Qəbiristanlıq nə üçün lazımdır?
"Yaxşılıq və ya yamanlıq etmək məsələsini hər kəs özü üçün həll edir. Daha gözl…
Kulis.az saytında Yazıçılar Birliyinin Natavan klubunda keçirilmiş Ramiz Rövşənin yetmiş illik yubiley tədbirindən reportajı oxudum və düşündüm. Düşündüm ki, görəsən Ramiz Rövşən özü Yazıçılar Birliyində yubiley tədbirinin keçirilməsindən, ümumiyyətlə vəziyyətin bu cür hal almasından razıdırmı? Neçə ildi onun haqqında yazmaq, nə yaxşılığa nə də pisliyə heç adını da hallandırmaq istəmirəm. Bunu özümə qəti qadağan etmişəm. Hətta Ramiz Rövşən yazdığı şeirdə indiki vətəni sevməyi zorlanmış qızı sevməklə müqayisə edəndə də və bu poetik cəfəngiyyat xeyli adamın başını dumanlandıranda da özümü güclə saxladım. Hərçənd bu şeirlə bağlı şəxsi söhbətlərdə dediklərimi yazıya çevirib nələrsə yaza bilərdim. Bəli, onun haqqında yazmağı özümə qəti qadağan etmişdim. Lakin Yazıçılar Birliyinin Natavan klubunda keçirilmiş tədbirdən reportajı oxuduqda yaranmış suallar bəndənizə rahatlıq vermədi. İnanın bu gün səhər yuxudan oyandım və eləcə yerimin içində o tərəfə bu tərəfə çevrilə-çevrilə suallara cavab axtardım. Ona münasibətimin necə olmasından asılı olmayaraq düşündüm ki, Ramiz Rövşənin yetmiş illik yubiley tədbiri bu cürə keçirilməli deyildi. Kimdir günahkar? Hakimiyyət, xalq, müxalifət, yoxsa Ramiz Rövşənin özüdür günahkar? Kimin üstünə ataq günahı? Bəlkə elə şairin özü demişkən “Hamı günahkardır dünyada amma, Dünyada heç kəsin günahı yoxdur” ?
Axı Ramiz Rövşən Azərbaycanda ən az nəşr olunub ən məşhur olan, şeirləri ən çox əzbərlənən, adı ən çox hallanan şairdir. Hətta deyərdim ki, Səməd Vurğundan sonra ən məşhur şairdir. Siyasi düşüncəsinə görə Azərbaycanda adamlar iki yerə bölünən vaxtlarda belə Ramiz Rövşən həm iqtidar həm də müxalifət nümayəndələrinin aşkar ya da qeyri-aşkar, birbaşa ya dolayısı ilə şair kimi qəbul etdikləri, hörmət bəslədikləri adam olub. Bəs nə baş verdi? Bəlkə Ramiz Rövşən öz şöhrəti ilə necə davranmağı bacarmadı? Axı şöhrət çox ağır, olduqca ağır yükdü. Adamın gözünü tutur. Hər adam şöhrətlə davranmağı bacarmır. Yaşın çox ya da az olmasının fərqi yoxdu, şöhrətlə davranmaq üçün adamdan müdriklik tələb olunur. Bəlkə Ramiz Rövşən müdrik olmağı bacarmadı? Bəlkə yol Ramiz Rövşəni cəzalandırdı? Axı yol səmimiyyəti sevir, yola qarşı qeyri-səmimi münasibət göstərən adamı yol çox pis cəzalandırır. Axı yolda qazandığını gərək yolun daha da genişlənməsinə, abadlaşmasına, başqalarının daha rahat addımlamasına, yolçuların daha çox çoxalmasına sərf etməlisən. Bəlkə Ramiz Rövşən adamlardan daha artıq diqqət gözləyirmiş və bu diqqəti görmədikdə inciyib adamlardan? İnciməyə onun haqqı varmı? Axi ona hər zaman lazım olan diqqət göstərilib.
Miqyası eyni olmasa da təxminən belə suallar iki-üç il əvvəl də bəndənizi narahat etmişdi. Rəşad Məcidin ad günü idi. Ona yönəlik bəlağətli təbrikləri, təbrik mahiyyətli yazıları oxuduqda ilk baxışdan kiçik, amma mənim üçün böyük görünən bir məsələni kəşf etdim. Rəşad Məcidi təbrik edənlərin arasında bir nəfər də olsun yarımazad adam yox idi. Təbrik edənlərin əksəri ədalətsiz, bioqrafiyaları ləkəli, reputasiyaları zədəli adamlar, peşəkar yalançılar, professional yaltaqlar idi. Düşündüm ki, görəsən Rəşad Məcid bu adamların təbriklərini oxuduqda özünü necə hiss edir? Ötüb keçən illəri, həyatı haqqında hansı hisslərlə düşünür? Görəsən daha kimdən o, təbrik almağı istəyərdi? Axı harda, necə, kimlərin arasında keçirilməsindən asılı olmayaraq ad günündə adam ötən illəri, həyatı, münasibətləri, əldə etdikləri, itirdikləri haqqında düşünməyə məcbur olur. Ümumiyyətlə Rəşad Məcid heç bu haqda düşünürmü? Bəlkə mən onun haqqında yüksək fikirdəyəm, o ümumiyyətlə yuxarıda yazılanlar haqqında düşünmür, vəziyyətindən, halından, reputasiyası zədəli, bioqrafiyası ləkəli adamlardan təbrik məktubları almaqdan məmnundur. Yadıma Turgenyevin “Rudin” əsərindən bir məqam düşür. O məqam ki, bir neçə adam həqiqət haqqında söhbət edirlər. Və Piqasov, acıdıl Piqasov Darya Mixaylovnaya deyir: “Allah xətrinə, Darya Mixaylovna, həqiqət sizin nəyinizə gərəkdir? Sizin üçün həqiqətsiz yaşamaq aşbaz Stepansız yaşamaqdan daha asandır”
Bəlkə doğurdan da Rəşad Məcid üçün də həqiqətsiz yaşamaq aşbaz Stepansız yaşamaqdan daha asandır.
Rəşad müəllimi rahat buraxaq, hər şey bir tərəfə, bir suala cavab tapmağa ən azı cəhd etməliyik; Yazıçılar Birliyinin Natavan klubunda yubiley tədbiri keçirməyə və orda iştirak edən adamlardan xoş sözlər eşitməyə Ramiz Rövşənin nə ehtiyacı var? Axı xoş sözün kim tərəfindən deyilməsi çox vacib şərtdir. Stalinin yaratdığı bir təşkilatın təşkil etdiyi yubiley tədbirində deyilən təbriklərdən adam hansı həzzi ala bilər? Əgər bu tədbir 37-ci ildə keçirilsəydi Ramiz Rövşəni başa düşmək olardı. Yəqin ki bu cümlələrin müəllifi də arxa sıralarda otursa da tədbirdə iştirak edən adamların arasında olardı. Ağır dövrlər idi. Mən ümumiyyətlə insanın dillemma qarşısında qalmasını, güclə, qorxuyla, çörəklə imtahana çəkilməsinin əleyhinəyəm. İndi ki, 37-ci il deyil. İndi ki, Ramiz Rövşən üçün ya sürgün, ya güllələnmə, ya da Yazıçılar Birliyində gəzib-dolaşmaq dilemması mövcud deyildi. İndi ki, heç kim onu ora zorla aparmayıb, özü gedib. Hələ bir şair vardı. Vardı ona görə yazıram ki, hələ yaşasa da onun haqqında keçmiş zamanda danışsaq daha yaxşı olar. Dar ağacına salam verirdi, şeytan, mələk, göy üzü, göy üzünün o üzü, buludsuzluğun buludsuzluğu kimi mənasız söhbətlərlə bədii zövqü olan bir neçə adamın zəhləsini töksə də psevdolirikaya və poetik cəfəngiyyata meylli xeyli adamın rəğbətini qazana bilmişdi. Günlərin bir günü özünü tanrının yerdəki mirzəsi adlandıran bu şair Yazıçılar Birliyindən istefa verdi. Demə ad günündə Yazıçılar Birliyi bu şairi təbrik etməyibmiş. Səbəb bu imiş. Tanrının yer üzündə katibi Yazıçılar Birliyindən təbrik gözləyirmiş. İddiaya bax, incikliyin səbəbinə bax. Heç olmasa bir az ağıl bir az da biclik işlədib incikliyinin səbəbini açıb ağartmasaydı daha düzgün addım atmış olardı.
Bu adamlar əvvəldən belə idi, yoxsa hadisələrin axarı onları belə cılızlaşdırdı? Kimdir günahkar? Özləri? Yoxsa vəziyyət? Niyə Ramiz Rövşənin yubileyi daha təmtəraqla keçirilməməlidir? Niyə adamlar bir-birindən bu qədər aralı düşdü? Bu suallar daha çox bir vaxtlar Ramiz Rövşənə ifrat heyranlıq edənlərə aiddir. Mənə qalsa Ramiz Rövşənə münasibətimi bir neçə il əvvəl “525-ci qəzet”də onun Rəsul Rza haqqında heyranlıqla, təriflərlə dolu yekə bir yazısını oxuduqdan sonra qəti olaraq müəyyən etmişdim. Dəqiq deyə bilməyəcəm neçənci il idi, amma orası dəqiq yadımdadır ki, həmin vaxtlar Ramiz Rövşən haqqında mənfi bir cümlə yazanda müxalifət yönümlü yazarlar adamı sağdan-soldan qamçılayırdılar. Get işinlə məşğul ol, özün hələ yönlü bir şey yaz sonra başqalarını tənqid edərsən kimi cümlələr işlədirdilər. Eyni düşərgəyə mənsub olduğun adamlardan bu sözləri eşitmək asan deyildi, amma digər tərəfdən Rəsul Rza kimi mənasız, paxıl, dayaz, istedadsız, konyukturşik bir adam haqqında təriflər yağdıran tirajlı, hörmətli, məşhur bir şəxsə qarşı öz tərəfimdən münasibətimi qəti müəyyən etməkdə, bunu açıq deməkdə haqlı olduğumu düşünürdüm. Nə qədər yekəbaşlıq, cığallıq kimi görünsə də dayaz, istedadsız, paxıl, hər cürə istedada nifrət edən Rəsul Rza haqqında təriflər yağdıran, Rəsul Rzanın özü kimi istedadsız, mənasız, dayaz oğlu Anar Rzayevlə dostluq münasibətində olan Ramiz Rövşəni ciddi adam kimi qəbul edə bilməzdim və digərlərinin də bu adi həqiqəti başa düşməməsinə təəccüb edirdim. Bunu açıq dilə gətirdikdə hətta ən yaxın münasibətdə olduğum adamlarla belə konflikt yaranırdı. Rəsul Rza demişkən...