post-title

Tənqid və inkar

Tənqid və inkar. Adətən qarışdırılan, amma məqsədlərinə görə bir-birinin əksi olan anlayışlar. Tənqid bir şeyin daha da yaxşı olmasına, tənqid edilənin səhvlərinin düzəldilməsinə hesablanır. Məsələn, “Apple”-ı tənqid edənin məqsədi odur ki, daha yaxşı “Apple” görsün. İnkar isə inkar obyektini tamamilə rədd etməkdir. Yəni “Apple” ümumiyyətlə mövcud olmasın. Buna görə də tənqid edən tənqid obyektinə nifrət edə bilməz, çünki onun daha yaxşı halını görmək istəyir. Tənqid edən tənqid obyekti ilə yaşamağa nəinki razıdır, bu obyektin həyatına daha çox girməsinə çalışır, çünki onu həmin obyektdə narazı salan əlamətlər var və tənqidi ilə həmin əlamətləri aradan qaldırmağa çalışır. İnkar edən isə inkar obyektinə nifrət etməlidir, onunla özünün birgə yaşayışını mümkünsüz hesab etməlidir.

 

Qeyd edim ki, nifrət etmək deyəndə patoloji manyaklığı nəzərdə tutmuram. Məsələn, “Apple”-ın telefon dükanlarında satılmasını istəməyən bir adam bu satışın tam olaraq, əleyhinə çıxır. O adamın inkar obyekti “Apple” deyil, “Apple”-ın satışıdır. Ona görə də adamın Steeve Jobs-a və “Apple”-a nifrət etməsi lazım deyil. Satışa nifrət etmək kifayətdir ki, satışı inkar edəsən.
 
Gördüyümüz kimi tənqid obyektinin əsası və özü tənqid edən tərəfindən qəbul edilir, çünki məqsəd obyektin daha da inkişaf etdirilməsidir. İnkar edən isə inkar obyektinin özünü, bütün əsasını rədd edir, çünki onun məqsədi həmin obyekti inkişaf etdirmək deyil, yerinə yenisini qoymaqdır. Ona görə də inkarçılar yenilikçidirlər, tənqidçilər isə mühafizəkar.
İnkarçının gələcəyə aid konkret proqram(lar)ı olmalıdır, yoxsa indi Aznet-də “ergen” adlandırılanların durumuna düşəcək. Bir şeyi inkar edirsənsə, onun yerinə nə qoyulmasını da bilməlisən. Tənqid edənin isə buna ehtiyacı yoxdur. Onun üçün hazırda mövcud olan kifayət olmasa da, obyekti bir-neçə düzəlişə məruz qoymaqla kifayətlənmək olar. Ona görə də tənqidçi yeni bir şey ixtira edəndə də bu, sistem ixtirası deyil, köhnə sistemə yeni aksessuardır.
 
Misallarımı daha da konkretləşdirim – Azərbaycanın başında duran indiki rejimə münasibətdə tənqidçilər və inkarçılar. Tənqidçilər rejimi (sistemə çevrilməsələr də, bəzən sistem adlandırılırlar) bütövlükdə rədd etmirlər. Məsələn, 28 nəfərin həlak olduğu avtobus qəzasına görə Nəqliyyat nazirinə, Asfalt zavodunun direktoruna, ağsaqqal əvəzi Ziya Məmmədovun atasına, lap elə İlham Əliyevə, Heydər Əliyevin qəbrinə müraciət edə bilərlər. Amma burada müraciətin kimə edilməsindən daha önəmli olan hansı müraciətin edilməsidir. Bu sadaladığım şəxslərə müraciət edib rejimi inkar etmək olmaz. Yəni demək olmaz ki, “Ziya müəllim, İlham Əliyev korrupsioner avtokratdır. Sizinlə və digər oliqarxlarla birlikdə hakimiyyətdən əl çəkib hüquqi məsuliyyətə cəlb olunmalıdır. Qəzalar da bu korrupsiyanın tüğyan etməsinə görədir.” Uzaqbaşı deyə bilərlər ki, “Cənab nazir, siz allah, bu işə bir əncam çəkin, qırıldıq-batdıq.” Yaxud daha sərt: “Cənab nazir, sizin vəzifə borcunuza həm də bizim nəqliyyatda təhlükəsizliyimizi təmin etmək daxildir”. Tənqidçilik üçün bundan o yanı yoxdur.
 
İnkarçının nə edəcəyi aydındır. O, ya müraciətində məhz rejimin rədd edilməsini tələb edəcək, ya da müraciət etməyib rədd edilmə istiqamətində öz işi ilə məşğul olacaq.
 
Bəs tənqidin nəticəsi nə olur? Baş verən nəticələr həm xeyirli, həm də ziyanlı ola bilər. Məsələn, Nəqliyyat Nazirliyi qaydaları sərtləşdirər, qəzalar nisbətən azalar. Amma bunun ziyanlı tərəfi də var. Müraciət edənlər heç də 9 milyon nəfər deyil, azlıqdır. Bu azlığın hərəkəti isə yatan 9 milyonun üstünü daha da bərkitməyə yönəlir. Belə ki, rejimin özbaşınalığı nəticəsində ziyanlı nəticə baş verirsə (məsələn, avtobus qəzası, evlərin sökülməsi və s.), xalqa nisbətdə azlıq olan tənqidçilər rejimi xəbərdar edirlər ki, “Bununla çox davam etmək olmaz. Biz bunu görürüksə, inkarçılar çoxdan görür”. Rejim nə qədər ağılsız idarəçilik həyata keçirsə də, orda ağıllı adamlar da var. Bu ağıllı adamlar baxıb görürlər ki, tənqidçilərin təkliflərinə qismən müsbət yanaşmaq lazımdır və problem müvəqqəti olaraq səngidilir (yuxarıdaki misalda sərt qərarlarla qəzaların sayının azalması). Bu vaxta qədər rejimin ziyanlı hərəkətləri nəticəsində vəziyyətinin dözülməz olduğunu düşünən xalq (və ya xalqın bir hissəsi) görürlər ki, onların etiraz etdikləri (və ya etiraz etmək istədikləri) hal aradan qaldırılıb, artıq etiraz etmədən əvvəlki kimi yaşamaq olar. Nəticədə rejim əleyhdarları olmağa real namizəd olanlar yenidən rejimə neytral kütlə vəziyyətinə qayıdır, uduzan isə demokratiya mübarizəsi olur.
 
Tənqidçilərin və inkarçıların fəaliyyəti də kütləyə münasibətdə 2 cür olur: görünən və görünməyən. Tənqidçilər adətən hamıda olan şöhrətpərəstlik hissi ilə görünən fəaliyyəti seçirlər. Kütlə tənqidçilərin fəaliyyətini görürsə, düşünür ki, onsuz da vəziyyət pisləşəndə onu düzəldən xüsusi adamlar var. Və rejimin təbliğatı nəticəsində belə hesab edir ki, bu adamlar xaricdən maliyyələşirlər, yəni ən azı pullarını itirməmək üçün daim bu “vəziyyət düzəltmə işi” ilə məşğul olacaqlar. Fəaliyyətini göstərməyən tənqidçi isə məqsədli surətdə rejimə işləyir, çünki vəziyyətin “özü yaxşı, ətrafı pislər” tərəfindən düzəldildiyi təəssüratı oyadır. Yəni tənqidçilər kütlə eşidərək etiraz edəndə də, kütləyə çatımı olmadan tənqid edəndə də rejimin daha da möhkəmlənməsinə, kütlələrin daha da kütləşməsinə, mübarizənin daha da uduzmasına, demokratiya arzularının daha da dərinə basdırılmasına, imitativ “demokratiya”nın əsl demokratiyaya daha da bənzədilməsinə xidmət edirlər.
 
İnkarçılar isə kütləyə çatımları olmadan rejimi inkar edəndə əslində tənqidçilərin çatmaq istədikləri xeyirli məqsədlərə qismən çatmış olurlar. Rejim az da olsa, inkarçılardan ehtiyat edir və onların kütləyə çatımı olmadan, kütlə onlara qoşulmadan siyasətində korrektələr edir, bu da avtobus qəzalarının sayının azalmasında, ən xırda məmurların korrupsiyasından verilən şikayətlərə həqiqətən baxılmasında özünü göstərə bilər. Bu, elə tənqidçilərin istədiyi nəticədir. İnkarçıların kütləyə çatımı olan fəaliyyəti isə rejimi təhdid etmədir. Kütlə plastilindir. Onları üsyana kökləmək üçün mütəmadi təbliğatı çatdırmaq lazımdır. Yəni inkarçılar kütlə eşidərək inkar edəndə rejimin kütlə arasında dayaqlarını itirməsinə və nəticədə daha da zəifləməsinə, kütlələrin daha da üsyankarlaşmasına, mübarizənin daha da qızışmasına, demokratiya arzularının daha da çiçəklənməsinə, imitativ “demokratiya”nın əsl simasının daha çox üzə çıxarılmasına xidmət edirlər.
 
P.S. Aznet-də tənqidçilərə “şən maarifçilər”, inkarçılara isə “inqilabçılar” deyilir.
 
Ruaz Nabruq
Kultura.Az
Yuxarı