post-title

Qurban bayramı

Necə ki mömin din qardaşlarıma məlumdur, üzümüzə gələn zilhəccə ayının onuncu günü qurban bayramıdır ki, ərəb dilində ona “eydi-Əzha” da deyilir. Bu bayramın əzəməti və şərafəti çox-çox böyükdür. Hətta inqilabdan qabaq bakıda nəşr olunan “Azadixah” islam ruznamələri və bizim ən məşhur əhli-elmlərimiz qurban bayramının hörmətinə dair o qədər qələm çalardılar ki, məscidlərdə əmmaməli vaizlərimizə macal verməzdilər.

 

Onun üçün mən özüm də onlardan ibrət gütürüb “eydi-Əzha” dairəsində bir kəlmə yazmaq istəyirəm.

Bunu qabaqca deyirəm ki, bizim bu qurban bayramı qeyri-islam bayramlarının hamısından mənalı bir bayramdır. Məsələn: birisi məndən soruşanda ki, Rəğayib bayramı haradan qalıb və onun mənası nədir? Vallah bilmirəm ki, nə bayramdır.

Ramazan – yəni nə olsun? Səhərdən axşama kimi ac qal, baş üstə qalım. Axır bunun kimi bir xeyri və şərri var?

Amma qurban bayramının yuxarıdakı bayramlara dəxli yoxdur. Çünki burada bir müəyyən tarix var, bir müəyyən yadigar var. Onun üçün də bu müqəddəs tarixin hörmətinə, o ali yadigarın şərəfinə mən də zülhəccənin onuncu günü bir yazlıq erkək qoyun kəsib, bir yanda şişlərə kabab düzürəm. Bir yanda şüyüt plovu dəmə qoyub keçən əyyamı yada salıram.

Ax, keçən günlər!..

Ax, adına qurban olum, ya Xəlilüllah! Ya İbrahim! Yaxud Abraham, ya Əbülcümhur, yəni ey cümhur atası, yəni ey iki arvad sahibi!... Onun üçün də mən qurban bayramı günü kababın birinci ləzzətli tikəsini ağzıma qoyan kimi qurban duasını oxumağa başlayıram:

“Əssəlam ələl ərvah ül – cümhur üs sarət ül – hacər”.

İkinci tikəni ağzıma qoyanda yadıma salıram keçən günləri və min- min həmd və sənalar edirəm həmən Misir fironunun namına ki, zalım oğlu Saranı gürən kimi onun hüsni-camalına elə aşıq oldu ki, yazıq qızı əmi oğlusu İbrahimin əlindən aldı. Bir qədər vaxtdan sonra Hacəri də üstünə qoyub, ikisini İbrahimə qaytardı ki, rəncidə xatır olmasın və olmadı (burada möcüz var).

Həmən qurban ətini şüyüt plovu ilə yeyən vaxt Sara ilə Hacərin biri-biri ilə savaşıb, biri-birinin başına başmaq tayı çırpmaqları yadıma düşüb. Bu rəqabətin nəticəsi o oldu ki, başı bəlalı İbrahim Hacəri və oğlu İsmayılı Hicaza göndərməyə məcbur oldu.

Hələ qurban ətini yeyib qurtarmamışam, doğruyub basmışam küpəyə, soğan, duz və sirkə tökmüşəm və bu basdırmanı yeyib-qurtarana kimi çox sözlər və mətləblər yadıma gəlir.

Bəli, İbrahim Xəlil İsmayılı (bir rəvayətə gürə İshaqı) qurban kəsmək istəyir. Yazıq uşaq ağlayır:

Dədə! Məni öldürmə! Vallah, məndən heç bir günah baş verməyib.

– Çox danışma, qırışmal...

Çöldə dağdan və daşdan savayı bir kəs yox idi. Bir kəs yox idi ki, məzlum uşağı atasının əlindən qurtarsın.

Bəli, allahın uşağa yazığı gəldi və bir qoç göndərdi ki, İbrahim oğlunu buraxsın və qoçu kəssin.

***

İndi bu söhbətlərdən iki-üç min il keçir. İndi mən səndən soruşuram ki, bir vicdanına and içib, de görüm o vədəki nadanlıq əsri ilə indiki əsrin bir fərqi var, yay yox?

Amma sən məndən soruşursan, mən deyirəm ki, bəli, fərqi var. Budur ki, indiki insanların vəhşiliyi İbrahim Xəlil əsrinə nisbətən bir para yerlərdə bir qədər tərəqqi edib, bir para yerlərdə də bir qədər tənəzzül edib. Amma fərqi çox azcadır.

Cəlil Məmmədquluzadə ("Dəli" imzası ilə)

“Molla nəsrəddin”, 13 iyun 1925-ci il, 124

(Başdakı rəsm: Rembrandt "İshaqın qurban verilməsi" 1635 - Kultura.Az)

 

Yuxarı