Ev tikəndə seksi nəzərə almadı
Narahat olmayın, Kafka yaradıcılığından danışmağa niyyətlənməmişə…
İkili həyat yaşayırıq: biri real, o biri virtual dünyamızdı. Virtual dünya xəyalların gerçəkləşdiyi sehrli aləm kimidi. Realda sərhədlər sənsiz çəkilir deyə dəyişmək çətindi, o birində isə məkanın xəyalların boydadı, böyüdə bildikcə böyüdəcəksən. Realda “olduğundan artıq görünə” bilmirsən, amma virtualda “göründüyündən çox olmaq” özünə bağlıdı.
Virtual aləmdə cavan oğlan rahatca Çe Gevara sayaq qəhrəman, təzə kəkil çıxarmış qız “noxud üstə yatan şahzadə”, siyasət həvəskarı siyasi xadim, status yazan yazıçı, siyasi coğrafiyanı bilən geopolitik – bir sözlə, xəyalındakı adam ola bilər.
Şair oxucularını poeziya gecələrindən, müəllim tələbələrini auditoriyalardan, siyasi lider tərəfdarlarını meydanlardan başına yığar.
Sosial şəbəkələr həm də hər cür tədqiqat üçün bol material yeridi. Araşdırmağa nə qədər desən mövzu var. Həvəsim model qız duruşlu fotolarını paylaşan, yaşı yaş qalağı olmuş qadınların psixoloji durumundan bir yazı yazmağadı, psixologiyadan başım çıxmır, başım çıxsaydı, yaxşı bir yazı yazardım.
Qısası, burda hər peşə adamı özünə lazım olana rahatca çatır, məsələn, mən bu yazını, burdakı dostların hesabına yazıram – bu gecə könlümdən keçdi ki, hərəyə bir sual yollayım.
İnternet virtual kosmosdu. Onun başqa şəbəkə-planetlərinə elə də bələdçiliyim yoxdu, tanıdığım bircə “Facebook”du. Əvvəlki səhifəmdə dostlarımın sayı 5 mini adlayanda “kosmik xaos”un nə olduğunu anladım.
Saysız otaqlarında qapıları hər zaman və hər kəsin üzünə taybatay açıq olan bu böyük “malikanə”min adı mənim olsa da, özü muzey kimi ictimai xarakterliydi. Özü də burda idarəetmə “laissez-faire”, yəni hər işə rüsxətin verildiyi, “qoyun eləsin” prinsipiylə həyata keçirdi. Belə sərbəstliyə vərdişim olmadığından “muzey”imi bağlayıb yerində 300 nəfərlik balaca bir “otaq” tikdim. İndi burda rahatam, özüm öz evimin sahibiyəm. O qədər rahatam ki, oturub yazı yazır, yazı üçün “Facebook” dostlarıma sual da göndərirəm.
Onu deyim ki, bütün sual yolladıqlarım bu gecə təsadüfən şəbəkədə rastladığım “Facebook” dostları oldu, xüsusi seçim eləmədim. Cavablarsa müxtəlif vaxtlara gəldi. Cavabsız qalan bir-iki sual da oldu. Məsələn, İsa Qəmbərdən “Siyasətlə məşğul olduğunuz dövrdə hansı hərəkətinizi indi başqa cür edərdiniz – dəyişmək mümkün olsaydı, vaxtilə elədiyiniz nəyi dəyişərdiniz və necə edərdiniz” sualıma cavab gəlmədi. Yəqin Mark Suxerberqin poçt karvanına Axundovun “Xırs quldurbasanı” hücum çəkibmiş – sual gedib çatmayıb. Yoxsa rəhmətlik Aydın Məmmədovdan sonra ən hazırcavab siyasətçi kimi tanıdığım İsa bəy heç bir sualı cavabsız qoymur, özü demiş, “cavab verə bilməyəcəyi sual yoxdu”. Yəqin “Facebook”da cavab yazar, oxuyarıq.
Başqa ünvanlara isə məktub yetişmişdi. Jurnalist, bəstəkar, şair, cazmen, QHT lideri, fotoqraf, siyasi fəal, din xadimi, Allah adamı, rejissor – dostların hərəsindən bir suala üç-beş kəlmə cavab xahiş elədim. Göndərdilər! Cavabları toplayıb “Puzzle” oyunu kimi yığdım. Yığdım və gördüm ki, xəyalımdakı ölkənin şəklidi!
...Cəmiyyətə bütöv tablo kimi baxan – içinə yalnız bir duyğunun hakim kəsildiyi insandı. Onun üçün tablodakı rənglər əhəmiyyətli deyil, o, çalarların qovuşan yerində tünd (qoca) rənglərin keçmiş-gələcək söhbətini, açıq (cavan) boyaların sevgililər tək sevişməsini duymur. Beləsi tablonu rəng yığını gördüyü kimi cəmiyyəti də insan sürüsü, kütlə sayır.
Əksinə, içini bütün duyğuların harmoniyada yaşadığı məkana çevirməyi bacaranlar cəmiyyətə çoxsaylı hissəciklərdən ibarət mozaika kimi baxırlar. Onlar baxdıqlarını duyğuların palitrası kimi görürlər. Tablonu cürbəcür rəngin, min-min çaların sehrli təması kimi duyduqları tək cəmiyyəti də öz ahəng qanunu ilə yaşayan müxtəlif insanların birliyi kimi qəbul edirlər...
Maraqlı cavablar idi! Çünki dostların özləri də maraqlı adamlardı. Belə adamlarla ürəyin istəyən cəmiyyət qurmaq olar, elə bir cəmiyyət ki, insanları bir-birinə mane olmadan hərəkət edirlər – bir-birinə dəyməyən atomların “spin fırlanması” kimi.
Belə bir ölkə istəyirəm! Virtual olsa belə...
P.S. 17 dostla sual-cavabı “Toplum” jurnalının 8-ci sayında, ya da bloqumda (vahidqazi.wordpress.com) oxumaq olar.
Vahid Qazi