Lakin elə ilk görüşlərdən İvan Sergeyeviçlə Lev Nikolayeviç mübahisə edib və heç vaxt bir məxrəcə gələ bilməyiblər. 8 dekabr 1856-cı il məktubunda biz artıq onların mübahisələri barədə yox, barışmaq cəhdləri haqqında oxuyuruq. Turgenyev Tolstoya yazır: "Mənə ancaq çoxdan xəndəyə çevrilmiş "yarğandan" sizə barışıq üçün əlimi uzatmaq qalır. Gəlin indi bunları heç xatırlamayaq. Məncə, ehtiyac yoxdur".
Buna qədər isə Turgenyev başqa bir məktubunda Tolstoya belə yazmışdı: "Mən buna əminəm ki, ümumi ədəbi maraqlardan başqa, demək olar heç bir ortaq marağımız, bizi birləşdirən bir şey yoxdur. Sizin həyatınız gələcəyə yönəlib, mənimkisə keçmiş üzərində qurulub... Sizin arxanızca getmək mənimçün mümkünsüzdür, həmçinin sizə də mənim arxamca gələ bilməzsiniz..."
Turgenyev o zamanlar Tolstoydan daha məşhur idi. Onun şöhrəti artıq bütün Avropanı dolaşırdı. O, dayanmadan Tolstoyun bir yazıçı kimi inkişaf etməyini müşahidə edirdi. Və məktublardan gördüyümüz kimi Turgenyevdən heç də xoşu gəlmirdi. Tolstoy sonralar Turgenyev haqqında deyirdi ki, o, xaricdə istehsal olunan fəvvarəyə bənzəyir: həmişə qorxursan ki, tükənər, bitər.
Tolstoy çox çətin xasiyyətli, gələcəyə müraciət edən, keçmişini gözdən keçirən və hər zaman dəyişib inkişaf edən bir adam idi. Və hesab edirdi ki, Turgenyevin yaradıcılığı kifayət qədər orijinal və özünəməxsus deyil, sanki əcnəbi, rus ruhuna yad bir yaradıcılıqdır. O, hər zaman Turgenyevin təsvirlərindən zövq alır və onun kimi gözəl yaza bilmədiyini düşünürdü.
Lakin bu dərin mübahisədən başqa, onların şəxsi mübahisələri də var idi. İvan Sergeyeviç Turgenyev və Tolstoyun bacısı Marya Nikolayevna Tolstoy arasında sevgi macərası vardı. Marya Nikolayevna Turgenyevə ərə getmək üçün boşanmışdı. O, həyat yoldaşından ayrılaraq azad oldu və qardaşı hesab edirdi ki, Turgenyev bacısına verdiyi sevgi vədlərinə əməl edərək (ola bilər ki bu sevgi haqda o Lev Tolstoya da danışmışdı) mütləq onunla evlənməlidir. Turgenyev isə Tolstoy demişkən sevmirdi. O, sevməyi sevirdi. Onun üçün bu bir əyləncə idi. Və indi Viardo ilə sevgi macərası yaşayırdı. Viardo isə Turgenyevi sevmirdi. Turgenyev onun evində, Viardo və əri isə Turgenyevin hesabına yaşayırdı.
Turgenyevin qızı var idi. Deyirdilər ki, o qeyri-qanuni dünyaya gəlib. O, qızını tərbiyə etməyə, onun həyatını qurmağa çalışırdı. Lakin bu işdə müvəffəqiyyət qazana bilmirdi. Qızı bir fransız aristokratı ilə ailə qurmuş, atası ona var-dövlət vermiş, kürəkəni isə bu var-dövləti, cer-cehizi dağıtmışdı.
Turgenyevin Tolstoya münasibəti ürəkaçan deyildi. Lakin bu bir rus zadəganına layiq bir münasibət idi. Turgenyev yaxşı adam, xeyirxah mülkədar, ağa idi. O, öz kəndlilərini müflis etmədən, ürək açıqlığı ilə azad etmişdi. Lev Nikolayeviç isə sonralar aclıq zamanında mülklərə nəzər yetirəndə gördü ki, Turgenyevin keçmiş təhkimçiləri başqa kəndlilərdən yaxşı yaşayırlar.
Lev Nikolayeviç və İvan Sergeyeviç 1861-ci ilin yazında şair Fetin Stepanovka kəndində yerləşən malikanəsində görüşdülər. A.A.Fet xatirələrində belə yazır: "Səhər saat 8-də qonaqlar otağa keçdilər. Həyat yoldaşım masanın yuxarı başında samovar qoyulan hissəyə yaxın, məni isə aşağı başda əyləşib qəhvə gözləyirdim. Turgenyev evin xanımının sağ tərəfindən, Tolstoy isə sol tərəfindən əyləşdilər. Turgenyevin o zamanlar qızına verdiyi tərbiyəsinə önəm verdiyindən xəbərdar həyat yoldaşım, ondan ingilis mürəbiyyəsindən razı olub olmadığını soruşdu. Turgenyev mürəbiyyəni o ki var tərifləyə-tərifləyə, söz arası mürəbiyyənin ingilis dəqiqliyi ilə qızının xeyriyyəçilik işlərinə sərf edə biləcəyi məbləğin də təyin olunmasını xahiş etdiyini söylədi. "İndi isə, - Turgenyev dedi, - ingilis xanım tələb edir ki, mənim qızım kasıbların pal-paltarını yığıb, onları tikib yamasın və geri qaytarsın".
- Siz bunu yaxşı əməl hesab edirsiniz? - Tolstoy soruşdu.
- Əlbəttə ki, bu xeyriyyəçi ilə ehtiyacı olanı yaxınlaşdırır.
- Mənsə hesab edirəm ki, geyinib-kecinmiş, bərbəzəkli bir qızın dizləri üstündə olan kirli, cındır kasıb paltarı səmimiyyətdən uzaq, teatral bir görünüş yaradır.
- Xahiş edirəm belə danışmayın! - Turgenyev çığırdı.
- Niyə axı mən əmin olduğum bir şeyi deməyim? - Tolstoy cavab verdi.
Hirsindən kağız kimi ağarmış Turgenyevə elə "Bəsdirin" demək istəyirdim ki, o, dilləndi: "Onda mən sizi təhqir etməklə susmağa məcbur edərəm!" Bu sözləri deyərək əllərini başına tutdu və tələsik yan otağa keçdi. Bir neçə dəqiqədən sonra Turgenyev yenidən bura qayıdaraq yoldaşıma müraciət etdi: "Allah xatirinə mənim bu biabırçı hərəkətimi əfv edin. Mən çox peşmanam". Bu sözləri deyərək çıxıb getdi".
Tolstoy da getdi. Bir stansiya gedən kimi Tolstoy duel tapançalarını və güllələri gətirmək üçün qulluqçunu Nikolskiyə yolladı. Turgenyevə isə çağırış göndərdi: "Ümidvaram vicdanınız artıq deyib ki, siz mənim qarşımda haqsızsınız, ələlxüsus da Fetin və onun yoldaşının gözündə! Ona görə də mən elə bir məktub yazın ki, onu Fetgilə göndərə bilim. Yox əgər siz mənim tələbimi haqsız hesab edirsinizsə, onda məni bağışlayın. Mən Boquslavada gözləyəcəyəm. L.Tolstoy"
Bundan sonra Tolstoy Turgenyevə ikinci məktubunu da göndərdi: Bu ölümlə nəticələnəcək duelə çağırış idi. O, tüfənglə meşənin başına gəlməyi xahiş edir və doğurdan atışmaq istədiyini bildirirdi. Turgenyev üzr istədi. Tolstoy Fetə həmin məktubu göndərib, yenidən Turgenyevə çatdırmağı xahiş etdi".
Bununla da yazışma kəsildi. Sonralar kimsə Turgenyevə çatdırmışdı ki, guya Tolstoy məktubun surətini kiməsə göstərib. Tolstoy inciyib və çox qəribə bir məktub yazıb: “...Siz öz məktubunuzda məni haqsız adlandırdınız, bundan başqa siz mənə şəxsən "sifətinə yumruq vuracam" demişdiniz; mən sizdən əvvəl addım atır, özümü təqsirkar bilir və duel çağırışından imtina edirəm. - 8 oktyabr 1861-ci il. Yasnaya Polyana". Məktub bu yaxınlarda Ammenkovanın kağızları arasında tapılıb.
Turgenyevsə cavabında məktubu məhv etdiyini bildirdi. Əslində isə o, məktubu saxlayacaq qədər cəsarətsiz və qorxaq idi. Lev Nikolayeviçsə bütün bu dava-dalaşa çox ironiyayla baxır və bu onu qıcıqlandırırdı. Bir dəfə o, xalası T.Yerqolskayanın "Yasnopolyana"lı qadınlardan biri ilə söhbətini eşitdi: Gecə oldu, ay şölələndi. Qadın soruşdu:
- Görəsən indi ayda nə edirlər?
Yerqolskaya özündən razı halda cavab verdi:
- Çox güman ki, rəqs edirlər. Axı orda çox soyuqdu.
Lev Nikolayeviç gündəliyində qeyd etdi: "Bunları dinləyərək İvan Sergeyeviçlə necə böyük bir axmaqlıq etdiyimizi anladım".
Yəni ki, onların duel əhvalatı bu insanların aydakı insanlar və onların məişəti haqqındakı söhbətləri qədər mənasız idi. 1878-ci ildə Tolstoy İvan Sergeyeviçə məktub yazaraq bildirdi ki, ona qarşı heç bir düşmənçilik hissi duymur. "Allah eləsin ki, sizdə də elə bu cür olsun. Düzünü desəm, sizin necə xeyirxah olduğunuzu bilərək, məndən qabaq sizdə bu düşmənçilik hissinin unudulduğuna demək olar ki, əminəm. Əgər belədirsə gəlin bir-birimizə əlimizi uzadaq və xahiş edirəm ki, qarşınızda nə ki, günahım var hamısını bağışlayasanız. Sizin mənə münasibətiniz çox vaxt yaxşı olub və mən ancaq bu yaxşılıqları xatırlamaq istəyirəm".
Onlar barışdılar. İvan Sergeyeviç Yasnaya Polyanaya qonaq gəldi. Sofya Andeyevnanın xatirələrindən belə aydın olur ki, bu görüşü, bu barışıq çox kövrək notlar üstündə qurulubmuş. Sofya Andreyevna yazır:
"Turgenyevin saçları ağarıb, çox üzüyola bir adamdır. O, öz gözəl danışığı, ən adi şeylərin izahında verdiyi təsvirləri ilə bizi valeh etmişdi. Antokolskinin "Xristos" heykəlini də belə ustalıqla təsvir etdi. Heykəl sanki gözlərimizin önündə canlandı. Həmin ustalıqla da öz sevimli iti Peqas haqqında danışdı. İndi Turgenyevin xarakterində zəiflik, hətta uşaqcasına, sadəlövhcəsinə bir zəiflik görünməyə başladı".
Heyf ki, əsl barışıq baş tutmadı. Hər iki yazıçı bir-birini çox sevirdi, lakin onlardan hər biri özünə uyğun bir tərzdə yaşayırdı. Və yaxud da necə ki, Turgenyev Tolstoya sonuncu məktublarında yazırdı: "Və siz bilirsiniz ki, hər bir insan özünəməxsus şəkildə burnunu silir və inanın ki, mən elə dediyim kimi də burnumu silməyi xoşlayıram".
Nəzakətli və adət-ənənələrə sadiq düşüncəli Turgenyev üçün bu cür münasibətlər çətin gəlirdi. Lev Nikolayeviç həmsöhbətini birbaşa danışığı ilə möhkəm əsəbiləşdirə bilir və qarşısındakı adamın zəif nöqtələrini həmin andaca sezirdi. Eyni zamanda isə hər iki yazıçı zadəgan olmaqla yanaşı, həm də çox yaxın qonşu idilər. Həyat tərzləri belə oxşar idi. Və onlar nəinki ədəbiyyatda rəqib idilər, hətta bağları, parkları ilə də yarışırdılar. Onlar həm oxşar, həm də tamamilə fərqli idilər. Çünki onlar öz ideologiyalarında bir-birindən çox uzaqlaşmışdılar. Bu da ədəbi üslubları arasındakı fərqin yaranmasına səbəb olmuşdu. Hər iki yazıçı bir-birini qıcıqlandırırdı.
İvan Sergeyeviç Lev Nikaolayeviçi bir yazıçı kimi çox sevdikcə, onu daha da çox dəyərləndirir və onun daha şöhrətlənməsi, məşhurlaşması üçün əlindən gələni edirdi. Lev Nikolayeviç isə öz müasirini qəbul etsə də, ona haqsız olaraq ironiya ilə yanaşırdı.
Hazırlayan və rus dilindən tərcümə edən: Xanım AYDIN
Kaspi.az