Amma vəziyyətin indikindən qat-qat ağır olduğu XIX əsrdə “Kəmalüddövlə məktubları”nı yazmağa cəsarət edəcək qədər fövqəl bir ürək sahibi idi o. Təsəvvür edin, ilin-günün bu vaxtı “Kəmalüddövlə məktubları”nı oxumağa qorxanlar var, amma o, bundan xeyli çətin illərdə “Kəmalüddövlə məktubları”nı yazmışdı.
O yalnız toplumun ağrıyan yerlərini göstərmirdi. O həm də müalicə etməyə çalışırdı.
Təsəvvür edin, teatr olmaya-olmaya, beş komediya yazasan. Dəhşətdir. Bunun üçün insan nə qədər zəhmətkeş, fədakar, eyni zamanda da ümidli olmalıdır. Onca qaranlığın içində bir gün teatrın da olacağına inanmaq və ard-arda dram əsərləri yazmaq!.. Amma biz bu gün yaxşı-pis, teatrın olduğu ölkənin xilasına inamımızı itirmişik.
Haqqında danışdığımız nəhəng Mirzə Fətəli Axundovdur. Mən onun barəsində danışanda həmişə “Mirzə Fətəli Əjdaha” deyirəm, bəli, yaxşı mənada bir əjdaha idi - qaranlığı udan, cəhaləti udan bir əjdaha!
Özü haqqında deyirdi: “...Mən dərviş məslək və bəşəriyyəti sevən bir insanam. Hər kəs insanları sevib mədəniyyətin tərəqqisinə kömək edərsə, mən onun dostu və tərəfdarıyam. Mən bəşəriyyətin düşməni olan və mədəniyyətin inkişafına əngəl törədənlərdən kənarda və uzaqdayam”.
Bununla Mirzə Fətəli yalnız özünü tanıtmır, həm də onu sevməyənlərin, ona qarşı olanların kimliyini tanıdır: bəli, bəşəriyyətin düşməni və mədəniyyətin inkişafına əngəl olanlar Axundovu sevə bilməzlər, ancaq belələri Axundovun yanında deyil, qarşısında dayana bilərlər.
Mən Axundova rəğbətlə yanaşmamağı heç vaxt başa düşə bilmərəm. Bu, qəbuledilməzdir. Öz xalqını aydınlıqda görmək istəyənlər, öz xalqının gücünü bilgidən, təhsildən, kitabdan almasını istəyənlər, öz xalqının bütün tərəqqipərvər xalqlar içərisində imzasının olmasını istəyənlər Axundovu xor görə bilməzlər. Əks halda, onlar ikisindən birində qeyri-səmimidirlər: ya Mirzə Fətəliyə münasibətdə, ya da mədəniyyətsevərliklərində, tərəqqipərvərliklərində.
Mirzə Fətəlinin “Əkinçi” qəzetindəki imzası çox maraqlı idi: “Vəkili Milləti-Naməlum”. Yəni, “Millətin naməlum vəkili”. Ard-arda millət vəkilliyi videolarının çıxdığı, millətə vəkillik eşqinə düşənlərin o videolarda hansı hoqqalardan çıxdığı bu günlərdə Mirzə Fətəli Axundov yəqin ki, 6-cı komediyasını bu haqda yazardı. Bu vəziyyəti təsvir etməyə yalnız onun qələminin qüdrəti çatardı.
Bəli, bu gün nə qədər adam qələmini, sözünü, istedadını millət vəkilliyi üçün tramplinə, alətə çevirir, amma Mirzə Fətəli 130 il bundan əvvəl, hətta bir qəzetdə millətə vəkillik etməyin mümkünlüyünün nümunəsini yaratmışdı. Buna görə heç “sağ ol” da ummurdu, heç istəmirdi kimliyini də bilsinlər. Indi Axundova ağız büzənlərin çoxu qələmi, sözü, kitabları ilə alver etmiş deputat-yazıçıların girovudur, onlara bir söz deyəndə adamın basıb gözünü çıxarırlar.
Mirzə Fətəlinin bizim üçün dəyərini hər gün daha yaxşı anlayırıq. Mən onun yoxluğunda Azərbaycanın hansı istiqamətdə gedəcəyini təsəvvür edirəm hərdən və tüklərim biz-biz olur. O olmasaydı, onunla başlayan maarifçi hərəkat olmasaydı, yəqin, biz də indi “Taliban”larla, “Müsəlman qardaşları” ilə uğraşmaqla məşğul idik.
Əlbəttə, heç indi uğraşdıqlarımız da onlardan az qorxulu, az zərərli deyillər. Amma hansı üzünə çevirsən, siyasi ekstremizmin yaralarını dini ekstremizmin yaraları ilə müqayisədə daha tez və daha asan sağaltmaq olar. Biz bunu bir əsrdə iki dəfə bacarmışıq, üçüncü dəfə də yeni əsrdə bacararıq.
Amma bilmirəm ki, Azərbaycan, məsələn, “Taliban”a təslim olsaydı, biz ondan qurtuluşu heç olmasa, bircə dəfə də bacarardıqmı?
***
Mirzə Fətəlini hər gün oxumaq lazımdır. Hər gün ondan nəsə oxumaq vacibdir.
Şərə, qaranlığa, mütiliyə qarşı immunitetini gücləndirmək üçün vacibir.
Mən bu gün “Hekayəti-Molla Ibrahimxəlil kimyagər”i oxuyacağam. Ətrafımızdakı meymunluqları möhkəm-möhkəm yadda saxlamaq üçün!
Azadlıq qəzeti