post-title

Nə qədər fikirləşirəm, heç başa düşmürəm

Mənim bir dostum var, adı Məşədi İmamquludur, hansı ki, ildə bir dəfə Xorasana ziyarətə gedər və hər səfərində Tiflisdə bir neçə gün dayanıb mənə qonaq olar.

 

Üç-dörd il bundan irəli Məşədi İmamqulu genə Xorasana gedərkən Tiflisdə mənə qonaq oldu. Amma heç yadımdan çıxmır. Bir gün dostum mənə dedi: A Molla Nəsrəddin, mən ölüm, buralarda qonşuluğumda birinin evində mənə bir otaq kirayə elə gedim qalım, ta sənə əziyyətim dəyməsin. Hərçənd mən cavab verdim ki, onun mənə bir əziyyəti dəymir, amma çox bənd olmadım, çünki fikrimə belə gəldi ki, bəlkə kişi mənim evimdə yemək-içmək və yatıb-durmaqdan yana rahat ola bilmir. Dedim çox əcəb, məşədi, indi de görüm nə cür otaq istəyirsən? Cavab verdi ki, nə cür olacaq olsun, ancaq bir elə yer olsun ki, yazığam, qürbətdə qüssə eləməyim.

Haman gün getdim tanışlarımdan bir rus evində məşədiyə bir otaq tapdım və gəldim özünü də apardım ki, görsün nə tövr yerdi. Məşədi İmamqulu otağa baxıb ev sahibi ilə bir qədər danışıb papiros yandırdı və bir söz söyləməyib yavaşca mənə dedi: “gedək”.

Küçəyə çıxanda dostum mənə dedi ki, burada qalmaq istəmirəm, qorxuram qüssə eləyim.

Çünki otağın bir qüsuru yox idi, yəqin elədim ki, dostum əlbət elə bir yer axtarır ki, orada məşğuliyyət üçün qəşəng xanımdan-zaddan bir şey olsun. Elə küçə ilə getdiyimiz yerdə bir evin qapısında bir elan oxuduq ki, bir otaq kirayə verirlər. Girdik içəri. Bir rus arvadı özü cavan və hələ bəlkə bir az da naz və qəmzəli bizə başladı otağını tərif etməyə. Həqiqətən otağın bir qüsuru yox idi. Necə ki, özünün də bir qüsuru yox idi. Məşədi İmamqulu başladı xanımdan soruşmağa: neçə yaşın var, ərindəmi var, anan nə dərd ilə ölüb, atan harada anadan olub, qardaşın necə oldu, bacın necə oldu? Xülasə, təftişini edib qurtardı və axırda mənə yavaşca dedi: "gedək".

Çıxdıq küçəyə və dostum mənə cavab verdi ki, qorxuram qüssələnəm. Çox təəssüf. Fikrimdə öz-özümə dedim ki, vallah bu xanımın rəngi və saçları, qaşı-gözü sarıdı, amma məlumdur ki, bizim adamlar qaraqaş-qaragözə artıq talibdirlər və könlümdə dedim ki, eybi yoxdur, bir özgə yer taparıq.

Tiflisdə ki, Allahın qüdrətinə şükr olsun, bir elə şey yoxdur ki, arzu edəsən, tapılmaya. Bunu Naxçıvan, Qarabağ, Şəki məşədi və bəlkə hacıları və Bakı cavanları məndən də yaxşı bilirlər.

Müxtəsər, nə başınızı ağrıdım, bir gözəl otaq tapdıq Məşədi İmamquluya: amma necə nazənin! Sərv qamətli, ox kiprikli, qaragöz, qaraqaş, qırmızıyanaq, - dəxi nə deyim.

Amma təəccüb! Məşədi İmamqulu genə yavaşca mənə dedi: “gedək” və küçəyə çəxan kimi genə haman cavabı verdi: qorxuram qüssə edəm.

Dedim ta məni bağışla, məşədi, indi ta sən özün özünə otaq axtar.

Amma qoçaq haman gün tapdı.

Dostum tapdı, amma mən yazıq bu dörd ilin içində bu məsələyə bir cavab tapa bilmirəm ki, qabaqkı otaqları nə üçün dostum bəyənmədi və hamanki bəyənib qaldığı yerə dəxi də artıq kirayə verirdi. Bir dəfə getdim məşədinin mənzilinə ki, bir az artıq diqqət eləyim, görüm bu məsələnin həlli üçün bir açaq tapa bilirəm, ya yox. Getdim, amma genə mən yazıq tapa bilmədim və yəqin ki tapmayıb öləcəyəm. Demirəm bəlkə qarelərimiz bu xüsusda bir işarə yazalar. Bəli, getdim Meşədi İmamqulunun mənzilinə və gördüm ki, dostum oturub və hər iki cibindən hər iki əlləri ilə fındıq və kişmişi ovuclayır və tökür on iki yaşında bir rus uşağının ətəklərinə. Haman uşaq ev sahibinin oğludur.

Nə qədər fikirləşirəm, heç başa düşmürəm.

MOZALAN

“Molla Nəsrəddin” jurnalı, 1906-cı ilin 12 may (1 rəbiül-axir 1324) tarixində, jurnalın 6 cı sayının 6-cı səhifəsi.

Hazırladı Gülya Xaki

Kultura.az

Yuxarı