post-title

Üzeyir Hacıbəyov

Bir dəfə Bütöv Azərbaycan Birliyinin iclasında bir gənc Əbülfəz Elçibəyə belə bir sual verdi: "Sizin üçün Azərbaycan tarixində ən böyük şəxsiyyət kimdir?"

 

Əbülfəz bəy bu suala xeyli ətraflı cavab verdi. Bir xeyli şəxs adı sadalayıb, hər birinin dəyərini, qiymətini geniş izah etdi. Hələ o vaxt hiss etdim ki, xeyli ehtiyatla danışır. Həssas dövr idi. İnsanlar qəhrəman, söykənməyə dayaq, fəxr etməyə şəxsiyyət axtarırdılar. Suala birbaşa cavab vermək narazılıq doğura bilərdi. Niyə, məsələn, filankəs yox, başqası. 
 
Əbülfəz bəy çox geniş danışdı. Əlbəttə, heç kim darıxmırdı. Tam tərsinə, hamı çox maraqla qulaq asırdı. Sonda Əbülfəz Elçibəy dedi ki, mənim üçün Azərbaycan tarixində ən böyük şəxsiyyət Üzeyir Hacıbəyovdur. Və fikrini, niyə bu qərara gəldiyini geniş, ətrfalı izah etdi. Elə izah etdi ki, ciddi bir narazılıq olmadı. Hərçənd, Əbülfəz Elçibəy ona ünvanlanmış suala birbaşa Üzeyir Hacıbəyov cavabı versəydi, bir çox adamlar cavabdan narazı qala bilərdi. 
 
Həmin gündən sonra mən, Üzeyir Hacıbəyovun yaradıcılığına bir başqa yöndən baxmağa başladım. Üzeyir bəy azərbaycanlılar üçün birləşdirici bir şəxsiyyətdir. Onun həyatı, yaradıcılığı hörmət, diqqət tələb edir. 
 
Azərbaycanlılar müsəlman xalqları arasında barmaqla sayılan xalqlardan biridir ki, akademik musiqiyə sahibdir.
 
Məsələn, ərəblər xeyli pula sahib olsalar da, akademik musiqiləri yox dərəcəsindədir.
 
80 milyonluq Türkiyədə isə akademik musiqi son illərdə yaranmaqdadır. Bu proses sovetin dağılmasından sonra sürətləndi. İşsiz qalmış Azərbaycan, gürcü, rus, hətta belarus bəstəkarları, dirijorları, müəllimləri, digər musiqi işçiləri məcburiyyət qarşısında Türkiyədə işləməli oldular. Beləliklə, Türkiyə aşağı maaşlı xeyli adamın savadından, əməyindən bəhrələndi. Əlbəttə, bizim akademik musiqiyə sahib olmağımız rus istilası ilə bağlıdır.
 
Musiqi məktəblərinin tikilməsi, alətlərin alınması, Rusiyanın mərkəzi şəhərləri ilə birbaşa təmas prosesə öz təsirini göstərib. Bütün bunları nəzərə alsaq belə, Azərbaycan akademik musiqisinin yaranmasında Üzeyir bəy müstəsna, əvəzsiz rol oynadı. Birmənalı olaraq Üzeyir bəy Azərbaycan akademik musiqisinin banisidir. Üzeyir bəy yad mədəniyyəti elə gözəl, elə incə, elə ustalıqla xalqa təqdim etdi ki, xalq heç nədən şübhələnmədən, qorxmadan bu mədəniyyəti qəbul etməli oldu. Bu musiqi xalqın hər bir təbəqəsi tərəfindən qəbul olunur, sevilir. Biz onun musiqisindən doymuruq. Onun musiqisi bizi yormur. Ən pis vaxtlarda, Üzeyir bəyin musiqisi məni sakitləşdirib, baş verənlərə bir az insani yanaşmağa sövq edib. Hər şey sadə, aydın və sevimlidir. "Arşın mal alan"a, "O olmasın, bu olsun"a nə qədər çox baxılsa da, yenə qəbul olunur. Üzeyir bəy köhnəlmir. Tam tərsinə, zaman-zaman öz aktuallığın sübut edir. 
 
Xalq hərəkatı zamanı Üzeyir bəy "Koroğlu" üverturası ilə yenə də xalqın yanında dayandı. Elə günü bu gün də bir çox mübarizə adamlarının telefonlarına zəng gələndə "Koroğlu" üverturası səslənir. 
 
İki gün əvvəl Jan Jak Russonun "Etiraflar"ını oxuyub bitirdim. Deyilən qədər varmış. Dünyanın ən böyük şəxsiyyətlərindən birinin zəif, güclü tərəflərini öyrənmək hədsiz maraqlı idi. Tolstoy Russonun "Etiraflar"ına böyük qiymət vermişdi. Qərəz, onu demək istəyirəm ki, Russo yazmağa başlayanda Fransada oturuşmuş mədəniyyət vardı. Qəzet vardı, jurnal vardı, Elmlər Akademiyası vardı. Oxucu-yazıçı, yazıçı-naşir münasibətləri artıq formalaşmışdı. 
 
Bir də var ki, sən hər şeyi sıfırdan başlamağa məcbursan. Adamlara yazmağı, oxumağı öyrətməlisən. Kitabın, qələmin, dəftərin, musiqinin, elmin necə böyük bir nemət olduğunu başa salmalısan.
 
Bu, çox çətin işdir. Üzeyir bəy bu çətin işin öhdəsindən gələ bildi. Əlbəttə, biz peşəkarlıq baxımından onun adını böyük bəstəkarların adıyla yanaşı yaza bilmərik. Turgenev Qlinkanı "ibtidai xalqın dahisi" adlandırmışdı. Bunu nəzərə alırıq. Amma hər şeyi sıfırdan başladığını nəzərə alsaq, Üzeyir bəyin dəyərini, qiymətini, yerini başa düşə bilərik. 
 
İlin-günün bu vaxtı adamlara ən adi məsələni çox çətinliklə başa salmaq olur. Çox vaxt bu, mümkün olmur. İndi görün, bunlar yüz il bundan əvvəl nə gündə olublar. Və bunu başa düşmək üçün uzun-uzadı araşdırma aparmaq lazım deyil. Mirzə Cəlilin "Danabaş kəndinin əhvalatları"nı oxumaq kifayətdir. Orda hər şey yazılıb. Bir balaca düşünmək qabiliyyəti olan adam söhbəti başa düşəcək.
 
Üzeyir bəy böyük çoxluğu ibtidai qaydalarla yaşayan camaata akademik musiqi yaratdı. Vacib bir mədəniyyəti ölkəyə gətirdi. Əgər biz bu gün vəhşi xalqlardan bir az seçiliriksə, buna görə həm də bir neçə şəxsə borcluyuq. Həmin bir neçə şəxsdən biri də Üzeyir bəydir.
 
Ədəbiyyatın, yazının işi sadələşdirməkdir, mürəkkəbləşdirmək deyil. Üzeyir bəyin publisistikası bu mənada çox gözəl, başadüşülən, ürəyəyatan publisistikadır. Üzeyir bəy sadə dillə, sadə, başadüşülən misallarla ən çətin söhbətləri rahat ifadə edə bilirdi. Onun publisistikası sərt deyil. Bu da Üzeyir bəyin nəcibliyindən irəli gəlirdi. Hərçənd, Üzeyir bəy Axundovun, Mirzə Cəlilin, Haqverdiyevin istədiyini istəyirdi. Eyni yolla gedirdilər. Sadəcə, Üzeyir bəy öz istədiklərini daha sakit ifadə etməyi, problemlərimizi göstərməyi bacarırdı. Onun haqqında çox yazmaq olar. Nə qədər yazsaq azdır. Mən sadəcə öz münasibətimi göstərmək istədim. Hərçənd "18,6 sm" romanımda öz münasibətimi göstərmişəm. Həmin romanın "Qar" bölümündə iki gün yarıac gəzən şair çörəyi Üzeyir bəyin heykəli qarşısında tapır. Yəni, qonorar almış şair dostuyla Üzeyir bəyin heykəli qarşısında qarşılaşır. Qonorar almış şair isə dostunu yeməyə dəvət edir. 
 
Bəli, əsl kişinin dirisi də çörək verir, heykəli də. Məhz buna görə yarıac şair heykələ yaxınlaşıb, Üzeyir bəyin doğum tarixini qardan təmizləyir, ölüm tarixi isə qarın altında qalır. Sentyabrın 18-i Üzeyir bəyin - nəcib, böyük insanın doğum günüdür. Onu xatırlamaq, dəyərini bilmək, nə istədiyini anlamaq hər bir şüurlu azərbaycanlının mənəvi borcudur. Biz bununla öz gələcəyimizi qururuq. Onu xatırlamaq, dəyərini bilmək bizim özümüzə lazımdır. Biz Üzeyir bəyi xatırlamaqla, Üzeyir bəyə dəyər verməklə, əslində, özümüzə xidmət edirik. Qəbri nurla dolsun!
 
Seymur Baycan
"Reytinq"
Yuxarı