post-title

Günel Mövlud: “Qətlə yetirilmiş sosis”

O reklamın müsbət enerjisi, şuxluğu, ikibaşlılığı hələ də yadımdan çıxmır...

Türklərin nələri olmasa da, təqdimatlarına heyran qalıram həmişə. Ümumiyyətlə, təqdim eləmə mədəniyyəti ciddi məsələdir. Türklər bunu çox yaxşı bacarır. Tarixi yerlərindən, musiqilərindən, mətbəxlərindən tutmuş, bir stəkan çaylarına qədər, hər şeyi elə təqdim eləyirlər ki, adam mat qalır. Türklər dünyada bəlkə də bər-bəzəyə, dekorasiyaya ən həvəsli xalqdı. Yaxşıdımı, pisdimi bilmirəm - mən şəxsən bəzəkdən daha çox, naturallığın, ilkin variantın tərəfdarıyam.

Televizora çox baxan adam deyiləm. Bəlkə evdə kimsə baxa, mən də məcbur qalam. Buna görə də istər yerli, qonşu ölkələrin telekanallarında nəyə baxıramsa-baxım, əslində göz-qulaq müsafiri olmuş oluram - könüllü, məqsədli şəkildə baxmıram. Verilişlərə də, filmlərə də, reklamlara da.

Ölkədə yerli məhsul, yerli marka-filan artdıqca, normal olaraq, bu malların reklamları da çəkilir. Şirniyyatlar, ət, süd məhsulları, meyvə şirələri, nə bilim, daha nələr. Hamısını da təqdim eləmək, alıcıya tanıtmaq lazımdır. Tanıdırlar da.
Amma tanıtmaq hələ yaxşı təqdim eləmək, alıcını həvəsə gətirmək, onda arzu yaratmaq demək deyil. Alıcının biri - mən. Bu yerli məhsulların reklamlarına baxanda o şeyləri əldə eləmək arzum-filanım olmur. Bir az daha dərinə getsəm, deyə bilərəm ki, hətta həmin məhsulları almamağa çalışıram. Niyə?

Birincisi, məhsul üçün seçilən sifət çox vacibdir. O sifətin xoşluğu, müsbət enerjisi, cazibəsi böyük rol oynayır. Mən misal üçün yerli mayonez alanda, pulu o myonezə deyil, onu reklam edən, mənə tanıdan sifətin müsbət enerjisinə xərclədiyimi də düşünməliyəm.

Amma mən indiyə qədər, məsələn heç bir qida məhsulunu xoş, müsbət enerjili, gözəl bir üzlü aktoyrun, aparıcının, nə bilim tanınan sifətin təqdim elədiyini görməmişəm. Sifəti piydən par-par yanan, biləklərindən, yanaqlarından ət sallanan, artıq çəkidən əzab çəkdiyi üzündən açıq hiss olunan qadınlar və kişiləri görəndə mən o dəqiqə «onu yesəm, onun gününə düşərəm» deyə ehtiyatlanıram və o dəqiqə içimdə o məhsula qarşı bir ikrah yaranır.

İkincisi, istənilən reklamda yaradıcılıq, kreativlik də vacib məsələdir. Məsələn, bəzən rejissor məhsulun özünü tamaşaçı-alıcıya tərəf kimi təqdim eləyir - yəni məhsul özü adamla danışır, özünü təqdim eləyir. Maraqlı yanaşmadı. Amma daha bir-biri ilə söhbət eləyən iki sosiskanın birinin qarnına çəngəl sancıb, onu yemək olmaz axı. Sən sosiskanı yeyiləcəyini bilirsən, amma daha bayaqdan səninlə danışan sosiskanı sənin gözünün qarşısında «qətlə yetirmək» olmaz axı.

Üçüncüsü, reklam çəkəndə folklor, klassik ədəbiyyat, adət-ənənə motivlərinə müraciət eləmək maraqlıdır. Bir şadlıq evinin, yağın, mayonezin keyfiyyətinin hansısa elçilik prosesində üzə çıxmasında heç bir pis şey yoxdur. Amma bütün reklamlarda eyni proses, eyni üsul, eyni sözlər istifadə olunanda, bir müddətdən sonra bu priyom yorucu, daha sonra isə bayağı görünür.

Neçə il əvvəl bir mebel şirkətinin reklamına baxmışdım. Həmin şirkət bu reklamdan hələ də istifadə edirmi, bilmirəm - yuxarıda dediyim kimi, mən televizora elə də baxmıram. Amma o reklamın müsbət enerjisi, şuxluğu, ikibaşlılığı hələ də yadımdan çıxmır və kadrlar, kadrarxası mətn yadıma düşəndə hələ də gülümsəyirəm.

Bir gənc qadın mebel dükanına girir. Dükanda qadını olduqca yaraşıqlı, boy-buxunlu, yaşıl gözlü, gözəl gülüşlü bir cavan oğlan - satıcı qarşılayır. Mağazanı gəzdirir, mebellərlə tanış edir. Qadın məmnun halda dükandan çıxır. Növbəti kadrda qadın həmin mebel şirkətinə məxsus olan yatağın üstündə uzanıb, xəyala dalır:

- İyi ki, ona rastladım!
Və növbəti kadrda həmin gözəl oğlanın gülümsər üzü iri planda görünür.

Gorlarına aparmayacaqlar ki, öyrənin də...

Simsar.az

Yuxarı