Onlar üçün evliliyin dövlət qeydiyyatından keçirilməsi o qədər də əhəmiyyət daşımır. Əsas odur ki, qohum-qonşu bu barədə məlumatlı olsun. Demək, dövlət yanında leqallaşmaq daha az əhəmiyyətlidir, nəinki tanış-biliş arasında.
Toy həm də azərbaycanlıların əyləncə həyatının baş verdiyi əsas məkandır.
Normal cəmiyyətlərdə musiqiyə qulaq asmaq istəyən insanlar gedirlər konsert zallarının kassalarından bilet alırlar, girirlər zala və musiqiyə qulaq asırlar. Bizdə isə normal konsert həyatı yoxdur. Niyə? Çünki canlı musiqi mədəniyyətimiz sıfır səviyyəsinə düşüb. Bu başqa bir mövzu olduğu üçün bunu üzərində çox dayanmaq istəmirəm.
Bizim insanların konsert ehtiyacını da toylar ödəyir.
Əslində şadlıq sarayları həm də özünəməxsus şəkildə konsert zalı funksiyasını da yerinə yetirir. Amma bu çox çirkli şəkildə baş verir. Çünki ölkəmizdəki şadlıq saraylarının mütləq əksəriyyətində akustika məsələsi həllini tapmayıb. Ona görə də musiqi çox yüksək səslə dinlənilir, özü də yemək yeyə-yeyə, araq içə-içə. Bu əslində həm musiqiyə, həm də yeməyə hörmətsizlikdir.
Müqayisə üçün deyim ki, XX əsrin əvvəllərinə qədərki imkanlı azərbaycanlı toylarında musiqi başqa çadırda, yemək başqa çadırda olurdu. İndi bu adət yalnız Bakı kəndlərinin bəzilərində qalıb. Şadlıq saraylarında isə bu təbii ki, mümkünsüzdür.. Necə edəsən? Ya gərək 2 şadlıq sarayı tutasan, ya da bir şadlıq sarayının iki zalını.. Əlbəttə ki, bütün bunlar üçün böyük maddi vəsait lazımdı.
Doğrudur, populyar müğənnilər toylarda fonoqramla oxuyur, yalandan ağızlarını açıb-yumurlar. Amma auditoriya narazı deyil, əvəzində öz kumirlərini canlı görürlər, onlarla şəkil çəkdirirlər və s..
Toyların əyləncə “bölümündən” danışmışkən, bir az da rəqslərdən söz açmasam, düz olmaz.
Hər bir insanın rəqs etmək ehtiyacı var. Mağarada yaşayan insandan kosmosa çıxan insana qədər hamısı dillə deyilməyən, yazı ilə yazılmayan hisslərini rəqslərlə göstəriblər.
Sadəcə qədim insan tonqal ətrafında, tutaq ki, ov sevincini bildirmək üçün rəqs edirdisə, müasir insan öz hisslərini diskotekada ortaya qoyur. Azərbaycanda isə diskoteka mədəniyyəti hələ ki, oturuşmadığından insanlar rəqs ehtiyaclarını yalnız toyda ödəyə bilirlər.
Bildiyimiz kimi normal diskotekalarda həm də rəqs yarışmaları olur. Bu yarışlarda gənc oğlanlar daha yaxşı rəqs etməklə gənc qızların ürəklərini fəth etməyə çalışırlar. Bizdə də eynisidir. Sadəcə, yenə də deyirəm, bu hadisə bütün normal cəmiyyətlərdə olduğu kimi diskotekada deyil, toyda baş verir.
Bu arada, inkişaf etmiş cəmiyyətlərdə gənclər diskotekada tanış olduqları kimi müasir Azərbaycan gəncləri də əsasən toylarda tanış olurlar. Tanış olurlar deyəndə ki, uzaqdan bir-birlərini görürlər, uzağı qohumlarla ümumi bir rəqsdə oynayırlar. Amma bu yaxşı halda belədir. Bir çox hallarda isə gənclər bir-birlərini yox, valideynlər gələcək gəlinlərini, kürəkənlərini seçir.
Seçim məsələsində müasir texnologiyalar da rol oynayır. Toydan sonra toyun video-kassetləri (artıq DVD-lər) qohumlar arasında əl-əl gəzir. Bir çox hallarda insanlar öz gələcəklərini elə ekrandaca müəyyənləşdirirlər.
Azərbaycanlıların iş – professional həyatı üçün də toy mərasimi çox mühümdür.
Həmkarlar ittifaqlarının funksional olmadığı ölkəmizdə həmkarlar adətən toylarda bir-birləri ilə görüşür, şifahi iş müqavilələri bağlayırlar. Həmkarların bu tədbirdə bir yerə yığılmasının isə çox sadə səbəbi var.
Bildiyimiz kimi bizdə gənclər adətən valideynlər tərəfindən tanış edilir, evləndirilirlər. Valideynlər isə çox vaxt özlərinə uyğun ailə ilə qohum olmağı üstün tutur. Beləliklə, ya həmkarlar bir-birləri ilə qohum olur, ya da ən uzağı oxşar sosial statuslu insanlar.
Cəmiyyətdəki patriarxal bağlar, qohumluq əlaqələri, varislik prinsipi çox güclü olduğundan bizdə yaxın qohumlar adətən oxşar peşə sahibləri olurlar. Bütün bunların üstünə toy sahiblərinin iş yoldaşları ordusunun da məclisə mütləq dəvət olunduğunu gəlsək, mənzərə tam aydınlaşar.
Adətən toydakı tanışlıq gələcək iş birlikdəliklərinin təməlini qoyur, hətta deyərdim ki, yeni iş yerlərinin açılması üçün də rol oynayır.
Göründüyü kimi toy az da olsa, həm həmkarlar ittifaqı iclası, həm də iş yarmarkası funksiyalarını yerinə yetirir.
Təəssüf ki, bir yazıda bu boyda adəti daha geniş formada təhlil etmək mümkün deyil. Əslində bu məclislər geniş araşdırma mövzusudur, ən azından yekə bir kitab yazmaq olar. Ürək istərdi ki, bizim kulturoloqlar qollarını çırmalasınlar, soyuq başla, təəssübsüz formada bu adətləri geniş izah etsinlər.
Çünki elə “pul yazılma” mexanizmi özü azərbaycanlılar üçün təxminən depozit prinsipini yerinə yetirir – neçə il pul yazılırsan, sonra sən toy edəndə o adamları çağırırsan, pulunu yığırsan. Ya da toylardakı musiqi üslubları – kimlərin necə mahnılara oynaması. Çıxışçıların ardıcıllığı, mahnı üstündə davalar və s.. Bunlar hamısı araşdırma mövzularıdır.
Yekunda onu deyə bilərəm ki, məqsədim toy məclislərini nə tərif, nə də tənqid etməkdi. Çalışmışam ki, müşahidələrimi bölüşüm. Əslində ilk baxışdan hər şey öz qaydasındadı – azərbaycanlılar bir məclisə həm şəxsi, həm əyləncə, həm də iş həyatlarını sığışdıra biliblər. Doğrudur, bütün bunlar inkişaf etmiş cəmiyyətlərlə müqayisədə ibtidai formada baş verir, amma nə edək, sosiokultural təkamül pilləsində bura qədər gəlib çıxmışıq, çalışarıq yavaş-yavaş inkişaf edək, daha yüksək pillələrə çataq.
Firudin Allahverdi
Aznews.Az