Noam Çomskinin Anarxizm, Marksizm və gələcək haqda fikirləri (II hissə)
(müsahibənin I hissəsi) İspaniya İnqilabı RBR: Ke&cc…
Malala Yousafzai Pakistanda BBC-nin urdu xidmətinə yazmağa başlayanda, 11 yaşı vardı. Həmin vaxt o, «Taliban»ın qızların təhsilinə qoyduğu qadağalar barədə öz fikirlərini yazırdı. 14 yaşı olanda, radikal qruplaşmaya qarşı çıxdığı üçün o, bütün ölkədə tanınırdı.
Oktyabrın 9-da isə Malalanın sinif yoldaşları ilə birlikdə olduğu avtobus atəşə tutuldu. O, başından və boynundan güllə yarası aldı.
Hadisə Pakistanın şimal-qərbində Svat əyalətinin ən böyük şəhəri olan Minqorada baş verib. Hadisəyə görə məsuliyyəti «Tahrik-i Taliban» qruplaşması üzərinə götürüb. Talibanın sözçüsü deyib ki, Şəriətin sərt qaydalarının tətbiqinə qarşı hər kəsi bu cür son gözləyir.
M.Yousafzai hələ 2009-cu ilin yanvarında məktəbli kimi təəssüratlarını bölüşməyə başlamışdı. Həmin dövrdə «Taliban» Svat vilayətində faktiki olaraq hakimiyyəti əlində saxlayırdı. Bu vilayət Əfqanıstanla sərhəddə yerləşir. «Taliban» 2003-cü ildən burda hakimiyyəti ələ keçirmişdi. Həmin vaxt Malala «Gul Makai» təxəllüsü ilə yazırdı. Onun yazıları «Taliban»ın Svatda məktəbləri bağlaması, qızların təhsilinə qadağa qoyması haqqında idi. Malalanın atası Zaiuddin Yousafzai da özəl qız məktəbinin rəhbəri idi. Ancaq «Taliban»ın tələbindən sonra məktəbi bağlamalı olmuşdu.
50 MİN QIZDAN BİRİ
Malala «Taliban»ın qadağasından sonra Pakistanda təhsilini dayandırmış 50 min qızdan biri idi. O, «Taliban»ın təzyiqləri altında təhsilini yarımçıq qoyması haqqında bunları yazırdı:
«Mən məktəbli formamı, çantamı görəndə, çox kədərlənirəm. Sabah oğlanlar məktəbə gedir. Ancaq «Taliban» qızların təhsilinə qadağa qoyub».
O, «Taliban»ın qız məktəblərini necə dağıtmasından, 12 minlik Pakistan ordusunun Svat əyalətində «Taliban»a qarşı əməliyyatlara başlamasından sonra ailəsinin, əhalinin öz evlərini necə tərk etməsindən də yazıb.
Pakistan ordusu Svat əyalətində talibançıları qovandan sonra «Gul Makai» kim olduğunu açıqladı. Məlum oldu ki, o, puştu, urdu və ingilis dillərində əla danışan Malala-dır.
2011-ci ilin sonunda Pakistan hökuməti onu Milli Sülh Mükafatı ilə təltif edib. Malala həm də Beynəlxalq Uşaq Sülh Mükafatına namizədliyi irəli sürülmüş ilk pakistanlı qız olub. Onun namizədliyini Cənubi Afrikadan olan Nobel Sülh Mükafatı laureatı Desmund Tutu irəli sürmüşdü. Malala həmin mükafatı ala bilməmişdi. Ancaq 2011-ci ilin sonlarında demişdi ki, namizədliyinin irəli sürülməsi belə onun üçün böyük şərəfdir:
«Beynəlxalq Sülh Mükafatına namizədliyimin irəli sürülməsi mənim üçün böyük şərəfdir. İlk dəfədir ki, bu mükafata Pakistandan bir uşağın namizədliyi irəli sürülür. Bu, Pakistan üçün də şərəfdir».
PARTİYA YARATMAQ İSTƏYİRDİ
Dünya mediasının diqqətində olan Malala həm də bildirmişdi ki, Pakistanda ölkəni irəli aparan siyasi partiya yaratmaq və ona rəhbərlik etmək arzusundadır:
«Mən xalqımı irəli aparmaq istəyən bir lider olmaq istəyirəm. Bəşəriyyətə xidmət etmək istəyirəm».
Mart ayında o, Pakistanın «NewsWeek» jurnalının dərc etdiyi 100 nüfuzlu qadın siyahısına da daxil edilmişdi. Onun belə məşhur olması beynəlxalq ictimaiyyətin diqqətini Pakistandakı təhsil məsələlərinə yönəltmişdi. Eyni zamanda, Malala Pakistandakı «Taliban»ın da qəzəbinə tuş gəlmişdi.
Malala Yousafzai hazırda xəstəxanadadır. Güllə qızın başından çıxarılıb. Həkimlər onun vəziyyətinin stabil olduğunu bildiriblər.
Pakistanın Baş naziri Pervaiz Ashraf onu «Pakistanın qızı» adlandırıb.
ABŞ Dövlət Departamentinin sözçüsü Victoria Nuland 14 yaşlı qıza olan hücumu «qorxaqlıq və barbarlıq» adlandırıb.
Oktyabrın 10-da Peşəvər şəhərində yüzdən çox adam 14 yaşlı Malala-nın vurulmasına etiraz olaraq aksiya keçirib.
Azadliq.org