Festivalın ənənəsinə görə onun konsepsiyası hər il bir dünya şöhrətli bəstəkara həsr edilir. Səhnəsinə vaxtilə Krzysztof Penderecki, Mauricio Kagel, Karlheinz Stockhausen, Steve Reich və s. kimi tarixi bəstəkarları dəvət etmiş Festival bu il amerikan bəstəkarı John Cage-in yüzilliyinə həsr edilmişdir.
Festivalın bu ilki proqramında yer alan, gənc azərbaycanlı bəstəkarların iştirak etdikləri “Quinär” (Beşlik) layihəsi gənc kultur-menecer, Robert Bosch Fondunun kultur-menecment proqramı üzrə təqaüdçüsü, hazırda Almaniyada həmin sahə üzrə magistr pilləsində təhsil alan Vazeh Mustafanın rəhbərlik etdiyi ilk beynəlxalq layihədir.
V.Mustafanın sözlərinə görə “Quinär” layihəsində Azərbaycan gənc bəstəkarları – Ayaz Qəmbərli, Firudin Allahverdi, Səid Qəni, Tahir İbişov və Türkər Qasımzadə öz əsərləri ilə iştirak ediblər. Peşəkar və qeyri-peşəkar auditoriyanın performans sonrakı “sənətçilərlə müzakirə”də müsbət təəccüb və ölkənin müasir incəsənətinə maraq doğuran sualları Azərbaycanın XXI əsr Dünya akademik musiqi səhnəsində tədricən öz yerini tutduğuna və tədricən gündəmə gəldiyinə bir işarə idi.
Bəstəkarların bu festivalda iştirakını təmin edən “Quinär” (Beşlik) layihəsi Azərbaycan üçün indiyədək ən irimiqyaslı bəstəkar layihələrindən biri oldu. Layihə, Azərbaycanlı prizmasından dünyaya müstəsna baxışa malik olmuş, gənclərin daha çox və davamlı uğur qazanmasına çalışmış bəstəkar Qara Qarayevin əsasını qoyduğu “yeni bəstəkarlıq məktəbi”nin növbəti böyük uğuru idi. Yeni bəstəkarlıq məktəbinin erkən nümayəndələrindən olan Elmir Mirzəyev də Festivala peşə üzrə rəsmi və qeyri-rəsmi ustad diskussiyaları ilə qatılaraq uğurla yetişməkdə olan gənc bəstəkarlara yenidən dəstək oldu.
Təxminən bir saat davam edən performans gənc Alman rejissoru Benjamin Schindler`in özündə, canlı fəzanı büruzə verən abstrakt konsepsiya çərçivəsində qurduğu video instalyasiya ilə müşaiət edildi. Geniş diapazonlu texniki stilə malik gənc vokal Almut Kühne performansın sonunda gecəyə özünəməxsus çalar qataraq Benjamin Schindler və Türkər Qasımzadə ilə birgə elektron improvizasiya etdi. Bəstəkarların əsərlərini ifa edən “Ensemble Quinär” Drezden yeni musiqi ansamblı “courage” tərəfindən yaradılmışdır. Bununla da Azərbaycan gənc bəstəkarlarının “TonLagen” festivalında iştirakları həmçinin Drezdenin yeni musiqi səhnəsinə xüsusi töhvə vermiş oldu.
Qeyd edək ki, gənc Azərbaycan və Alman sənətçilərini “TonLagen” Drezden müasir musiqi Festivalında bir səhnəyə gətirən “Quinär” layihəsi Robert Bosch Fondunun, Saksoniya Müstəqil Əyalətinin Mədəniyyət Fondunun, HELLERAU - Avropa İncəsənətlər Mərkəzinin və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilib.
Kultura.Az