Mən atamam
İlk uğursuz rolumdan sonra bir qədər ruh düşk&uum…
Bir anlıq təsəvvür edin ki, Azərbaycan tarixində Mirzə Fətəli Axundov, Həsən Bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Məmməd Əmin Rəsulzadə, Əhməd Bəy Ağaoğlu, Əbdürrəhim Bəy Haqverdiyev, Nəriman Nərimanov, Hüseyn Cavid, Cəfər Cabbarlı, Üzeyir Hacıbəyov və adını çəkmədiyim digər mühüm şəxsiyyətlər olmayıb. Bu adamlarsız Azərbaycan fikir tarixinin nə qədər boş, boz, keyfiyyətsiz olduğunu təsəvvür edə bilirsizmi?
Azərbaycanı digər geridəqalmış müsəlman ölkələrindən fərqləndirən də məhz budur.
Bizim bu qədər inqilabi işlər görən dəyərli insanlarımız olub. Onlar hər şeyi yazıblar, niyə geridə qaldığımızı, bəlalarımızın haradan qaynaqlandığını, cəhalətdən qurtulmağımız üçün, bəşəri dəyərlərə yiyələnməyimiz, sivil, mədəni ölkə olmağımız üçün hansı işlər görməyimiz gərəkdiyini bir-bir izah ediblər. Onlar yüz cəbhədə döyüşüblər, mollalarla, qoçularla, bəylərlə, bisavadlarla, quldurlarla, şarlatanlarla mübarizə aparıblar, cild-cild əsərlər yazıblar, təhlükələrə, təhqirlərə, təqiblərə məruz qalıblar, amma bir an belə qələmi yerə qoymayıblar, işlərini dayandırmayıblar.
Bu ölkənin tarixində fəxr etməli olduğumuz bir çox şeylərin adı bu adamlarla bağlıdır. Onları tanımayan, onlara arxa çevirən, onlara xəyanət edən toplumun gələcəyi ola bilməz. Tarixmi, dövranmı – adı hər nə olur olsun, bizə belə nemətlər hədiyyə edib və bu nemətlərdən imtina etmək ən böyük və bağışlanılmaz xəyanətdir.
Yazdıqlarım pafoslu görünə bilər, mən özüm də pafosu sevmirəm, amma məgər yalan danışıram?
Aradan yüz ildən də çox vaxt keçib. Bu illər ərzində dəyişikliklər oldu. Sovetlər gəldi, bizə öz şəxsiyyətlərimizi tanıtdı, onların gördüyü işləri təbliğ etdi, onların kitablarını yüz minlərlə tirajda çap etdi, heykəllərini ucaltdı, rayonlara, qəsəbələrə onların adlarını verdi, onların əsərləri əsasında kinolar çəkdi, teatrlarda tamaşalarını səhnələşdirdi, az qala hər bir azərbaycanlıya onların gördüyü işlərin əhəmiyyətindən bəhs etdi…
Sovetlər getdi, müstəqil olduq və yenə də köhnə hamam, köhnə tas… İndi kimdi bu adamların əsərlərini oxuyan? Elmi işlə məşğul olanlardan və yazıçılardan başqa kimdi onların əsərlərini vərəqləyən? Məktəbdə, universitetdə məcburi tədris olmasa, heç bu adamların adını bilən də olmaz bu ölkədə.
Adicə son həftələrdə baş verən qalmaqallı hadisələrə diqqət edin. Millət vəkili deputat olmaq istəyən şəxsdən 1 milyon manat tələb edir, bir qrup adam məktəb şagirdlərini yenidən çadraya soxmaq üçün polislə toqquşur, Bakıda hansısa şadlıq evində toplantı keçirən avtoritetlərlə polis arasında atışma baş verir. Təkcə son günlərdəki bu üç hadisə hər şeyi izah edir. Uzun-uzadı analizlər etməyə ehtiyac yoxdur. Despotlar, mollalar, qoçular yenə at oynadır…
Bütün bunlar baş verərkən isə Azərbaycanın məşhur yazıçılarından biri, bir vaxtlar Lenindən, Trotskidən, posmodernizmən danışan Həmid Herisçi ANS telekanalında pirlərdən, ocaqlardan, ziyarətgahlardan silsilə reportajlar hazırlayır. Sonuncu verilişin kuliminasiya nöqtəsi həmin yazıçının hansısa seyidin məzarından götürdüyü torpağı suya qatıb içməyi oldu. Bu səhnəni görəndə Nəriman Nərimanovun məşhur “Pir” povesti yadıma düşdü. Həmin əsərdə İrandan gəlmiş Molla Cəfərqulu adlı şəxs saxta pir düzəldib, cahil camaatın başını qatmaqla pul qazanır. “Pir”də Molla Cəfərqululun belə bir monoloqu var:
“Eşidirəm deyirlər şəhərdə və bir neçə kəndlərdə xalq vəba naxoşluğundan qorxub dağa-daşa qaçmaq istəyir. Məbadə belə şeylər edəsiniz. Vəba allahın azarıdır və allah-taala öz əzabını əməli saleh olmayanlar üçün həmişə göndərir. Siz ki, şükür allaha, əməli saleh adamsınız: namazınızı qılırsınız, orucunuzu tutursunuz və həmişə pirə gələnlərdənsiniz, nə üçün qorxursunuz? Keçən il vəba naxoşluğuna mübtəla olmuş bir adamı T.. kəndindən bura gətirmişdilər, dərhal bir kasa suyun içinə bu pirin torpağından salıb verdim içdi, həmin saat şəfa tapdı. İndi nə üçün qorxursunuz? Allah əzab verib dərmanını da yaradıbdır. Fəqət əməli saleh adamlar üçün…”
Əlbəttə, bir ölkəni despotlar idarə edirsə, bir ölkədə hər keçən gün cəhalət, xurafat yayılırsa, elm adamlarının sayı azalıb, mollaların sayı durmadan artırsa, gənc oğlanlar əllərinə təsbeh alıb, ciblərinə bıçaq qoyub “avtoritet”, qoçu olmağa iddialıdırsa, yüz il əvvəl dəhşətli mübarizə nəticəsində çadrasını atıb, təhsil almağa başlayan qadınlar yenidən çadraya qayıtmaq üçün mübarizə aparırsa, o zaman o ölkənin yazıçısı da Molla Cəfərqululuq eləməlidir. Bir ölkədə ki, 21-ci əsrdə belə hadisələr baş verir, yazıçının pirləri, ziyarətgahları, ocaqları təbliğ etməsi normal haldır…
P.S. Bakıda Sabirin, Axundovun, Cəfər Cabbarlının, Hüseyn Cavidin və digər şəxsiyyətlərin şərəfinə ucaldılmış heykəllərə diqqətlə fikir verin. Onlar başlarını aşağı salıb, kədərli halda ətraflarında gəzişən başıpozuq kütləyə təəssüf hissiylə baxırlar. Bəlkə də onlar bir gün onlara xəyanət ediləcəyini bilirdilər, bəlkə də onların heykəllərini düzəldən heykəltaraşlar çox intuisiyalıydılar, gələcəyi təxmin edə bilmişdilər, bu cəmiyyətin hara getdiyini duya bilmişdilər…
Ola bilsin, nə vaxtsa həmin şəxsiyyətlər bu cəmiyyəti bağışlasın, ancaq tarix əzazil, sərt və ədalətlidir, xəyanəti əsla bağışlamır. Belə xəyanət bağışlanmazdır…
Cavid Ramazanov
ANN.Az