post-title

Edit Piaf, atam və mən

Bir neçə gün əvvəl məşhur fransız müğənnisi Edit Piafın həyatından bəhs edən “Balaca sərçə” adlı filmə baxdım (rejissor Olivye Daan, Fransa).

 

Filmin özündə rejissor, operator işi, kino dili baxımından maraqlı heç nə yox idi. Maraqlı olan yalnız Edit Piafın həyatı idi. Onun itkilərlə dolu həyatında yeganə işıq səsi, istedadı olub. Ona görə də hətta ağrıdan ayaq üstə dayana bilmədiyi anlarda belə oxumaq istəyib. Əvvəldən axıra qədər qara tonlarla işlənmiş bu film mənə çox şeyi xatırlatdı. Universitetdə “Kabiriyanın gecələri” filmini təhlil edərkən Ayaz Salayevin “insanlar iki qrupa bölünürlər: həyatın iştirakçıları və tamaşaçıları” deməyini, Mövlananın, çin filosoflarının, tibetli rahiblərin yaşam haqqındakı müdrik kəlamlarını... Amma ən çox atamı.. Atamla münasibətlərim həmişə gərgin olub. Tez-tez deyirdi ki, “mən öləcəm, sən də mənim kimi qara fəhlə olacaqsan. Onda qəbrimə gəlib “sən haqlı çıxdın, papa” deyəcəksən”. Atam öləndə mən yalnız buna ağlayırdım. Sözlərinin həqiqət olacağından qorxduğum üçün... Onu haqsız çıxartmaq üçün iki il səylə ali məktəbə hazırlaşa-hazırlaşa hər gecə dua elədim ki, şəxsi həyat, ailə-uşaq istəmirəm, təki öz yerim, adım olsun və bir gün atamın məzarına gedib: “Dediklərin heç biri  düz çıxmadı”  deyə bilim. Sonra universitetə daxil oldum, sonra Aygün Aslanlı adlı biri peyda oldu. Ancaq tez-tez, xüsusilə də son vaxtlar içimdən “deyəsən, papam haqlı çıxdı” düşüncəsi keçir.

“Balaca sərçə” filmində də belə bir epizod var: artist olmaq üçün uşaqkən Editi atıb getmiş anası qızından pul istəyir. Edit pul verməyəndə “Mən artistəm, sən isə heç kimsən, fahişəsən. Fahişə olaraq öləcəksən” qışqırır. Gənc Edit isə fahişə olmur, milyonların sevimlisi, kumiri Edit Piafa çevrilir. Düzdü, anası kimi bir qurtum içki, bir dozadan ötrü dilənçilik eləmir, özünü alçaltmır. Onun nəinki bir, gündə on doza almaq  üçün pulu var. Şəxsi həkimi  iynəni öz əllərilə yeridir müğənninin damarına... Amma.. amma qalib deyil. Sadəcə saman çöpü kimi səsindən yapışmış bir zavallıdı... Çünki bu həyatda qalib yoxdu, xoşbəxtlik yoxdu, hüzur yoxdu. Yalnız itkilər var, məğlubiyyətlər və məğlublar var. Elə olmasaydı, Edit Piaf qırx yeddi yaşında səksən yaşlı qarıya bənzəməzdi. Elə olmasaydı, qaranlıqda yalqız ölərkən “getmək istəmirəm, qorxuram”  deməzdi. Elə olmasaydı, ölüm anında yadına bircə dənə işıqlı xatirə düşərdi. Düşmür. Ona görə ki, hamımız məğlubuq. Makedoniyalı İsgəndərindən, Edit Piafına, Aygün Aslanlısına qədər hamımız  yalnız itirməyə məhkumuq. Heç kimimiz, heç nəyimiz yoxdu. Heçliyimizi boynumuza almaqdan qorxduğumuzdan hərəmiz bir şeyin arxasında gizlənmişik: işin, ailənin, sevginin, seksin, şöhrətin, dünyanı ələ keçirmək arzusunun... Filosofların, alimi-danəndələrin yaşamağa ümidləndirən müdrik kəlamları da əvvəl özlərinə, sonra da bizə verdikləri adi təsəllidi, qoruyucu qalxandı. Tibet rahibləri də həyatın mənasını axtardıqlarına görə yox, onun mənasızlığını dərk etdiklərinə görə hər şeydən əl çəkib  dağın başında qalxıblar.

“Balaca sərçə” filmində təsvir olunan Edit Piafın verdiyi mesaj budu: həyat mənasızdı. Bunu dəqiq bilirəm. Bundan qorxuram. Yaşamaqdan qorxuram. İrəlidə məni itkilərdən başqa heç nəyin gözləmədiyini bilirəm çünki.. Ölməyə də cəsarətim çatmır. Zəhləm getmiş Aygün Aslanlıdan yapışmışam saman çöpü kimi. Eyni səhvləri təkrarlaya-təkrarlaya, eyni yerlərdə büdrəyə-büdrəyə gedirəm. Heç nə yoxdu, heç nə. Sən də yoxsan. Heç olmamısan. Özüm uydurmuşam səni... qorxumdan...

Aygün Aslanlı

Kultura.az

Yuxarı