post-title

Sağ qalmaq (Neo-şeir)

Utancaqlıqdan çəkinməyin. Bəziləri bunu daxili zənginliyin yeganə mənbəyi sayır, bu da bir həqiqətdir. Niyyət və əməl bir-birindən ayrı düşən məqam olduqca maraqlı psixoloji hadisələr yaranar. O adamda ki bu fərq yoxdur, heyvandan çox da uzaqda deyil, deməli. Beləliklə, utancaqlıq poeziya üçün əla başlanğıcdır.

 

 

Başlayanlar üçün təlimat

Əvvəl  əzab çəkmək

Kainat  bağırır. Divarı uçurmaq  üçün   qırılan  beton ona dəyən  zərbələri hiss edir. Beton qışqırır. Heyvanların dişində  ot  inildəyir. Bəs insan?  Gör insan nələr çəkir!

Dünya — daima genişlənən əzab məkanıdır. Dünyanın təməlində  əzab nüvəsi durur. Hər mövcudluq böyümə və sıxılmadır.  Əşyalar olmağa başlayana qədər  əzab çəkir. Yoxluq, varlıq olana   qədər ağrıdan qıvrılır: iyrənc paroksizmlərdə.

Canlı orqanizmlər gəlişir, mürəkkəbləşir, müxtəlifləşir, amma  əsasları dəyişilməz qalır. Şüurun müəyyən səviyyəsinə çatanda qışqırtı başlar... Bundan poeziya başlar. Aydın nitq də həmçinin. İlk poetik impuls — başlanğıcın başlanğıcına üz çevirmək. Yəni -- əzaba...

Müasir dövrün özünəməxsusluğuna görə sevgi  təzahürləri praktiki olaraq sıfra endirilib. Lakin sevgi idealı elə əvvəlkidir. Hər bir ideal kimi, zamanın  fövqündə  olan  sevgi nə dəyişilə, nə də yoxa çıxa bilər. İdeal və reallığın uyğunsuzluğu   buradan qaynaqlanır ,  görünməmiş nifaq,əzabın  zəngin mənbəyi. Hər şey yeniyetməlik çağında həll olur. Əgər sizdə sevgi haqda  biraz ideala yaxın, barı bir az nəcib və yüksək  təsəvvür yaranıbsa, sizin işiniz bitdi. Artıq sizi heçnə xilas etməz, sizə hər şey az görünəcək. Qadınlarla görüşmürsünüzsə (utancaqlıqdanmı, çirkin olduğunuzdanmı və ya başqa səbəbdən), qadın dərgilərini  oxuyun. Bu sizə elə o qədər  iztirab közərməsi verər.

Sevgisizliyin sonsuzluğunu sonadək hiss etmək. Özünə nifrət bəsləmək. Özünə nifrət, başqalarına nifrət. Başqalarına nifrət, özünə nifrət. Hamısını qarışdırmaq. Ümumiləşdirmək.  Hər bir vəziyyətdə özünü uduzmuş saymaq. Dünya bir diskoteka kimidir.

Xəyalqırıqlıqlarını toplamaq, nə qədər çox olsa, o qədər yaxşıdır. Şair olmağı öyrənmək yaşamağı yadırğamaq deməkdir.

Keçmişinizə sevgi  də bəsləyə bilərsiniz, nifrət də, amma o həmişə gözünüzün qabağında olmalı. Gərək özün haqda bütöv  bilgiyə  sahib olasan. Onda tədricən dərinlikdəki “mən”iniz ayrılıb günəşə doğru qalxacaq; şişmiş, acıqlı bədəniniz   isə  yeni iztirablara hazır qalacaq.

Həyat – davamiyət imtahanları silsiləsidir. Birincilərdən keçmək, sonunculardan kəsilmək. Həyatını bərbad etmək, lakin sona qədər yox. Və əzab çəkmək, hər zaman əzab çəkmək.

Bədəninin hər zərrəsiylə ağrını hiss etməyi öyrənmək. Dünyanın hər qəlpəsi sizi şəxsən yaralamalıdır. Amma diri qalmalısınız — hər halda, bir müddət.

Utancaqlıqdan çəkinməyin. Bəziləri bunu daxili zənginliyin yeganə mənbəyi sayır, bu da bir həqiqətdir. Niyyət və əməl bir-birindən ayrı düşən məqam  olduqca maraqlı psixoloji hadisələr yaranar. O adamda ki bu fərq yoxdur, heyvandan çox da uzaqda deyil, deməli. Beləliklə, utancaqlıq poeziya üçün əla başlanğıcdır.

Həyata qarşı incikliyinizi artırın. Ağrı-acılar yaradıcılığın vacib hissəsidir. Əlbəttə, bəzi dəqiqələrdə həyat   tamam mənasız gələcək. Lakin ağrı-acı hər vaxt əlinizin altında olmalı, istifadə etmək istəməsəniz də.

Və daima mənbəyə, əzab adlı başlanğıca qayıdın.

Ətrafdakılarda özünüzə qarşı nifrət  və    qorxunc    təəssüf  qarışığı  doğurduğunuzu  hiss edəndə, bilin: doğru yoldasınız. Yazmağa başlaya bilərsiniz...

Sizin həyatınız başdan ayağa əzabdır. Bu əzabı nizamlı  söz şəklində ifadə etmək istəyirsiniz. Bu mərhələdə sizin vəzifəniz  mümkün qədər çox yaşamaqdır.

Mişel Uelbek

İxtisarla çevirən: İlahə Ucaruh

Yuxarı