, telefonlar alanda sadəcə bir anlıq düşünün ki, bir az qənaət etsəniz və ehtiyacı olan parlaq uşaqlara yatırım etsəniz, gələcəkdə aydın və xilaskar bir gəncin yetişməsində birbaşa iştirak etmiş olarsınız.

Elvin Bunturk

Kultura.az

Yuxarı