post-title

Qızyalvardan ot

Son illər camaatımızın xalq təbabətinə, müalicəvi otlara marağı və diqqəti xeyli artmışdır. Bu maraq və diqqəti şərtləndirən bir neçə səbəb vardır. Gəlin, bu səbəbləri sadalamağa cəhd edək.

 

Apteklərdə satılan dərmanların çoxu keyfiyyətsiz və saxta olduqlarından bəzi vətəndaşlarımız dərmanlara inamını itirib. Onlar xalq təbabətindən yararlanmağı daha məqsədəuyğun hesab edirlər.
 

Həkimlər dərman firmaları ilə izdivaca girərək, xəstələrə qəsdən lazım olmayan artıq dərmanlar yazırlar. Sonra da namaz qılıb, oruc tuturlar. Ümumiyyətlə, həkimin və fizikin dindar olması çox qəribə haldır. Bizim Elmlər Akademiyasında bir fizik mələyin uçuş sürətini hesablamışdı. Nəisə. Mövzudan uzaqlaşmayaq.

Bəzi vətəndaşlarımız pulsuzluq, kasıbçılıq üzündən dərman ala bilmirlər. Beləliklə, xalq təbabətinə üz tutmağa məcbur olurlar.
 

Bəzi vətəndaşlarımız Azərbaycan çaylarını içmək əvəzinə müalicəvi otlar dəmləyib içməyi daha əlverişli, sərfəli, səmərləi, xeyirli hesab edirlər.

Ola bilsin camaatımızın müalicəvi otlara marağının artmasının başqa səbəbləri də var. Axtarsaq, taparıq. Amma, yazının təyinatı başqadır.

Müalicəvi otlar satan adamlar yəqin sizin də müxtəlif məkanlarda qarşınıza çxıır. Onlardan biri “28 may” metrostansiyasının ətrafında gəzinir. Ofislərə, mağazalara girib müalicəvi otlar satır. Hiss olunur ki, özünün daimi müştəriləri var. Onu bir neçə ildir tanıyıram. Qışda mütəmadi olaraq ondan müalicəvi otlar alıram. Adını bilmirəm. O isə mənə “müəllim” deyərək müraciət edir. Ümumiyyətlə, son vaxtlar küçədə, kafedə, metroda, mağazada mənə “müəllim” deyə müraciət edənlərin sayı xeyli artımışdır. Bu yəqin ki, yaşın artması ilə bağlıdır. Ya da doğurdan da müəllimə oxşayıram. Qərəz, “28 may” metrostansiyasının ətrafında müalicəvi otlar satan gənc də mənə “müəllim” deyə müraciət edir. Bir dəfə polislər onu tutub harasa aparmaq istəyirdilər. Müdaxilə etdim. Polsilərdən biri tanışım çıxdı. Bir təhər məsləni yoluna qoyduq. Nə edək, reallıq belədir. O hadisədən sonra müalicəvi otlar satan gəncin mənə qarşı münasibəti bir az doğmalaşdı. Məsələn, mən tutaq ki, bir ot almaq istəyirəm. O, belə cavab verirdi: “Üstümdə var, amma yaxşı deyil. Bir həftədən sonra yaxşısnı gətirəcəm”.

Günlərin bir günü mən “Reytinq” qəzetinin ofisinə gedəndə müalicəvi otlar satan gənclə qarşılaşdım. Görüşdük. Yüngülvari hal-əhval tutduq. Ofisdə dəmləyib içməyə bir-iki müalicəvi ot aldım. Gənc sağa sola baxıb, bir az da mənə yaxınlaşıb dedi: “Müəllim, yaxşı ot var”. Doğrusu bu cür ehtiyatla “yaxşı ot var” deməsi məndə bir az şübhə doğurdu. Ağlıma başqa “ot” gəldi. Səhv etmirəmsə, elə bir dövr idi ki, köhnə “ot” bazarda qurtarmışdı, təzə “ot”u bazara buraxmamışdılar. Hətta bu mövzuda bir meyxana da var. Məsələyə aydınlıq gətirmək üçün müalicəvi otlar satan gəncdən soruşdum:

- Nə otu?

- Qızyalvardan ot.

- O, nə üçündür?

- Dəmləyib bir stəkan qıza verirsən... Yarım saatdan sonra qız adama yalvarmağa başlayır...

Beləliklə, müalicəvi otlar satan gənc qızyalvardan otun hansı məziyyətlərə, keyfiyyətlərə, qabiliyyətlərə malik olması haqda danışmağa başladı. Çox, təəsüf ki, onun monoloqunu yazıda tirajlamaq mümkün deyildir. Danışdığımızdan belə başa düşdüm ki, işin ən çətin tərəfi “çayı” qıza içirtməkdir. Qalanı öz axarıyla gedir. Adam hətta, qızyalvardan otla bağlı bir-iki əhvalat da nəql etdi. Hansılar ki, həmin əhvalatları yazıda tirajlamaq mümkün deyil. Bir tərəfdən onu dinləsəm də, bir tərəfdən də ota belə təyinatına uyğun ad qoyan adamın istedadı məni bir az coşdurmuşdu. Sual verdim: “Yaxşı, bəs bu qızyalvardan otu əsas kimlər alır?”. Cavab son dərəcə maraqlı idi: “Universitetin müəllimləri”. Bildiyiniz kimi “28 may” tərəfdə bir neçə ali təhsil ocağı yerləşir. Müalicəvi otlar satan gəncdən universitetin adını soruşdum. Konkret dedi. Sadəcə həmin universitetin adını yaza bilmərəm. Durduğum yerdə işə düşmək istəmirəm. Heç o qədər də önəmli deyil. Əsas, işin mahiyyətidir.

P.S. Mən bu əhvalatı Aqşinə danışanda qəribə cavab eşitdim: “Ona denən qız gətirsin, otu özümüz taparıq”.

Seymur Baycan

Kultura.Az

Yuxarı