post-title

Cəfər Cabbarlının “Oqtay Eloğlu”əsəri barədə

Müsabiqə üçün yazı

 
 
Bəzən düşünürəm ki, insan cəmiyyətinin yazılmamış qanunlarının, əxlaq kodeksinin cəngəllik qanunlarıyla bu qədər oxşar olmasının səbəbi nədir? Cavabı Kiplinq, Nitsşe yaxud Darvində aramaq olar, amma inanmıram onlar da bu suala cavab verə bilsinlər.
 
Cəfər Cabbarlının “Oqtay  Eloğlu”əsərini ilk dəfə 7-ci sinifdə oxumuşdum. Düzü bir şey anlamamışdım. Sonrakı illərdə iki və ya üç dəfə daha oxudum. Bu əsərdən başqa bir də  Viktor Hüqonun “Səfillər” əsərini müxtəlif yaşlarda bir neçə dəfə oxumuşdum. Pyesi son oxuduğumda çox təsir etmişdi, çünki artıq həyatda  pisi yaxşını görmüşdüm az-çox bunların insanın öz seçimlərinin nəticəsi olduğunun fərqinə varmışdım və “Toxun acdan xəbəri olmaz” məsəlini xatırlamışdım.
 
Oqtay...zavallı idealistim mənim. Onu və amallarını məhv etmək üçün sanki bütün cəmiyyət, bütün sevdikləri yarışa giriblər. Onun ideyaları,gözləntiləri zamanını çox-çox qabaqlayır. Kimsənin digərini düşünmədiyi bir dövrdə bütov bir xalqın mənəvi ve mədəni inkişafını ailəsinin, ən doğmalarının məhvi hesabına düşünmək, özü demişkən “bu uğurda aslan kimi döyüşmək”... bumudur divanəlik? Bəlkə də budur, amma nə fərqi bir halda ki,qəlb böyük amallar  üçün döyünür. Kənardan kimlər nələrsə deyir nə fərqi var axı?
 
Oqtayı tutduğu yoldan nə dostunun maddi rifah sözləri, nə ailəsinin səfilliyi, nə də səhnədəki dostlarının duyarsızlığı döndərə bilmir. Bu dönməz ruhu, yorulmaz ürəyi 3 il məhəbbətilə döyündüyü Firəngizin onu yarı yolda qoyması,qürurunu yerlə bir etməsi,şərəfinin tapdanması olur. Əsəri oxuyarkən Aslan bəyin pulu Oqtaya təklif edəndə Oqtayın heysiyyətinə nə qədər toxunulduğunu hiss etməmək mumkun deyil. Nə qədər banal çıxsa da, əsər yazıldığı gündən bu günədək hələ də pula satılmayan insani dəyərlər mövcuddur, xanımlar və cənablar.
 
Əsərdə məni ən təsirləndirən hissə isə Oqtayın onu meyxanada tapan dostlarına “İstəsəniz mən sizi soyundurum. Dostlar,qardaşlar hanı mənim bacım?” sözləridir. Bir xalqın onu mənəvi yüksəlişi uğrunda hər şeydən keçən biri üçün onun tək varlığını qoruya bilməməsini yalnız bu qədər üzünə vurmaq olar.
Firəngiz obrazına gəlincə isə, bir az cəsarətli, bir az qorxaq şərqin məsum yavrusu. Əsərin yazıldığı gündən bu günə qədər 90 ilə yaxın bir sürə keçib yoxdumu ətrafımızda Firəngizlər? Yoxdumu ətrafımızda atası, qardaşı, həyat yoldaşı ziyalı kimi tanınan, lakin evdə müsəlmanın ən degenerat forması kimi hərəkət edən xanımlarımız? Bir xalqın ki Cəfər Cabbarlısı ola, 90-100il əvvəl əsər yaza və bu əsərdəki problemlərin çoxu hələ də aktual olaraq qala hansı mədəni və mənəvi inkişafdan söhbət gedə bilər ki?
 
P.S. Əsəri oxuyarkən Çaykovskinin “Qu gölü” baletinin 10-cu səhnəsinin 1-ci aktını dinləyin. İnanın Oqtayla birgə addımlayacaqsınız onun keçdiyi yolları.
 
Həmidə Aslanlı
 
Kultura.az
Yuxarı