Sevgili dostlar.
Bildiyiniz kimi, Rafiq Tağının qətlinə etiraz olaraq yaydığımız məlum Bəyanatdan bir müddət sonra mən Azərbaycanı tərk etməli oldum. Orda olanda da, gedəndən sonra da haqqımda yazılanlara mən gec-tez aydınlıq gətirməli idim, amma mən bir az zamanın keçməsini, suların durulmasını gözlədim. Bir az da, deyəsən, lap Qodonu gözləyən kimi gözlədim...
Bir neçə il qabaq İTV-də hörmətli Vəsilə xanımın proqramında ekspert kimi qonaq idim. Mövzunu indi dəqiq xatırlamıram, ancaq, görünür, yenə islam, milli-dini dəyərlər, mentalitet mövzularında “xoşagəlməz” nəsə bir söz dedim, çəkilişdə iştirak edən kostyumlu gənclərdən biri məndən belə soruşdu: “Ağalar müəllim, siz xristiansınız?” Bu sual mənə o qədər yersiz və dəxilsiz göründü ki, suala cavab verməyib, mənə düşən vaxtdan daha maraqlı, daha öyrədici bir mövzuda danışmağı üstün tutdum. Həm də sualdakı açıq bədniyyəti tutmuşdum. Mən orada malik olduğum imkandan sui-istifadə edib, həmin gənci o sualı mənə verdiyinə görə peşman edə bilərdim. Hətta hörmətli Vəsilə xanım məndən bu suala cavab verib-verməyəcəyimi soruşanda da, mən “yox, bu suala cavab vermək istəmirəm” dedim. Belə hallarda birbaşa suala cavab vermək əvəzinə, dolaylı yolla getmək, dinləyicidə həmin sualı doğuran düşüncələri tapıb, onları aydınlatmaq lazımdır. Proqramdan sonra isə yaxın dostlar məni “ayıltdılar”: “Sən bu suala cavab verməməklə, belə mənzərə yaratdın ki, doğrudan da xristiansan, “yox” deyə bilmirsən, çünki keşişlərin baxır, “hə” də deyə bilmirsən, çünki azərbaycanlılar baxır”. Dəhşətə gəldim! Özünəarxayınlıq adamı linç etdirə bilər.
Məncə, istənilən haqsız suçlama, ittiham qarşısında özünü üç cür aparmaq olar: 1) Həqiqətin öz-özünə ortaya çıxacağına inanaraq, heç nə etməmək, təxminən çarmıxdakı İsa Məsih kimi. 2) Suçlamaya sözlə cavab vermək, təxminən məhkəmədəki Sokrat kimi. 3) Suçlamaya fəaliyyəti ilə cavab vermək, ittihamları öz əməllərilə puça çıxarmaq, təxminən Hüqonun Jan Valjanı kimi.
Belə bir (d)zen pritçası var. Xakuin adlı zen müəlliminin qonşuluğunda gözəl bir qız yaşayırmış. Qızın ata-anası bir gün onun boylu olduğunu görüb, çox bərk acıqlanırlar. Qız öncə körpənin atasının kim olduğunu demək istəmir, çox çək-çevirdən sonra Xakuinin adını verir. Valideynlər qəzəblə Xakuinin qapısına gəlirlər, Xakuinin dediyi sadəcə bu olur: “Doğrudan?!” Uşaq doğulur, qızın valideynləri onu gətirib Xakuinə verirlər. Xakuin körpəni qayğı və şəfqətlə qəbul edir, hər gün qonşulardan ona süd alır, hər ehtiyacını ödəməyə çalışır. Baş verənlərə görə yan-yörəsindəkilərin gözündən düşməsi Xakuini həyəcanlandırmır. Bir il keçir. Bir gün qız valideynlərinə həqiqəti açıb deyir: Uşağın atası balıq bazarında işləyən gənc bir oğlandır. Valideynlər dərhal Xakuinin qapısına gəlir, dönə-dönə üzrxahlıq edir və uşağı qaytarmasını xahiş edirlər. Xakuin onları dərhal bağışlayır, uşağı da qaytarır, dediyi isə sadəcə bu olur: “Doğrudan?!”
Xakuin burada İsa kimi hərəkət edib. Lakin doğrudanmı həqiqət incəlsə də, heç vaxt üzülmür? Doğrudanmı, ilahi ədalət gec-tez özünü yetirir, həmişəmi bizim günahsızlığımızı sübut edən kimsə tapılır? Yox! Qız susa da bilərdi və belə olsaydı Xakuin nəinki ömrü boyunca, hətta bütün zen tarixi boyunca bu “ləkə” altında qalacaqdı. Tarixə “ləkəli” xakuinlər kimi düşən bəxtsizlərin varlığına mən inanıram.
Bunca susub xakuinlik etdikdən sonra indi də bir az sokratlıq etmək istəyirəm. Janvaljanlığı da sonraya saxlayım.
***
Bəlkə bir az ixtisasımla əlaqədar, bəlkə təhsilimi Türkiyədə almağımla əlaqədar, bəlkə Asif Ata Ocağından keçməyimlə əlaqədar, bəlkə gənclərlə işləməyimlə əlaqədar mən dinin, ehkamçılığın, mövhumatın şiddətlənməsini, rasionallığın kütə getməsini hamıdan cəld duyanlardan biri olmuşam. İndilərdə “islami oyanış” adı verilən prosesin “zəkanın yuxulaması”ndan başqa bir şey olmadığını fəlsəfə müəllimindən daha yaxşı anlayan kim ola bilər? Fəlsəfənin araşdırma sahələrindən biri də “din tənqidi”dir (Religionskritik). “Alma” qəzetinin ilk saylarından (2006-cı ildən) etibarən mən bu mövzuda yazmağa başlamışam.
Rafiq Tağı iranlı ayətulla tərəfindən ölüm hökmü alıb, həbs edildikdən sonra zərbə bir az ondan yayınsın deyə, mən “Alma”da birbaşa islamı ifşa edən palaz yazılar yazmağa başladım. Bu, müstəqil Azərbaycanda islam haqqında yazılan ilk belə yazılar idi. Habelə, cürbəcür açıq seminarlarımda, müsahibələrimdə, imkan düşən kimi telekanallarda, dərslərimdə, “Azadlıq” radiosundakı söhbətlərimdə, debatlarda, gənclərlə hər görüşümdə, bəzən də heç yeri gəldi gəlmədi islam mövzusuna diqqəti cəlb edirdim. O vaxtlar da çoxlu hədələr gəlirdi. Ancaq “hürən it dişləməz” deyirdim. İnsafən dişləmirdi də. Lakin həmin günlərdə “Alma”da yazdığım yazılarıma görə aldığım e-maillərdən biri ciddi görünmüşdü mənə. Çünki “allahu əkbər”lə başlayıb, “allahu əkbər”lə də qurtaran bu qısa məktubda çalışdığım Elmlər Akademiyasından saat neçədə çıxdığımı, hansı dayanacaqda dayandığımı, hansı avtobusa mindiyimi dəqiq yazmışdılar. İndi utanmıram bunu yazmaqdan, həmin vaxt saqqalımı qırxmışdım ki, şəhərdə tanınmayım. Ancaq o vaxt bu haqda heç kimə heç nə deməyə lüzum görmədim. İndi İP-da oturan, İranın mötəsimbillahsifət nümayəndəsi həmin günlərdə “Alma” qəzetinə hücum təşkil etdirəndə və bütün dindarları bizim üstümüzə qaldırmaqla hədələyəndə, redaksiyanı mənim fədakar dostum Zahir Əzəmət təkbaşına təmsil edirdi. “Alma” nəşrə başladıqdan 4 il sonra, onun islamçıların təzyiqi ilə bağladılması dünyəvi və elmi düşüncəyə qarşı növbəti hücum idi.
İslamçıların qarşı düşüncəyə nə dərəcədə dözümsüz, qəzəbli və kinli ola biləcəklərini mən ilk dəfə nə “Alma” dövründə, nə də Rafiq Tağıdan sonra görmüşəm. Bu mənə hələ tələbəlik illərimdən tanış mənzərədir. Bir dəfə Türkiyədə tələbə vaxtı türk millətçilərinə ərəb Məhəmməd haqqında bir-iki tarixi fakt dedim, oturanlardan biri “Allahu əkbər! Qətli vacibdir!” bağıran kimi qalxıb cumdular üstümə. Bu, 1990-cı illər idi. Məni ordan güc-bəla ilə çıxardan dostlardan biri ötən il hakimiyyət tərəfindən şərlənərək, qanunsuz həbs edilmiş, keçmiş tələbə yoldaşım, dəyərli insan Əvəz Zeynallı idi.
Rafiq əfvlə həbsdən çıxdıqdan sonra mən islam haqqında prinsip olaraq yazmamağa, danışmamağa qərar verdim. Hətta daimi çalışdığım görkəmli Xəzər universitetində “İslam fəlsəfəsi” mövzusunu da mühazirələrimdən çıxartdım. Bunu nə üçün edirdim? Bir neçə səbəbdən: Birincisi, Quranı və Məhəmmədi öyrənmək mənim şəxsi fəlsəfi inkişafıma heç nə vermirdi, əksinə, vaxtımı aparır, zəhləmi tökürdü. İkincisi, islamda o qədər yalan, uydurma və gizlətmə var ki, bunları bir-bir görmək adamı çox pis əsəbləşdirir və adam bunu hamıya car çəkmək istəyir, ən azından öz yazılarında və söhbətlərində istər-istəməz bu mövzuya toxunmalı olur. Nəticədə də xeyli düşmən qazanır, kimisə bilmədən incidir, oxucu itirir və s. Üçüncüsü, mən cəmiyyətdə sadəcə ateist kimi qəbul edilmək istəmirdim, əksinə, özüm haqqında bu xarakteristikanın yavaş-yavaş unudulmasını istəyirdim, çünki “ateizm” mənim fəlsəfi mövqeyimin yetərli ifadəsi deyil. Digər tərəfdən isə, fəlsəfi baxımdan “ateizm” xristian dininə qarşı olan mövqenin adıdır; islam isə mahiyyətcə din olmadığı üçün anti-islami mövqeyi əslində “ateizm” adlandırmaq doğru deyil. Anti-islami mövqenin adını, məncə, humanizm adlandırmaq daha doğru olardı. Bir sözlə, Rafiq azadlığa çıxdıqdan sonra ta ki, onun öldürülməsinəcən olan dövrdə mən islam haqqında prinsip olaraq susdum. İndi unutduğum orda-burda xırda-para istisnalar ola bilər, bu heç.
Nəhayət, ötən ilin mart ayında Azad Fikir Universitetində (bundan sonra: AFU) “Zaratuştraçılıq” mövzusunda seminar verdiyim zaman, öyrədilmiş iki kütbeyin islamçı gənc, mən bircə cümlə ilə namazın kökünün zaratuştraçılıqda olduğunu dediyim üçün, ya da bunu bəhanə edərək, 150-200 nəfərlik dinləyici kontingentinin qarşısında qalxıb məni təhqir etdilər. Onlar çölə çıxarıldıqdan sonra guya özlüklərində mənnən haqq-hesab çürütmək üçün aşağıda da məni gözləyirdilər. Dostlarla yanaşı, daha doğrusu, onların arasında AFU-nun binasından uzaqlaşa bildim. Ertəsi gün mənim ən mərd dostlarımdan biri Xədicə İsmayılova bu mövzunu “Azadlıq”da müzakirəyə çıxarmaq istədi, ancaq mən razılıq vermədim. Sonra həmin bu kütbeyin gənclər “Azərbaycan Respublikasına xidmət edirəm” adlı facebook səhifəsində mənim böyük bir şəklimi qoyub təhqir kampaniyasına başladılar. Bir neçə gün söymədikləri əzam və qohumum qalmadı. Amma mən yenə də hadisəni ictimailəşdirmək istəmədim. Ancaq o seminar mənim AFU-da verdiyim sonuncu seminarım oldu. İndi düşünürəm ki, bəlkə də o hadisə mənim ayağımı AFU-dan kəsmək üçün düşünülmüşdü, bəlkə də təsadüfən belə alındı, bilmirəm.
AFU-dakı bu hadisədən səkkiz ay ötdü. Rafiq Tağı vuruldu. Bu, artıq söyüş deyildi, hədə deyildi, fakt idi. Mırıldayan it qapmışdı. Təhlükə düz yanımdan ötmüş, qardaşıma dəymişdi. Sanki mənim əvəzimə səhvən onu vurmuşdular. Bunu nə üçün belə düşünürəm? Çünki mən bilən Rafiq Tağı islam və İran haqqında cəmi iki yazı yazıb, birinə görə ölüm hökmü alıb, o birindən sonra öldürülüb. Mənim isə müxtəlif vaxtlarda islama qarşı yazılarım və İrana qarşı təkcə elə “Amerikanın səsi” radiosunda, “Güney Azərbaycan televiziyası”nda dediklərim az qala bir kitab qədər olar. Belədə, nə üçün məhz Rafiq Tağının seçilməsi üzərində mən çox düşünmüşəm, məncə, əgər bu fərdi terror olmayıbsa, deməli, məni xilas edən iki ildən çox müddət ərzində islam mövzusunda susmağım və beləcə islamçı dairələr tərəfindən unudulmağım olub.
Biz “Alma” qəzetində milli mentalitetimizin islami əsaslarını analiz etməklə yanaşı, mentaliteti ələ də salırdıq. İndi də bunu edənlər az deyil. Ancaq mentalitet anonimdir, yiyəsi, təşkilatlanmış strukturu yoxdur deyə, onu rədd etmək də təhlükəli deyil. Rafiq Tağının ölümünəcən islam da Azərbaycanda belə idi.
Üstəlik, təşkilatlanmış terrorçuluqla fərdi terroru qarışdırmaq olmaz. Terror təşkilatlarının məqsədi, məramı, taktikası az-çox bilinir, ancaq fərdi terrorda bunu müəyyənləşdirmək mümkün deyildir. Belə ki, hansısa dəli bir dinçi, ya millətçi, ya bir solçu şəxsən qəzəblənib, təkbaşına qərar verib, təkbaşına da terror törədə bilər. Məsələn, Mahatma Qandi təşkilatlanmış terrorçuların yox, hinduist bir fanatın qurbanı olub. Ona görə də ən təhlükəli terror fərdi terrordur. Bu anlamda dini, fanatist, ideoloji mühiti qıcıqlandırmaq ikiqat təhlükəlidir.
İslam terroruna gəldikdə, islamçı terrorçunun olduqca spesifik xarakteri var, belə ki, o, terroru ənənəvi qaydada konkret bir şəxsi aradan götürmək üçün, ya da bununla başqalarını qorxutmaq üçün yox, bunu cənnətə getmək üçün də edə bilər. Yəni bir islamçı “tumurcuq (qabarıq) məməli huri” (Nəbə surəsi, 33-cü ayə) üçün adam öldürə bilər. Hətta buna görə o, özünü də partlada bilər. Ona görə də islamçı terrorçuluq bütün dünyada ən təhlükəli terror növü sayılır. Şübhəsiz, Rafiqin də öldürülməsi huri uğrunda fərdi terror ola bilərdi. Üstəlik, Rafiqi öldürənə İranda mükafat təyin edilmişdi. Bir nardaranlı onu öldürəcəyinə hamının gözü qarşısında and içmişdi. Hələ bunu da nəzərə alın ki, Quran dəfələrlə açıq-aydın mətnlə “allaha şərik qoşanları öldürün”, “küfrə sapanları xəncərləyin” kimi əmrlər verir (məsələn, Tövbə surəsi, 5-ci ayə; Məhəmməd surəsi, 4-cü ayə və s.). Ümumiyyətlə isə bir islamçı islama qarşı xoşuna gəlməyən bir söz eşidər-eşitməz, bunu öz mövqeyinə qarşı sionistlərin müharibə elan etməsi kimi qavrayır və onun zehnində dərhal Quranın məşhur “Sizinlə döyüşənləri tutduğunuz yerdə öldürün” (Bəqərə 190-191, Maidə 33) ayə-əmri işə düşmüş olur. Və beləliklə, sənin həyatın artıq təhlükədədir.
İslamçıların və İranın ruporuna çevrilmiş “mediaforum” saytı uzun müddət mərhum Elmar Hüseynovun fotosu ilə Rafiq Tağının fotosunu yanaşı nümayiş etdirməklə cəmiyyətin təhtəlşüuruna çox hiyləgərcəsinə belə bir mesaj ötürürdü ki, bunlar eyni yerdən vurulublar. Halbuki Rafiq Tağının “Laplandiya” hekayəsinə görə öldürülməsi ehtimalı iki qat zəif ehtimaldır, çünki bu ehtimal Elmar Hüseynovun öldürülmə ehtimallarından biri ilə qurulmuş analogiyadır.
Doğrudur, Rafiqin də qətlinə hakimiyyət tərəfindən sifariş verilməsi ehtimalını heç kim apriori yox saya bilməz. Yəni heç kim iddia edə bilməz ki, hakimiyyətin belə bir mexanizması, belə bir təcrübəsi yoxdur və yaxud onun belə işlərə əli gəlməz. Mən bunu Rafiqin ölümündən bir neçə gün sonra çağırıldığım “Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi”ndə müstəntiqə də dedim (təbii ki, bir neçə saatlıq söhbətdə müstəntiqə təkcə bunu demədim, məndə olan, amma burada yaza bilməyəcəyim və istintaqa kömək edə biləcək bütün informasiyaları verdim). Məlum Bəyanatdan sonra əl-ayağa düşən islamçıların başılovlu hərəkətləri də yəqin ki, istintaqçılara yaxşı fürsətlər verdi. Təbii ki, bu cinayətin indiyəcən açılmamış qalması hakimiyyətə qarşı da şübhələr yaradır, amma hər iki tərəfə olan şübhələri məntiq və vicdan tərəzisinə qoyanda islamçılar daha ağır gəlir.
Bir sözlə, Rafiq Tağının qətlinin sifarişi irançı-islamçı dairələrdən verilmiş olması ehtimalı hakimiyyətdən verilməsi ehtimalından qat-qat daha güclüdür. Elə təkcə mənim irançı islamçıları günahlandırmağa azı səkkiz-doqquz ciddi şübhəm var, bəs görəsən, islamçılar hansı ehtimallardan çıxış edirlər? Və öz ittihamında kim daha ədalətsiz, kim daha şərləyici görünür?
(ardı olacaq)
BU YAZI MÜƏLLİFİN XAHİŞİ İLƏ ŞƏRHLƏRƏ BAĞLIDIR (Facebook`la bağlanmış texniki öhdəçiliklər səbəbindən Müəllifin xahişinin nəzərə alınıb-alınmaması Facebook istifadəçilərinin öz ixtiyarına buraxılır - Kultura.Az)
Kultura.Az