Bu haqda mənim xeyli əvvəldən məlumatım vardı. Amma sözün doğrusu elə bilirdim bu insanlar daha assimilyasiya olunublar, adətlərini, dinlərini, dillərini, adlarını itirmiş olallar. Elə özümüzdən götürsək belədi vəziyyət-baxın adlarımızı-necə ərəbləşib bizim adlar. Amma heyrət olunacaq dərəcədə qoruyub bu adamlar öz keçmişlərini.
ŞAMON DAYININ EVİNDƏ
Biz tərəfin camaatı onlara aysoru deyir. Və dostum şair Saqif Qaratorpağa aysorularla bağlı yazı yazmaq istədiyimi bildirəndə kömək edə biləcəyini bildirdi. Şamon dayıdan bəhs etdi- çoxdanın tanışlariyıq dedi. Gedərik onlara, o kişi çox şeylər bilir dedi.
Beləliklə Vurğun qəsəbəsində qısa axtarışdan sonra Şamon dayının evini tapdıq. Familiyası əvvəl Yaldo olub-Yaldo Şamon Müşel oğlu. Daha sonra necə olubsa familiyaları dəyişib- “ovlaşıb”-Qulyanov olub. Bu sənədlərdə də öz əksini tapır və mən bu sənədlərin də şəklini çəkirəm.
Bu ev qəsəbədəki Aysorular məhləsində deyildi- öz millətimizin məhləsində idi. Sonradan o da məlum oldu ki aysoruların əksəri ailəliklə qəsəbədən köçüb gedib, cəmi altı ailə qalıb qəsəbədə.
Qapını döyürük-gəl deyirlər. Içəri keçirik-qızı Leya qarşılayır. Leya Krasnodarda yaşayır - indi atası Şamon kişi və anası Lelli xanıma qulluq etmək üçün gəlib. Hər ikisi xəstəhaldı- Şamon dayı yatağa düşüb.
Məqsədimizi bildiririk-məmuniyyətlə razılıq verillər. Bu arada öz aralarında ana dilində danışmaqları məni çox sevindirir. Şamon dayı yataqdan başını dikəldib keçir bizim dilə:
"Biz assurlar 1915-ci ildə 1-ci dünya müharibəsi zamanı Türkiyənin Rum vilayətinin Bitlis ərazisindən 500 ailə olaraq köçürülmüşük. O zamanki erməni köçünə qoşublar bizi də qarışıq salaraq. Bizim köç sonra ermənilərdən ayrılıb. Daha sonra ermənilər basqın edib bizim köçə - elə biliblər türkük. Bundan qurtarandan sonra isə türklər elə bilib erməniyik - onlar da bizə zülm ediblər. Tarixən bu ermənilərə görə başımız çox ağrıyıb. Elə 88-89-cu illərdə də köçə-köç başlayanda başımız az bəla çəkmədi. Sizinkilərdən eləsi olurdu bizim xaçımıza söyürdülər.
Beləliklə 30-40 ev köçmüşük Həsənsuya.1905-ci ildə isə bu qəsəbəyə almanlar köçürülmüşdü. Onlar da qəsəbənin adını öz dillərində Qrünfüld (Yaşıl bağ) qoymuşdular. Onlarla çox mehriban dolanırdıq. Elə oldu ki 1941-ci ildə “nemis”ləri sürgün etdilər. 1948-ci ildə Ermənistandan bura köç başladı. Bizm xaçpərəst olmağımız onlarla problemlər yaradırdı. 1949-cu ildə isə bizi sürgün etdilər. Cəmi 15 dəqiqə vaxt qoydular köç üçün. Yeməyimiz ocaqda qaldı. Tomsk vilayətini sürgün edildik. Orda bizim nə türk, nə də müsəlman olduğumuzu görüb mat qalmışdılar ki biz niyə sürgün olunmuşuq. Axı görürdülər ki biz də yolka bəzəyirik, biz də pasxa keçiririk, İsanın mövludunu qeyd edirik
Yeri gəlmişkən:
ASSURLARIN DİNLƏRİ HAQDA.
Onlar indi xristiandırlar. Xristianlığa qədər Günəşə sitayiş ediblər. Amma artıq o dini unudublar. Özlərini ilk xristian sayırlar.
Amma onların xristianlıqları tamam fərqlidir. Onlarda da oruc var, namaz var.
Amma tamam fərqlidi orucları, namazları. Namazları gündə iki dəfə olur- dizlərini yerə qoyub üzü öz qiblələrinə (günçıxana) namaz qılırlar. Və deyəsən ərəblər namazı elə onlardan çırpışdırıb. Orucları ildə iki dəfə olur. Isanın doğum günündən başlamış (7yanvar) 25 gün oruc tuturlar. Amma bu bizim oruca bənzəməz-sanki iftarda da oruc tuturlar - həmin ərəfədə ət, yağ, balıq qəbul etmək olmaz. Mən bizim iftardan danışıram - Şamon dayının qızı Leya gülə-gülə deyir:
- Elə orucu mən bir il tutaram.
Daha sonra isə pasxa bayramından başlamış 50 gün həmin qaydada oruc tuturlar. Bir sözlə ilin 75 - gününü oruc tutur assurlar.
Pasxa bayramının vaxtını soruşuram. Leya cavablayır sualımı:
- Bu da sizin məhərrəmlik kimidi. Yerini dəyişə dəyişə ilin hər vədəsinə düşür.
Və belə məlum olur ki ərəblər qəməri təqvimini də assurlardan götürmüşlər.
Amma sünnət olunmurlar. Bu barədə Şamon dayı deyir:
- Musanın vaxtında bizdə də sünnət olub. Içki ləğv olunub. Amma sonra İsa deyib ki insan necə yaranıb elə də qalmalıdır. Allah istəsə elə sünnətli yaradardı kişini.
Yeri gəlmişkən assurların dini terminləri islamla demək olar ki eynilik təşkil edir. Leya deyir:
- Ərəblər çox şeyi bizdən götürüblər.
Leylanın çəkdiyi misallar:
Şləmolox- salaməleyk
Əlahi - Allah
Niviya - Nəvi( peyğəmbər)
Məlikta - Mələk
Qublət-Qiblə
Qiyuta- yeri su basması( qiyamət)
Prdosa- Firdovs (Cənnət)
Qəhənna- Cəhənnəm.
Tovit-Tabut
Kipona- Kəfən
Qobra- Qəbir
Qovrata-Qəbristanlıq
Xrata Dünye-Dünyanın axırı-( Axirət)
Leya da, Şamon dayı da ərəblərlə assurların münasibətlərindən danışırlar:
- Musanın vaxtından başlayaraq 400 il ərəblərlə bir yerdə yaşamışıq.
Özlərini Yusifin peyğəmbərin nəslindən sayırlar. Şemon dayının adı da Yusifin böyük qardaşı Şemonun adından götürülüb. Amma assurlarda həmin hadisələr bir az fərqlidir- onlar Yusifi Yaqubun deyil, Rahilin övladı sayırlar.
ƏLİFBA
Ərəblər əlifbamızı da götürüblər deyillər. Məlum olur ki assur əlifbasında da 21 hərf var. Bu əlifbada 6 sait səs var və bunlar da nöqtələrlə ifadə olunur.
Hərfləri də ərəb hərflərinin adına bənzəyir-Ələb, Bes,Gələs, Gəməl və s.
Assurların iki cür əlifbası olmuşdur.
1. Stangeri
2. Assurların Ana Əlifbası.
Stangeri əlifbasını hal-hazırda oxuya bilən yoxdur.
Assurların Ana əlifbası ilə yazılmış iki kitab var evdə. Bu kitablar sağdan sola oxunur.
1-ci kitab Assur tarixinə aiddir. 1870-ci ildə Leypsiqdə nəşr olunub. 2-ci kitab isə dini kitabdır-Leya o kitaba “MƏRYƏM ANANIN KİTABI” deyir. Və qeyd edir ki bu kitabları hər adama göstərmirik.
Leya çox savadlı qadındır. Pedoqoji İnstitutu qurtarıb. Bir müddət o zamanki Mirbəşir rayonunda müəllimə işləyib. Daha sonra 1991-1993-cü illərdə Ağstafada işləyib. Amma hansısa səbəblərdən onu işdən qovublar. Özü də izah edə bilmir bu səbəbləri.
Daha sonra keçir Assur tarixindən danışmağa.
Aşşurbanipalın (e.ə 669-627) vurğunudur. Onun kitabxamsından danışır. Qeyd edir ki Aşşurbanipalın çox zəngin kitabxanası olmuşdur. Hətta Aşşurbanipalın mikroskopla oxunan kitablarının da olduğunu qeyd edir.
Bir az da irəli gedərək Aşşurbanipalın hərbi qüdrətindən danışır. Ilk təyyarənin Aşşurbanipal tərəfindən ixtira olunduğunu qeyd edir. Belə ki quş formasında olan bu təyyarə düşmənləri çaşdırırmış. Həmin təyyarənin xüsusi yerləri varmış ki bura qaxac ət qoyurmuşlar və bir müddət ac saxlanan xüsusi quşları da təyyarənin arxasınca buraxırmışlar. Beləcə də düşmən elə bilirmiş göy üzündən bir dəstə quş keçir. Assurlar isə kəşfiyyat məlumatı toplayırmışlar. Yeri gəlmişkən “təyyarə” sözünün də assurlara məxsusluğunu qeyd edir Leya:
Tyare- Təyyarə.
Di gəl ki Nəmrudu heç bəyənmillər ailəlikcə-zalım adam olub deyillər.
Lelli ana da həvəslə söhbətə qoşulur. Həyat yoldaşının arxa cəbhədəki qəhrəmanlıqlarından danışır. Amma bu gün Şamon dayının həmin illərə aid medalları qalsa da sənədləri itib-batıb və buna görə də imtiyazlar ona şamil olunmur.
Lelli ananın özünün də başına az iş gəlməyib. Bu haqda özü də, Leya da danışır.
Beləliklə bu ailənin problemlərindən söz açmaq istəyirəm.
Sovet vaxtında banklara qoyulan pullar indi əhaliyə qaytarılır. Amma bu Lelli anaya şamil olunmayıb. Lelli ana 1982-ci ildə banka 22 min və 23 min olmaqla iki kitabçada 45 min rub qoyub üç faizlə.
1992-ci ildə Ağstafa Əmanət Bankının müdürü Səməndər adlı şəxs hədə-qorxu gələrək əmanət kitabçalarını Lelli anadan alıb. Sonra da aldadıb öz şirin dili ilə qadını. Deyib "daha rus öldü, pulu da öldü. Gəl pulunu götür" - cəmi “1 şirvan” dəyərində pul verib Lelli anaya. Indi Lelli ana da. Leya da o pulların sənədlərini tapa bilmillər.
Həmçinin Lelli ananın təqaüdü də düzgün hesablanmayıb- 50 il iş stajına rəğmən cəmi 55 AZN təqüd alır.
Ailənin elə olub ki aylarla qazı kəsilib.
Bu problemlərdən yaxa qurtarmaq üçün artıq ata-anasını da yanına alıb Krasnodara köçmək istəyir Leya. Evi də satlığa qoyub-25 min dollara.
Bu problemləri qabardacağıma söz verib mövzunu dəyişirəm. Mətbəxlərindən, adətlərindən, dillərindən nəsə öyrənmək istəyirəm.
Milli yeməkləri “harisa” adlanır. Bu yemək təndirdə torpaqdan hazırlanmış küpədə bişirilir. Və Leya söz verir-anamın pensiyası düzəlsin, sənə harisa bişirəcəm deyir.
DİLLƏRİ
Şamon dayı bu haqda danışır:
- Bizim dilimiz qədim xaldey dilidir.
Leya əlavə edir:
- Bu dilin 32 dialekti var. Hal-hazırda bizimkilər “dünyanın kvartirantı” kimi yaşayır. Torontoda, İsveçrədə, Avstriyada, Almaniyada, Hollandiyada daha çox məskunlaşmışıq. Əvvləər İraqda da kompakt yaşayıb bizimkilər-amma Səddamın vaxtında zülm üzündən səpələniblər dünyaya. Dialektlərimiz bir-birindən o qədər də fərqli deyil. Sadəcə yazı dilimizlə danışıq dilimiz fərqlidi. Elə sizdə olduğu kimi.
Bəzi sözlərini qeyd edirəm:
Xlula- Toy
Dalabuta- Nişan
Xatna-Bəy
Kəlta- Gəlin
Yemma- Ana
Bəbi- Ata
Axuna- Qardaş
Xəta- Bacı
Xəlta-Xala
Xola-Dayı
Xmyane-Qaynata
Xmata- Qaynana
Biya-Ev
Kəlbə-İt
Varxa- Yol
Bolta-balta
Şelpa-Bıçaq
Ketton-Kətan
Ləbba- Ürək
Leya bu sözün də ərəblər tərəfindən götürüldüyünü qeyd edir - ərəblərdə “həbibi”dir, bizdən götürüblər. Elə çox sözləri bizimdir. Mən Krasnodarda ərəb restoranında işləmişəm. Ərəblər mat qalırdılar ki onların dilini hardan bilirəm.
ADLAR
Muşel, Novel, David, Daniel, Yuqan- kişi adları
Şmoye, Şuşana- qadın adları.
Və bir də Şamon dayı bir ad dedi ki xeyli diqqətimi çəkdi- Amonuel. Mənası “Allah bizimlədir”
Misir tanrısı Amondan sual veririrəm. Məlumatları yoxdur. Amma Şamon dayı deyir-ola bilər. Axı biz Musanın vaxtında Misir ərazisində də yaşamışıq.
Sualım ondan yarandı ki assurlarda Allahın üç adı var və Amon adlı Allah yoxdu- Şemma, Baba, Brunna.
ADƏTLƏRİ
Elçilik eyni bizdəki kimidir. Toyları axşam başlayır, səhərə kimi davam edir. Gəlini mütləq lopa işığında aparmalıdırlar. Yallı, Şeyxana, Koçeri kimi rəqsləri var.
Əri ölmüş və yaxud ərdən boşanmış qadına “ bəxti dəyişmiş” deyirlər. Evdə bir cavan ölərsə 7 il yas axlayırlar. Ev bütünlüklə tünd göy rəngə boyanır. Bu onlarda yas rəmzıdır.
Hətta saxladıqları qoyunların da beli 7 il tünd göy rəngdə rənglənir.
Dəfnləri xristian dəfni kimidir. Araq da olur dəfndə. Amma Lelli ana deyir- biz bunu almanlardan götürdük. Əvvəl bizimkilər nə araq içərdi, nə də donuz əti yeyərdi.
YENƏ DƏ ŞAMON DAYI HAQDA.
Əlləri qızıl olub bu kişinin. Yeddi sinif oxumasına baxmayaraq iki ixtirası olub.
1. Inəklərin rahat su içməsi üçün taxtadan avtomat qab düzəldib.
2. Motopilanın taxtanı, odunu yaxşı doğraması üçün hansısa detal artırıb
Amma bu ixtiraların heç birini öz adına keçirə bilməyib. Indi heç necə etdi, neynədi, bunu xatırlamır da. Xatırladığı atasının öyrətdiyi assur əlifbası olur. Özünün və Lelli ananın adını yazır öz əlifbaları ilə kağıza.
Şamon dayının xəstə olmasını nəzərə alıb söhbəti yekunlaşdırmaq qərarına gəlirik. Buna qədər Leya çay-çörək hazırlamışdı. Çaylarını içirik. Soruşuram:
-Yemək milli yeməyinizdimi?
-Yox- sizin yeməklərdəndi
- Onda yemirik, milli yemək bişirərsən, gələrik.
-Anamın pensiyasını düzəltdir, bişirəcəm.
-Baxaq də, bəlkə bu yazını oxuyub kimlərsə insafa gəldi.
-Siz qapını döyəndə əvvəl qorxdum, sonra sevindim
-Niyə?
-Əvvəl elə bildim qazkəsənlər gəlib. Sonra da baxdım ki qazkəsənə oxşamırsınız, sevindim ki yəqin evi almağa gəlmisiniz.
Söz tapa bilmirəm. diqqət, qayğı göstərməsək belə bir xəzinəni itirəcəyik. Bu ailənin problemləri vaxtında həll edilməlidir.
Bəxtiyar Hidayət
Kultura.Az