post-title

Müharibəyə getmək

Müharibəyə getmək, qan tökmək, düşmənin ölümünə, düşmən saydığımız xalqın hər uğursuzluğuna, bədbəxtliyinə sevinmək (sanki onlar insan yox, hər hansısa bir parazitdir) kimi insanlığa zidd fikirlər beyinsiz ata-bablarımızdan bizə qalan axmaq miraslardandır.

 

Bu  fikirlər düz balacalıqdan bu yana deyilir bizə. Məktəbdə, televizorda, universitetdə, işdə, küçədə, evdə - qısası, hər yerdə bu fikirləri aşılayırlar bizə, insanda hətta qan tökməyin, düşmən başı kəsməyin, düşmən ölkənin tənəzzülünə sevinməyin mastrubasiyadan daha vacib bir şey olduğu fikrini formalaşdırırlar bizdə. Adımız müharibə şəraitində olan ölkələr siyahısında olsa da (indiyə kimi adımız heç vaxt fərli siyahıda olmayıb, rüşvətə görə, insan haqqlarının pozulmasına görə tutulan siyahılarda ön yerlərdən birini tutmuşuq, buraxmaq da istəmirik), müharibənin olmayacğanı bilirik, niyəsini də həmçinin Ancaq buna baxmayaraq müharibənin olacağına inanlar da var,  bunu arzulayanlar da. Savadsızlıq və düşüncəsizlikdən əziyyət çəkən cəmiyyətimizdə bu tip insanlar hətta çoxluq təşkil edir. Çünki onlar ata-babalarından qalan bu cür iylənmiş mirasların layiqli davamçıları və varisləridir.
 
Düşmən dediyimiz erməni millətinə hər nə qədər desən çirkin iftira atmışıq bu günə kimi: onların tarxi kökləri yoxuymuş, ermənilər adam deyilmiş, işləri-gücləri qurtarıbmış da elə bütün günü biz türklərə soyqırım ediblər, ağzımıza veriblər və s. 
 
Uşaq vaxtı yadıma gəlir yanımda danışılan cəfəng sözlərin təsirindəniydi ki, mən erməniləri uzun saqqallı, təpəgöz, adamyeyən kimi təsəvvür edirdim, kreativ valideynlər isə yatmayan, sözə baxmayan uşağı cin, xoxanla deyil, erməniylə qorxudurdular, indi də bu fikirlər dəyişməyib. 
 
Müharibəni arzulayanlar  hələ də müharibə həsrətiylə yaşayır, öz kişiliyini, erməniyə nifrətini nümayiş elətdirmək üçün fürsət axtarır, onlar müharibənin aclıq, qan, cəsəd, cəbhə dostlarının bir-bir gözünün qabağında ölməsi, şəhərlərin, kəndlərin xarabaya dönməsi, öldürdüyünün kiçik bir parazit deyil, arzuları, ümidləri olan, ana-atasının, sevgilsinin həsrətlə gözlədiyi insan olması kimi acı reallıqları ya görmək, başa düşmək istəmirlər, ya da görmürlər, başa düşmürlər. Seymur Baycan demişkən, müharibənin bir xüsusiyyəti var: zamanla insanı dəhşətə salan hadisələr başqalarında sadəcə romantik hisslər doğurur. Necə ki, əsgərliyə getməyənlər onun “kişilik məktəbi” olduğuna inanırlar, gedəndən qısa müddət sonra isə bu fikrin sadəcə böyüklərin osturağabasmasının məhsulu olduğunu görürlər. Döyülürlər, söyülürlər, tualet təmizləyirlər, ama evə gələndə əjdahaya dönürlər, “dembli” olanda təzə gələn ana quzusu “molodoyları” necə döydüklərini fəxrlə danışırlar. “Bəs sən döyülmüsən?” sualına isə ya “əsgərlikdə hamı mütləq döyülür, ama mən cüzi döyülmüşəm”, ya da ki, “yox, mən özümü döydürəcək hərəkət etməmişəm” deyirlər, bütün günü mətbəxdə kartof soysalar da evə ancaq cəmi 3 dəfə tətiyinə basdığı avtomatla, ayda-ildə bir dəfə gördüyü tankla çəkilmiş şəkillərini göndərirlər.
 
Müharibədən danışanlar da, müharibəni arzulayanlar da qulağımızın eşidəcəyi hər yerdə danışılan xülyalara qapılırlar, belələri gerçəklik hissini unudurlar, ta ki gedib müharibənin ortasına düşənə qədər... Ordaisə dözməyərək ya dəli olurlar, ya fərari.
 
Müharibə haqqında çox filmlər çəkilib, əsərlər yazılıb, bir çoxu iylənmiş fikirləri beynimizə masrbubasiya etməyə xidmət etsə də həqiqətən müharibənin gerçək üzünü göstərən əsərlər də var. Remarkın Qərb cəbhəsində yenilik yoxdur əsəri kimi. Bu yaxınlarada oxuyub qurtardım o kitabı. Orda belə bir səhnə məni çox tutdu. Deməli, əsərin qəhrəmanı onun olduğu yerdən keçməyə, daha doğrusu, qaçmağa çalışan düşmən əsgərini ölümcül yaralayır və atəş davam etdiyi üçün onunla bir neçə gün, düşmən əsgəri ölənə qədər eyni xəndəkdə qalır. Onun ciblərini eşələyəndə düşmən əsəgrinin adı və sənəti yazılan kitabça, arvadına yazılmış məktub və qadınıyla uşağının şəkillərini tapır. Xəndəkdə onunla yanaşı oturan qəhrəmanın fikirlərini olduğu kimi yazıram: “Dostum, mən öldürmək istəmirdim. Bir də bura atılsaydın, bunu etməzdim. Əlbəttə ki, sən özünü yaxşı aparsaydın. Əvvəl sən mənim beynimdə yaşayan və mənə qərarımı diktə edən mücərrəd anlayış uydurma ideyalar olmusan. İndi mə mən həmin uydurma ideyaları öldürdüm. Amma indi görürəm ki, sən də mənim kimi bir insansan. Mən sənin əl qumbaran, süngün və silahın barədə düşündüm. İnddi isə sənin üzünə baxıram və arvadını, həmçinin ikimizin də malik olduğumuz ortaq şeylər haqqında düşünürəm. Bağışla məni dostum! Biz həmişə bunu çox gec görürük. Axı bizə əvvəldən niyə demirlər ki, siz də bizim kimi yazıq insanlarsınız, analarınız bizim analarımız kimi oğulları üçün eyni dərd çəkirlər, siz də bizim kimi ölümqabağı qorxursunuz, eyni ölüm və eyni ağrılarınız var? Bağışla məni, dostum! Axı sən necə məınim düşmənim ola bilərsən? Əgər silahı və hərbi formanı çıxardıb atsaq, sən də Kat və Albert kimi qardaşım ola bilərdin. ..”
 
Qəti heç kim deməsin ki, ermənilər bizim ana-bacılarımızı zorlayıblar, başını kəsiblər və s. Bir ovuc quldurun, qaniçənin etdiyini bütün xaqlın adına yazmaq tpoyluqdur.  Həm bu suçlamalar qarşılıqlıdır, hər iki təfərdə eyni vəziyyətdir: hamı günahı digər xalqda görür, düşmən xalqın dilsiz-ağızsız körpəsinə belə nifrət edir, adətləri, yeməkləri, hətta siyasəti, diktatorları oxşar olsa da əsrlərdir qonşu olan, indi isə düşmən dediyimiz millətdə baş verən hər uğursuzluğa sevinirlər, bu düşmənçiliyin hansısa bir siyasi oyun olmasını belə dərk etmirlər. Remarkın dediyi kimi: “ Görürəm ki, millətləri bir-birinin üstünə qaldırırlar, insanlar kor kimi iradələrinə tabe olaraq bir-birlərini öldürürlər. Onlar nə etdiklərini, hansı günaha sahib olduqlarını belə bilmirlər...”
 
Ümid Xəzər
 
Yuxarı