post-title

Orta əsr İngiltərəsinə bizi oxşadan nədir?

Hikmət Hacızadənin tərtibatçılığı ilə çapdan çıxan "Demokratiya gediləsi uzun bir yol" kitabını oxuyanda 21-ci əsr Azərbaycanının orta əsrlər İngiltərəsindən çox az şeylə fərqləndiyinin şahidi oldum. O az şey isə texnika, göydələnlər kimi cansız faktorlardır.

 

Bu günün Azərbaycanının orta əsrlərin İngiltərəsinə oxşadan ən əsas amil isə orta əsrlərin İngiltərəsi ilə bu günün Azərbaycanında qanunsuzluğun, özbaşınalığın hökm sürməsi və hakimiyyətin atadan oğula keçməsidir. Lakin biz bəzi nüanslarda onlardan həqiqətən də geri qalırıq, məsələn, İngiltərədə varislik qanuni atadan oğula keçirdisə, bizdə isə hakimiyyət həyasızcasına saxtakarlıq yolu ilə atadan oğula ötürüldü. 
 
O vaxtlar İngiltrədə kral qanun və hər şeydən üstün hesab edilirdi, istənilən sahədə onun fərman və ya sərəncam vermək hüququ daha doğrusu, ixtiyarı varıydı, ta ki 1215-ci ildə lordlar və baronların krala təzyiqi nəticəsində Magna Carta - İngilis Azadlıqlarının Böyük Toplusu adlı sənəd qəbul edilincəyə qədər. Sənəddə kralın imtiyazları məhdudlaşıdırılırdı və kralın baron və lordlardan icazəsiz bir sıra işləri görməsi qadağan edilirdi. Bu sənəd liberalizmin inkişafında böyük rol oynadı və bu günə qədər də tarixi əhəmiyyətini qoruyub saxlamaqdadır. Baxmayaraq ki, sənədi imzalayan kral Con Plantagenet az keçməmiş tutduğu vədə əməl etmədi və yenidən özbaşınalıqlar etməyə başladı. 
 
Bəzi krallar, o cümlədən kral Plantagenetin oğlu 3-cü Henrix bu sənədi imzalasalar da,  sənəd xalqdan daha çox, baron və lordların imtiyazını, azadlığını genişləndirirdi. Bu dövrdə İngiltərədə baş verən hadisələr nəticəsində gah konstitusiyalı monarxiya quruldu, gah kral hakimiyyəti, hətta 1-ci Karlın dövründə vəziyyət o qədər pisiydi ki, parlament bir neçə dəfə, axırıncısında isə uzunmüddətliyə buraxıldı, nəşriyyatda senzura qoyuldu, bu zaman tanınmış ingilis şairi Con Milton bu senzuraya qarşı  nitqlər söyləməyə başlasa da bu, onun silahdaşlarına, baron və lordlara  təsir etmədi. Bu dövrdə də xeyli adam Hollandiya, Fransa kimi ölkələrə mühacirət etmək məcburiyyətində qalırdılar.  1625-ci ildə 1-ci Karlın taxta çıxmasıyla başlayan senzura 1694-cü ildə rəsmi ləğv olunsa da qeyri-rəsmi senzura hələ də qalırdı, belə ki, o dövrlər İngiltərədə hər kəs istədiyini danışa bilərdi, ancaq bu danışığa görə sonra məhkəmə qarşısında cavab verməli olurdular.
 
Lakin bu dövrlərdə başlanan üsyanların, hərəkatların nəticəsində İngiltərədə parlamentə sərbəstlik verildi, kral və ya kraliçının imtiyazları xeyli məhdudlaşdırıldı, İngiltərə, Şotlandiya və İrlandiya birləşərək Britaniya krallığı yaradıldı. Demokratiyanın tam bərqərar olunması isə keçən yüzilliyin iyirminci illərinə təsadüf edir, məhz bu vaxtlarda kişilərlə bərabər qadınlar da öz seçki hüquqlarını qazandılar.
 
Təqribən səkkiz əsr davam etdi Britaniyada müxtəlif təbəqədən olan insanların öz hüquq və azadlıqlarını tam əldə etməsi, onlar addım-addım genişləndirdilər öz azadlıqlarını və sonda bunda tam şəkildə nail oldular.
 
Gəlin Azərbaycanın bugününə qısaca nəzər salaq. Bu gün Azərbaycanda İlham Əliyevə də prezidentlik kürsüsü atasından miras kimi ötürülüb, Heydər Əliyevdən sonra kimin prezident olacağını, demək olar ki, hər kəs bilirdi, lap krallıq dövründəki kimi. Ölkədə prezident qeyri-rəsmi olaraq hər şeyin sahibidir, ali baş komandandır,  parlament də onundur, nazirlər kabineti də, ağıla gələcək hər bir dövlət qurumlarının hamısında onun hakimiyyəti hökm sürür. Müxtəlif vəzifəyə təyin etdiyi adamlar isə əgər sistemə qarşı çıxmırlarsa, ölənə qədər elə tutduqları vəzifədə qalırlar, hətta bəzən vəzifələri də qaldırılır. Bu da krallıqdakı və ya müasir dillə desək, diktaturadakı vəziyyətlə eynidir.
 
Magna Carta kimi bizim də konstitusiyamız, Qanunlar Məcəlləmiz  olsa da orda yazılan qanunlar sadəcə kağız üstündədir, onlar bu tip sənədlərdən ancaq özlərinə sərf edən vaxt istifadə edirlər və dəyişirlər, məsələn aksiyaya qatılanların cərimələrinin 49 dəfə qalıdırlması kimi.  İndi Azərbaycanda da hər kəs istədiyini danışa bilər, ancaq bu danışığa görə məhkəmə qarşısında cavab verməli olurlar, sistemə qarşı çıxanların müxtəlif  bəhanələrlə həbs edilmək qorxusu hökm sürür, Qənimət Zahid, Adnan Hacızadə, Emin Milli, Əvəz Zeynallı və digərləri kimi. Hətta öldürməkdən belə çəkinmirlər, 2005-ci ildə azyaşlı oğluna yoqurt almaq üçün dükana gedən və qayıdarkən evinin qapısının ağzındaca güllələnən Elmar Hüseynov kimi... Və ya 22 apreldəki icazəli mitinqdə evləri sökülən insanların etdiyi çıxışlara görə ailə üzvlərinin narkotik ittihamıyla həbs olunması kimi. Bunlar sadəcə bir qisimdir, hazırda 70-ə yaxın siyasi məhbus var İlham Əliyevin prezident olduğu ölkədə.
 
Britaniyada qadınlar keçən əsrdə səsvermə hüququ qazandılar, 21-ci əsrdə Azərbaycanda hamının səsvermə hüququnun olmasına baxmayaraq heç kimin səsi hesablanmır, kobud şəkildə desək, xalqın səsi, istəkləri vecə alınmır.
 
O dövrdə krallar xəzinədəki pulları mənasız eyş-işrətə xərclədikləri kimi indi də pullar ağıla belə gəlməyəcək ən mənasız şeylərə xərclənir. İnsanların 40 faizinin yoxsulluq həddində yaşadığı bu ölkədə mənasız musiqi yarışması, tamam mənasız və məntiqsiz reklamlar üçün həddən artıq pul xərclənir, büdcənin puluyla hakim ailə Dubay, Paraqa kimi yerlərdə özlərinə villalar alır, müxtəlif ölkələrdə eks-prezidenin heykəlləri ucaldılır, kəndlərdə normal məktəb və təhsil olmadığı halda büdcə hesabına formalaşan Heydər Əliyev fondu dünyanın dörd bir yanında məktəb tikdirir, park açdırır. Orta əslər İngiltərəsində olduğu kimi ölkə bütünlüklə hakim ailənin ixtiyarındadır, uşağından tutmuş böyüyünə qədər hərəsi bir neçə vəzifənin sahibidir, normal savada malik hakim ailə üzvünün professor, akademik elan edilməsi, müxtəlif kəşflər etməsi də məhz bu tip ölkələr üçün səciyyəvidir.
 
İnsanlar bilərəkdən savadsızlaşdırılır, təhsil hüququndan məhrum edilir, orta əsrlərdə olduğu kimi cəhalət, savadsızlıq hökm sürür, xalqı o qədər kütləşdiriblər ki, öz haqlarını dərk belə edə bilmirlər, neft pullarının, milyardların oğurlanmasından danışanda, bütün bunlarda hər bir insanın haqqı olduğunu başa salmağa çalışanda  "pul onlarındır, bizim deyil ki..." kimi sarsaq ifadələr işlədirlər, ölkədəki mövcud vəziyyətindən danışmaq, buna etiraz etmək əvəzinə masonlardan, İsraildən, atam bombasından ağıllarına gələni basıb-bağlayırlar. İnsanların ətrafdakı qanunsuzluqları dərk edib buna qarşı çıxacaq cəsarəti tapa bilməməsi üçün onları bir tikə çörək qazanmaq üçün səhərdən axşama qədər işləməyə məcbur buraxılır, insanlar işdən sonra o qədər heysiz olurlar ki, heç ailələriylə keçirməyə vaxtları belə qalmır. Kamyunun da dediyi kimi varlanmağa ümidi olmayan kasıblar çox işləyir, axşamlar yorğun olur, masa arxasında mürgü vururlar, belə vəziyyətdə ehtiras da sönür.
Orta əsrlərin bütün Avropa ölkələrində də üç aşağı-beş yuxarı eynən bu cür vəziyyətiydi.
 
İndi  də bir qrup insan özünün yuxuluğa vuran xalqı fırıldağından əl çəkməyə, öz gücünü dərk edib sistemlə mübarizəyə səsləyir, insanlara maariflənməyin, düşünməyin vacibliyini anlatmağa çalışır, uğursuzluğa düçar olmaqlarından yorulmadan-usanmadan xalqın gözündəki toru götürməsi üçün, normal, demokratik ölkə, sivil cəmiyyəti bərqərar etmək  üçün var-gücləriylə çalışırlar.
 
Bu da tarixin danılmaz həqiqətlərindən biridir ki, bu cür insanların qalib gəlməsi labüddür, qaçınılmazdır, demokratiyanın bərqərar olması mütləqdir, gec, ya tez diktatura rejimi tarixin zibilliyinə göndəriləcək, inqilabdan bir müddət sonra onillərlə xalqa yeritməyə çalışdıqları ulu öndər, analoqsuz inkişaf kimi mifləri heç yada düşməyəcək və gerçəklər öz yerini tutacaqdır. Normal dövlətin olması isə normal, sivil cəmiyyətin olması deməkdir.
 
Demokratik, hamımızın indi xəyal etdiyimiz Azərbaycanda yaşamaq isə səndən, məndən, bu xalqın nə vaxt haqqını dərk edib cəsarətlə ayağa qalxacağından asılıdır.
O vaxta qədər isə bu ölkə orta əsr Avropasından, orta əsr İngiltərəsindən heç nəyiylə fərqlənməyəcək, hətta geridə qalacaq.
 
Ümid Xəzər
Kultura.az

 

Yuxarı