Oğul atanın davamçısıdırsa, diktatorun davamçısı demokrat ola bilməz. Şərt deyil diktator hakimiyyətdədir, ya ofisdə. İtirməyə qorxusu olanlar inqilab edə bilməz. Yaşlı nəslin isə hər zaman nəyisə itirmək qorxusu var. Hər şeydən öncə övladlarını. Bax, o oğullar atalarını itirmək reallığı ilə üz-üzə qoyduqda, inqilab ruhunu söndürməyə heç bir silahın gücü çatmayacaq.
Meydan hərəkatı başlayanda, SSRİ dağılanda məktəbli idim. Hərəkatçıların dilindən tez-tez bu sözləri eşidirdim: "Sovetlər Pavlik Morozovlar yetişdirib. Atanın, ağsaqqalın üzünə ağ olmağı öyrədib. Bizə atasını satan pioner Pavlik Morozovlar lazım deyil".
Uşaq düşüncəmlə özümə sual verirdim: "Axı, bu məktəblinin günahı nədir? Niyə bu insanlar bir pionerə bu qədər nifrət bəsləyirlər?" O zaman Pavlik Morozovu tanımırdım. Böyüdükcə tanıdım. Avtoritarizmin caynaqları daha bərk sıxdıqca, xilaskarımız ola biləcək bir mifi itirdiyimizin fərqinə vardım.
Kim idi Pavlik Morozov? Sovet bürokratiyasında vəzifə tutan, rüşvət alıb sənəd verən, dövlət malını dağıdıb iki arvad saxlayan atanın oğlu. 14 yaşlı gənc. Rüşvət aparatının detalı olan on minlərlə Azərbaycan məmurun oğullarından biri. Dediklərinə, rüşvətxor atanın ifşasına görə atasının qohumları tərəfindən qətlə yetirilmişdi.
Meydan hərəkatçılarının gözündə tək günahı "Ata, sən oğrusan!" deməsi olmuşdu. O, azərbaycanlılar üçün müqəddəs sayılan, şahənşahı tənqiddən belə ağır olan bir kulta üsyan etmişdi. Ağsaqqallıq kultuna. Öz evində atasına etiraz edə bilməyən inqilabçıların gözündə cani idi, mürtəd idi. Onu bağışlamaq olmazdı. Tipik azərbaycanlının gözündə atanı ifşa etməklə ən böyük cinayəti işləmişdi. Bir azərbaycanlı atasına üsyan etmədikcə, o, da Pavlik Morozova nifrət edəcək.
Meydan hərəkatı Azərbaycana müstəqillik verdi. Gəncliyinə inqilab ruhu vermədi. Halbuki devrilən rüşvətxor professorların, bürokratların, orqan işçilərinin cəzasını hökümət deyil, öz oğulları verməli idi. Cəza isə heç yerdən gəlmədi. "Lenin baba yolunda" kultu dağıdılmamış, "Heydər baba" kultu gəldi. Dozasından məhrum edilmiş, "lomka"dan çıxa bilməyən narkomanlara xilaskar kimi gəldi. Bu qocaya ilk üsyan bayrağını gənclər qaldırmalı idi. Amma olmadı. Əksinə döyüşkən gəncliyin simvolu Cavadov qardaşları belə onun yanında yer aldılar. Çünki 1988-də Azadlıq meydanına vəhy gəmişdi. "Ağsaqqalın üzünə ağ olma! Yoxsa satqın Pavlik Morozov olacaqsan". Vəhyi pozansa axirətdə cəhənnəmlikdir.
O illər nəyi itirdiyimizin fərqində deyilik. İndi də deyilik. Fikir verin ölkədə vəziyyət ağırlaşdıqca, müxalifətçilərin də kökü kəsilir. Simalar sına-sına gedir. Habuki əksinə olmalı idi. Bir sınan ataya iki oğul üsyan etməli idi. Olmur, olmadı. Rejim qarşısında susmağı, rahat qocalığı seçən müxalifətçilərin geniş yayılmış bir arqumenti var. "Balalarım var. Onların təhlükəsizliyini fikirləşməliyəm". Bu arqumentin qarşısında hətta prinsipal dostların da qolları boşalır, köhnə dostun, təzə satqının günahından keçirlər.
Bir dəfə Qənimət Zahid "balalarım var" deyib, satılıb çıxan müxaliflər haqqında yazmışdı: "Bəs balaları demir, ay ata niyə satılmısan?" Xeyr, demirlər. Deməyəcəklər.
Azərbaycanın siyasətinə fikir verin. Anar, Zeynəb Xanlarova, Allahşükür Paşazadə. Siyasi liderlər heç zaman bu şəxsləri tənqid etməzlər. Çünki onlar adi şəxs deyil. SSRİ-nin yetişdirdiyi nəsillərin ağsaqqallıq, ağbirçəklik kultlarıdır. Bu insanları tənqid etmək Mehriban Əliyevanı tənqid etməkdən daha ağır, daha qorxuludur. İki-üç nəfər çıxmaq şərtilə cümlə Azərbaycan susur ağsaqqalların qarşısında. İndiki gənclərin də öz aləmlərində yaratdığı ağsaqqallar, buddalar var. Amma bu tamam başqa yazının mövzusudur.
Diktatura qarşısında sınmaq ehtimalı olan hər kəs evində Pavlik Morozov böyütməlidir ki, sapdığı an "Ata, tfu, sənin rüşvətxor sifətinə" sözünü eşitsin. Nəinki demokratın, məmurun, həkimin, universitet professorunun, partiya liderinin. Bugün Azərbaycan gəncliyinin verdiyi ən böyük mücadilə diktaturaya qarşı deyil, doğma atalarıdır. Qul psixologiyası, rüşvət qanda deyil, ata mütiliyindədir.
Bağışla bizi Pavlik Morozov. Mən əsla sənə "satqın" demədim. Çünki səni tanımadan qərar vermədim. Bağışla bizi. 88-də, 93-də səni "satqın" adlandırıb, sonra bir mandata satılan demokratları bağışla. Dünən səni daşlayıb, bugün şeytan qarşısında baş əyənləri bağışla. Radikal ataları ilə birgə susan oğulları bağışla. Pavlik, bağışla bizi.
P.S. "İsa Qəmbər getməlidir" iradını Emin Milli deməməliydi. Turqut Qəmbər atasına, Adnan Hacızadə Hikmət Hacızadəyə deməliydi. Deməli idilər ki, balaca Heydər üçün bir gün "Dədə, dədən getdi. Bəlkə sən də gedəsən" nümunəsi olsunlar.
Ramil Qafarov