post-title

Bəhanə ilə silahlananlar

Bu köşəni qorxaq “qəhrəmanlar” üçün yazıram. Özünü burda görənlərin bir daha düşünüb qərar çıxarması üçün bunu yazmağı vacib sayıram.

 

 
Bu gün cəmiyyətdə bir qrup insan var ki, cəsarətsizliklərini gizlətmək üçün bəhanələr “istehsal” edirlər. Guya mübarizə aparmamaqlarının səbəbi inamsızlıq, ümidsizlik, nəticənin olmamasıdır. Bu “öncəgörənlik” nəyə, hansı mübarizə təcrübəsinə əsaslanaraq meydana çıxıb? Bu millətin ümidsiz, inamsız olmasına heç bir real səbəb yoxdur. Niyə? Çünki bu xalq 20 ildə bir dəfə də olsun elliklə hüquqları uğrunda, azadlıqları naminə etiraza qalxmayıb ki, nəticənin də uğrusuz olmasından ümidsizləşsin. Əksinə, tarix göstərir ki, bütün azadlıq uğrunda aparılan savaşlar sonda qalib gəlir. Biz əvvəli başlamadan sonu proqnozlaşdırmağa adət etmişik. Azərbaycan əhalisinin böyük əksəriyyəti inanclı insanlardır. Sual edirəm, Imam Hüseynin 72 nəfərlə Yezidin 30 minlik qoşununa qarşı apardığı mübarizəyə qibtə edən, alqışlayan, haqq qazandıran insanlar bu günün yezidlərinə qarşı mübarizə aparmadıqları üçün utanmırlarmı? Bu gün hər bir şəxsin istənilən bəhanəsi Imam Hüseyn faktı qarşısında ifşa olunur.
 
Cəsarətsizliyin utancından yayınmaq üçün ümid “killer”liyi edənlər ilk olaraq öz övladlarını, onların gələcəyini qətlə yetirirlər.
 
Ürək aksiyası
 
Bu ölkədə əksəriyyət ürəyinin qənimidir. Bütün narazılığı, şikayəti, üsyanı ürəyimizdə başlayıb, ürəyimizdə də dəfn edirik. Ürəyimiz sanki, təlatümlər qəbiristanlığıdır. Insan ürəyində bir insanın məhəbbətini, valideynin sevgisini, vətənin eşqini saxlaya bilər. Amma bir rejimin eybəcərliklərini, bir qrup yaramazın çirkin əməllərini, bizə olan haqsızlığı niyə ürəyimizdə saxlamalıyıq? Ürəkdən keçənləri dilə gətirmək yaşamaqdır. Dilə gətirmək istədiyini ürəkdə saxlamaq isə ölümə doğru yol almaqdır. Qorxunu özünə “lider” sayanlar kölə kimi yaşamağı qəbul etmişlərdir. Biz hansısa məhrumiyyətlərlə üzləşəcəyimizi düşünərək, etirazımızı ürəyimizin “sakin”inə çeviririk. Həqiqətdə isə özümüzü insan olmaqdan məhrum edirik. Monteskyö yazırdı: “Bir nəfərə qarşı olunan haqsızlıq, hamı üçün təhlükəlidir”. Yəni bu gün susanlar, sabah başqasının danışmağına ehtiyac duya bilər.
 
Qidalandığımız mənbə
 
Nə bəladırsa, biz mədəmizi başımızdan çox bəsləyirik. Mədəmizi ləziz, keyfiyyətli, başımızı isə AzTV-lərin vaxtı keçmiş “produktları” ilə yola veririk. Azərbaycan kimi ölkələrdə alternativ informasiya almayan insanların beynində “qəbzlik” yaranır. Məsələn, övladına bir televiziya proqramında çıxıb özünə arvad tapması üçün xeyir-dua verən valideyn haqq-ədalət uğrunda mübarizədən söhbət düşəndə xeyirsiz dualar verir. Bir sözlə, Ibrahim Məmmədovun nağıllarından sonra, “Azadlıq” qəzetini oxumadan yatır. Keyfiyyətsiz qidanın təsirindən “göydən üç alma” düşmədiyini də hiss etmir. Bu başı “mədələşmiş” adamların da “biz nə biləydik” bəhanəsi olacaq. Bu ölkədə bəhanə, etirafın “günü”sünə çevrilib.
 
Müdrik gənclik
 
Düşünürəm ki, bu ölkənin işıqlı gələcəyi gəncliyin birgə mübarizəsindən keçəcək. Demokratiya, azadlıq, ədalət uğrunda savaşmaq müdrik addımdır. Deməli, bu savaşa qoşulan gənc müdriklik cığırına düşə bilib. Sabah şərəfli qoca olmaq üçün bu gün müdrik gənc olmağa borcluyuq. Bütün bəhanələri dəfn edərək, yeni doğulacaq Azərbaycan naminə, IRƏLI!
 
İlham Hüseyn
Kultura.Az
Yuxarı