Bu bir həqiqətdir ki, bizim toplumda ictimai və hətta şəxsi həyatda baş verən hadisələrə elementar xoş və eyni zamanda ironik münasibət, qarşı tərəfin də bunu gülüşlə qəbulu demək olar ki, mümkünsüzdür. Hansı bir intellekti, iti ağlı, kəsərli yumoru olan individuum olsa da, cəmiyyətin qıcanmış və qaşqabaqlı normaları bunu etməyə şans tanımır.
Cəmiyyətdəki bu boşluğu bayağı və kifayət qədər brutal “gülüş ustaları”, yaxud “yazar”lar doldurmağa çalışır. Keçən əsrin əvvəllərində Üzeyir bəy və Əbdürrəhman bəy Haqverdiyevin (Mirzə Cəlil və Sabirdə yumor deyil, kəsici satira idi) səlis və eyni zamanda incə yumoru hazırda yoxdur. Sovetlərdə mövcud olan siyasi-sosial lətifələr isə ümumiyyətlə mövcud deyil. Cəmiyyətin nəinki yumor kreativliyi, hətta yumoru qiymətləndirmək potensialı sanki tükənib. Bunun nə ilə bağlı olduğunu dəqiq konstatasiya etmək kifayət qədər çətindir, çünki bir çox toplumlarda ən ağır dövrlərdə belə, ən çətin anlarda insanları yumor hissi tərk etməyib.
Bir zamanlar W.Churcill’in “II Dünya Müharibəsi” (“The Second World War”, 1948/54) adlanan memuarlarını oxuyarkən orada maraqlı bir əhvalat diqqətimi çəkdi. Churcill nəql edirdi ki, müharibə sonra yetdikdən sonra Gestapo’nun arxivlərinin bir hissəsi qənimət kimi Britaniya xüsusi xidmət orqanlarının əlinə keçir. Churcill də bu sənədlərə baxış keçirmək istəyir və orada almanlara 41-ci ilin bombardımanları zamanı əsir düşmüş bir ingilis pilotunun istintaq materiallarına rastlayır.
İstintaq çox həssas dövrə təsadüf edirmiş. 41-ci ilin baharı zamanı öz yüksəlişində olan III Reich ilə vuruşda bütün müttəfiqlərini itirib, qorxunc tərəf müqabili ilə üzbəüz qalmış Böyük Britaniya ağır vəziyyətdə idi. Faktiki sarsıdıcı məğlubiyyət qarşısında duran, özünü Göring’in yırtıcı Luftwaffe’sinin azğın hücumlarından çox böyük çətinliklə qorumağa çalışan əski İmperiya, son gücünü və məşhur ingilis əzmini toplayıb var qüvvəsi ilə müqavimət göstərirdi. Bu zaman tarixə “İngiltərə uğrunda savaş” kimi yazılmış və aylarla davam edən döyüş silsiləsi, sırf hava qüvvətləri arasında baş verdiyindən, hər iki ölkənin pilotları artıq ağına-bozuna baxmadan rəqibin şəhərlərini, mülki obyektləri belə bombalayırdılar. O zaman radarın hələ kəşf edilməməsi (o bu döyüşün lap sonlarında ingilislər tərəfindən kəşf edildi və bu Britaniyanın duruş gətirməsini mümkün etdi) və zenit qurğularının kifayət qədər inkişaf etmədiyindən şəhər infrastrukturu amasızcasına dağıdılır, mülki əhalinin arasında təlafat isə saysız-hesabsız olurdu. Beləcə, bəşər tarixində misli görünməmiş hava döyüşlərində hər iki tərəfə aid olan, keçmişin german cəngavər ənənələrindən əsər-əlamət qalmamışdı.
Savaşın ismindən göründüyü kimi mübarizə əsasən İngiltərə üzərində baş verdiyindən, əsasən Britaniya tərəfi ağır itkilərə məruz qalsa da, ingilislər cəsarətli əks-hücumlar edərək alman şəhərlərini bombalayır, düşmənə ölümcül zərbələr vururdular. Almaniya hərbi hava qüvvələrinin (Luftwaffe) rəhbəri, III Reich hierarxiyasında Hitler’dən sonra ikinci şəxs olan, führer və xalq qarşısında “Almaniyaya bircə bombanın da düşməyəcəyi” andıni içmiş Göring bu səbəbdən lap hövsələdən çıxarır, azğınlaşır. “Lənətə gəlmiş ingilisləri” cəzalandırmaq üçün müharibə zamanı indiyədək görünməmiş addımlar atılır, gecə bombardımanlarında hərbi əhəmiyyət kəsb etməyən bütöv şəhər və qəsəbələr yer üzündən silinirdi. Və bu cür total müharibə faktiki hərbi qarşıdurmanı etnik nifrətə gətirib çıxarırdı. İstintaq materiallarında da bu öz əksini tapmışdı.
Gestapo’nun məhbəsində gedən dialoqu əslində dindirənin soyuq informasiya alma cəhdi deyil, daha çox emosional söhbət kimi təfsir etmək olardı. İstintaqın sonunda pilotu dindirən gestapoçu zabit ondan soruşur, daha doğrusu təhrik edir (dialog təxminidir): “Siz nədən bizimlə müharibəyə başladınız ki? O polyaklara görəmi? Fransaya görəmi? Dəyərdimi bunu etməyə? Führer ingilislərə çox dərin sayğı duyub hər zaman (bu həqiqət idi – E.M.), bəs bu cənab Churcill bizə niyə belə nifrət edir? Churill niyə belə etdi? Sizi darmadağın edəcəklər, buna əmin olun! Führer sizi məhv edəcək!!!”
Cavab: “Cənab zabit, biz bunları yəqin ki, gələcək seçkilərdə nəzərə alarıq.”
Bu diqqətəlayiq söhbət dəhşətli Gestapo məhbəsində gedirmiş. Cavabda neçə hədəfin dəqiq vurulduğunu şərh etməyə ehtiyac yoxdur. Churcill memuarında bu ismi bilinməyən, həqiqi ingilis xarakterini ən son anda belə saxlaya bilmiş qəhrəmana dərin minnətdarlığını ərz edir və qələbənin məhz belə ruh, əzm sayəsində çalındığını israrlayır.
İndi isə tamam başqa, bizlərə aid olan bir hadisəni nəql edəcəm və hörmətli oxucuların buna da yumorla yanaşmaşını rica edirəm. Məlum olduğu kimi musiqiçilər arasında içərisində yumor, satira, rişxənd, “mırt” komponentləri ilə dolu kifayət qədər əcaib söhbətləri manıs tayfası, toyxanaçılar, qısası əsasən “narodniklər” yaradır, belə söhbətlər cəmiyyətdə daima dolaşıb, H.Əliyevin söhbətləri isə lətifə kimi bütün ölkəyə yayılıb.
Demək hardasa 80-ci illərin sonu, təhsil aldığımız zamanlar idi. O dövrün yarıac-yaritox mühitində dostlar arasında toyxanaçılıq edən bir klarnetçi vardı. O ən azından ayaqda qalmaq üçün, vaxtilə Abşeron mehmanxanası ilə üzbəüzdə yerləşən “manıs bağı”na “toy tutmaq” məqsədilə müntəzəm olaraq baş çəkər, toyxanaçı “ekip” tərkibində tez-tez rayonlara “palatka” toylarında iştiraka gedərdi. Bir səfərindən sonra çox qaşqabaqlı və kefsiz konservatoriyaya gəldi. Nə olduğunu sorduqda, “heç inanmazsuz eee, başımıza nə gəlib, bir tikə çörəyin dərdindən ...” kimi uzun uzadı söyləndi.
Əhvalat doğrudan da ilginc olubmuş. Demək hansısa ucqar bir kəndə düyünə gəlmiş manıs dəstəsi alətləri quraşdırır, toy başlanır. Bir-iki zəruri havadan sonra müğənni para yığmaq məqsədilə başlayır bəy tərifinə. Əvvəl bəy, sonra onun atasını göylərə qaldırır. Muğam üstə “Bəyin ağsaqqal atası, kəndimizin babası” kimi təriflər gəlir. Bəyin əmisi bunu görcək tez yaxınlaşıb “xələt” verir və əvəzində təxmini “bəyin qoçaq əmisi, qəhrəmanı, Nəbisi, Koroğlusu, mərd oğlu” və nəsə buna bənzər oxşamalar alır. Bundan sonra bütün qohum-əqrəba işə keçir – xalalar, bibilər, dayılar, nənələrdən tutmuş xalanəvəsi, bibinəvəsinə qədər gedib çıxılır. Bu zaman edilən sifariş və verilən “xələtlərdən” vəcdə gəlmiş müğənni yəqin ki, təxəyyülündə “12 stul” filminin baş qəhrəmanı “Kisa” kimi yığılan pulları hesablamağa çalışır, eyni zaman eyforiyada bu sifarişçilərə o ki, var tərif döşəyir, qadınları Həcər, Nigar, Tomris, daha nə bilim nələr kimi müqaisələrdə göylərə ucaldır.
Toyda el adətinə görə bəyin bacısı da əlində məcməyi qonaqlara xidmət göstərirmiş. Görünür edilən şıdırğı təriflərə onun da hissləri oyanıb, o üzdən bu xanım camaata qulluq edə-edə ortalıqda meydan sulayan müğənniyə arxa tərəfdən yaxınlaşıb, əlindəki əskinası uzadıb və onun qulağına “bəyin bacısı, bacısı!” pıçıldayıbmış. Uğurlardan cuşa gəlmiş müğənni qardaş da elə anidən, paralel olaraq muğam üstündə oxumağında davam edərək, heç geriyə dönmədən pulu arxadan alıb cibinə sıxudura-soxuşdura ilk ağlına gələni - “Bəyin gözəl-goyçək, ay parçası, daldan verən bacısı” - deyibmiş ki, həmən məcməyi onun başında partlayır.
Gözlənilməz gedişdən toy dəyir bir-birinə. Bircə anın içində, əslində günahsız müğənni qardaşın valvarışlarına əhəmiyyət verməyən kənd cahılları onun üstünə hücub edib döyməyə başlayır. Arada qalxmış mərəkədən başqa toyxanaçılar güclə qaçıb canlarını qurtara bilibmişlər. Uzun həngamədən sonra kəndin ağsaqqalları, əyalət yerində yolverilməz xəta buraxmış bəlalı müğənnini heç nədən qızışmış cahılların əlindən alıb gətirir kəndin qırağına sığınmış manıs dəstəsinə. Kənddən “bu saatca rədd olmaları” tələbi də öz yerində. Suyu süzülə-süzülə pərt-pərişan gəlib Bakıya çatıbmışlar...
Gənc vaxtlarımız idi, uğunub getdik bu söhbəti eşidən an, klarnetçi də gülməyə başlayıb, anidən yenə tutuldu – “Ala bizi orda öldürə bilərdilər e, başa düşmürsüz e! Pul da qaldı orda!”
Görünür situasiyanın komizmi, lap səthi olsa camaata əsla təsir etməyibmiş.
Hazırki Azərbaycan cəmiyyəti Moliere, Rable, Servantes qəhrəmanlarının canlı prototipləri, Mirzə Cəlil və Sabirin personajları ilə dolu olsa da, bizdə bunlara adekvat yumor yaranmır. Bunun bir izahı toplumda sırf intellektual individlərin potensial azlığı olsa da, bəlkə daha əsası cəmiyyətin tam seqmentar, sosial param-parça olmasındadır. Gülüş üçün hədəfləri bunca fərqlənən ikinci belə bir tərkibcə müxtəlif olan toplum çətin tapıla. Maraqlıdır ki, son illər milli kinematoqrafımızda komediya janrında yaradılmış və diqqəti çəkəcək bircə filmi də örnək gətirmək çətindir, əlbəttə Vaqif Mustafayevin traqikomik üslüblü filmlərini sırf komediya hesab etməsək – “Fransız”, “Hər şey yaxşılığa doğru”, “Milli bomba” və s.
Fransız filosofu və sosiologu Henri Bergson yumorun, gülüşün başlıca funksiyasını cəmiyyətin islahı hesab edirdi. İslahın isə bizim toplum üçün necə bir zərurət olduğu aksiomadır.
Elmir Mirzəyev
Kulis.az