Markiz De Sad "Yataq Otağında Fəlsəfə"
Gənc qıza nəzəri və praktik sərbəstlik təhsilinin verildiyi &ldqu…
Çağdaş kapitalizmin başbilənlərindən, bürokratiyasından, orada özünə yer eləmiş faşizmdən, militarist güclərdən nəyi desən gözləmək olardı, ancaq bu kitabda reklam olunan qurğuya onların yazdıqları yorumları oxuduqca, bu yaramazların bizim gözlədiyimizdən də qat-qat artıq düşüncəsiz, qanacaqsız olduqları bəlli olur.
Dilmancdan.
Nyu-Yorkda yerləşən “Beynəlxalq cənaye araşdırmaları”(Internationale İndustriale Revu) yayın evinin, səkkiz avropa dilində buraxdığı bu kitabçanı baxışlarınıza çatdırmağı gərəkli sayırıq.
İlk baxışdan, bu kitabçanı yazan kimsənin ədəbiyyat ilə reklam üzrə bilginliyi gözə çarpsa da, ancaq sonradan onun burada utanmadan yazıya aldığı, ürəkbulandırıcı bayağılıqlarla, iyrənc pornoqrafik detallarla dolu olan bu sicilləməsi, uzunçuluğu ilə oxucunu bezdirməyə başlayır, başqa yandan da o, bu yazısında, özü də bilmədən, qulluqçuluq elədiyi imperialist arsızlığının iç üzünü açıb göstərir. Burası da vardır, kitabçanı oxuduqca, onun içəriyi ilə, adlı-sanlı yazıçı Anatoli Fransın yaradıcılığı arasında hansısa bir doğmalığının olduğu da duyulur. Elə çağdaş oxucuların çox sevdiyi bu böyük yazıçının yaradıcılığındakı bəlli çalarların burada açıq-aydın duyulması da, bizi bu kitabçanı dilimizə çevirib üzə çıxarmağa bir az da artıq ürəkləndirmişdir.
Mənə elə gəlir, burjuaziyanın əxlaqca topal, mənlikcə çürüyüb qoxumaqda olduğu bugünkü çağımızda, onun düşdüyü bu iyrənc durumu yaxşı qavraya bilmək üçün, əlimizdəki bu sənəddən də yaxşı bir örnək tapmaq olmazdı. İşi-gücü bizim kimi oxuyub yazmaq olan adamların da əlinə, indiyəcən, burjuaziyanın iç üzünü beləcə, bütün çılpaqlığı ilə açıb göstərən bir kitabçanın düşmədiyini, sizin qarşınızda açıq ürəklə, boynuma alıram.
Çağdaş kapitalizmin başbilənlərindən, bürokratiyasından, orada özünə yer eləmiş faşizmdən, militarist güclərdən nəyi desən gözləmək olardı, ancaq bu kitabda reklam olunan qurğuya onların yazdıqları yorumları oxuduqca, bu yaramazların bizim gözlədiyimizdən də qat-qat artıq düşüncəsiz, qanacaqsız olduqları bəlli olur.
Mən burada adı keçən yorumçulardan ancaq birini, Şklovcki yoldaşı, bu arsızların sırasına qoşmuram, necə olsa da o, öz yorumunda, bu anlamsız qurğunun törədə biləcəyi durumlara ironiya ilə yanaşa bilmişdir.
Sən demə, fiziologiya elmi: “beyin insan orqanizminin ən gec ölən orqanıdır” deyəndə yanılırmış, sözün düzünü isə rus-bolşevikləri bilirmiş: “Tarix, cəzalandırmaq istədiklərinin öncə ağıllarını əlindən alır.”
Bu doğrudan da belədir, elə ona görə də, bugünkü imperializmin ayrılmaz kəsimi olan ingilis-avropa-amerikanlar, yeni yaratdıqları bu iyrənc qurğunu yaymağa çalışdıqca, onların bu işdəklərindən yayılan pis qoxu bütün dünyanı başına götürməkdədir.
Onların insanlığa sırımaq istədikləri bu iyrənc qurğuya, bizim qarşı qoya biləcəyimiz ən yaxşı “antiseksual” dirənişimiz, elə onların bu reklam kitabçasını çap eləyib yaymaq olardı, bunu oxuyan insanların dodaqları qaçacaq, üzlərində ürəklə mədənin yaxşı işləməsi üçün çox yararlı olan, qırmızımtıl bir gülüşün izləri görünəcəkdir, bu gülüş həm də, adı çəkilən qurğuyla, bu boğucu sənaye-əxlaq-fizioloji qanmazlıq ilə döyüşdə, ən kəsərli yarağımız olacaqdır.
ANTİSEKSUS.
Patentləşdirilmiş aparatlar.
Berkman, Çotlua, bir də Sonuncunun oğlu(S.o.), Ltd.
Baş İdarələrin yerləri: Berlin, London, Cenevrə, Vaşinqton.
Baş agentliklər bu şəhərlərdə yerləşir:
London, Paris, Kopenhagen, Brüssel, Nyu-York, Varşava, Budapeşt, Bağdad, Pekin, Sinqapur, Şanxay, Honkonq, Melburn, Çikaqo, Frankfurt Mayn, Frankfurt Oder, Tokio, Lissabon, Sevilya, Roma, Afina, Montyevido, İstambul, Anqora, Kəlküttə, Rio-de Janyero, Buenos-Ayres, Məkkə, Qahirə, Vifliyem, İskəndəriyyə, Banqok, Dəməşq; bundan başqa da Hamburqdan Amerikaya üzən bütün gəmilərin, Derulyuft, Lyuf-Qanze hava yolları ilə göyə qalxan uçaqların hamısı bizim agentlərimiz sayılır.
Çox sayqılı ağalar, xanımlar!
Bizim firmamız biri-birinə oxşamayan epoxaların, ölkələrin, mədəniyyətlərin olduğu yerlərdə işləməkdədir. Ancaq bu yerlərin hamısında, demək olar, Arktikadan tutmuş, Antarktikaya kimi, bizim bu qurğuya gərək duyulmaqdadır, sözün düzü, hələ Arktikayla Antarktikada bu qurğudan yararlananlar olmasa da, ancaq tropik ölkələrdəki cəngəlliklərdə belə, bizim alıcılarımız vardır. İnsan istəkləri zamanların, məkanların, iqlimlərin, iqtisadiyyatların üzərində ağalıq eləməkdədir. Bizim metaltökmə zavodlarımızın bu qurğuları düzəldib satışa buraxması da, elə dediyimiz bu istəkləri doğrultmaq, insanların ürəyinə yatan kosmik bir düzənin oturuşmasına yaramaq üçündür, bu gördüyümüz iş, bizim metafizikaya da, əxlaqa da gərəkən bir qulluq göstərmək istəyimizdir. Sizlər üçün ilginc görünə biləcəyini düşündüyümüzdən, istəyirik bunu da biləsiniz, çoxlarının düşündüyünün tərsinə olaraq, bizim işlərimiz yer üzünün hər yerində uğurla getməkdədir, bizim qurğuların satışı, ən uzaqlıqdakı soyuq Quzey bölgələrində də, orta iqlim qurşağında da, tropiklərdə də, get-gedə artmaqdadır.
Buradan isə belə bir sonuca gəlib çıxmaq olar: insan fiziologiyası hər yerdə bir türlüdür, onun özəllikləri, məkandan, zamandan, milliyətdən, mədəni səviyyədən, kitab çapının sayından, lap elə kitab tanımamaqdan, irqcə suyumsuzmu gözəlmi olub-olmamaqdan asılı deyildir.
İnsanların hansısa bəlli gərəklərinin gündəmdə olması, onların ödənilməsi gərəkliyini də ortaya çıxarır. Dünyada hamı, nəsə yaratmaqdan çox, öz gərəklərini ödəmək üçün çalışır, bu elə insanın əyləncələri üçün də belədir, ortalıqda insanın yaşamını dada gətirə biləcək nəsə olmayanda, insanlar özlərinin darıxdırıcı yaşamlarına qapanıb qalırlar. Öz qurğularımızın satışında artıq çox böyük gör-götürümüz olduğu üçün, onların quruluşunu dayanmadan yaxşılaşdırdığımıza görə, bu qurğuları buraxan zavodlarımızın sayı durmadan artdığına görə(1 yanvar 1926-cı ildə onların sayı 224-ə çatmışdır), bizim qurğuların ayrı-ayrı kimsələrin şıltaqlarına uyğun olması üçün onları durmadan yeniləşdirdiyimizdən, biz indi onları Sovetlər Birliyinin bazarlarına çıxarmağı da gərəkli sayırıq, bu bazarın çoxsaylı alıcıları olduğunu bildiyimizdən, burada qazancla işiəyə biləcəyimizi düşünürük, yeni bazarın özəlliklərinə alışmağa çalışmadan heç bir kommersiya uğuru qazanıla bilməyəcəyini də unutmuruq. Dünyada çox yüksək əxlaqları ilə tanınan görkəmli kimsələr də, bizim gördüyümüz işlərin çox gərəkli olduğunu deməkdən çəkinmirlər, dövlətlər, xeyriyyəçilər bizdən yardımlarını əsirgəmirlər, biz də bu yardımların ardı-arasının kəsilməyəcəyinə ürəkdən inanmaqdayıq. Firmamızın başçısı Berkmanın adı, bu il Nobel ödülü almaq üçün irəli sürülübdür, bu il Paris Akademiyası ona etika-estetika üzrə fəxri doktor adını veribdir. Sizin çox gərəkli vaxtınızı almadan, çox dəyərli düşüncələrinizi yormadan, indi də sizə, bizim dünyada tək olan firmamızın işindən, arxalandığı prinsiplərdən, qısaca da olsa, danışmaq istərdik.
Son illərdə çox uzun çəkən savaşların baş verməsi, insanların üzücü seksual korluqlar çəkməsinə gətirib çıxarmışdı, ancaq indi savaşın qurtarmasından keçən sonrakı illərdə bu istəklər yenidən alovlanmağa başlamışdır. Bu artım bizim zavodların da çox gərgin iş rejiminə keçməsinə gətirib çıxarmışdır. İnsanlığın seksual istəklərinin ovudulmaması, böyük sarsıntılara, dağıntılara gətirib çıxara bilir, bunu bildiyimizdən, bütün gücümüzlə işləyərək, ağır əməklərə qatlaşaraq, bu gözlənilən yamanlıqların baş qaldırmaması üçün, özümüzün insanların işinə yarayan gərəkli işlərimizi bacardıqca genişləndirməyə çalışırıq. Seksual duyğuların insanların mənəviyyatı ilə sıx bağlı olduğu da artıq hamıya bəllidr, biz də bunu bildiyimizdən, öz işimizə bir az da artıq can yandırmağa çalışırıq.
Evliliyin, çox uzaq keçmişlərdən müqəddəs sayılması, ər-arvad sevgisinin dəyişməzliyi, onların ancaq biri-biri ilə yatıb durmaları, cinsi istəklərini birgə söndürmələri, kişi ilə qadının ruhlarının biri-biri ilə barış içərisində yaşamasından doğmuşdur. Evlilikdə, həqiqət dincliyə dəyişdirilmişdir. Yaşamda bundan da yaxşısının nə ola biləcəyini, indiyəcən, filosoflardan heç biri göstərə bilməmişdir. İnsan artıq ən böyük həqiqətin dinclik olduğu düşüncəsinə gəlib çıxmışdır. Sənaye ilə kommersiyanın başlıca obyekti isə insanlardır, filosofları onlar bu işdə heç nəyə yaramayan obyektlər sayırlar.
Ona görə də, bizim firma bütün sivil ölkələrdə öz “Antiseksus” adlanan elektromaqnit qurğularını buraxa bilmək üçün patentlər almağa çalışır, bununla da cnisi istəklərlə bağlı ortamda düzənlilik yaratmaq öhdəliyi götürür, beləliklə də insanın ən yüksək özəlliyi olan ruhunun, ilahi bir müqəddəsliyə qovuşub aydınlaşmasının, seksual istəklərin hamı üçün əlçatan olmasının qayğısına qalır, bütün bunlar isə bizim, sivilizasiyanın gəlişməsinə yardım etmək istəyimizdən doğmuşdur. Cinsi istəklərin ödənilməməsi, ruhun yarımçıqlığına gətirib çıxarır, belə bir korluq çəkməyi, bundan doğan çoxsaylı ağrı-acılara qatlaşmağı, biz indiki insana yaraşdırmırıq, bugünümüzdə: əməyin elmi baxımdan təşkil olunduğu, Fordun, radionun, Millətlər liqasının, Rezerfordun olduğu bir çağda, kosmosa uçuşun planlaşdırıldığı bir dönəmdə, buna yol vermək olmaz. İnsanlığın tərəqqisi bugünəcən sınıq xəttlər boyunca getmişdir, yəni onun ayrı-ayrı nöqtələri gücsüzləşərək, başqa nöqtələrdən geridə qalmalı olmuşdur. Bizim firma tərəqqinin düzxətli gəlişməsi, insanın seksual yırtıcılığının aradan qaldırılması uğrunda çalışır, insan təbiətinin yüksək mədəniyyətə, dincliyə çata bilməsi, onun bərabərlik, barış içində yaşaması, planauyğun şəkildə artması üçün əlindən gələni eləyir.
Sosial-iqtisadi böhranlar çağında evliliyin ağır bir yükə çevrildiyi, aliment verənlərin günü-gündən artdığı bir durumda, uşaq doğmağın özünü işə salmaq demək olduğu, kişilərin yoxsulluğu ucbatından qadınların ancaq şairlərin coşqun düşüncələrinin qarabasmalarında dəyərləndirildiyi bu ağır dönəmdə, biz cinslərlə, ruhlarla bağlı ortaya çıxan bu problemlərin çözülməsi yükünü öz çiyinlərimizə götürürük. Bizim firma, bu ortama gətirdiyi yeniliklə, qaba cinsi istəkləri yaxşlıqsevərliyə, mənəvi davranış normasına çevirə bilmişdir. Biz insanların ilişkilərində addımbaşı özünü göstərib əl-ayağa dolaşan cinsi elementi aradan qaldıraraq, onlar arasında ancaq ruh doğmalığına arxalanan ilişkilərin yaranmasına yol açmağa çalışırıq.
Əks cinslərin biri-biriylə bədəncə qovuşmasından doğan dadlı duyğuların insanlar arasında çox yüksək dəyərləndiyini bildiyimizdən, bizim qurğumuzun da bu effekti yarada bilməsi üçün, onun konstruksiyasında bunu doğura biləcək dəyişikliklər eləmişik, bənzətmə aparası olsaq: onillik dustaqlıqdan sonra əlinə düşən gözəl qadından uzun bir sürədə yararlanan keçmiş dustağın duya biləcəklərini, bizim qurğu öz alıcılarına bundan üç qat artıq duydura biləckdir. Bizim patentləşdirilmiş qurğumuzun necə yüksək keyfiyyətli olduğunu bilmək üçün, bu bənzətmə çox yerinə düşür.
Bundan başqa, bizim qurğumuzda yerləşdirilmiş özəl düzənləyici, seksdən duyulan dadlı duyğuların ömrünü sürəkli eləyə bilir, dəyərli alıcıların boş vaxtından asılı olaraq, bu düzənləyici, seksin dadını çıxarmağı bir neçə saniyədən, bir neçə günə kimi uzada bilir. Qurğuya bərkidilmiş özəl planlaşdırıcı şayba, spermatozoidlərin tökülməsini yoluna qoya bildiyi üçün də, seksin ruhun dəngəsini-tarazlığını pozmasının qarşısını alır, yəni orqanizmin üzülməsinə, gücdən düşməsinə yol vermir. Alıcılarımızın ruhca da, bədəncə də yaxşı durumda olması bizim başlıca istəyimiz olaraq qalır, onun sekslə necə duyğulanmaq istəməsi, ancaq onun özündən asılı olmalıdır, bunun üçün də bizim qurğumuzda ona bu işində yardımçı olacaq düzənləyicilər quraşdırılımışdır. Biz alıcılarımızın işinə yarayacaq bütün nəsnələrin qayğısına qalmışıq. Bundan başqa da, artıq çox qocalmış, çoxdan öz seksual güclərini itirmiş kimsələr də bizim qurğuların köməyi ilə yenidən seksual həyata qayıda blirlər. Biz bütün yaşlar üçün, bütün xalqlar üçün işləyirik.
Bu işə başladığımız səkkiz ildə, kişilərlə qadınlar üçün üç, bu tipli qurğular düzəldə bilmişik. Qurğularımızı qat-qat yararlı eləmək üçün yaradılan bu üç tip, alıcıların özəl istəklərini bütün dolğunluğu ilə ödəyə bildiyindən, bazarda yeni tiplərin yaranmasına indilikdə gərək duyulmur. Sovetlər birliyindəki yeni alıcılarımızın qayğısına qalaraq, biz onlar üçün bir çox əlverişli endirimlər də düşünmüşük: həmkarlar ittifaqının üzvləri üçün topdan satış qiymətlərində 20% endirim edilir, qurğularımızı endirimsiz olaraq almaq istəyənlərə pul ödənişləri üçün birillik möhlət verilir. 1926-cı il üçün bizim qurğuların qiymətləri aşağıdakı kimidir:
1. Tip BSs 00042 özəl olaraq işlətmək üçündür, sterilizatoru yoxdur.—20 dollar.
2. Tip BSs 001843 az saylı, biri-biriylə doğma olan adamların(örnəyi: bir ailənin kişi üzvləri üçün) yararlanması üçündür, sterilizatoru da vardır.—40 dollar.
3. Tip BSs 000000401 kütləvi olaraq işlətmək üçündür(ictimai tualetlərdə, qatar vaqonlarında, fəhlə yataqxanalarında, mitinq keçirilən yerlərdə, teatrlarda, küçələrdə, idarələrdə qoyula bilər), qurğuya avtomat-sterilizator da quraşdırılmışdır.—100 dollar.
Qiymətlər enndirimsiz, qabsız olaraq göstərilmişdir, dolların dəyəri frankla uyğunlaşdırılaraq verilmişdir. Qadınlar üçün də, yuxarıda dediyimiz kimi, üç tipdə qurğular düzəldirik, ancaq onların qiymətləri kişilər üçün olan qurğulardan 15% bahadır. Bir daha burada bizim iş prinsipimizdə arxalandığımız mənəvi yüksəkliyin əlçatmazlığını önə çəkərək, sizin varlığınızın ən önəmli kəsimi olan ruhunuzla bağlı olan işlərinizi düzgün qurmalı olduğunuzu böyük sayqılarla andırmaqla, cinsi istəklərinizin sizin iqtisadi maraqlarınıza korluq verə bilməsinin qarşısını almaq istəyiylə, sizə bunları gənəşməyə ürək eləyirik: siz biryolluq azacıq pul yatırmaqla, öz büdcənizdən cinsi istəklərinizi ovutmaq üçün xərclədiyiniz pulları həmişəlik silib ata bilərsiniz, bununla da istər maddi, istərsə də mənəvi yöndə böyük uğurlar qazanmaq yolunu tutmuş olacaqsınız.
Sizin sifarişlərinizi, sorğularınızı gözləyən, gərəkən anlarda sizin yanınızda olmaqdan sayqı duyan: Sovetlər birliyində satış üzrə baş agent, Yakov Habsburq.
Çağdaşlarımız olan ünlü kimsələrin “Antisexus” qurğusu ilə bağlı yozumları.
Bütün dünyada baş verən qanlı savaşlar, insanların çılğın istəklərindən doğur. Savaşdan üzülmüş insanların, böyük umacaqlarla yaşayan siyasətçilərin nə deməsindən, necə istəməsindən asılı olmayaraq, Yer üzündə insan var olduqca, bu savaşlar da olacaqdır. Savaş kişiliyin kükrəyərək üzə çıxmasıdır, yaşam öz təpərini itirmədikcə, kişilik tükənmədikcə, bu savaşlar da qalacaqdır.
Berkman, Şotlua, S.o. firmasının bu qurğularının yaxın gələcəkdə baş verəcək savaşlarda çox böyük önəmi olacaqdır, bu qurğular, döyüşən ordulardakı minlərlə gəncin işinə yarayacaqdır.
Artıq keçmişdə qalan sonuncu savaşda, ordu başçıları öz qoşunlarını ruhlandıran başlıca güclər olaraq tanınırdı. Bəlli olduğu kimi, ardıcıl olaraq namuslu yaşamaq, əsəbləri tarıma çəkir. Əsəbləri tarıma çəkilmiş qoşunlar isə qolayca yenilirlər. Bizə indi, onillərlə öz ruhunun dəngəliyini saxlayayaraq döyüşə bilən ordular çox gərəkdir. Elə bu qurğu da, qoşun başçılarının da, döyüşçülərin də, öz yağılarnı yenmək üçün gördükləri böyük işlərdə onların yardımçısı ola biləcəkdir.
Gindenburq.
Berkman, Şotlua, S.o. şirkəti insan mənəviyyatına qulluq etməkdə yeni bir era aça bilmişdir. İnsan beyninin dünyanı bütünlüklə tənzimləyə bilməsi, tarixin gedişində çata biləcəyimiz ən optimal durum sayıla bilər, bunun üçün də, transformator kimi işləyə bilən tənzimləyicilər yaradılmalıdır, yəni, bu tənzimləyicilər, dünyadakı bütün gerçəkləri özündən keçirib, onları qanunauyğun işləyən avtomatlara çevirməyi bacarmalıdırlar. Ötən çağlarda,–onda mənim iyirmi beş yaşım olardı, özü də yenicə evlənmişdim,–belə bir konunu çözməyə çalışmışdım: mən evliliyin cismani tərəflərini tənzimləmək üçün dəqiq bir formul tapmaq istəyirdim, ancaq o çağlarda mənim bütün düşüncələrim mexaniki konuların çözülməsinə yönəldiyindən, bu yöndə araşdırmalar aparmağa macal tapa bilməmişdim. Ola bilsin, o çağlar mən avtomobil istehsal edən müəsissələr yaratmaqdansa, insan mənəviyyatını avtomatlaşdıran, normallaşdıran qurğular düzəltməyə girişsəydim daha yaxşı olardı, bu elə mənim ruhuma da çox uyğun olardı.
Ancaq nə yaxşı oldu, elə Berkman, Şotlua, S.o. şirkətinin dəyərli yaradıcıları mənim bu gənclik umacaqlarımı doğruldaraq, mənim istəklərimi, toplumun işinə yarayacaq bir biçimə sala bilmişlər. Mən buna ürəkdən sevinirəm.
Yeni sanaye sahəsi yaratmış Berkman, Şotlua, S.o. şirkətinin yaradıcılarına, bütün dünyada tanınmaqlarını, düzəltdikləri bu çox gərəkli qurğularını insanlar arasında uğurla yaya bilməklərini diləyirəm, məncə, bu qurğuları təkcə elə heyvandarlıqla məşğul olan insanların arasında yaymaq azdır, bununla yanaşı, planetimizin heyvanları üçün də belə qurğular düzəltməyin vaxtı gəlib çatıbdır, bu aparat insanların sayını azaldacaqsa, buna uyğun olaraq, heyvanların da sayını azaltmaq gərəkliyi yaranır. Bu işi də həyata keçirə bilsələr, onda firmanın qazancı da, dünyanın mənəvi dayanıqlığı da, indikindən qat-qat artıq olardı.
Henri Ford.
“Antiseksus” qurğusunu araşdırarkən, onun çox baha olduğu da gözə çarpır. Mən öz firmamızın hesablama bürosuna, bizim buraxdığımız məmulatlarla tutuşdurmaqla, bu qurğunu dəyərləndirməyi, onun qiymətini aşağı salmaq yollarını araşdırmağı tapşırmışdım. Onların mənə deməsinə görə, biz bu qurğunun dəyərini 30% aşağı sala bilərik. Gələn ildən biz «Antiiseksus» qurğusunu Detroytdakı zavodumuzda buraxmağa başlayacağıq.
Bundan başqa, biz bu qurğuları beş il möhlətlə satmaq istəyirik, mənə elə gəlir, bu artıq hamının bu qurğunu alıb yararlanmasına yol açacaqdır.
Bununla da, bir yandan fahişəlik biryolluq aradan qaldırılacaqdır, o biri yandan da bütün işsizlər də bu qurğunu alıb ondan yararlana biləcəkdir.
Bizim gənc işçilər, bundan sonra evlənməyə can atmayacaqlar, bununla da onların az xərci çıxacaq, bizə isə əməkhaqlarını qaldırmaq gərək olmayacaqdır, bu isə zavodlarımızın texniki tərəqqisini yavaşıdan səbəblərdən birini aradan qaldıracaqdır.
Fordun oğlu(İezekiil).
İnsan öz toxumundan müdriklik ağacı əkib becərmək üçün yararlanmayacaqsa, onu: düşünmək, doğmalaşmaq, müqəddəsləşmək üçün yaranmış bir varlığın içinə tökməkdənsə, hansısa dəmirin içinə töksə yaxşıdır.
Qandi.
Berkman, Şotlua, S.o. firmasının qurğuları, müstəmləkələri paytaxtdan idarə edə bilmək işini çox yüngülləşdirəcəkdir, bununla da müstəmləkələrdə olan çılğınlığı iə seçilən xalqların, onlara sivilizasiya gətirmiş xalqa qarşı anlamsız dikbaşlığı da səngiyəcəkdir, indi bizə bəlli olduğuna görə, bu sayaq dikbaşlıqdan yaranan xalq üsyanlarının başlıca səbəbi, müstəmləkələrdəki gənclərin cinsi istəklərini vaxtı-vaxtında ovuda bilməməsi olmuşdur. Müstəmləkələrə göndərdiyimiz yüksək görəvli yönətimçilərlə bağı da işlərimiz çox yüngülləşəıcəkdir, bundan sonra onların xanımlarının zorlanması olayları baş verməyəcəkdir. Antuseksus qurğusu olan bu xanımlar özləri bunu istəməsələr, daha onları heç kim zorlamayacaqdır.
Çemberlen.
Mən, bu antiseksus qurğusuna qarşıyam. Bu qurğuda intimlik, insan ruhlarının canlı ilişkiləri nəzərə alınmamışdır, qadına satlıq mal kimi yanaşanda belə, əks cinslərin qovuşması anında, insan ruhlarının yaxınlaşması baş verir. Bu yaxınlaşma, cinsi qovuşma çağında üzə çıxan çox yüksək bir dəyər olaraq, insanları bir anlığına da olsa, təkliyin əzici sarsıntılarından ayırır, onlar arasında doğmalıq, biri-birinə isnişmək duyğuları doğura bilir, bu obqatı isə heç bir antiseksual qurğu yarada bilməz. Mən insanların gerçəkdən baş verən yaxınlığını sevirəm, nəfəs-nəfəsə, göz-gözə dayanıb, qaba cinsi istəklərini yerinə yetirərkən(qarşılaşanların kimliyindən asılı olmayaraq), onların ruhlarının qarşılıqlı olaraq zənginləşməsini, mən əvəz olunmaz bir dəyər sayıram. Bax elə buna görə də, mən Antiseksusa qarşıyam. Mən, canlı, ağrı-acılar çəkən, gülməli, dalana dirənən insan varlığının yanındayam, qoy o, özündəki sısqa həyat şirəsini axıtmaqla, bir anlığına da olsa belə, başqa birisi ilə doğmalaşa bilsin. Mən, yazıq, gülməli, ancaq bununla yanaşı olaraq, diribaş, haçansa çox güclü olacaq insanı sevdiyim üçün də, bu mexaniki qurğunu görməyə gözüm yoxdur.
Çarli Çaplin.
Firmanın yorumu.
“Antiseksusu” bəyənməyən kimsələrin olduğunu da gizlətmədən, Ç. Çaplinin bizim qurğuya qarşı dediklərini də baxışlarınıza çatdırmaqla yanaşı, biz artıq firmamızın ən yaxşı mühəndislərinə “Aniseksus” qurğusunun yeni lahiyəsini hazırlamaq tapşırığı da vermişik, bu yeni yaradılacaq qurğu, təkcə cinsi istəkləri ovutmaqla qalmayacaq, bundan başqa da, insanın yüksək əsəb mərkəzlərinə təsir edəcək, onun kosmosa qovuşmasına, bütün canlı varlıqlarla doğmalaşa bilməsinə, gətirib çıxaracaq duyğularla yaşaya bilməsinə yardımçı olacaq, beləcə də mister Çaplinin andığı yarıtmazlıqları da aradan qaldıra biləcəkdir.
Firmamız, bu sayağı, həyatla bütünlüklə qovuşmaq duyğusunu, hansısa abstrakt bir formada yox, alıcının cinsindən asılı olaraq, hansısa gerçək bir yapışıqlı kişi, ya da qadın obrazı ilə yaratmağı düşünür, bu obrazlar konkret alıcının əsəbi-psixi durumuna uyğun olacaqdır. Ancaq firmamız, bu tipli qurğuların çox sayda satışına da bel bağlamır, bizim bidiyimizə görə, mister Çaplinin dediyi o gerçək sevgi, bütün insanlara xas olan bir özəllik deyildir, ona görə də, öz kommersiya işlərimizi onun dediyi bu duruma uyğun olaraq qurmaq düşüncəsindən də uzağıq. Çağdaş elmi araşdırmaların gəldiyi sonuca görə, sevgi insanlarda bir puhi pozğunluq durumudur, sağlam düşüncəli, əməksevər insanlara xas olan bir özəllik deyildir. Ancaq biz nəinki bütün yaşlar, bütün xalqlar üçün işləyirik, həm də insanlar arasında üzləşilən bütün çoxsaylı fizioloji tipləri də öz işimizdə nəzərə almağa çalışırıq, axı biz, hər şeydən öncə, bütün dünyanın mənəvi saflaşması uğrunda çalışmaqdayıq.
Firmanın göstərişi ilə, mister Berkman.
Cinsi istəyin təkbaşına söndürülməsi, ondan ikinci canlı varlığın uzaqlaşdırılması, bununla da cinsi istəklərin ödənilməsinin hamı üçün əlçatan, qarşısıalınmaz olması, bizi, birbaşa insanca saflaşma yoluna çıxarır, bu qurğu, daxili sekresiya vəzilərində ayrılan dəmirin orqanizmdə toplanmasına, onun öz yararları üzrə işlənmənsinə gətirib çıxaracaqdır.
Professor Şteynax.
Antiseksusdan yararlandıqdan sonra, elə bil yenidən gəncliyinə qayıdırsan, çox dərin yuxya gedirsən. Mən sonuncu iyirmi beş ildə belə bərk yatmamışdım. İndi elə bil, illərdir bədənimdə buzlaşıb qalmış gəncliyimin donu açılmışdır. Mən antiseksusu düzəldən fabrikantlara: çox sağ olun deyirəm. Mənim qızım, Berkman, Şotlua, S.o. firmasının adına, Qalıcı Gənclik institutu açmaq üçün mənə ağız açmışdı. Mən onun sözünü yerə salmadım, bu gərəkli işi görmək üçün gərəkən pulu ayırdım.
Morqan.
Antiseksual qurğuların ortaya çıxması ilə biz, insanların ilahi duyğulara qovuşmağa can atmasından doğan cinsi istəklərini söndürərkən baş verən gözəl tərpənişlərini, cismani çalışmalarını aradan qaldırmış oluruq. Belə bir itkiyə görə, acımağa dəyər.
Ancaq bunun qarşılığında biz, indən belə, cinsi istəklərimizi ürəyimiz istəyən kimi ovuda biləcəyik, bu işi görə bilmək üçün vaxta qənaət edəcəyik, bizim ən başlıca qazancımız isə, sağlamlığımızı qorumaq, bir də qadın şıltaqlarından qurtulmaq olacaqdır. Bütün bunlara görə də, bu qurğunun yaradılmasını alqışlamağa dəyər… Bir də, mənə elə gəlir, erotikanın çağdaş kinoya yol tapması bu itkilərimizin yerini doldura biləcəkdir, biz orada göstərilən, yırtıcı çılğınlıqdan, anlaqsız davranışlardan arınmış cinsi ilişkiləri, onların baş verməsi anlarında, saflığını itirməyən bədənlərin estetik tərpəşmələrlə necə biri-birinə qovuşduqlarını gördükcə yaşadığımız duyğular, yaranan boşluğun yerini dolduracaq, bizim üçün büsbütün yetərli olacaqdır.
Duq Ferbenks.
Dünya sivilizasiyaya çatmağa doğru yol gedir, gələcək dünyada mədəniyyətə yer qalmayacaqdır: gələcəyin insanı, ruhca ölgün, düşüncələrinə görə pessimist olacaqdır. Gerçək sivilizasiyanın bayağı müstəvisində, faustsayağı ruha, evliliyə yer olmayacaqdır, öz orqanizmlərində ruha çevrilə bilməyən bütün üzvi quruluşlardan, onların yaratdığı maddi güclərdən qurtulmağa can atmaq, insanların düşüncəsində başlıca yeri tutacaqdır. “Antiseksus” qurğusu bizə, qarşıdan gələn o böyük epoxadan soraq verməkdədir, bizim qovuşmaqda olduğumuz ölü sivilizasiya dönəmini andırmaqdadır, bu yeni sivilizasiyanın işimizə yarayacaq binasının özülü, yox olmuş insan mədəniyyətlərinin üstündə qurulacaqdır.
Osvald Şpenqler.
“Antiseksus” avtomatik qurğusunu işlətmək çox qolay olduğundan, uzaq yola çıxanlar üçün də çox yararlıdır. Mənə elə gəlir, bundan sonra düzələn bütün ekpedisiyalar üçün, bu qurğu da ən gərəkli avadanlıqların sırasına qatılmalıdır. Ekspedisiyaya çıxanların bu qurğu ilə yaraqlanması, onların işlərinin uğurla başa çatmasına çox yarayacaqdır.
Sven Qedin.
Mən Rusiyada olanda, belə bir şərqi eşitmişdim:
Aravadı südçü olsa,
Kişi çəkməz korluğu:
Evindən əskik olmaz,
Yağı, şoru, qaymağı.
Avropanın günü-gündən yoxsullaşdığı, elə Rusiyanın da, çox da varlı olmadığı bu günümüzdə, adambaşına bir südçü arvadın olması başa tutacaq bir iş olmadığından, ən yaxşısı, mexaniki «südçü» əldə eləməkdir, bu da elə bizim “Antiseksus” qurğumuz deməkdir. İnsanalar hər il fahişələrə beş yüz milyard manat pul dağıdırlar, bunun üstünə sağlamlığın itirilməsini, vaxt itkilərini də gəlsək, necə böyük dağıntılara yol verildiyi açıq-aydın görünür, bundan başqa da, Yer üzündəki insan toplumlarının içində, fahişələrlə onların oynaşlarının yığnağından, yeni bir yaramaz sinif də ortaya çıxmışdır, habelə fahişəlikdən törəyən çoxlu sayda başqa yamanlıqlar da günü-gündən artmaqdadır. Bütün bu yaramazlıqların qarşısını almaqla, hər il əldə edə biləcəyimiz trilyon manata yaxın qazanc, insanların hamısını südlə, şorla, yağ-qaymaqla doyurmağa yetərdi, kişilər də hansısa südçü işləyən qadının əlinə göz dikib, özlərini sındırmalı olmazdılar.
Bəli! İldə trilliyon manat qazanc, hamının əlinin doyumlu ağartıya çatması, ancaq Antiseksusla baş tuta bilər! Ona görə də, bizim əldə etdiyimiz Antiseksus qurğusu, istənilən iqtisadi yenidənqurmadan qat-qat üstündür.
Keyns.
Mən yazmaqdansa, iş görməyə üstünlük verirəm. Mən özünü mədəni sayan adamların hamısının antiseksuslarla yaraqlanmalı olduğunu düşünürəm, bu qurğu, evdə də, döyüşdə də, onların işinə yarayacaqdır. Bizim kral, Antiseksus qurğusundan gömrük rüsumu almağı, onun satışından gəlir vergisi tutmağı yasaqlayan qanun vermişdir. Cinsi öhdəliklərindən, bunların törətdiyi əngəllərdən qurtulmuş qadınlar, bundan belə, bizim ölkəmizim ən diribaş, ən gərəkli vətəndaşlarına çevrilə biləcəklər. Bizim faşist partiyasının üzvlərinin hər birinin antiseksus qurğusu işlətməsi məcburidir, bu qurğu kraldan tutmuş ən yoxsul kimsələrədək, hamıda olmalıdır.
Mussolini.
Xaç yürüşləri necə artıq keçmişdə qaldısa, bir azdan qadınlar da bunun kimi keçmişə kömüləcəklər. Antiseksus, üstümüzə işıq saçan Günəşin yolunu açan dan yerinə oxşayır. Məncə, bu qurğunun nələr törədəcəyi kimsəyə qaranlıq deyil: burada onsuz da tapa bilməyəcəyiniz hansısa mahiyyəti axtarmağa dəyməz, burada avtomatlaşdırma epoxasının ən başlıca dəyəri olan forma vardır, bu epoxada mahiyyət öz dəyərini itirərək yox olur, öz yerini formalara verir. Bu günümüzdə, adamlara olduqca dadlı gələn bir utanmazlıq duyğusu yaranaraq, dövlətlərin dəyişməz bir ənənəsinə çevrilir, bu utanmazlığa araxalanıb hakimiyyətə yiyələnmək, insanlara günü-gündən daha da dadlı gəlməyə başlayır. Çağdaş günümüzdəki, prezervativin içindəki alaqaranlığa oxşayan yaşamın yerini, artıq, yavaş-yavaş da olsa, işıqla dolu bir yaşam tutmaqdadır.
Viktor Şklovcki.
Firmanın duydurması.
Bizim Antiseksus qurğusu üçün deyilən bütün yorumları bu kitabçada yerləşdirə bilmədiyimizdən, yaxın günlərdə bu yorumların toplandığı üçcildliyi buraxmağı planlaşdırmışıq. Burada dünyanın bütün görkəmli adamlarının: duyğular, poeziya, elm, yaxşılıq, yararlıq, sosial-demokratizm, maliyyə, siyasət, kommunizm, texnika, estetizm üzrə çalışmaları ilə ad-san qazanmış kimsələrin yorumları toplanmışdır. Birinci cilddə aşağıda adı çəkilən görkəmli kimsələrin yorumları ilə tanış ola biləcəksiniz: L. Averbax, Zemlyaçki, Korneli Zelinski, Sun-Tszi-Lin, Baçelisa, Qrossman-Poşin, Deterdinqa, C. Budantsova, Lourens Vindrouero, Osinski, general Po-lu-qoy, Tarasova-Radionova, professor Vestinqauz, Kirşona, habelə bunlar kimi çoxlu ünlü kimsələr.
Fransız dilindən Andrey Platonov çevirmişdir.
1926-cı il.
Hekayəni rus dilindən Araz Gündüz çevirmişdir.
Kultura.Az