post-title

Kassandra kompleksi, yoxsa perpetuum mobile?

Qədim yunan mifologiyasının çox ilginc personajlarından biri Kassandra və onun lənətidir.

 

Antik əfsanəyə görə, Troya çarı Priamusun qızı Kassandra Apollonu öz gözəlliyi ilə heyran edir və ondan hədiyyə kimi öncəgörmə vergisi alır. Lakin onu rədd etdiyindən Apollonun qəzəbinə tuş gəlmiş və tərəfindən lənətlənmişdi.

Lənətin mahiyyəti belə idi ki, Kassandra heç bir zaman öz müstəsna vergisindən istifadə edə bilməsin. Kassandranın lənəti öncədən baş verəcək hadisələrin olacağına heç bir kimsəni buna inandırmaq, bu proqnozların həqiqiliyini anlatmaq mümkünsüzlüyü, hadisələrin gedişinə və nəticəsinə isə əsla təsir edə bilməməsində idi.

Əfsanəyə görə Troya qəhrəmanı Hektorun bacısı olan Kassandra çobanların arasında böyümüş Parisin onlara bədbəxtlik gətirəcəyini, gözəl Helenanın isə Troyanın məhvinə səbəb olacağını öncədən demişdi, lakin ona heç bir kimsə inanmamışdı. Hətta Vergili yazır ki, Kassandranı sevən adaxlısı, Troya alınarkən öldürülmüş Koreba belə ona inanmımış. Rəvayətə görə məhbus edilmiş Troya qadınları Kassandranın sözlərini xatırlayıb ağlayır, o isə onlara baxıb gülüşmüş.
Kassandranın əngəlləyə bilmədiyi ən ilginc öncəgörməsi isə öz həyatının qorxunc sonu olmuşdu.

Kassandra Kompleksi - gələcəyi bilən, öncəgörməsi olan, lakin baş verəcək hadisələri heç cür əngəlləyə və verdiyi proqnozların real olduğunu başqalarına inandıra bilməyən insanın lənəti kimi tarixə yazılmışdır.

XIX və XX əsr tarixi boyunca Azərbaycanda məhz bu kompleks hissini keçirən onlarca, bəlkə də yüzlərcə müxtəlif insanlar olub. Bunlardan ən məşhuru yeni təffəkkür tariximizin, mədəniyyətimizin açılacaq yeni dövrünün memarı Axudovun yazdıqları, müxtəlif formalarda – istər komediya, istər epistolyar, istər esse şəklində cəmiyyətə çatdırmaq istədiyi fikirlərin, belə demək olarsa mesajların az qala tam boşuna getdiyini görcək, çıldırıb məşhur – „düşünəndə ki, bunlardan törəyən kim olacaq“ ifadəsini işlətmişdi. Bu da mütəfəkkirin dərin formada (bunu onun qəzəb saçan ibarələrindən sezmək olar) keçirdiyi həmin ağrılı kassandra komplexinin təzahürü idi. Təxmini həmən hisslərin kültürümüzün başqa bir kult fiquru, Mirzə Cəlil tərəfindən də keçirildiyini asanlıqla söyləmək mümkündür – „Danabaş kəndinin əhvalatları“, „Ölülər“, „Dəli yığıncağı“ əsərləri, lap elə „Xan təsbehi“ hekayəsi də əslində çox-çox qəzəbli, qorxunc bir estetikaya malikdir. Sabirin kəsici satirası haqda da bu söyləsək, əsla yanılmarıq.

Əlbəttə mövzuya münasibətdə bu qədər kəskin olmayan başqa aydınlarımız da var, lakin onların da taleyindən bu hiss yan keçə bilməzdi. Üzeyir bəy və Əbdürrəhim bəy Haqverdiyev bəlkə də sırf mülayim təbiətləri sayəsində bir qədər yüngül yumora üstünlük verib məsələləri bunca kəskinləşdirməməyə çalışsalar da, yenə də həmin məşum Kassandra kompleksini həyatları boyu özlərində daşımalı oldular. Qısası bu kompleksi Axundovdan başlayaraq indiyədək tarix səhnəsində peyda olan bütün aydınlarımızın başı üzərindən asılmış bir domokl qılıncı kimi də yozmaq mümkündür.

Bütün bunlar indi, çağdaş dövrdə də təkrar olunmaqdadır - ətrafımızda baş verən proseslərə nəzər salsaq, bunu bariz nümunələrdə görə bilərik. Müasir yazarlarımız, fikir, düşüncə insanlarımızın bir çoxu Kassandra kompleksinin ağır yükünü çiyinlərində daşıyaraq, bir çox zaman məhz bu səbəbdən irəli gələn qəzəb estetikasına (bəzən bu onların sələfləri kimi istehza, rişxənd, kəskin satira formasında da ola bilər), bir çox məsələlərdə kəskin fikirlərə üstünlük verir. Uzun illərdən gələn bu gələnəyin pik həddi bəlkə də, həyatda yumşaqdan yumşaq, təfəkkürdə kəskindən kəskin mərhum Rafiq Tağının qətli oldu. 

Rafiq Tağının öldürülməsi ilə cəmiyyət sanki çalxalandı, qaynadı, coşdu, silkələndi, aşdı-daşdı... və yenidən sakitləşmə həddinə gəldi. Deyəsən kommunikasiyanın ən müasir formalar aldığı dövrümüzdə də bu mesajlar yenə mənzil başına çatmır, hədəfə yetmir. Sadəcə qarşıdurmalar forması alır, bu qarşıdurmalar kəskinləşə, bir qədər mülayimləşə bilər, lakin bunlar məsələnin həlli deyildir. Yolu davam etməyə qərarlı fikir insanları bu Kassandra kompleksinin qəlblərində daşımağa məhkumdurlar, çünki bunun alternativi dağdan-daşdan, ala gözdən, güldən-bülbüldən yazmaqdır. Yeri gəlmişkən bu məsələni yalnız humanitar sahəyə aid etmək olmaz, yəqin ki, vəziyyət siyasət, iqtisadiyyat, elm, sosial sferalarda da bundan fərqli deyildir.

Əlbəttə ki, bir zamanlar Avropa təfəkkür tarixində də bu mərhələ mövcud olub və fikrimcə artıq keçilib – çünki hələ 1895-ci ildə Nietzsche‘nin qələmə aldığı „Antixrist – xristianlığın lənəti“ (Der Antichrist – Fluch auf das Christentum) əsərində məhz xristianlıq din kimi lənətlənir (buna rəğmən burada islama çox müsbət münasibət var), almanlar isə „donuz“ adlandırılırdı. Buna rəğmən heç bir kimsənin bu dəlisov filosofu öldürmək kimi fikri olmadı. Onu sadəcə öz fikirləri əvvəl ruhi xəstəliyə, sonra isə ölümə gətirdi. Belə misallar Avropa tarixində kifayət qədərdir, lakin indi, postmodern dövründə artıq buna ehtiyac qalmayıb, bu mərhələ keçilmiş sayıla bilər.  

Azərbaycanda isə çox təəssüf ki, Efesli Heraklit tərəfindən söyləndiyi fərz edilən məşhur “Bir çaya iki dəfə girmək olmaz” ibarəsi bu mənada əsla çalışmır... Amma doğrusu Azərbaycanda yalnız bu deyim deyil, hətta Newton‘un cazibə qanunu da çalışmasa, heç bir kimsə əsla təəccüblənməz, əfəndilər. Durum bu qədər stabil və bəsitdir, əsrlər ötüb keçsə də, dəyişməz olaraq qalır.    

Bu mənada bəlkə də perpetuum mobile, yəni „əbədi mühərrik“ ixtira etməyə nail olmuş yeganə qövm saymaq olar bizi...

Elmir Mirzəyev

Kulis.az
 

Yuxarı